Min illik Azərbaycan tarixini romanlarında

yaşadan yazıçı- Yunus Oğuz

 

Dekabrın 26-da Azərbaycan Yazıçılar Birliyində  yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Səfəvi Şeyxi" romanının müzakirəsi keçirilib. Öncə kitabın bədii redaktoru, yazıçı-publisist Elçin Hüseynbəyli Yunus Oğuzun çağdaş Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Onun son illərdə çap olunan tarixi romanlarının ədəbi ictimaiyyətdə doğurduğu əks-səda haqqında fikirlərini bölüşüb. "Səfəvi Şeyxi" tarixi romanının da ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılandığını vurğulayıb. Qeyd edib ki, Yunus Oğuz müasir dövrdə Azərbaycan tarixi romanının ən əsas yaradıcılarından biridir: "Müəllifin çox sayda  tarixi romanı var. Bu romanlarda Azərbaycan dövlətçilik tarixi, Azərbaycan milli dövlətçilik təfəkkürü, azərbaycançılıq idealları ön mövqedə dayanır və əsas aparıcı xətti müəyyən edir. Müəllifin tarixi romanlarında tarix və bədii düşüncənin balansı doğru tapılmışdır. O tarixi reallığı, obyektivliyi qoruyub saxlamaq şərtilə bədii təfəkkür, bədii yanaşma, yazıçı mövqeyinə münasibəti ifadə edərək romanlarında tarixiliklə bədiiliyin yerini, rolunu münasib balansda apararaq son nəticədə onu bədii əsər kimi meydana qoymağı bacarır. Yunus Oğuzun obrazları tarixdəki missiyasına tamamilə uyğundur".

"Səfəvi Şeyxi" romanının ictimai əhəmiyyətindən danışan Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bildirib ki,  Yunus Oğuz yaradıcılığında Azərbaycan tarixinin müxtəlif dövrlərinə müraciət edib. Attiladan başlayaraq Əmir Teymur, Nadir Şah, Təhmasib, Çingiz xandan da yazıb. Hətta Azərbaycan tarixindən kənara da çıxaraq bütün türk dünyasının tarixinə müraciət edib: "Amma Azərbaycan tarixinə aid olan əsərləri bizim tarixin ən mühüm dövrlərini əhatə edir, o cümlədən səfəvilər dövrünü. Məlum olduğu kimi səfəvilər dövrü Azərbaycan tarixində özəl yeri olan bir dövrdür. O, Səfəvilər dövlətini dünyaya Azərbaycan dövləti kimi təqdim edir. Bunun da tarixielmi əsası var". Onun sözlərinə görə, Azərbaycan sözü bir çox mənbələrdə işlənir. Hətta "Baburnamə"də Azərbaycan dövlət adı kimi işlənib: "İndi bəzi erməni tədqiqatçıları təbliğ etməyə çalışırlar ki, Azərbaycan sözü və Azərbaycan dövləti olmayıb. Əslində bu iddialar yalan bir nəzəriyyə və böhtandır. Bu romanın əhəmiyyəti ondan barətdir ki, Səfəvi dövləti yaranmamışdan əvvəl onun ideologiyası ortaya qoyulub. Bu dövlətin hansı dini ideologiya əsasında yarandığı əsərdə əksini tapıb. Çox maraqlıdır ki, bəzi fars şovinistlərinin iddialarına görə, türklər ancaq vuruşmağı bilirlər. Amma burada göstərilir ki, türklər həm də İrfanın təlimini həyata keçirməyi bacarırlar. Səfiyyəddindən başlamış  dövlət qurucusu Şah İsmayıla qədər olan dövr həmin bu təlimlərin-Səfəvi fəlsəfəsinin, Səfəvi ideologiyasının bəhrəsidir. Bi isə o deməkdir ki, Səfəvi dövləti nəzəri əsası olmadan yaranmayıb. Mənə elə gəlir ki, bu romanın əsas qayəsi budur ki, Səfəvi dövlətinin dini-ideoloji, elmi-fəlsəfi əsasları qədim Səfiyyəddindən gəlir, sonra Şeyx Cüneyddən keçir, sonra Şah İsmayılın atası Heydərdən keçirbütün bu nəsil faciəvi şəkildə həlak olur. Bunların həlak olması bahasına Şah İsmayıl gəlib möhtəşəm bir  dövlət qurur".

 

***

 

Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid qeyd edib ki, Yunus Oğuzun tarixi romanları təkcə Azərbaycanda deyil, eləcə də bir sıra xarici ölkələrdə rəğbətlə qarşılanır: "Yunus Oğuzun tarixi romanları bir sıra gizli mətləblərə aydınlıq gətirir. Bu onun tarixi dərindən bilməsi ilə birbaşa əlaqəlidir. O, türk dünyası tarixinə dərindən yiyələndiyi üçün öz fikirləri ilə məclislərdə hamının diqqətini cəlb edir, hamını heyrətləndirir. İlk əvvəllər onun tarixi mövzularda publisistik əsərləri var idi. Sonradan bədii əsərlər yazmağa başladı və üç pyesi ərsəyə gəldi. Xüsusən, "Nadir şah" əsəri Azərbaycan tarixinin çox diqqətçəkən bir dövrünə həsr olunmuşduxeylimaraq doğurdu, mübahisələrə səbəb oldu. "Nadir Şah" romanı Yunus Oğuzun bədii romançılığında ilk böyük uğurlarından biri oldu. Ondan sonrakı ədəbi fəaliyyətində də Yunus bəy yenə də tarixi biliklərini göstərdi, tarixi hadisələrə öz yanaşmasını ortaya qoydu".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, əməkdar jurnalist, yazıçı-publisist Səyyad Aran bildirdi ki, XX əsrin əvvəllərində Məmməd Səid Ordubadi, XX əsrin ortaları və sonlarında Fərman Kərimzadə Azərbaycan tarixindən bəhs edən tarixi romanlar yazmağı öz üzərlərinə götürmüşdülərsə, XXI əsrdə bu şərəfli yolu Azərbaycan ədəbiyyatında Yunus Oğuz davam etdirir: "Müasir oxucular Yunus Oğuz imzasını görəndə, adını eşidəndə ilk olaraq Azərbaycan tarixini yada salırlar. Yunus Oğuzun  əsərlərində Orta Asiyada baş vermiş tarixi hadisələrdən tutmuş, bu günümüzə qədər olan hadisələr mühüm yer tutur. Tarixi əsərlər yazmaq bədiilikdən başqa, həm də tətqiqatçılıq tələb edir. Yunus Oğuz bunun öhdəsindən ustalıqla gəlir. O əsərlərinə ədəbiyyatşünas filoloq həssaslığı ilə yanaşır.

Alim həmçinin qeyd etdi ki, Yunus Oğuz üslubudili hər bir oxucunun rahat anlayacağı və dərk edəcəyi tərzdədir".

Sovetlər dövründə yazılan tarixi əsərlərin başqa səmtdə olduğunu diqqətə çatdıran Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist, Əjdər Ol qeyd edib ki,  tarixlə bağlı əsər yazmaq olduqca çətindir. Çünki, arxiv, kifayət qədər məlumatlar, şahidlər var. Belə bir şəraitdə tarixi əsər yazmaq dərin tarixi bilik tələb edir: "Yunus Oğuz  Nadir şahdan başlayaraq geriyə qayıtdı. Yaxşı olardı ki, tarixi əsərlər yazılarkən ardıcıllıq olsun. Hesab edirəm ki, gələcək fəaliyyətində Yunus Oğuz bu amili də nəzərə alacaq". Onun sözlərinə görə, Yunus Oğuzun romanları maarifçi, öyrədici, təxəyüllü əsərlərdir. Bu baxımdan həmin əsərlər gənc nəsil üçün əhəmiyyətlidir: "Səfəvi Şeyxi" romanının bədii tərəfi sənətkarlıqla işlənib. Odur ki, sərbəst və rahat oxunur, asan anlanılır. Hesab edirəm ki, belə silsilə tarixi əsərlərin davam etdirilməsinə ehtiyac var".

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, bu gün bir-iki dəyərli yazarımızı çıxmaq şərti ilə bizim tariximiz demək olar ki, yiyəsizdir: "Ermənilər olmayan tarixlərindən qalaq-qalaq kitablar yazırlar. Ruslar öz tarixlərində çox zaman olmayan hadisələri qeyd edirlər. Amma bizdə bu qədər zəngin tariximiz haqqında kitablar, romanlar demək olar ki, yazılmır. Bu gün tariximizi qloballaşan dünyada təqdim etmək bizim ən böyük nailiyyətimiz, uğurumuz ola bilər. Zəngin tariximiz ola -ola biz bu məsuliyyətli və qürurverici işdən çox vaxt yayınırıq. Biz öz tariximizə yetim baxmamalıyıq".

Əhməd Qəşəmoğlu təəssüflə qeyd etdi ki, Yunus Oğuz  bu ağır yolda tək addımlayır: "Müstəqillik əldə etdikdən sonra Yunus Oğuz tariximizin dərin qatlarına vararaq bu şərəfli missiyanı öz ciyinlərinə götürüb. Yunus Oğuz çox böyük və məsuliyyətli işlə məşğuldu. Bu gün hər kəs türk dövlətlərinin birliyindən, turançılıqdan bəhs edir. Bu birlik maddi dəyərlər deyil, zamanla mənəvi bağlar, tarixi dəyərlər əsasında  yaranır. Bu müqəddəs və şərəfli yolda Yunus bəyi sevməyənlər hər zaman ona mane olmağa çalışsalar da, ö qətiyyət və cəsarət nümayiş etdirərək silsilə şəkildə tarixi romanlar yazmağa davam edir. Bu qürurluuğurlu yolda ona ancaq uğurlar arzulamaq olar".

 

***

 

Yunus Oğuz cəsarətli yazıçı olmasından əlavə, qeyrətli oğul, vətəndaş olduğunu eşitdiyini qeyd edən tanınmış filoloq-tarixçi, türkçü alim, professor Əjdər Tağıoğlu qeyd etdi ki, bu gözəl şaiyələr sayəsində onlar dostlaşdı: "Mən Yunus bəyin tətqiqatçı olaraq cəsarətinə heyranam. Onun bu cəsarəti sayəsində gənc nəsillər Azərbaycan tarixini sevməyə, öyrənməyə can atırlar. Tarixi romanları bu günün tarixi aspektlərdən qələmə almaq asan deyil. Bu kitablar gənclərimizin stolüstü kitabları olmalıdır. Tarix tarixdə qalmamalıdır. Tariximizi gənclərə öyrədilməlidir. Yunus Oğuzun qələminin itiliyi, hünəri mənə məlumdur. Bu tarix sizin çiyinlərinizdədir. Mən sizə yaradıcılığınızda uğur arzulayıram".

"Xalq qəzeti"nin baş redaktorunun Tahir Aydınoğlu qeyd etdi ki, vətəndaş yetişdirmək üçün diltarix çox önəmlidir: " Tariximiz ağır statistika ilə yazılanda gənclər onu oxumaqdan, öyrənməkdən qaçırlar. Amma Yunus bəyin rəvan dili və axıcı üslubu sayəsində bugünkü gənclər sevə-sevə tariximizi öyrənirlər. "Səfəvi Şeyxi" kitabının müzakirəsinin məhz burada - AYB-də aparılması heç də təsadüfü deyil. Bura Azərbaycanın ziyalı ocağıdı. Bu məsuliyyətli və ağır yolda dəyərli ziyalımız Yunus Oğuza uğurlar arzulayıram."

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli  qeyd etdi ki, yanvar ayından ilin son ayına kimi biz ancaq tariximizin faciəvi məqamlarını qeyd edirik: "Bu gənclərdə də müəyyən ruh düşkünlüyünə səbəb olur. Hər kəs düşünür ki, tariximizdə uğurlu, qürur duyacağımız məqamlar çox azdı. Amma Yunus bəyin romanları sayəsində biz tariximizdə nə qədər uğurlu, qalib məqamların gizlənildiyinin şahidi oluruq. Tariximizin şərəfli lövhələri Yunus Oğuzun romanlarında öz əksini tapır. Bədii üslubtarixilik baxımdan bu romanlar çox dəyərlidir. Bu gün gənclərimizn maariflənməsi yönündə kitabın, ədəbiyyatın rolu böyükdür. Xüsusilə, tariximizi gənclər arasında məhz bu cür önəmli, dəyərli romanlarla, kitablarla  təbliğ edə bilərik."

Tədbirdə iştirak edən tanınmış şair Şöhrət Əvşar bildirdi ki, Yunus Oğuz ədəbiyyatımızda tarixi romanlar boşluğunu dolduran nadir yazıçılarımızdandır: "Yunus bəy qarşısında bir məqsəd var: gənc nəsllər Azərbaycan tarixi haqqında bütün doğru  bilgilərə malik olmalıdır. Zamanla tariximiz rusların arzuladıqları kimi yazıldı. Amma indi bizim belə bir öhdəliyimiz yoxdu. Bu gün gənclər və orta yaşlı oxucular Nadir şahın həqiqətən kim olduğunu məhz Yunus bəyin kitabından oxuyub, öyrənir. "Nadir şah" romanında Yunus bəy Nadir şahı türkçülüyə, turançılığa önəm verən şəxsiyyət kimi təqdm etdi."

Şöhrət Əvşar bu gün televiziyalarda yayımlanan verilişlərə də nəzər salaraq bildirib ki, Yunus Oğuzun təkcə Dövlət Televiziyasında yayımlanan "Yaddaş" verilişinin özü bütöv Azərbaycan tarixinin həqiqətlərinin hər bir evdə səslənməsinə vasitəçi olur. Yunus Oğuz yaradıcılığında türkcülük ideologiyası əsas xətlərdən biridir."

Azərbaycan Yazıçılar Birliyi vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu qeyd etdi ki, Yunus Oğuz müqəddəs missiya ilə məşğuldur: "Tarixin vurduğu yaraları sağaltmaq və onları roman şəklində təqdim etmək asan deyil. Tarixi hadisələr, məqamlar təkcə tarixdə deyil, bədii əsərlərdə önə çıxır. Bu istiqamətdə Yunus Oğuzun əziyyəti danılmazdır.Düşünürəm ki, Yunus Oğuz yaradıcılığının ictimai əhəmiyyəti də məhz elə bu missiyalardadır. Yunus Oğuz əsərlərində  nəinki Azərbaycan tarixini, eləcə də böyük türk dünyasının tarixini öyrənirik. Onun bütün əsərlərinə baxanda bir ana xətii görmək olur: Azərbaycan dövlətçiliyinin tarix, Azərbaycançılıq ideyası və milli məfkurə!"

Sonda çıxış edən tarixi əsərlər müəllifi yazıçı-publisist Yunus Oğuz iştirakçılara təşəkkür edərək bildirdi ki, "Səfəvi Şeyxi" tarixi romanı Azərbaycanın həm Şeyx Səfiyəddindən başlamış, Şeyx Cüneydə qədərki dövrü əhatə edir. Və təbiidir ki, 1501-ci ildə hakimiyyətə gələn Şah İsmayıl üçün idealoji zəmin hazırlayan bir dövrdü. Eyni zamanda bu roman təkcə tarixi hadisələrlə deyil, türk sufiliyinin əsasları da verilir. Kimlərsə Şah İsmayılın hakimiyyəti zamanındakı sufiliklə tanış olmaq istəsələr bu romanı oxuya bilərlər. Bu roman həm də onunla məşhurdur ki, Şeyx Cüneyd ilk dəfə şiəliyə keçərək, Şah İsmayıl üçün ideoloji əsas qoyur və şiə dövləti yaranır. Qacarlar istisna olaraq, Azərbaycanın min illik tarixi 10 romanda öz əksini tapır. Bu romanlarda təkcə Azərbaycan tarixi deyil, bütün türk dünyasının tarixi  əksini tapıb. Yeni romanlar yazmaq üçün potensialımız var. Növbəti kitabların müzakirəsində, təqdimatlarında yenidən sizlərlə görüşəcəyimə ümid edirəm."

 

Alim Hüseynli

Nigar Adil

 

Olaylar.-2019.- 28-30 dekabr.- S.8-9.