Azərbaycan mətbuatı azad sözün inkişafına təkan verir

 

"Kütləvi informasiya vasitələri haqqında" Qanun söz və mətbuat azadlığının zəmanətidir

 

Azərbaycan dövləti daim demokratik institutların inkişafında maraqlı olub. Xüsusən, söz, fikir, mətbuat, plüralizm azadlığı dövlətimizin priotitet hesab etdiyi məsələlər sırasında olub, hazırda da eyni münasibət sərgilənməkdədir. Hazırda Azərbaycan dövləti milli mətbuatın müstəqil qurulması, azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Azərbaycanın kütləvi informasiya vasitələri də bu gün ölkə həyatında baş verən prosesləri cəmiyyətə çatdırmaqla məşğuldur. Bu gün Azərbaycan cəmiyyəti ölkədə işıq üzü görən informasiya vasitələri ilə özünün məlumatlanmağa olan tələbatını ödəyir. Azərbaycan mətbuatı bu günkü durumu, səviyyəsinə gəlib çatana qədər bir çox çətinliklər, problemlərlə üzləşib. Mətbuatın maddi durumunun zəifliyindən tutmuş, senzuraya qədər enişli-yoxuşlu, çətin bir dövr keçib. Mətbuat tariximizin ilk illərində belə söz və fikir azadlığı fundamental dəyərlərdən hesab olunurdu, lakin milli mətbuatımızın inkişaf dövrü müstəqillik illərinə təsadüf edir. Azərbaycan müstəqil dövlət kimi tanındıqdan, beynəlxalq aləmə inteqrasiya etdikdən sonra beynəlxalq standartlara uyğun media formalaşdı. Bu isə o deməkdir ki, müstəqil Azərbaycanın mətbuat tarixində keyfiyyət etibarilə yeni mərhələnin başlanması ölkənin müstəqilliyi ilə birbaşa bağlıdır. Bu enişli-yoxuşlu, problemli illər kütləvi informasiya vasitələri üçün ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər davam edib. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra hər bir sahədə olduğu kimi mətbuat sahəsində də ciddi yeniliklər əldə edildi. Hər kəsə məlumdur ki, həmin illər Azərbaycan öz müstəqilliyini çətinliklərlə də olsa əldə etsə də, lakin bu müstəqillik heç də bütün sahələrdə özünü tam mənada göstərə bilmirdi. Bunu mətbuat sahəsinə də şamil etmək mümkündür. Ölkədə müstəqil mətbuatın mövcud olmaması, kütləvi informasiya vasitələrinin fəaliyyətində söz və fikir azadlığına tətbiq edilən məhdudiyyətlər, eləcə də bu kimi irili-xırdalı problemlər Azərbaycan mətbuatının inkişafını ləngidirdi. Tezliklə, ümummilli lider kütləvi informasiya vasitələrində mövcud olan bu və ya digər problemləri aradan qaldırmağa müvəffəq oldu, mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atdı. Bu mənada mətbuat orqanları, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması mətbuatın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addım idi. İstər bu, istərsə də digər müsbət addımlar tədricən  Azəörbaycan mətbuatının inkişafına zəmin yaratdı. Ümummilli lider Heydər Əliyevin mətbuatın inkişafı etdirilməsi istiqamətində atmış olduğu addımlar birbaşa ölkədə söz və fikir, məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsinə xidmət edirdi.

 

Ümummilli lider Heydər Əliyevin kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi istiqamətində zamanında atmış olduğu addımları bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev davam etdirir. İlham Əliyevin 15 illik hakimiyyəti dövründə atılan addımlar bütün bunların əyani sübutudur. Bu sıraya qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının ləğv edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılması, jurnalistlərin mənzil sosial şəraitinin yaxşılaşdırılması məqsədilə atılan addımlar daxildir. Bu sahədə həyata keçirilən tədbirlər və KİV-in inkişafına yaradılan şərait tam əminliklə onu deməyə əsas verir ki, bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı yüksək səviyyədə təmin olunur.

 

Bu demokratik, hüquqi dövlət kimi inkişaf edən Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikir və söz azadlığı tam təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində də bu məqam öz əskini tapır. Bu gün demokratiyanın beşiyi sayılan Avropada belə Azərbaycandakı kimi fikir, söz, məlumat azadlığı, plüralizm yoxdur. Açıq şəkildə deyə bilərik ki, bu gün Azərbaycanda internet azadlığı da mövcuddur. İnternet bu gün təkcə informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühitdir. İnsan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan əhalisinin böyük əksəriyyəti internet istifadəçisidir və bu göstəricilərinə görə, ölkəmiz dünya liderlərindən sayılır. Azərbaycanda internet azadlığı mövcuddur. Ölkəmizdə internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılmışdır. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir.

 

Bu gün bütün sahələrdə olduğu kimi,  mətbuat sahəsində də Azərbaycanda bir inkişaf, tərəqqi hiss edilir. Ölkədə azad söz, fikir plüralizmi təmin edilir. Azad, müstəqil medianın, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün kifayət qədər şərait, imkan yaradılır. Bu şərait özünü dövlətin bu sahəyə, müstəqil medianın inkişaf etdirilməsinə yönəlik fəaliyyətində, atdığı addımlarda büruzə verir. Bu gün Azərbaycan dövləti bir növ müstəqil kütləvi informasiya vasitələrinin yaranması, onların fəaliyyəti, söz, fikir azadlığının təmin olunması üçün bir zəmanətçi rolunu oynayır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində açıq şəkildə göstərir. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncam əsasında 2009-cu ildə yaradılıb. Sözügedən qurum Azərbaycan Prezidentinin 2008-ci il, 31 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası əsasında fəaliyyət göstərir. Məlum olduğu kimi sözügedən fond kütləvi informasiya vasitələrinin layihələrini maliyyələşdirir, jurnalistlər arasında fərdi yazı müsabiqələri keçirir. Həm kütləvi informasiya vasitələrinin layihələrinin maliyyələşdirilməsi, həm də digər bu kimi fəaliyyətlər mətbu orqanların maddi texniki bazasının yaxşılaşdırılmasına çox böyük təsir göstərir. Bütün qeyd etdiklərimlə yanaşı burada bir məqama da diqqət çəkmək lazımdır.  Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ayrı-ayrı mətbuat orqanlarının layihələrini maliyyələşdirsə də, lakin onların müstəqil fəaliyyətinə heç bir təsir göstərmir. Yəni dövlət kütləvi informasiya vasitələri dövlətdən maddi dəstək alsalar da, qətiyyən dövlətdən asılı vəziyyətdə deyillər və öz müstəqil fəaliyyətlərini davam etdirirlər. Sadəcə kütləvi informasiya vasitələri dövlətçilik, milli maraqlar baxımından vahid mövqedən çıxış edirlər. Bu gün dövlət tərəfindən maliyyə yardımı alan istənilən kütləvi informasiya vasitəsi cəmiyyətdə mövcud olan hər hansı bir mənfi tendensiyanı çəkinmədən tənqid edə bilir. İnformasiya daşıyıcısı və yayıcısı kimi mətbuat, kütləvi informasiya vasitələri demokratik, vətəndaş cəmiyyəti quruculuğunun başlıca şərtlərindən biridir.

 

Azərbaycan siyasi plüralizmi dövlət siyasətinin ana xətti kimi qəbul edir. Bu gün Azərbaycanda həm siyasi, həm dini, həm də mədəni plüralizm mövcuddur. Siyasi plüralizm müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsi deməkdir. Ölkədə çoxsaylı partiyaların mövcudluğu, həmin siyasi partiyaların müxtəlif təmayüllü və siyasi görüşlü olması, qanunverici orqan sayılan Milli Məclisdə onlarla partiyanın təmsil olunması, bunların bariz nümunəsidir. Demokratik, hüquqi dövlət olan Azərbaycanda cəmiyyətin hərtərəfli inkişafı üçün əsas elementlərdən olan fikir və söz azadlığı tam təmin edilir. Ölkədə söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin olunması üçün həm mükəmməl qanunverici baza yaradılıb, həm də bunun üçün ciddi siyasi iradə mövcuddur. İfadə, söz və informasiya azadlığı Azərbaycanda həyata keçirilən daxili siyasətin əsas tərkib hissəsidir və dövlət tərəfindən ardıcıl qaydada bu sahəyə mümkün dəstək göstərilir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 10-11 dekabr. S. 15.