Xoşbəxt o kəsdir ki...

 

Bəzən  həyatda elə haqsızlıqlar baş verir ki, bilmirsən günahı zamanda görəsən, ya insanlarda. Haqqında söhbət açacağımız şəxs də haqsızlıq qurbanlarındandır. Onu da qeyd edim ki, haqqında söyləyəcəyim məlumatları bilərəkdən deyil, təsadüfən öyrənmişəm. Bu barədə yazı işləmək gümanıma belə gəlmədiyi halda, eşitdiyim söhbətlərin bir-birini tamamladığını görüb həmin mövzuya müraciət etməyi məqsədəuyğun bilmişəm.

Bu elə şəxsdir ki, adı məşhur olmasa da, şeirlərindən çox istifadə olunub. Cümləmi bu cür qurmaqda məqsədim var. Çünki, tuthatut dövründə əsərləri tarımar edilən şair, tərcüməçi Əlirza Abdullayevin əsərlərinin çoxu naməlum adamların əlinə keçib, çox sonralar, özünün yoxluğunu duyduqdan sonra həmin şeirləri öz adlarına çap etdiriblər.

 

Yenə başında şimşəkmi çaxdı?

Yenə üfüqdə ülkərmi axdı?

Yoxsa o gözlər mənəmi baxdı?

Bəs onlar neçin süzüldü, ay qız?

De, can bədəndən üzüldü, ay qız!

 

Bəli, bu kövrək misraların müəllifi qəlbi həyat eşqi ilə coşan, lakin iyirmi yeddi yaşında işgəncələrə məruz qalan, cəlladlar əlində incidilən, sonrakı taleyi isə, müəmmalı qalan şair, tərcüməçi Əlirza Cəfər oğlu Abdullayevdir. O, 1916-cı ildə Bakıda anadan olmuş, Bakıdakı NeftKimya İnstitutunda oxumaqla yanaşı, Bakı tramvay parkında sürücü işləmişdir. Çox keçmədən, ədəbiyyata olan marağı, onu "Azərnəşr"ə gətirmiş, bir müddət burada tərcüməçi işləmiş, "Kommunist" qəzeti və "Vətən uğrunda" jurnalında əməkdaşlıq edərək, "Vətən uğrunda" jurnalının məsul katibi olmuşdur. "A. Əlirza", "Əlirza Abdullayev" və "Əlirza Xızılı" imzaları ilə çıxış etmiş, Yazıçılar İttifaqının üzvü olmuşdur.  Eyni zamanda həyatda xeyirxah, dostluqda möhkəmliyi ilə hörmət qazanmışdır. Belə ki, öz həyatını təhlükə altına ataraq, dostu Mikayıl Müşfiqin "Çağlayan" kitabının "Azərnəşr"də çapa hazır olan əlyazmasını  gizlətmiş, özü tutularkən isə, bacıları Fatma Axundova və Gülbacı Ağayevaya tapşırmışdır ki, onun əsərlərini itirsələr də, bu əlyazmasını qorusunlar. Onlar da öz növbələrində bu tapşırığa əməl etmiş, M. Müşfiq bəraət aldıqdan sonra əlyazmasını üzə çıxarmışlar.

 

Acı taleyi M. Müşfiqin taleyinə bənzəyən Əlirza müsibətlər çəkmiş və o müsibətləri "Gümüş qanadlar" şeirində göstərmişdir:

Yenə də qaynayır, tarixin qanı

Ruzgarın dilində acı xəbər var.

Fırtına vəhməsi gəzir dünyanı,

Yenə halay tutmuş qara buludlar,

Şığısın göylərə gümüş qanadlar.

 

x   x   x

 

Deyirlər üstümə şığıyan yağı,

Yaşıl çöllərimə qan atmaq istər.

Ölüm bayquşunun qanlı caynağı,

Xalqımın qəlbini qanatmaq istər.

Dövrəmi bürümüş  odlu bir hasar,

Şığısın göylərə gümüş qanadlar.

Ömrü boyu Vətənini azad görməyi arzulayan şair 1938-ci ildə yazdığı "Könül çırpıntıları" adlı şeirində Vətənə məhəbbətini bir daha göstərir:

Azad insan, qoy qaynasın ürəyin,

İllər boyu şənlik oldu diləyim,

Zaman döndü, sənə çatdı istəyim,

Vətən sənin, diyar sənin , el sənin.

 

Mərhum alim Əkbər Cəfərin yana-yana söylədiyi sözlərdən məlum olur ki, onlar cəllad zirzəmilərində bir  yerdə əziyyət çəkmişlər: "O, cüssəli, boylu-buxunlu, enlikürək, əsil azərbaycanlıya məxsus qaraqaş-qaragöz, çal saçları yana daranmış, çox istedadlı, həm də sözü üzə şax deyən bir gənc idi.Onun məzəli söhbətlərinə qulaq asmaqdan doymurdum. Bir gün ona sual verdim ki,"Qorxmursan ürək sözlərini desən, səni incidərlər?" O isə, belə cavab verdi : "Lətifəsi sənə çatmasın,bir qorxaq gəmiçidən soruşur:"Baban harda ölüb?" - Deyir:"Dənizdə." Qorxaq yenə soruşur:"Atan harda ölüb?" Gəmiçi cavab verir:"O da dənizdə." Qorxaq bu dəfə təəccüblə soruşur:"Bəs sən qorxmursan ki, dənizə çıxırsan?" Gəmiçi arif adam olur. Onun sualına sualla cavab verir:"Sənin baban harda ölüb?" Qorxaq fəxrlə :"Yorğan-döşəkdə." Dənizçi:"Atan harada ölüb?" "O da yorğan döşəkdə"- deyə qorxaq cavab verir. Bığaltı qımışan dənizçi yenə soruşur:"Yaxşı, bəs sən qorxmursan ki, hər gecə yorğan-döşəyə girib yatırsan?" İndi mən sözümü dedim-demədim, gözlərinə ilan-qurbağa görünmüşəmsə, ölüm fərmanımı verəcəklər. Daha qorxmaq niyə?" Əlirzanın belə məzəli,həm iti cavabları çox olurdu.Odur ki, onunla danışanda bir qədər çəkinirdik. Mən onun haqqında böyük bir əsər yazmışam. İmkan olsa, çap etdirəcəyəm. (Amma ömür vəfa vermədi.) O ki qaldı onun sonrakı taleyinə, axırıncı vaxt onu çox incidirdilər, qolunu biləyindən sındırmışdılar.Ancaq günlərin bir günü müəmmalı surətdə yox oldu. öldüsünü bildik, qaldısını."

Alimin bu sözlərindən iki nəticəyə gəlmək olar. Birinci nəticə ondan ibarətdir ki, gizli surətdə öldürülmüş, ikinci nəticə isə ...

Bacısı Fatma Axundova ikinci nəticəni məqsədəuyğun hesab edirdi. Aydın məsələdir, bacı ümidini üzmək istəmirdi. Lakin faktlar da adamı çaşdırır:

1942-ci ildə "düşmən" kimi həbs olunan şair 1943-cü ildə qolu biləyindən sarınmış halda, indi Gəray Əsədov küçəsi, o dövrdə isə, 2-ci Papereçni ¹ 3-də yerləşən evlərinə gəlib bacıları ilə görüşmüş, xeyirxah adamlar tərəfindən  xilas olunduğunu söyləmişdir.  Möhkəm tapşırmışdır ki, "Öldümü xəbər gətirsələr, görməyincə inanmayın!" Bu sözləri deyərək iki nəfər naməlum adamla çıxıb getmişdir.

İllər keçsə , ondan xəbər çıxmamış, "bəlkə ölüb" demişlər. Dəqiq məlumat isə olmamışdır. Düzdür, belə bir nəticəyə gəlmək olar ki, sərhəddi keçərkən vurulmuş, bununla da iz itmişdir. Lakin ...

1962-ci il Bakıdan Batumiyə gedən Batumidən Bakıya qayıdan qatarlar üzbəüz dayanarkən, yol bələdçisi  Ziba Məmmədovaya uşaqlı bir qadın yaxınlaşıb Azərbaycan dilində deyir: "Öyrənmişəm, uzaq qohumsan, yaxınlarına de ki, Əlirza Cəfər oğlu ölməyib, sağdır!" Yol bələdçisi özünü elə itirir ki, gənc qadının haçan hara getməsindən xəbər tutmur.

19 ildən sonra belə bir hadisəni eşidən bacıların vəziyyətini təsəvvür etmək çətin deyil. Qardaş dağının acısına dözməyən kiçik bacısı Gülbacı vaxtından əvvəl dünyasını dəyişdi. Tək qalan böyük bacısı Fatma Axundova isə hara müraciət etdisə, xeyri olmadı. "Ölüb!" - deyərək işi bitmiş hesab etdilər. Yazıq qadın son nəfəsinədək bir arzuyla, yeganə qardaşından xəbər eşitmək arzusuyla  yaşadı. Belə bir arzuyla  ölümdən qaçmağa çalışan Fatma Axundova ömrünün 85-ci baharında gözləri nigaranniskilli bu dünyanı tərk etdi. Son kəlməsi də "Əlirza" oldu.

1991-ci ilin yanvar ayında Vətən Cəmiyyətinin orqanı olan "Odlar yurdu"  qəzetində Əlirza imzası ilə Səttərxana həsr olunmuş bir şeir dərc olunur. Fatma Axundovanın nəvələri maraqlanıb öyrənmişlər ki, şeir Münhendə türkcə dərc olunan qəzetdən götürülmüşdür. Şeiri yazan şəxs Səttərxanın qəbrini ziyarət etmiş adamdır. Almaniyaya məktub yazılmış, bu da nəticəsiz qalmışdır. Vəssalam...

Düzdür, öz şeirləri, tərcümələri bizə qədər çox cüzi miqdarda qalmışdır, lakin ona həsr olunmuş şeirlər kimliyini açıq göstərir. 1966-cı ildə Əlirza Cəfər oğlu Abdullayevin bəraət almasında bacardığı köməyi göstərən şair Ağasəfanın  ona həsr etdiyi "Sən getdin, mən gəldim " şeiri bu qəbildəndir:

 

Məndə o boy-buxun, o vüqar hanı?

Məndə o alovlu baxışlar hanı?

Sənə bənzəməkçin, oxşamaq üçün

Gərək alışam mən, gərək yanam mən.

Sən getdin...mən gəldim yaşamaq üçün,

Sən getdin... mən gəldim, davamınam mən.

Bu cür taleyi olan şəxsi xoşbəxt adlandırmaq təəccüblü olsa da, ürəklə deyirəm: Xoşbəxt o kəsdir ki, yoxluğundan neçə il keçsə xoş niyyətlə yada salınır.

 

Gülnarə Əlibalayeva

Cəfər Cabbarlı Ev muzeyinin böyük elmi-işçisi, jurnalist

Olaylar.- 2019.- 10-11 dekabr. S. 12.