Qərbi Azərbaycanın ruhsalduyğusal coğrafi məkanları

və yaxud uydurma “Ermənistanın sarkal coğrafiyası”nın saxtakarlığı

 

(VI məqalə)

 

Əvvəli 30 noyabr tarixli sayımızda

 

"Göyçə" toponimi "Allaha yaxın olan yer" mənasındadır və bu hidronimin əsasını təşkil edən "Göy" sözü qədim harut dilindəki "Allah" anlamında olan "Qok" kəlməsinin leksikorfoqrafik dəyişikliyə uğramasının ifadəsidir, eləcə də həmin məkanın ərazi kimi yüksəklikdə yerləşməsini bildirir."

 

Bu mülahizəni İsmayıllı rayonu, Hacıhətəmli kənd tam orta məktəbinin direktor müavini Feyruz Niyaz oğlu Mehdiyev (1955) söyləmişdir.

Qərbi Azərbaycanın təbii-coğrafi əraziləri sırasında Göyçə gölü Şahdağ silsiləsinin qərb hissəsində yüksək dağ çökəkliyində, 1896 metr yüksəklikdə (sahəsi 1243 kv.km, orta dərinliyi 26 m) yaranmaqla həm də inzibati-ərazi baxımından zəngin tarixi keçmişə malikdir. "Göyçə" hidro-toponiminin qədim türk dillərindən biri olan haput dilində (e.ə. I əsrdə yunan coğrafiyaşünası Strabonun (e.ə. 63-24-cü illər) "Coğrafiya" əsərinin 11-ci kitabında Azərbaycan ərazisində qədim türkdilli 26 tayfadan birinin haputlular olduğunu göstərmişdir) izahı ilk növbədə müsəlman-türk inanclarında bu günümüzədək qalan həm də "Göy haqqı" andının filoloji ruhundakı ucalığı, yüksək məqamı özündə ifadə etməklə tarixən milli toponimlərimizin yaranmasında ruhsal-duyğusal düşüncənin də nəzərə alındığını bildirir. Qədim türklərdə ("Gök Türklər"də) həm də ucalıq, yüksəklik anlamını bildirən "göy" sözü əski tarixi antrotoponim söz birləşməsi kimi həm də "Göyçə gölü" hidroniminin adında da eyni ifadəyə uyğunlaşdırılmışdır.

Ona görə də Göyçə mahalında təbii-coğrafi ərazi kimi duyğusal-ruhani dünyagörünüşünün formalaşmasında mistik-dini duyğuların yer alması təsadüfi sayılmır. Bu yerlər özündə xristianaqədərki dini-inanc xəzinəsini, qədim Albanİslam dini mədəniyyətinin maddi-mənəvi irs nümunələrini qoruyub saxlamaqla, eləcə də dini-irfani nümayəndələrinin zəngin əxlaqi-dünyəvi bilgilərində əks olunmuşdur.

Belə inzibati-ərazi vahidlərindən biri də Göyçə gölünün cənub və cənub-şərq hissəsini tutan Basarkeçər nahiyəsi (1969-cu ildə hay kilsəsi tərəfindən adı dəyişdirilərək Vardenis qoyulub), onun 54 kəndini özündə birləşdirən "Göyçə çuxuru" idi. Əhalisi əsasən heyvandarlıqla və əkinçiliklə məşğul olan Qoşabulaq, Qırxbulaq, Məzrə, Qayabaşı, Zod, Daşkənd... kəndlərinin camaatının yay dövründə üz tutduğu məkanlardan biriŞahdağ silsiləsindəki "Tərsa yaylağı" idi. Yaylağın yüksəkliyindəki Qara daş dağında "Qara daş piri" eyni adlı bulağın üstündə idi.

Ürəklərində müxtəlif ilahi-duyğu niyyətləri ilə pirin üstünə gələn (Daşkənd, Qırxbulaq, Məzrə, Qayabaşı...kəndlərindən, həmçinin Gədəbəy və Kəlbəcər rayonlarından) ziyarətgaharlar orada qurban də kəsərdilər. Bu yayalağın və pirin tərənnümünü el aşığı, qoşabulaqlı Rəcəb Əli oğlu Əhmədov (1913-2009) indiyaddaşlarda qalan aşağıdakı bir beytində belə deyib:

 

Qara daş ocaqdı xanlıq yaraşır,

Tərsəni deyəndə dilim dolaşır.

 

Qarabulaq kəndinin ortasında yaşı 300 ildən artıq olan qədim karvansaray, hücrələri və ibadət otaqları 1918-1920-ci illərdə hay kilsəsi və daşnakları tərəfindən dağıdılmış, yandırılmış və qarət edilmişdir. Bu tikilinin 100-150 metrliyində həm də qədim qəbirstanlıq var idi. Kənd sakini Qoşunəli Bağır oğlunun (1923-1981) evinin yanında isə müxtəlif naxışlı və yazılı 20-yə qədər Alban qəbirləri torpağa batmışdı. Dörd və altıkünclü bu sinə daşlarının uzunluğu 1,5 m, qalınlığı 60-70 sm idi. 1974-1975-ci illərdə o yerlərdə qazıntı işləri aparılarkən iri ölçülü insan sümükləri də aşkar edilmişdir.

1972-1973-cü illərdə kəndin qərb hissəsindəki "Dərə məhəllə" tərəfdə (evlərin 200-300 metrliyində) biçənək-əkənək sahəsinin yaxınlığındakı iki süni təpəlikdə (hündürlüyü 3-5 metr olardı) qazıntı işləri aparılanda dairəvi daş hörgünün ortasında içlərində insan sümükləri olan müxtəlif ölçülü 4 iri, 3-4 ədəd xırda küplər tapıldı.

Qoşabulaq kəndinin dini-irfani antrotoponimi kimi "Axundlar tayfası" xüsusi yer tutmuşdur. Bu tayfanın nümayəndəsi Axund Abbasəli Kərbəlayi İmamqulu oğlu Xorasan şəhərində ali dini təhsil almış və kənddə dini bilikləri tədris etmişdir. El-oba arasında irfani dünyagörüşünü təbliğ edən Molla Məhəmməd Alıqulu oğlunun (1879-1974), Məşədi Əli İman oğlunun (1854-1964), Molla Səməd Kərim oğlunun, onun oğlu Mirzəli Səməd oğlunun (1915-2005) adları həmişə hörmətlə yad edilmişdir.

Bu kəndin 4-5 km cənub-şərq istiqamətində yerləşən Daşkənd və Zod kəndlərində eramızdan əvvəl II-I əsrə aid olan Alban məbədi tikilmişdi, dördkünc formalı, hündürlüyü 10 m-ə çatırdı, üstüsal daşlarla örtülmüşdü. 1960-cı illərdə haylar onların üzərinə öz xaçlarını və yazılı lövhələrini yapışdıraraq "erməniləşdirdilər".

Daşkənd kəndinin müqəddəs ziyarətgahlarından biri Seyid Bayram Seyid Süleyman oğlunun (1864-1934) müqəddəs ruhunun uyuduğu "Seyid Bayram Ağa ocağı" idi, qəbirstanlıqda onun qəbri üzərində 3-4 m ölçüdə gümbəz tikilmişdi. Göyçə nahiyəsinin ətraf kəndlərinin sakinləri, eləcə də Dərələyəz mahalı, Qaraqoyunlu dərəsi, Qazax, Gəncəbasar, Gədəbəy və Kəlbəcər camaatının da həmişə üz tutduğu ziyarət yeri idi-Ağanın qəbri və 4 otaqdan ibarət evi. Otaqların birində onun papağı, gödəkçəsi, çuxası, kəməri, qurşağı qoyulmuşdu. Deyirlər ki, pis niyyətlə gələn və qəlbi qara kəslər o "tutiyalara" yanaşanda bir neçə ilan görünürdü orda, onlara əl vurmağa imkan vermirdi.

Seyid Bayram Ağa (o, el şairi Alqayıt Bayram oğlu Xəlilovun (1940-2013) ana babası olub) haqqında el arasında çoxsaylı əhvalatlar, onun barədəsində söyləmələr yaşamışdır. Bir dəfə Seyid Bayram ağa Qoşabulaq kəndindən Daşkənd kəndinə piyada gedərkən "Seyid Qurban tərəsi" yaxınlığında yolkəsənlərlə rastlaşır, onlar da onu soymaq istəyir. Tüfəngdən açdıqları güllələr Ağanın belindəki gümüş kəmərin pullarına dəyib yerə düşürmüş. Təəccüb edən quldurların biri deyir ki, bu mahalda bir ağır seyid var, Allah həmişə onu qoruyur, yəqin ki, bu o kişidir.onunla söhbət edəndə Ağa onlara deyir:

-Allah saxlayana bəndə heç nə edə bilməsə, güllə nə edər ki.

Ayrılanda bildirir ki, işiniz dara düşəndə cəddimi çağırın, mən Seyid Bayram Ağayam.

Başqa bir el deyimində bildirilir ki, bir nəfər Ağaya inək nəzir edir, amma ödəməkdə çətinlik çəkməli olur. Ona görə də mənən sıxılırmış, onu görəndə uzaqlaşırmış. Elə olur ki, bir gün Ağa ilə rastlaşır və nəzirli olduğunu bildirir. Ağa ona deyir:

-Əgər ağırdırsa bir alma da, alma da yoxdursa, bir yumurta da kifayətdir.

(Bu söhbət Tükəzban Mövla qızının (1868-1968) yanında olmuşdur).

Qoşabulaq kəndinin 2 km-də yerləşən "Seyid Qurban təpəsi" yaxınlığındakı 2 hektarlıq əkin sahəsindən yığılan "qırmızı buğda" hər il Ağaya bağışlanardı.

Qoşabulaq kəndindən Heydər Qasım oğlu Bədəlov (1909-1965) həyat yoldaşı Qəmərus Qəhrəman qızının (1914-1954) gümüş kəmərini nəzir kimi vermək istəyəndə o, imtina edir. Bundan sonra nəzir sahibi bir quzu kəsib gətirir, onda Ağa cəmdəyin bir qolunu götürüb, "qalanını apar uşaqların yesin", deyir.

Onu da bildirmişlər ki, bu ocağa maşın dolu pənah gətirənlərin kəsdiyi qurbanın əti bişirildikcə qurtarmaq bilmirdi.

"Seyid Bayram Ağa" ocağını Basarkeçər nahiyəsində yaşayan ermənilər də ziyarət edərdilər.

Nahiyənin dini-ruhsal məkanlarından biri kimi Nərimanlı kənd qəbirstanlığında 3-5 ədəd qoçat fiqurlu, yazılı qəbir daşları əhalinin iman- inanc yeri kimi qorunub saxlanılırdı, gec yeriyən və dili açılmayan uşaqlar o qəbir daşlarının ətrafında dövrə vurardılar.

Lakin, 1970-ci illərin əvvəllərində həmin daşlar hay kilsəsi və daşnak ünsürləri tərəfindən oğurlanmışdır.

Oğurlanan, yox edilən digər tarixi, maddi-mənəvi sərvətlərimiz kimi...

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2019.- 21-23 dekabr.- S.12.