Ölkədə fikir,
söz azadlığı və
plüralizm prinsipləri tam mənada qorunur
İlqar İlkin: "Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev kütləvi informasiya vasitələrinin, mətbuatın bir nömrəli himayədarıdır"
Bir əsr yarıma yaxın tarixi dövrü əhatə edən Azərbaycan mətbuatı şərəfli, şərəfli olduğu qədər də çətin və keşməkeşli bir dov keçib. Şükürlər olsun ki, milli mətbuatımızın çətin və daşlı - kəsəkli yolu arxada qalıb. Bu gün özünün inkişaf dövrünü yaşayan Azərbaycan mətbuatı ictimai - siyasi fikrə ciddi şəkildə təsir edir, cəmiyyətdə mühüm rol oynayır. Mətbuatımızın bu cür təsiredici qüvvəyə çervrilmıəsində dövlətin, şəxsən dövlət başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı da xüsusi qeyd edilməlidir. "Birlik" jurnalının baş redaktoru İlqar İlkin də qeyd edir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev kütləvi informasiya vasitələrinin, mətbuatın bir nömrəli himayədarıdır. Baş redaktorun sözlərinə görə, məhz Cənab Prezidentin diqqət və qayğısı nəticəsində Azərbaycan mediası, kütləvi informasiya vasitələri bu gün inkişaf edir.
-İlqar bəy, qeyd edirsiniz ki, günümüzdə Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Bəs, iz bu inkişafı nədə görürsünüz və konkret mətbuatımızda inkişaf özünü hansı istiqamətlərdə büruzə verir?
-Mətbuatımızda, kütləvi informasiya vasitələrində inkişaf ilk növbədə mediyaya yaradılan şərait, kütləvi informasiya vasitələrinin maddi - texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə diqqət çəkir. Bu birmənalıdır ki, media qurumu, kütləvi informasiya vasitələrinin maddi-texniki bazası zəif olduqda, bu imkanları daha da genişləndirmək, onları müasir dövrün tələblərinə uyğunlaşdırmaq üçün lazım olan vəsait çatışmadıqda həm media qurumu, həm də onun əməkdaşı başqa vasitələrə, metodlara əl atır. Ya hansısa siyasi partiyanın maddi dəstəyi nəticəsində həmin partiyanın orqanına çevrilir, ya da xaricdəki antiazərbaycan qüvvələrin dəstəyi ilə ölkəmiz əleyhinə aparılan kampaniyanın sıralarında yer alır. Şükürlər olsun ki, günümüzdə belə bir mənfi tendensiya demək olar yoxdur. Belə bir halın mövcudluğuna daha çox müstəqilliyin ilk illərində rast gəlmək mümkün idi. Həmin illərdə nəşr olunan qəzetlər o qədər siyasiləşmişdi ki, nəinki hər hansı bir media qurumuna rəhbərlik edən şəxs, hətta həmin media qurumunun əməkdaşı belə qələmə aldığı yazılarda siyasi mövqe nümayiş etdirir, tərəf tuturdu.
Artıq qeyd etdiyim kimi belə bir problem yoxdur və media, kütləvi informasiya vasitələri heç bir xarici qüvvə və siyasi partiyadan asılı olmadan fəaliyyət göstərir. Təbii ki, buna da dövlətin və şəxsən dövlət başçısı Cənab İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğı nəticəsində nail olunub. Prezident kimi fəaliyyət göstərdiyi illərdə mətbuatın, kütləvi informasiya vasitələrinin Azərbaycan Nəşriyyatına olan borclarının ləğv edilməsi, mətbuatımızın inkişaf etdirilməsi məqsədilə ölkədə fəaliyyət göstərən qəzet və jurnallara birdəfəlik yardımların ayrılması, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması deyilənlərin əyani sübutdur.
-Demokratik cəmiyyətin əsas göstəricilərindən biri də plüralizmdir. Bəs, Azərbaycanda plüralizm nə dərəcədə təmin olunur?
-Tamamilə doğru deyirsiniz ki, demokratik cəmiyyətin əsas göstəricilərindən biri də fikir, söz, məlumat və ifadə azadlığı ilə yanaşı, həm də plüralizmdir. Mən tam əminliklə deyə bilərəm ki, Azərbaycanda qeyd etdiyimiz sahədə də vəziyyət kifayət qədər normaldır. Digər vacib prinsiplər kimi plüralizm də yüksək səviyyədə qorunur, onun daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, addımlar atılır. Azərbaycanda plüralizmin mövcud olmasına bir neçə bariz nümunə göstərə bilərik. Bunlardan biri bir müddət əvvəl hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü və müraciəti əsasında buraxılan Azərbaycan Parlamenti idi. Qeyd edim ki, beşinci çağırış Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, müxalifət partiyalarının nümayəndələri də təmsil olunurdu. Eyni zamanda hakimiyyətin mövqeyini müdafiə edən, onun apardığı daxili və xarici siyasəti dəstəkləyən iqtidaryönlü partiyaların da qanunverici orqanda təmsil olunurdu. Bununla yanaşı parlamentdə yer alan partiyalara dövlət büdcəsindən maliyyə yardımı ayrılırdı. Bütün bunlar Azərbaycanda siyasi plüralizmin mövcudluğunun göstəricisi idi. Azərbaycanda siyasi plüralizmin mövcud olmasının digər bir sübutunu ölkədə fəaliyyət göstərən siyasi partiyaların sayından görmək mümkündür. Belə ki, günümüzdə ölkədə onlarla siyasi partiya dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir. Həmin partiyalar sırasında həm millətçi, həm demokrat, həm də liberal və islamçı partiyalar mövcuddur. Hər bir partiyanın mərkəzi və rayon təşkilatının normal qaydada fəaliyyət göstərməsi üçün onlar müvafiq ofis, qərargahla təmin edilirlər. Bununla yanaşı siyasi partiyalara öz fikir və mövqelərini cəmiyyətə çatdırmaq üçün hər bir şərait yadılır, etiraz aksiyaları, mitinq və piketlər keçirmək üçün müvafiq yer ayrılır. Hətta Azərbaycanda siyasi plüralizm o dərəcədə inkişaf edib və yüksək səviyyədədir ki, hakimiyyətə qarşı uzun illərdir barışmaz mövqe nümayiş etdirən, iqtidara gəlməyin yolunu siyasi proseslərdə iştirak etmək, ölkədə keçirilən bu və ya digər seçkilərdə mübarizə aparmaq yolunda deyil, Azərbaycana yalnız xaos, anarxiya, vətəndaş qarşıdurması gətirmək niyyətində olan radikal siyasi qüvvələrə, partiyalara da öz etiraz aksiyalarını keçirmək üçün hakimiyyətin müvafiq strukturları tərəfindən yer ayrılır. Eyni zamanda etiraz aksiyası keçirən siyasi qüvvənin aksiya müddətində təhlükəsizliyini təmin etmək, aksiyaya kənar müdaxilələrin qarşısını almaq üçün polis, eləcə də digər hüquq-mühafizə orqanları tərəfindən iştirakçıların təhlükəsizliyi təmin edilir. Ancaq təəssüf edirəm ki, bəzi siyasi partiyalar Azərbaycanın sadiqlik nümayiş etdirdiyi, davamlı olaraq inkişaf etdirdiyi, bu istiqamətdə siyasi iradə ortaya qoyduğu demokratik prinsiplər və onların yaratdığı imkanlardan sui-istifadə etməyə çalışırlar. Məsələn, müvafiq dövlət qurumları, eləcə də Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın müxtəlif yerlərində etiraz aksiyası keçirmək üçün yerlər ayırsa da, lakin radikal siyasi düşərgə meriyanın aksiya üçün müəyyən etdiyi yerlərdən heç birinə getməyərək paytaxtda, insanların daha gur, sıx hərəkət etdiyi ərazilərdə etirazları keçirməyə üstünlük verirlər. Təbii ki, bu da öz-özlüyündə demokratiya, onun yaratdığı imkanlar, eləcə də Azərbaycan hakimiyyətinin demokratik prinsiplərə sadiqlik nümayiş etdirməsindən sui-istifadədir. Azərbaycan dövləti, hakimiyyəti nə qədər siyasi plüralizm nümayiş etdirsə də, lakin bəzi radikal siyasi qüvvələr siyasi plüralizmi xaos, anarxiya ilə qarışıq salır, öz istəklərinə uyğun qərarlar verirlər. Təbii ki, bu kimi hallar da yolverilməzdir.
-Eyni ilə bir sıra kütləvi informasiya vasitələri üçün də deyə bilərikmi ki, onlar da ölkədə yaradılan fikir, söz, məlumat və ifadə azadlığından bir sıra hallarda sui-istifadə edirlər?
-Tamamilə doğru buyurursunuz. Bu gün ölkədə fəaliyyət göstərən bəzi kütləvi informasiya vasitələri, onlarda çalışan media nümayəndələri, eləcə də adını müstəqil jurnalist qoyan bir sıra qələm adamları Azərbaycanda mövcud olan fikir, söz, ifadə və məlumat azadlığından sui-istifadə edir, bu prinsipləri öz anlayışlarına uyğun olaraq qəbul edirlər. Belə ki, yeri gəldi-gəlmədi, haqlı oldu-olmadı əsassız, qərəz, böhtan üzərində qurulmuş iddialarla çıxış edir, konkret ayrı-ayrı şəxsləri, hakimiyyətin müxtəlif qollarında təmsil olunan insanları hədəfə alırlar. Onlara qarşı adekvat tədbir görüləndə isə, dərhal fikir, söz, məlumat və ifadə azadlığı prinsipini gözə soxurlar. Halbuki fikir, söz, məlumat və ifadə azadlığı istədiyin şəxsi təhqir etmək, onu hədəfə almaq demək deyil. Bu kimi hallar artıq fikir, söz, məlumat və ifadə azadlığından sui-istifadə deməkdir. Yaxud, radikal siyasi düşərgənin oktyabr ayında keçirdiyi etİraz aksiyalarını işıqlandırmaq üçün həmin aksiyalarda iştirak edən bəzi media nümayəndələrininn hərəkətləri, polisi konkret olaraq təxribata çəkmək kimi cəhdləri də məhz həmin media nümayəndələrinin fikir, söz, ifadə və məlumat azadlığından sui-istifadə etdiklərinin göstəricisidir.
-Bəs Azərbaycan mediasından gözləntiləriniz nədir?
-Hesab edirəm ki, bundan sonra da Azərbaycan mediası, kütləvi informasiya vasitələri daha da inkişaf edəcək, hər zaman olduğu kimi ictimai fikrə fəal şəkildə təsir göstərə biləcəklər. Çünki yuxarıda da qeyd etdiyim kimi bu gün Azərbaycan mediası hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatələnib. Və bu diqqət və qayğı nəticəsində də mediamız, kütləvi informasiya vasitələrimiz inkişaf edir.
Azərbaycan
Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2019.- 21-23 dekabr.- S.15