Pirqulu dağının ətəklərində
hay-daşnak
və rus-bolşevik dəstələrinin
törətdiyi qətliam
və soyqırım faciələri
"Xristian mərhəmətini
düzgün başa düşməyən və qəbul etməyən,
əsrlər boyu
xalqımızı faciələrə, bəlalara
düçar etdiyi üçün Erməni kilsəsi ləğv
edilməməlidir. Əksinə, milliləşdirilməli
və ideloji baxımdan yenilənməlidir."
1932-ci ildə
Bolqarıstanın Sofiya şəhərində
nəşr edilən "Xrovk"
jurnalında "Ruhani yenilənmənin vəzifələri"
rubrikasında faşist Q.Nijdenin
(ter-arutyunyan) dərc etdirdiy
"Tseqakronutyun-qələbə qüvvəsi kimi" məqaləsindən.
Məlumdur ki, birləşmiş düşmən qüvvələrinin 1918-1920-ci illərdə Azərbaycan Xalq Cumhuriyyətinə yaşatdığı ən qanlı faciələrdən biri də Şamaxı qəzasında yerli dinc müsəlman-türk əhalisinə qarşı törətdikləri soyqırım siyasəti olmuşdur. Bakı şəhərini özünün hərbi-siyasi yuvasına çevirmiş hay-daşnak və rus-bolşevik qüvvələri yaxınlığdakı Şamaxı qəzasında fəaliyyətinin gücləndirilməsi üçün yerli (Hilmilli, Mərəzə, Çuxuryurd, Hağaraxana, Qızmeydan, Mədrəsə, Kələxana, Qurdtəpə, Saqiyan, Kərgənc...kəndlərinin timsalında) silahlı hay və rus qüvvələrindən məharətlə istifadə edə bilmişlər. Nizami düşmən dəstələrinin təşkili və idarəedilməsində S.Şaumyanın ümumi rəhbərliyi ilə A.Mikoyan, T.Amiryan, S.Lalayan (eləcə də Q.Qaraoğlanovun, A.Gülbəndovun, M.Arzumanovun, K.Karamanovun quldur dəstələri) yaxından iştirak etməklə yanaşı, həm də Quba qəzasındakı A.Srvantsyanın da köməkliyindən yarımışlar. Çünki, qəzanın Hilmilli-Çuxuryurd istiqaməti birbaşa yol-nəqliyyat strukturuna malik olduğuindan düşmən hər iki tərəfə gediş-gəliş yarada bilmişdir. Həmin dövrdə qəzanın bu istiqamətdə düşmən hədəfinə tuş gələn yaşayış məntəqələrindən biri də Şamaxı şəhərindən 24 km şimal-qərqindəki Pirqulu dağının ətəyində, Sübhbiçən çayının yaxınlığında (1,5 km-də, eyni adlı qədim yurd yerində 3-5 tikilinin qalıqları 1970-ci illərədək dururdu) yerləşən Avaxıl kəndi (1918-ci ildə bu kənddə 30-40 ev olub) idi.
Zəngin tarixi və maddi-mənəvi irsə malik olan bu kənd Hilmilli-Lahıc cəbhə xəttinin üstündə yerləşdiyindən həm Quba, həm də Şamaxı qəzaları tərəfdən düşmən qüvvələrinin hücum təhlükəsi ilə üzləşmişdir. On beş əsrdən çox yaşa malik bu kəndin tarixi-mənəvi zənginliyi onunla ifadə olunur ki, özündə və ətrafında 15-ə qədər qədim qəbirstanlıq ("Əhməd Rəvani", "Pir Hüseyn", "Pir Hacıbaba", "Murad piri","Feyzulla piri", "Hacı Seyid Əfəndi" və "Ömər Sultan" qəbirstanlığı, "Dünya nənə qəbri" (üstündə 200 illik qoz ağacı bitib) mövcuddur, əski dini təriqət ocaqlarının (XIII-XIV əsrlərdə Ömər Sultan Xəlvətinin sufilik təriqəti üzrə (o, filosof-alim Seyid Yəhya Bakuvinin (1380-1457) müəllimi olmuşdur), "Pirəbənövşə ziyarətgahı") məkanı olub, günbatan tərəfə 5 km aralıda "Bala bəy qalası" adlı ərazidə döyüş-səngər və qədim yaşayış yerlərinin, cənub-qərb istiqamətdə "Çarşuma" deyilən yerdə 1-2 yurdun (üstündə 1 yazılı qəbir daşı olmaqla) qalıqları vardır. Kənd camaatının ibadət-ruhani ocağı kimi Hacı Seyidqulu Əfəndi Seyid Allahqulu oğlunun (1814-1904) ətraf kəndlərin ustalarının iştirakı ilə 1880-ci illərdə tikdirdiyi məscid indi də durur. Deyilənə görə onun inşasında hər usta 7 daşı cilalayıb (bu rəqəmin müqəddəsliyi anlamında) hörgüyə qoyub, 8-ciyə icazə verilməyib.Bu məscidin həyət hissəsindəki artırmasına dirək kimi işlədilən palıd ağacının gövdələrini qonaqkəndli Mayıl Zahir oğlu (1865-1924) göndəribmiş, indi olduğu kimi qalır. Qaçaq Mayıl bu kənddə Hacı Seyid Əfəndi və Seyid Baba Əfəndi ilə yaxın münasibətdə olub. Deyilənə görə, Hacı Seyid Əfəndi tərəfindən qaçaq Mayıla bağışlanan köynək həmişə onu döyüşlərdə qoruyurmuş. Bu yaxınlığa rəğmən XIX əsrdə bir neçə ailə Quba qəzasından köçüb bu kənddə yaşamışdır.
Eləcə də orta əsrlərdə bölgə üçün hərbi-strateji və iqtisadi-ticarət əhəmiyyəti daşıyan Car Balakən-Lahıc və Quba-Dərbənd mahallarının qovşağında yerləşməsi bu kəndin tarixi-coğrafi mövqeyinin qiymətləndirilməsi baxımından əsas amil kimi qəbul edilmişdir.
Şamaxı qəzasının Əngəxəran-Avaxıl cəbhə xətti düşmən qüvvələri üçün hərbi-strateji əhəmiyyət daşıyıb. Bu istiqamətdə mövqe üstünlüyü qazanmağa onlar iki döyüş meydanına silahlı dəstələrini yeridə bilməklə Azərbaycan Milli Ordusunun və Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun Şamaxı və Quba qəzalarında yerləşdirilmiş hərbi hissələrinə arxadan zərbə vurmaq məqsədi güdülmüşdür (Dəmirçi-Lahıc və Zarat Xeybəri-Qonaqkənd cəbhə xətti boyunca). Lakin düşmənin bu istiqamətdə Ordumuzu üstələmələrinə imkan verilməmişdir.
1918-1920-ci illərdə bu kənddə həmin qanlı-qadalı günləri yaşayanlardan biri Teybə Abdulkərim qızının (1888-1968) xatırladığı kimi (o illər barədə həm də Ağaisa Teyyub oğlu Səfərovun (1883-1983), Molla Ərzi Vəzirxan oğlunun (1936), Əsbət Ağa nəvəsinin (1895-1989), Məmmədşah Təvəkkül oğlunun (1903-1972), Yarməmməd Xası oğlunun (1880-1979) da söhbətləri olmuşdur) düşmən qüvvələri 1918-ci ilin mart ayında şamaxı şəhərində kütləvi qırğınlar və qarətlər törətdikdən sonra şimala doğru (Əngəxaran-Çuxuryrd yolu boyunca) hərəkət edərək Məlhəm kəndi yaxınlığındakı "Yazı düzü"ndə yerli müqavimət qüvvələri ilə qarşılaşıblar. Onlara kömək üçün Quba qəzasının Qonaqkənd-Xaşı nahiyəsi üzrə el ağsaqqallı Mayıl Zahir oğlunun başçılıq etdiyi dəstə də açıq savaşlara qoşulmuşlar. Hərbi silah-sursat və canlı qüvvə baxımından üstün (nizami) olan, eləcə də yerli-hay-rus qüvvələrinin qatıldığı bu mübarizədə düşmən Pirqulu dağının ətəklərinədək (Çuxuryurd və Nağaraxana kəndlərini də keçərək, Çağan və Dədəgünəş kəndlərində kütləvi qırğınlar törədərək) irəliləyə bilmiş, bu dağın 3 km-də, şərq hissədə meşə ilə örtülü olan "Yekə qurşaqlı yüksəklik"də səngər qurmuşlar.
Yerli müqavimət dəstələri vuruşa-vuruşa geri çəkiliblər. Bu dəstələrə qaçaq Mayıl ilə yanaşı (onun 600 atlısı ilə) Hacı Seyid Əfəndinin oğlu Ələddin Əfəndi də (1867-1943) qoşulmuşdu, ən ağır döyüşlərdən biri də Çuxuryurd kəndi yaxınlığında "Yastan" deyilən yerdə baş vermişdir.
Kənd camaatının mistik təsəvvürünə uyğun olaraq həmin hadisə ilə bağlı bir olay hələ də yaşamaqdadır. Guya, kəndin din xadimi, molla Hacı Seyid Əfəndi gözünə görünən və kəndi "üzük qaşı" kimi əhatə edən düşmən qüvvələrini bir ovuc torpağı onlara tərəf səpdikdən sonra onlar geri çəkilmişlər... Amma, hay quldurları kəndin atlarını sürüb kənddən 500 metr aralıda (Sis, Qəleybuğurd kəndlərinə sarı) dərəçay axan "Qarabulaq dərəsi"ndə güllələmişlər.
Osmanl Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun Nuru paşanın başçılığı ilə bir heyətinin Şamaxı qəzasında ən ucqar dayanacağı Avaxıl kəndində olmuş, onlara əsas köməklik isə Əfəndilər ailəsi tərəfindən edilmişdir. Yerli dəstə üzvlərindən Polad Lətif oğlu (1878-1932), Qocaman və Xancan Musa oğlu qardaşları, Yarməmməd Xası oğlu... da bu heyətlə birlikdə savaşlara qoşulmuşlar. Kəndin ətrafındakı (quzeydəki dağlıq hissədə) səngər yerləri indiyədək qalmaqdadır.
Keçən əsrin 30-cu illərində Şamaxı qəzasında hay-rus birləşmiş qüvvələrinə qarşı 1918-1920-ci illərdə müqavimət göstərmiş yerli özünümüdafiə dəstələrinin üzvlərinə qarşı güclənmiş repressiya-cəza tədbirlərinə tuş gələnlərdən biri Ələddin Əfəndi M.C.Bağırovla görüşə bilib. Qarşılıqlı məsləhətləşmədən sonra və "səni oradakı ermənilər öldürəcək" fikrini əsas götürərək onun Bakı şəhərində yaşaması qərara alınmışdır. Belə də olur. Amma, faciə bu ailədən yan ötməyib, Hacı Seyid Əfəndinin digər oğlu Xudabəddin Əfəndi 1937-ci ildə sürgün edilmişdir.
1918-1920-ci illərdə hay kilsə-daşnak və rus-bolşevik silahlı quldur birləşmələrinin yaşayan varisələri 1970-1980-ci illərdə Şamaxı şəhərində və ətraf kəndlərində milli xislətlərinə uyğun olaraq düşmənçiliklərini unutmamış, əksinə davam etdirərək daha da gücləndirmişlər. Şamaxı Rayon Ağsaqqallar Şurasının sədri Sergey Stepanyan 1970-1980-ci illərdə yerli müsəlman-türk əhlinə həmişə deyirmiş ki, "bu damarlarımda axan qan qiyamətə kimi sizinlə barışmayacaq." Və yaxud, Avaxıl kənd məktəbində 1968-1987-ci illərdə rus dili müəllimi işləyən Rozaletta Mkrtıçyan hər ay maaşının 20%-ni terrorçu-seperatçı "Krunk" təşkilatına köçürürdü.
Çünki onlar daşnak əsillərinin 1918-1920-ci illərdəki məğlubiyyətlərinin acısını unutmamışdılar.
Qismət Yunusoğlu,
Bakı Dövlət
Universitetinin müəllimi
(Yazının
hazırlanmasında
Şamaxı rayonu, Avaxıl kənd
sakinləri Səid Ağabala oğlu Şirinovun (1954) və Hacıməmməd Xatəm
oğlu Tahirovun (1958)
məlumalarından istifadə edilib.)
Olaylar.- 2019.- 14-16 dekabr.- S.11.