Regionların sosial-iqtisadi inkişaf
proqramları
sahibkarlığın inkişafına təkan verib
Azərbaycanda həyata
keçirilən regionların sosial iqtisadi inkişafı ilə
bağlı dövlət proqramları ölkədə
sagibkarlığın inkişafına təkan verib.
Xatırladaq ki, ölkədə sahibkarlığın
inkişafı məqsədilə biznes mühitinin daim
yaxşılaşdırılması, bu sahədə
qanunvericilik bazasının təkmilləşdirilməsi,
yerli və xarici investisiyaların, müasir texnologiyaların,
idarəetmə təcrübəsinin cəlb edilməsi və
bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli
məhsulların istehsal edilməsi Azərbaycan Respublikası
Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf
strategiyasının prioritetlərindəndir.
Bugün əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası, qeyri-neft sektorunun, sahibkarlığın inkişafının sürətləndirilməsi əsasında ölkədə əldə olunmuş dinamik inkişafın davamlılığını təmin etməkdir. Sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaradıb. Belə ki, dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Neftçala Sənaye Məhəlləsində "Xəzər" avtomobil zavodunun direktoru Emin Axundov bildirib ki, dövlət başçısının uzaqgörən və düşünülmüş uğurlu iqtisadi inkişaf strategiyanızın əsas tərkib hissələrindən biri olan sənayeləşmə siyasətinə uyğun olaraq, müasir sənaye parkları və məhəllələrinin yaradılması ölkədə rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsal həcminin artmasına təkan verib. Belə ki, "AZƏRMAŞ" ASC ilə "Iran Khodro" ASC arasında 2016-cı il aprelin 21-də əməkdaşlıq memorandumu imzalanıb və həmin ilin avqust ayının 6-da Neftçala Sənaye Məhəlləsində "Xəzər" avtomobil zavodunun təməli qoyulub. 10 hektar ərazidə tikilmiş avtomobil zavodunda Avropanın aparıcı ölkələrinin və İran İslam Respublikasının müasir texnologiyaları və avadanlıqları quraşdırılıb. Zavodun tikintisinə dövlətimiz tərəfindən böyük dəstək göstərilib, zəruri infrastruktur yaradılıb, müxtəlif vergi güzəştləri və gömrük azadolmaları tətbiq edilib. İnvestisiya dəyəri 25 milyon manat olan zavodumuzun Neftçala Sənaye Məhəlləsində yerləşməsi və bununla da zəruri infrastruktur xərclərindən azad olması, eyni zamanda, müəssisəmizə investisiya təşviqi sənədinin verilməsi nəticəsində, ümumilikdə, 8 milyon manat vəsaitə qənaət olunub. Bütün bunlar və digər güzəştlər avtomobillərin istehsalında və daha ucuz qiymətlə satışında önəmli göstəricilərdir: "Bu gün zavodda 200-ə yaxın Neftçala sakini işlə təmin edilib, istehsal həcmi artdıqca, bu say 300 nəfərə çatacaqdır. "Made in Azerbaijan" brendi altında "Xəzər" avtomobil zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Zavod 2018-ci ilin sonuna kimi qarşısına qoyduğu məqsədi tam yerinə yetirib. Belə ki, ötən il zavodda mindən artıq avtomobil istehsal olunub. Bu avtomobillərin 95 faizi satılıb. Qeyd etmək istərdim ki, Azərbaycan istehsalı olan bu avtomobillərin alışının 40 faizi dövlət qurumlarının payına düşübsə, 60 faizi əhali tərəfindən alınıb ki, bu da istehsal edilən avtomobillərin rəqabətqabiliyyətli olmasının göstəricisidir. "Xəzər" avtomobil zavodunda 2019-cu ilin fevral ayından artıq ilk "Peugeot" markalı avtomobillər istehsal xəttindən satışa çıxacaqdır. İstehsala başlamaq üçün artıq bütün zəruri avadanlıqlar quraşdırılıb. Həmçinin 2019-cu ilin sonlarından etibarən isə "Khazar" avtomobillərinin ehtiyat hissələrinin bir hissəsini Azərbaycanda istehsal etməyi planlaşdırırıq. Bir məsələni də xüsusilə vurğulamaq istərdim ki, zavodun işə düşməsi ilə ilk dəfə olaraq Azərbaycan avtomobil istehsalı ölkəsi kimi tanınıb və "Khazar" avtomobillərinə BAN nömrə alınaraq beynəlxalq sistemə daxil edilib. Bunun nəticəsi olaraq, Azərbaycan avtomobil istehsalçısı olan ölkə kimi ilk dəfə 2018-ci ilin avqust-sentyabr aylarında Dünya Avtomobil İstehsalçıları Təşkilatının dəstəyi ilə Moskvada "Krokus Ekspo" Sərgi Mərkəzində keçirilən beynəlxalq avtomobil sərgisinə dəvət alıb və bizim "Khazar" avtomobilləri sərgidə nümayiş edilib, böyük maraqla qarşılanıb. Azərbaycanda avtomobil sənayesinin inkişaf etdirilməsinin məntiqi davamı olaraq 2018-ci il sentyabrın 1-də, cənab Prezidentin Rusiya Federasiyasına rəsmi səfəriniz zamanı Soçi şəhərində Qorki avtomobil zavodu və "AZƏRMAŞ" ASC arasında əməkdaşlıq haqqında memorandumun imzalanmasını xüsusilə qeyd etmək istərdim. Memorandum Hacıqabul Sənaye Məhəlləsinin ərazisində "QAZ" markalı yüngül tonnajlı avtomobillərin və xüsusi təyinatlı texnikanın birgə istehsalına başlanmasını nəzərdə tutur".
Ağstafa rayonundakı "Saloğlu" mebel firmasının direktoru Tacəddin Mustafayev bildirib ki, dövlət başçısının müasir dünyamızın tələblərinə uyğun çevik iqtisadi siyasəti və bilavasitə rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar nəticəsində ölkədə qeyri-neft sektorunun inkişafı sürətlənib, davamlı sosial-iqtisadi inkişafa nail olunub, əhalinin həyat səviyyəsi daha da yaxşılaşıb. Ölkədə aparılan dayanıqlı iqtisadi siyasət, əlverişli biznes mühitinin formalaşması xarici investorların böyük marağına səbəb olub. Əldə olunan bütün bu nailiyyətlər, cənab Prezidentin apardığı uğurlu siyasətin nəticəsidir: "Rəhbərlik etdiyim "Saloğlu" firması 2002-ci ildən fəaliyyət göstərir. Məmnuniyyətlə qeyd etməliyəm ki, hazırda yürüdülən iqtisadi siyasət ölkəmizdə bütün sahibkarların fəaliyyətinə stimul verdiyi kimi, mənim də sahibkarlıq fəaliyyətimin genişlənməsində müstəsna rol oynayıb. Dövlət başçısının iştirakı ilə 2004-cü ildə firmaya məxsus yumşaq mebel fabrikinin, 2016-cı ildə isə "Modern" mebel fabrikinin açılışı edilib. "Venzana" mebel fabrikinin təməlini qoymaqla prezident bizə böyük sevinc hissləri yaşatdı. Zamanın tələbinə uyğun olaraq verilən müdrik qərarlar, həyata keçirilən islahatlar yerli istehsalın getdikcə daha da güclənməsinə təkan verir. Hazırda istehsal etdiyimiz məhsullar daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan və Gürcüstana da ixrac olunur. Hazırda 400 nəfərlik kollektivlə fəaliyyət göstəririk. Dövlət başçısının müəssisəmizə son səfəri zamanı verdiyi tövsiyələrdən sonra istehsal sahələrimizi genişləndirməklə 2500 iş yerinin açılmasını hədəf götürdük. Bu istiqamətdə ilkin olaraq ümumi sahəsi 17500 kvadratmetr olan yeni mebel fabrikinin tikintisinə başlamışıq. Layihənin ümumi dəyəri 25 milyon manat təşkil edir. Layihə üzrə ildə orta hesabla 31 min dəst qonaq, yataq və yumşaq mebel istehsal olunacaq. Dövlətimizin dəstəyi ilə layihəyə 10 milyon manat güzəştli kredit ayrılıb, dünyanın ən qabaqcıl texnoloji avadanlıqlarının alınması üçün Almaniyanın "HOMAG Group" şirkəti ilə müqavilə imzalanıb və tezliklə avadanlıqlar Azərbaycana gətiriləcək. Ölkəmizdə sahibkarlar üçün yaradılan əlverişli şəraitin nümunəsi olaraq 11 milyon manat dəyərində istehsal avadanlıqlarının idxalı zamanı gömrük rüsumu və vergidən azad olunması üçün müəssisəmizə investisiya təşviqi sənədi verilib ki, bundan əldə olunan qənaət yenə də istehsal fəaliyyətimizin genişləndirilməsinə yönəldiləcəkdir. Bu da biz istehsalçılara göstərilən genişmiqyaslı dövlət dəstəyinin bir nümunəsidir. İlin sonunadək yeni mebel fabrikinin yaradılması başa çatdırılaraq 2020-ci ilin ilk rübündə Avropanın bir çox ölkələrinə "Made in Azerbaijan" brendi ilə mebel ixrac edəcəyik ki, bu da regionda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, yüksək ixtisaslı kadrların hazırlanması ilə yanaşı, rayonumuzun ixrac potensialının artırılmasına şərait yaradacaq".
"Hacıqabul Quşçuluq" MMC-nin direktoru Nemət Babaşov bildirib ki, müstəqil Azərbaycanın son illərdə qazandığı böyük uğurlar, hərtərəfli inkişafı biz sahibkarları ürəkdən sevindirir. Bu inkişaf hər sahədə hiss olunduğu kimi, kənd təsərrüfatında, o cümlədən ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayan quşçuluğun inkişafında da müşahidə edilir. Cənab Prezident tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı, eyni zamanda, digər sahəvi dövlət proqramlarına uyğun olaraq son illərdə quşçuluğun inkişaf etdirilməsi məqsədilə verilmiş qərarlar, o cümlədən ölkəyə gətirilən quşçuluq məhsullarına spesifik rüsumların tətbiqi, quşçuluq avadanlıqlarının idxal rüsumundan azad olunması, investisiya təşviqi sənədlərinin, quşçuluq təsərrüfatlarının yaradılmasına dövlətin güzəştli kreditlərinin verilməsi nəticəsində quş əti və əmtəəlik yumurta üzrə daxili tələbatın ödənilməsi ilə yanaşı, ixraca imkan verən istehsal gücü yaranıb. Belə quşçuluq təsərrüfatlarından biri də Hacıqabul rayonunda daxili imkanlarımızla yanaşı, dövlətin güzəştli kreditləri hesabına yaradılmış "Hacıqabul quşçuluq" Məhdud Məsuliyyətli Cəmiyyətidir: "Regionların inkişaf etdirilməsi ilə bağlı dövlət başçısının tövsiyələrinə uyğun olaraq yaratdılan quşçuluq təsərrüfatı müasir avadanlıqlarla təchiz edilib və regionda böyük istehsal gücünə malik kompleksə çevrilib. Azərbaycanda ən böyük əmtəəlik yumurta istehsalçılarından biri olan təsərrüfatımızda 600 işçi çalışır. Quşçuluq təsərrüfatımız 110 fermadan, birdəfəlik yumurta tutumu 1 milyon ədəd olan inkubator sahəsindən, ümumi tutumu 100 min ton olan müasir taxıl anbarından, saatda 45 ton istehsal gücü olan yem zavodlarından və digər köməkçi sahələrdən ibarətdir. Təsərrüfatın müasir texnologiyaların tətbiqi ilə qurulması və istehsal proseslərinin tam avtomatlaşdırılması yüksəkkeyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsalına zəmin yaradır. Bunun nəticəsidir ki, istehsalımız ildən-ilə artır. Məhsullarımız daxili bazarın təmin edilməsi ilə yanaşı, xarici bazarlara da ixrac olunur. 2018-ci ildə təsərrüfatımızda 2 min 200 ton quş əti və 300 milyon ədəddən artıq əmtəəlik yumurta istehsal olunub ki, bundan 15 milyonu xarici ölkələrə ixrac edilib. Eyni zamanda, il ərzində 15 min baş damazlıq fərə Gürcüstana ixrac olunub. Cari ildə də keyfiyyətli toyuq yumurtası ixrac etmək məqsədilə yeni müqavilələr bağlayır, marketinq və logistika araşdırmaları aparırıq. Bununla bağlı, İran İslam Respublikasına 50 milyon ədəd yumurta ixrac olunması üçün müqavilə bağlanılıb və bundan 1,8 milyon ədədinin ixracı ötən həftə həyata keçirilib. Prezident İlham Əliyevin 2017-ci ildə "Hacıqabul Quşçuluq" MMC-nin törəmə müəssisəsi olan "Sabirabad Quşçuluq" şirkətinin əmtəəlik yumurta və quş əti istehsalı fabrikinin fəaliyyəti ilə tanış olması bizi ruhlandırdı və yeni investisiyaların qoyulması üçün stimul yaratdı. Qeyd etmək istərdim ki, aidiyyəti dövlət qurumları tərəfindən operativ olaraq bizə dəstək göstərilir, quşçuluğun inkişafı ilə bağlı tərəfimizdən qaldırılan məsələlər iştirakımızla müzakirə olunur və həlli istiqamətində əməli tədbirlər görülür. Bu da dövlət başçısının biz sahibkarlara dəstək məqsədilə dövlət qurumları qarşısında qoyduğu yüksək tələbkarlığın nəticəsidir".
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2019.- 2-4 fevral.- S.15.