Zoyadan, Jannadan üstün qadınlar

 

Bəlkə də dünyanın heç bir ölkəsində qadınlar  Azərbaycanda olduğu qədər söyülüb, döyülüb, təhqir olunmurlar. Başqa dövlətlərin ən aşağı təbəqəli qadınları  belə hörmət-izzət sahibi olduqları halda bizdə şəfqətli, iffətli qadınları hörmətdən salır, cəmiyyətin üst pilləsində yer tutmasına mane olanlar istənilən qədərdi...

İkinci həftədi Qarabağ döyüşlərində iştirak edən qadınlar cəmiyyətin müəyyən təbəqəsinin təhqir hədəfindədi.. Politoloq Cümşüd Nuriyevin  döyüşçü qadınlar haqqında bilərəkdən, ya bilməyərəkdən dediyi sözün başına kəndir salıb belədən - belə, elədən - elə sürüyürlər. Kəndirin əsas  ucunu tutan Cümşüd Nuriyev arada özünə haqq qazandırmağa çalışdı ki, ünvanına söz dediyi qadınlar yalnız bir batalyonda döyüşənlərdi: "Batalyona Xanım Xəlilova başçılıq edirdi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idi, onlar kişi söyüşləri ilə ordaydılar". Nuriyevin bu fikirlərinə qarşı döyüşçü qadınlar, müharibə veteranları haqlı olaraq  qəzəbli təpki göstərirlər.

Görəsən o vaxt  ölkədə daha neçə qadın batalyonu olub ki, onlardan yalnız bu batalyon təhqirə layiqdi? Həm "Batalyon" deyərkən Nuriyev neçə nəfəri nəzərdə tutur? Üç-beş qadını, yoxsa onlarla döyüşçünün toplaşdığı dəstədən söz açır? Yoxsa tək Xanım Xəlilovanı hədəfə alıb? Bütün hallarda  döyüşdən "yadigar" qalan fiziki yaralar, mənəvi ağrılarla  yaşayan qadınların haqqında bu cür fikir bildirmək yolverilməzdi.

Böyük Vətən Müharibəsinin iştirakçısı olan atam danışırdı: "Müharibədə kişilərlə bərabər qadınlar da döyüşürdü. Əsasən şəfqət bacısı olan rus qadınları almanları kişi söyüşləri ilə söyürdülər. Hər dəfə döyüşdən çıxardığı yaralı əsgərlərə ilkin tibbi xidmət göstərən o qadınların  nifrətinə, hirsinə-hikkəsinə öyrəşmişdik, söyüş söyəndə də adi qarşılayırdıq. Soyuq havalarda şaxtadan donmamaq üçün kişilərlə bərabər 50-100 qram araq içib ağlayırdılar". Nəhəng  SSRİ-nin hər bucağndan döyüşə yollanmış  o qadınların davranışını başa düşmək elə də çətin deyil. Evə sağ qayıtmamaq var,  bir daha ailəsinin üzünü görməmək realdı. Odur ki, düşmənə olan nifrətini içində  gizlədə bilməyənlərdən nümunəvi davranış sərgiləməsini gözləmək bir qədər sadəlövhlükdü. Və o dövrün insanları bu barədə düşünmürdülər.

İstər həmin batalyonundakılar, istərsə də ayrı-ayrı cəbhələrdə döyüşən qadınlar öncə əsgər olublar, sonra qadın və ana. O qadınlar ki, torpaqları işğal altındadır, doğulduqları evləri yandırılıb, doğma el-obada ermənilər bu gün  at oynadırlar,  əzizlərini, doğmalarını  itirblər, əsirlikdə olan neçə-neçə yaxınından xəbərləri yoxdu, torpaq uğrunda döyüşən oğlu, qardaşının, bacısının övladı  şəhid olub. Bəlkə də bu səbəbdən əllərinə silah alıblar. Çox kobud və sərt görünən bu qadınlarda vətən qeyrəti, torpaq sevgisi bir qədər fərqli olur. Bəzən mərhəmət və şəfqət hissini arxa plana keçirirlər. Haqlıdırlar. Düşmənə mərhəmət etmək, onu bağışlamaq doğru deyil. İlanın başını yuvasındaca əzmək lazımdı, əks halda səni çalacaq. Erməniyə nifrətlə yaşayan bu qadınlardan  incəlik, zəriflik gözləmək nə dərəcədə doğrudu? Əslində bu qadınların kobud davranışlarının,  sərt görkəmlərinin altında elə bir duyğu var ki, onu görmək, hiss etmək üçün onların yaşadıqlarını yaşamaq lazımdı. Bilmək lazımdı ki, aşırı nifrətlə yüklənən bu qadınlar incə və zərif  duyğularını çoxdan dəfn ediblər.

Müharibə meydanı  konsert salonu deyil ki, təbəssüm nümayiş etdirəsən. Səngər  isti ev deyil ki,  mətbəxdə xörək bişirə - bişirə zümzümə edəsən.  Əlində tutduğun avtomat silahdı,  qazan deyil,  çömçə deyil, ondan düzgün istifadə etməlisən. Müharibənin odu-alovu səni yandırırsa təbii ki, ağrıyacaqsan, qəzəblənəcəksən, sondürə bilmədiyin alovun daha da çoxaldığını görəndə söyüşə keçəcəksən - qadın olsan belə. Müharibə sevgi meydanı deyil ki,  dizini yerə qoyub sevgilinə eşq elan edəsən. Müharibə səni vadar edir ki, silah-sursatdan çox düşmənə nifrətlə yüklənəsən. Nifrətin daşıyıcısı qadın olanda isə gördüyü işin rəngi dəyişir, daha çox qaraya boyanır. Müharibənin qara rəngi özündə ən çox  kobudluğu, sərtliyi əks etdirir.

Bəzən facebook səhifəsində Kim Kardaşyanla bağlı yazılmış "ermənilər fahişə Kim Kardaşyana heykəl qoyurlar, biz özümüzün qeyrətli ana-bacılarımızı təhqir edir, döyüşdüklərinə görə az qala onlardan üz çeviririk" fikirlərinə rast  gəlirəm. Beynəlxalq fahişə ilə  bizim qadınların müqayisə olunmasını təqdir etmirəm, amma razılaşmamaq da olmur. Demirəm ki, iraq olsun, döyüşçü qadınlarımız kim kardaşyanlar kimi əxlaqsızlıq etsinlər. Deyirəm ki, cümşüd nuriyevlər danışanda bir  qədər insaflı olsunlar, məşhur  yumorda deyildiyi kimi ağızlarından çıxardıqları sözü "rastamoşka etsinlər". Ruslar Zoya Kosmodemyanskayanın heykəlini qoyublar. Haqqında yazılan şeirlər, poemalar, hekayələr, hətta romanlar var ki, bu günmaraqla oxunur. İllər əvvəl Zoya haqqında yazılan şeirləri oxuyub əzbərləyən nuriyevlər  bu gün azərbaycanlı qadın haqqında söylədikləri ilə cəmiyyətdə tutduqları mövqeni heçə endirirlər. 18 yaşında faşistlər tərəfindən asılan Zoya ölümündən sonra SSRİ-də Sovet İttifaqı Qəhrəmanı adı alan ilk döyüşçü qadın olub. Nə o vaxt, nə bu vaxt bir kimsə bu qız haqqında əxlaqdan kənar söz danışmayıb, xoşagəlməz ifadə işlətməyib.

Janna d"Arkı da 18 yaşında ingilislər  tonqalda yandırıblar. Ammao gün, nə də bu gün Fransa  xalqı bu qız haqqında bir kəlmə də olsun deməyib ki, onunişi var idi  döyüşürdü, niyə əlinə silah almışdı?  100 illik müharibənin ən qızğın vaxtlarında missiyasının Fransanı  xilas etmək olduğunu deyən Jannanın kobud hərəkətləri də olub, yeri gələndə söyüşsöyüb. Amma həmyerliləri Jannanı bunda günahlandırmayıblar. Əksinə bu gün o, Fransanın milli qəhrəmanıdı. Fransızlar ona Orlean Qızı adı veriblər. Hər il Fransada mayın 2-si Janna d"Ark günü kimi qeyd edilir.

30 ildi Azərbaycanda fasilələrlə müharibə gedir. 30 ildi Azərbaycan qadını erməni vəhşiliyinin şahididir. Ötən 30 ildə kişilərlə bərabər səngərdə döyüşən, şəhid olan Azərbaycan qadınını tanıyanlardan çox haqqında heç bir məlumatı olmayanlar da var. Doğrudu, şərəfli döyüş yolu keçən qadınlar dövlət tərəfindən mükafatlandırıb,  ölkənin ali orden və medalları ilə təltif edilib, Milli Qəhrəman adı verilib. Amma dövlətin bəzi məmurları, eləcə də özünü cəmiyyətin üst pilləsində sayan cümşüd  nuriyevlər döyüşçü qadınlar haqqında xoş olmayan sözlərlə təhqir edirlər. Bəyəm onlar Zoyadan, Jannadan əskikdilər? Çox üstündürlər!

Onsuz da televiziyalar şou proqramlar  fonunda çal-çağırın müşaiyəti ilə Azərbaycan qadınını alçaldır. Hər gün  sübut etməyə çalışırlar ki, Azərbaycan qadını zəlil günə qalıb, küçələrdə sərgərdan gəzir, analıqdan məhrum olub, qadınlıq hissini itirib, qatildi, narkomandı. Hər gün zaurlar, xoşqədəmlər, afətlər, toliklər bu  kimi neqativlərlə tamaşaçını yükləyirlər.  Belə çıxır ki, sənin də onlardan fərqin yoxdu, Nuriyev. "Sosial  layihə" adlandırdıqları verilişlərdə cəmiyyətin bəzi ucuz qadınlarının davranışını günlərlə müzakirə edirlər. Nəticədə bütövlükdə Azərbaycan qadını onlara tamaşa edən yeniyetmə və gənc nəslin yaddaşına ucuz və əxlaqsız qadın kimi hopdurulur. Halbuki dünya qadınlarının içində özünün iffəti, izzəti və əxlaqı ilə seçilən qadın məhz Azərbaycan qadınıdı.  Başqa xalqların döyüşçü qadınlarından üstün olan məhz Azərbaycanın  döyüşçü qadınlarıdı. Azərbaycan qadınını ucuzlaşdırmayın, zaurlar, xoşqədəmlər, afətlər, toliklər, cümşüdlər. 

Ki... siz də ucuzlaşmayasınız.

 

 

Züleyxa Nadir

Olaylar.- 2019.- 12-13 dekabr. S. 12.