Azərbaycan mediası qarşısında duran

əsas vəzifələrdən biri də Qarabağ

həqiqətlərini bütün dünyaya çatdırmaqdır

 

Azad mediaya sahib olmayan cəmiyyətlərin davamlı iqtisadi, siyasi inkişafı qeyri-mümkündür. Bu həqiqəti çağdaş dünyada hər kəs qəbul edir və hətta ən avtoritar rejimlər belə, ən azı, sözdə media azadlığına qarşı çıxmırlar. Lakin söz, fikir, düşüncə və media azadlığı, onun məğzi yalnız cəmiyyət tərəfindən dərk olunduğu zaman real fayda verir, süni, hibrid halda o, yalnız ziyan gətirir. Azad media azad sözün, insan hüquqları və azadlıqlarının həm də qoruyucusu rolunda çıxış edir. Bu, şərəfli missiyadır və cəmiyyət, öz növbəsində, jurnalistikaya adekvat diqqət və qayğı ilə cavab verir.

 

Azərbaycan xalqı sivil, demokratik düşüncəyə sahib olan xalqlardandır. Söz, media azadlığını və tolerantlığı özünün mənəvi, əxlaqi və ictimai dəyərlərinə, həyat və düşüncə tərzinə çevirə bilib. Bu gün biz haqlı olaraq azad mediaya sahib olmağımızla fəxr edirik. Qeyd edək ki, bu səviyyəyə çatana qədər milli mətbuatımız mürəkkəb təkamül yolu keçib.

Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Milli mətbuatımızın uğurlu inkişafı onun zəngin keçmişinin mirasıdır. "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Azərbaycan milli mətbuatı 1918-ci ildə dinamik inkişaf üçün şans qazanıb. Həmin dövrdə müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına ziyalıların göstərdiyi xidmətlər gələcək illərdə bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoyub.

Ümummilli lider Heydər Əliyevin mətbuat azadlığının təminində tarixi rolu inkarolunmaz bir faktdır.  Azərbaycan mətbuatının sözün həqiqi mənasında, müstəqilliyini əldə etməsi, ölkəmizdə söz və mətbuat azadlığının bərpa olunması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni bir mərhələnin əsasını qoyub. Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Mətbuat nümayəndəsi olaraq bu fikri böyük fəxr hissi ilə qeyd edə bilərəm ki, Azərbaycanda azad medianın inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul edilib. Azərbaycan dövlət başçısı, cənab prezidentimizin bu sahə ilə bağlı sərəncamları, fərmanları saysız-hesabsızdır. İlk gündən demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın bu istiqamətdə atdığı addımlar və onların uğurlu nəticələri göz qabağındadır. Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çox saylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə-bütün bunlar ümummilli lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır.

Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə hüquqi islahatlar aparılmağa başlanıldı. Konstitusiyanın qəbulundan sonra ölkədə medianın fəaliyyətinin tənzimlənməsi və media sahəsində mükəmməl qanunvericilik bazasına nail olmaq üçün bir sıra addımlar atıldı. Ulu öndər Heydər Əliyevin mətbuata münasibəti daim demokratik inkişafın zəruri tələblərinə söykənirdi. Təsadüfi deyil ki, 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyev "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzaladı. Bu fərmanın bir bəndiylə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi.

Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. Ulu öndər Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə, 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" adına layiq görülüb. Təbii ki, 22 illik müstəqillik tariximizdə mətbuatın keçdiyi inkişaf yoluna, ən əsası dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının uğurlu nəticələrinə qısaca nəzər salmaq qeyri-mümkündür. Ümumiləşdirilmiş ifadə budur ki, ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqətindədir. Ulu öndər Heydər Əliyevin ölkəmizdə başlatdığı həqiqi söz və mətbuat azadlığının bərqərar olması prosesi onun siyasi varisi İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısı bu postda fəaliyyətə başladığı ilk gündən mətbuatın inkişafının dövlət siyasətinin başlıca prioritetləri kimi elan etdi və fəaliyyətində bu nüansa xüsusi diqqət ayırdı. Azərbaycan Milli Mətbuatının yaradılmasının 130 və 135 illik yubileyləri münasibətilə ölkənin onlarla jurnalistlərini ali dövlət mükafatları ilə təltif etdi, kütləvi informasiya vasitələrinə maddi yardımlar olundu. Bütün bu reallıqlar bir daha sübut edir ki, ölkədə azad mətbuat mövcuddur və onun mövcudluğunun qarşısını heç bir qüvvə ala bilməz. Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi bir-birindən əhəmiyyətli addımlardır. Milli Mətbuatımızın 138 illiyində jurnalistlər üçün tikilmiş binanın istifadəyə verilməsi, eyni zamanda "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" növbəti sərəncamın imzalanması da addımların davamlılığından irəli gəlir. Dövlət başçısı İlham Əliyevin son on ildə iki dəfə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında "Jurnalistlərin dostu" mükafatına layiq görülməsi ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyəridir".

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə söz azadlığının daha da güclənməsi, medianın azad, sərbəst fəaliyyət göstərməsi üçün davamlı işlər görülür. İndi dünyada çox az ölkə tapılar ki, azad media, onun maddi bazasının möhkəmləndirilməsi, jurnalistlərin öz peşə vəzifələrini sərbəst həyata keçirmələri, maddi-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Azərbaycanda olduğu qədər şərait yaradılsın.

Azərbaycan mediası qarşısında duran əsas vəzifələrdən biri də Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmaq, Ermənistan dövlətinin təcavüzkar siyasətini ifşa etməkdir. Ölkə jurnalistləri, ziyalılarımız həm yerli, həm də qlobal mediada ermənilərin hər cür dezinformasiya və yalanlarını ifşa etmək üçün əllərindən gələni edirlər. İnanırıq ki, doğru söz yerdə qalmayacaq, beynəlxalq ictimaiyyət təcavüzkarın iç üzünü yaxından tanıyacaq. Azərbaycanda Prezident İlham Əliyevin müdrik liderliyi ilə fundamental insan hüquq və azadlıqları qorunan sivil, demokratik cəmiyyət quruculuğu uğurla davam edir. Bu prosesdə azad sözün, müstəqil medianın böyük səfərbəredici rolu var. Azərbaycan mediası, jurnalistlərimiz bu həqiqəti dərk edir, öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəlmək əzmindədirlər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 17-18 dekabr.- S.15.