Təhsildə motivasiya
– Şagirdlərin öyrənməyə cəlb olunması
Motivasiya təlim prosesini hərəkətə gətirən və şagirdlərin idrak fəallığına təkan verən bir prosesdir. Motivasiya hər hansı bir fəaliyyətin mexanizmini işə salan qüvvədir. O məktəbdəki şagirdlərin davranışını, qərarlılığını, fəaliyyətini müəyyənləşdirən ən önəmli güc mənbələrindən biridir. Əgər şagird öyrənə bilmirsə bunun əsas səbəblərindən biri dərsə, mövzuya maraq göstərməməsidir. Müəllimin edəcəyi ilk şey həmin marağı təmin etməkdir. Motivasiyası yüksək olan şagird dərslərə hazır gəlir, suallar verir, maraqlanır, diskussiyalarda iştirak edir və enerjisi yüksəkdir. Mütəxəssislər burada daxili və xarici olmaqla iki faktoru əsas tuturlar. Daxili faktor amilində orqanizmi hərəkətə keçirən ünsür onun özü, xarici faktor amilində isə mühitin orqanizmə təsiri əsas götürülür. Həm daxili, həm də xarici motivasiya uşaqların uğurlu olması üçün çox önəmlidir. Müəllimlər də şagirdlərin bu motivasiyalarını təmin etməkdə və onları həvəsləndirməkdə önəmli rol oynayırlar. Burada müəllimlərin üstünə düşən əsas vəzifə xarici amillərin təsirlərinin öyrənmə fəaliyyətinə daha faydalı olmasını təmin etməkdir. Uğuru artırmaq üçün müəllimlər müəyyən dövrlərdə üstünlük təşkil edən motivlərə görə hərəkət etməlidirlər. Məktəbdə müsbət yöndə motivasiya aşılamağın əsas yolları kimi, şagirddə özünə inam duyğusu formalaşdırmaq, şagirdin maraqları nöqteyi - nəzərindən çıxış etmək, öyrənməni şagird üçün mənalı və dəyərli etmək, hər kəsin özünə uyğun hədəflər seçməsinə yardım etmək, sinifdə öyrənmək üçün zövqverici bir mühit hazırlamaq, şagirdlərin ideallarından və arzularından faydalanmaları təmin etmək, gərəkli anlarda həvəsləndirici çalışmalar təşkil etmək, şagirdin özünə olan hörmətini, güvənini və qürur hissini gücləndirmək göstərilir.
Uşaq psixoloqu Aidə Əzimova da bildirib ki, müasir dərs bir çox tələblərə cavab verməlidir. Bu tələblərdən biri, bəlkə də, birincisi dərsin mərhələlərinin düzgün həyata keçirilməsidir. Bu baxımdan dərsin birinci mərhələsinin, yəni motivasiyanın düzgün qurulmasının xüsusi əhəmiyyəti var. O, şagirdləri motivasiya edən istiqamətləri açıqlayıb: "Şagirdlərə idarə etmək hissi verin. Onlara sinifdə nələr olduğunu anlamaları və bununla bağlı qərar vermələrini təmin etmək üçün imkan yaradın. Bunun sayəsində həvəslərini daha çox artırmış olacaqsınız. Hədəfinizi tanımlayın. Hədəfləri öncədən müəyyənləşməyən bir tapşırığı etmək ya da hədəfləri müəyyənləşməmiş bir sinifdə olmaq şagirdlər üçün qorxuducu ola bilər. Şagirdin həvəsləndirilmiş şəkildə oxuya bilməsi üçün onlardan nə istənildiyini bilmələri lazımdır. İlk gündən qaydalar və gözləntilərlə tanış olan şagird ağıllarında hər hansı bir qarışıqlıq olmadan hədəflərinə doğru irəliləyə bilirlər. Lakin qaydalar və gözləntilərlə onları təhdid etmək olmaz. Təhdiddən çox daha motivasiya edən şey müsbət dəstəkdir. Bu zaman onlar bacarıqlarını nümayiş etdirdiklərində daha həvəsli olurlar".
Psixoloq qeyd edib ki, müəllimlər, öyrənməyi daha təsirli və əyləncəli hala gətirmək üçün şagirdlərin sinifdən çölə çıxmasına şərait yaratmalıdır: "Şagirdlərə müxtəlif təcrübələr təqdim edin. Hər şagird hər dərsə eyni reaksiya verməyəcək. Kimisi aktiv fəaliyyəti, kimisi isə sakit mühitdə kitab oxumağı, ya da qrup halında çalışmağı bəyənir. Müsbət rəqabətdən istifadə edin. Sinifdə rəqabət şagirdlərin daha aktiv olmasında həvəsləndirici rol oynayır. Onları biliklərinə görə mükafatlandırın. Şagirdlərərə verəcəyiniz kiçik hədiyyələrlə onların motivasiyalarını yüksək tuta bilərsiniz. Onlara məsuliyyət verin. Bir çox şagird bunu imtiyaz olaraq qəbul edir və özlərini sübut etmək üçün çox çalışırlar. Onlara verilən tapşırıqlarla özlərini dəyərli və önəmli hiss edirlər. Şagirdlərə birlikdə çalışmağa imkan yaradın. Bu onların kollektivlik ruhunu artıracaq. Şagirdlər dostlarıyla birgə layihə üzərində işləməyi çox sevirlər. Ünsiyyət zamanı onlar bir-birilərini də bir məqsədə çatmaq mövzusunda motivasiya edərlər. Uşaqların həyəcanına siz də qoşulun. Müəllim öyrətmək üçün nə qədər həyəcanlı olsa, onlar da öyrənmək üçün o qədər həyəcan duyar".
Motivasiya elə bir fəaliyyətdir ki, şagirdləri idrak fəallığı əsasında aktiv şəkildə dərsə cəlb edir. Mütəxəssislərin fikrincə, dərsin əvvəlində motivasiyanın düzgün qurulması şagirdləri fəal şəkildə dərsə cəlb etməklə bərabər, həm də dərsin qalan hissəsinin uğurlu alınmasına şərait yaradır.
Nigar Orucova
Olaylar.- 2019.- 12-13
dekabr. S. 13.