İflic xəstəliyini aradan qaldıran

və qanı təmizləyən meyvə

 

Azərbaycanda bir çox bitki və meyvələrin müalicəvi xüsusiyyətləri, təbabətdə istifadəsi, müalicə üsulları ilə insanlara çoxdan məlumdur. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxaraq müasir elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Hətta bir vaxtlar xalq təbabətinə qısqanclıqla yanaşan elmi təbabət də bu gün onun əhəmiyyətini etiraf etmək məcburiyyətindədir.

Məlum olduğu kimi, Azərbaycan florasına daxil olan ali bitkilərin və meyvələrin bir çoxu dərman əhəmiyyətlidir və insanlar hələ qədim zamanlardan bəri onlardan bu və ya digər xəstəliyin müalicəsində istifadə etmişlər. Belə xüsusiyyətə malik bitkilər 1545 növlə təmsil olunurlar ki, bu da Azərbaycan florasına daxil olan ümumi bitki növlərinin 34,3%-ni təşkil edir. Qeyd etmək lazımdır ki, bu saya başqa yerlərdən gətirilərək yerli şəraitə introduksiya edilən növlər də daxildir. Azərbaycanda geniş yayılmış mandarının (naringi) insan orqanizminə ciddi faydaları var. C vitamini ilə zəngin olan mandarini payız və qış aylarında istifadə edildikdə  həm artıq çəki alınmasına  mane olur, həm də insanı  bir sıra xəstəliklərdən qoruyur. Bu meyvə A, B, C vitaminləri, həmçinin kalsium, kalium, maqnezium, natrium, dəmir, brom və fosfor minerallarına malik olmaqla, istifadə zamanı bədəni möhkəmləndirir, qanı təmizləyər. Mandarinin qabığında olan P vitamini keks və şirniyyatlar hazırlanarkən istifadə olunur, ona ləzzət və xoş qoxu verir, eyni zamanda xolesterolu və yüksək təzyiqi salmağa da köməkçi olur. Ürək və damar xəstəliklərinə qarşı qoruyucu olan mandarin, ömür boyu sağlamlığı təmin edir. Ayrıca olaraq narıngi damar sərtliyi və iflic xəstəliyində də faydalıdır. Damar sərtliyi olan hər kəs və əsasən orta yaş qrupuna aid olanların bu meyvəni bol-bol yeməsi vacibdir. Sinirləri sakitləşdirən mandarin eyni zamanda qripə qarşı da qoruyucu vasitə funksiyası yerinə yetirir. Axşam yeməyindən sonra yeyiləcək bir mandarin daha rahat yuxunu təmin edir. İmmunitet sistemini gücləndirən bu meyvəni eyni zamanda cem hazırlayarkən də istifadə etmək mümkündür. Ayrıca qabıqlarından əldə edəcəyiniz qoxu sayəsində evi xoş ətirli etmək olar.

Məlumata görə, naringi Citrus reticulata Blanco adlanır. Bu növ daha çox torlu naringi adlanır. 2-3 m hündürlükdə olub, seyrək və dağınıq çətrə malik kol tipli ağacdır. Gövdə qabığı bozumtul - qaradır. Cavan zoğları yaşıl rənglidir. Yarpaqları tünd yaşıl, uzunsov oval formalı, ucu sivridir. Yarpaq saplağı qanadlıdır. Çiçəkləri xırda, tək-tək və ya 3-5 ədəd olmaqla qruplarla yerləşir. Ətirli, açıq çəhrayı və ağ rənglidir, yarpaq qoltuğunda yerləşir. Bitki birevli, çiçəkləri ikicinslidir. 5 ədəd kasa yarpağı, 5 ədəd ləçək yarpağı, 1 dişicik, çoxlu erkəkciyi var. Erkəkciyin toz kisəsi toz vermir. Bakirə (partenokarp) meyvə verir. Bəzi sortları, mayalanma getmədən, vegetativ stimulyasiya nəticəsində yumurtalıqda qız hüceyrələrin bölünməsi hesabına, həyat qabiliyyətli toxumu olan meyvələr yaradır. Bu prosesə apomiksiya deyilir. Meyvələri sortlardan asılı olaraq xırda, orta və iri olur. Diametri 6-8 sm-ə qədər olub, yumru, yastı uzunsov, armudvari formalıdır. Meyvə qabığı, parlaq narıncı-sarı rəngli, şirin, turşməzə tamlıdır. Əksər meyvələr toxumsuz olur. Qabığı lətdən asan ayrılır, meyvə 9-13 dilimdir. Sortlardan asılı olaraq kimyəvi tərkibi müxtəlifdir. Bir qrup sortlar yüksək şəkərliliyi, digərləri isə tərkibində çoxlu üzvi turşular olması ilə fərqlənir. Eyni zamanda bütün sortlar yüksək vitaminlidir. Naringinin tərkibində 1,9-2,5% efir yağı, 0,4 mg% karotin, üzvi turşular, şəkər, az miqdarda azotlu maddələr, C, B1, B2, A, P, PP vitaminləri vardır. Dünyada 2029000 ha sahədə naringi bitkisi yetişdirilir. Naringi istehsalında ön sıralarda olan ölkələr sırasında Çin (10,1 mln. ton), İspaniya (1,7 mln. ton), Braziliya (1,1 mln. ton) və Türkiyədir (858 min ton). Naringi istehsalında əhəmiyyətli ölkələr isə Misir, Yaponiya, Koreya, Pakistan və ABŞ-dır. Azərbaycanda iqtisadi rayonlar sırasında Lənkəran zonası naringi istehsalının 99%-ni təşkil edir. Naringi sortları əmələgəlmə və yayılmasına görə müxtəlif olduqlarından onlar torlu naringi növü daxilində 7 pomoloji qrupa ayırılır: Unşiu qrupu,  Tanjerin qrupu, Suxoykan qrupu, Suntara-ponkan və ya Çinlıindistan qrupu, Mədəni naringı və ya Hindi-Çin-Malayziya qrupu, Xırda meyvəli və ya Çin-Yapon qrupu,  Hibrid formalar qrupu. Naringinin Kovano-vase, Ovar, Silverxil, Klementin, Pioner 80, Soçinskiy 23 ən geniş yayılmış sortlarıdır. Naringi sitrus meyvə bitkiləri içərisində şaxtaya daha davamlısıdır. 8°-yə qədər şaxtanı normal keçirir. Yerüstü hissəsi 10...12° şaxtadan, meyvələri 2° şaxtadan zədələnir. +30°-dən artıq temperaturda bitkidə maddələr mübadiləsi dayanır, böyümə zəifləyir. Rütubətə tələbi limondan az, portağaldan isə artıqdır. Naringinin normal vegetasiya dövrü (orta sutkalıq temperatur 10°-dən artıq olmaqla) 190-210 gün təşkil edir. Torpağa münasibəti kök sistemindən asılıdır. Trifoliataya calanmış bitkilər münbit, yaxşı su və hava keçirmə qabiliyyətinə malik torpaqlarda daha yaxşı inkişaf edir.

Naringi açıq şəraitdə becərilmək üçün trifoliataya calaq edilir. Calaqaltıların becərilməsi, calanması və digər işlər limon bitkisində olduğu kimi aparılır. Naringi bağı da limon bağı kimi təşkil edilir. Qida sahəsi 4x3 m, 4x2,5 m, yamaclarda isə 3x3 m verilir. Bağ üçün nisbətən düzən, yaxşı işıqlanan sahə seçilir. Bağ yamaclarında naringi digər sitruslarla birgə əkilərsə o, şaxtaya nisbətən davamlı olduğundan, yamacın yuxarı hissəsinə planlaşdırılır. Yeni naringi bağının salınması üçün 3x4 m sxemi üzrə 8500 manata qədər vəsait tələb olunur. Hektardan orta hesabla 240-250 sentner məhsul alınarsa həmin sahədən 6000 manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 97% təşkil edir. Sonda onu da qeyd edək ki, bir çox bitkiləri insan qidada istifadə edir, digərlərini isə təbiətdə və evdə seyr edirlər. Bundan başqa isə elə möcüzəvi otlar da var ki, müalicəvi xüsusiyyətlərə malikdirlər və insana müxtəlif xəstəlikər zamanı sağalmağa kömək edirlər. Belə bitkiləri müalicəvi bitkilər adlandırırlar. Çox vaxt biz ayaqlarımızın altında belə "yaşıl həkimlər"in bitməsi haqda heç fikirləşmirik. Məsələn, barmağını əzmisənsə, qanın saxlanılmasında görkəmsiz bağayarpağı köməyinə çata bilər. Bağayarpağının sadəcə bir yarpağını yaranın üstünə qoymaq kifayət edər və qanın axması o dəqiqə dayanacaq. Bu kimi bir çox bitkiləri insanlar müalicə üçün istifadə edirlər.

 

Zəka

 

Olaylar.- 2019.- 21-23 dekabr.- S.13.