İt zülmünü
çəkənlər
Felyeton
Dilimizdə bir para deyimlər var ki, mənasını anlamasalar da, yeri gəldi, gəlmədi insanlar onları atalar sözləri kimi istifadə edir. Bu deyimlərdən məmə əməndən pəpə yeyənə qədər hamı istifadə edir. Həyatımız elə bil bunlarsız təsəvvür olunmur. Ən çox da bu deyimlər ev heyvanlarından itlərə və eşşəklərə aid olur. Eşşəklərdən bir dəfə yazdıq. İndi də keçək itlərə. Deyim ki, bu deyimlər çox məşhuri-cahandırlar. Bax, biri o birisini tənqid edib danlayanda, sonradan başqasına deyir ki, bah görəydin də, filankəsi "itdən alıb itə verdim". Vallah soruşsan ki, qaqa, "itdən alıb itə verdim" nə deməkdir, mənasını bilməyəcək. Ancaq hər yerdə bunu şəstlə deyirlər. Mən deyim, siz də bilin, çünki ömrümüzün çoxu elə itlər içində keçir. Ya vəlvələsindən, ya zəlzələsindən fərqi yoxdu. İstər ikiayaqlı olsun, istər dördayaqlı.
Tutaq ki sənin iki itin var. Bunlardan birinin qabağına sümük atırsan. Sonra istəyirsən
ki, onun ağzından o boyda sümüyü çıxardıb
o birisinə verəsən.
Lap o itin sahibi
də olsan, xeyri yoxdur. Sümüyü ağzında olan
it dişlərini qıcardıb
sənə bir üz göstərəcək
ki, gəl görəsən. Heç elə
bil sən bunun sahibi deyilsən.
Hətta
əlini də qapa, cırmaqlaya bilər. Bəs nə bilmişdiniz?
Hər kəs öz payını ağzında
(əlində) saxlamağı
bacarmasa yaşaya bilməz, atam. Bu təkcə yemək
uğrunda mübarizə
deyil, həm də həyat uğrunda mübarizədir.
Söyməsən, hirslənməsən,
diş qıcartmasan bu həyat olmazdı
ki. Bir sıra adamlar
var ki, onları
hökmən "itdən
alıb itə vermək" lazımdır.
Nə hır qanırlar, nə zır. Deyirsən ta bəsdi, bu qədər ağzındakı
sümüyü gəmirdin,
ver indi də başqası gəmirsin. Ayağını
yerə "xıx"
basıb, başını
eşşəyin başı
kimi yelləyə-yelləyə
acıqlı-acıqlı, hirsli-hirsli deyir ki, yox, bu
sümük mənə
dədəmdən qalıb,
heç kimə vermərəm, hətta ölüm olsa belə. Ta bundan sonra ona nə
deyəsən? Məcbursan
ki, zorla sümüyü əlindən
alasan, hətta əlini dişləsə
belə. Qorxmayın, belələri quduzluq yaymırlar. Belələrinin
ağzından sümüyünü
alan kimi zingildəyib küncə çəkilir, başlayırlar
quyruq bulamağa. Yox, əlbəttə, istisnalar da var. Başlayırlar yalandan hürməyə ki, bəs sümüyümü
ağzımdan nahaq aldın, qaytar onu. Bu yazıda ad çəkməyəcəm, təhqir
hesab oluna bilər. Qoy gərək olanı öz payını götürsün.
Başqa
bir deyim də var: "Ala itdən məşhur".
Bir də görürsən ki, biri o birisinə deyir: "Qədeş, ala
itdən məşhur
olmusan, yaman tez-tez polisdə çək-çevirə düşürsən".
Yaxud da filankəs filankəsə
deyir ki, o qonşu arvad ala itdən məşhur olub.
Bir lətifə yazım.
Bir gün Molla Nəsirəddin bir məclisə girib deyir:
Ey cümlə, bilirsiniz nə olub?
Məclisdəkilər başlarını
yelləyirlər:
Yox, bilmirik.
Bilmirsinizsə niyə deyim?
Növbəti məclisdə Molla
yenə eyni sualı verir.
Bu dəfə cümlə əhli deyir:
Hə bilirik.
Molla özünü sındırmayıb
deyir:
Ta bilirsinizsə, niyə deyim?
Üçüncü dəfə məclisdəkilər razılaşırlar
ki, bu dəfə
gəlib o eyni sualı versə yarımız deyərik bilirik, o biri hissəmiz cavab verər ki, yox bilmirik.
Elə də olur. Molla
içəri girən
kimi yenə eyni sualı verir.
Oturanlar
da xorla cavab verirlər:
Yarımız bilirik, yarımız
yox.
Molla baxır ki, lotular dilbir olublar. Kefini pozmadan deyir:
Hə eybi yoxdu, bilənlər
bilməyənlərə öyrətsin.
İndi
"ala itdən məşhur"
deyiminin mənasını
Molla Nəsrəddinin
sözü olmasın
, bilənlər bilməyənlərə
öyrətsin.
Birindən soruşursan ki,
necəsən? Cavab verir:
İt zülmünü çəkirəm,
yaxud deyir ki, it zülmünü görüb gəlmişəm.
Balam, bu it zülmü nəmənə
olan şeydir ki, çoxluq bu deyimdən istifadə edir.
Dərindən baxsaq insanların bəziləri elə it zülmü çəkirlər,
amma bu kəlməni
dillərinə almazlar.
Biri gəlib rəssamdan soruşur:
Qaqa, rəssamsan?
Rəssam başını razılıqla
aşağı-yuxarı dartır.
Qaqa, it zülmünü
çəkə bilərsən?
İt zülmü
dedikdə başına
gün vurur vursun, ya şaxta
səni bıçaq
pendiri kəsən kimi kəssin. Ancaq, o yalını
qazanmaq üçün
qoruduğu yerdə durmalı, arada hürməli, səsini başına atmalıdır.
Arada itin sahibi onun qabağına
sümük atmağı
yaddan çıxartdıqda,
itin çıxartdığı
oyunları görəsiniz. Vay, dədə, vay! Sahibini görən kimi bu it nə
oyunlardan çıxır...
Sirk ustaları onun yanında qələt eləyir.
İndi bəzi adamlar da, xüsusən də əlinə pul düşənlər
it zülmü çəkirlər. Yox, yox onlar istidə, şaxtada durmurlar. Onar itin zülmünü ürəklərində çəkirlər.
İslahatlar dərinləşdikcə, onları itdən alıb itə verdikcə, ala it kimi məşhurlaşdıqca itin
zülmünü çəkirlər.
Bəs nə bilmişdiniz?
Məgər ürəkdə, böyrəkdə
it zülmü çəkmək
asandırmı? Qorxu, səksəkə, həyacan,
təşviş, olanının
tutub əlindən alınması qorxusu bunların bəziləri üçün əsl it
zülmü şükür
olur. Demişdim axı, ad çəkməyəcəm.
Hələ gör seçkilərdən
sonra nə qədər adam it zülmünü yaşayacaq?
Oho...ho...o...
Mən də bu yazını
it zülmünü çəkə-çəkə
yazdım. Həqiqətən
ha...
P.S. Duydum ki, rüşvət
almayan məmurlar day
it zülmünü çəkmirlər.
25.12.19
YUNUS OĞUZ
Olaylar.-2019.- 28-30 dekabr.- S.6.