“Ürək daşı” Əkbər Qoşalının yeni kitabı
Tanınmış şair-publisist Əkbər Qoşalının 12 illik fasilədən sonra yeni şeirlər kitabı gün üzü görüb. “Ürək daşı” adlanan kitab, “Zirvə Tədris Mərkəzi”nin yeni başladığı, gənc şair İntiqam Yaşarın layihə rəhbəri olduğu “ZirvəKitab yayınları”nın ilk nəşridir.
“Ürək daşı”nın redaktoru, AMEA NİZAMİ ad. Ədəbiyyat İnstitutunun şöbə müdiri prof.dr. Almaz Ülvi, önsöz yazarı Əli Kərim ad. Poeziya Klubun direktoru, görkəmli şair İbrahim İlyaslı, rəssamı isə Güneyli tanınmış rəssam Atabəy Tikantəpəlidir.
1000
tirajla çıxan kitab (ISBN 978-9952-8356-0-1) “Sərbəstin
meydanı”, “Aldı, görək, nə dedi..?”, “Səsləşmələr”,
“Əsgərə, Turala, Ayxana”, “Uzun sözün
qısası”, “İlk qələm örnəkləri”
adlı 6 bölmədən ibarətdir.
Qeyd edək
ki, “ZirvəKitab”ın ilk yayını olan “Ürək
daşı”nın “Zirvə Tədris Mərkəzi”nin təşkilatçılığı
ilə 2019-cu il fevralın 9-da (saat 15.00-17.00) millət vəkilləri,
yazıçı, şair, sənətçi, QHT, KİV təmsilçiləri
və gənc fəalların iştirakı ilə ilk
“İmza günü” keçiriləcək (Azərbaycan
Respublikası Gəncliyə Yardım Fondunun(GYF)
H.Z.Tağıyev adına Böyük Konfrans Salonu, Səbail
rayonu, Cəfərov Qardaşları küçəsi-16).
Təşkilatçılar arzu edən, vaxtı olan
bütün oxucuları “İmza günü”nə dəvət
edir.
Görkəmli şair İbrahim
İLYASLInın
“Ürək
daşı”na yazdığı
önsözü oxuculara təqdim edirik
DUYĞULARI SAF,
ŞEİR
DİLİ TƏMİZ VƏ YÜYRƏK...
Əkbər Qoşalı imzası təkcə Azərbaycan
oxucusu üçün deyil, ümumtürk coğrafiyası
üçün bəlli və sayğı duyulan bir
imzadı.
Çağdaş türk ədbiyyatında və ədəbi
prosesində bu imzanın həm şair kimi, həm publisist
kimi, həm də türkoloq kimi ayrıca yeri və mövqeyi
var. Hər üç müstəvidə onu yaxından izlədiyim
üçün, bir ədəbi sima olaraq ona özəl rəğbətim,
sayğılarım var. Vətəndaşı olduğun
ölkənin, mənsub olduğun millətin mədəni dəyərlərinin
təbliğ olunmasında və qalxınmasında əmək
vermək, əslində hər bir qələm adamının
qutlu borcu olsa da, hər qələm adamı bu şərəfli
işin altına çiyin vermir. Bu anlamda, 12 illik fasilədən
sonra yeni şeirlər kitabını nəşrə
hazırlayan şairin “Ürək daşı”na
yazdığım uğurlamanı onun milli ədəbiyyatımız
qarşısında göstərdiyi xidmətlərə dəyər
verməklə başlamağım təsadüfi deyil. Əkbər Qoşalının ədəbi
yaradıcılıqda qazandığı uğurlar, ədəbi
prosesə verdiyi fayda və təkanla paralel gəlir. Mən bu təkanı görməzdən gələ
bilməzdim; amma söz konusu Əkbər Qoşalının
şeirlər kitabı olduğuna görə, elə buradaca mətləbimin
bu hissəsini sonuclayır və kitabda gedən şeirlərlə
bağlı fikirlərimi oxucularla bölüşmək istəyirəm.
Öncəliklə onu deyim ki, kitabı oxuduqca ilk
duyduğum bu oldu ki, bütün ciddi və milli söz
adamları kimi, Əkbər Qoşalı da zamanın
qatmaqarışıqlığından içinin
bütövlüyünü qoruyub, duyğularını,
düşüncələrini saf saxlayıb. Bu hər bir
şair üçün çox önəmli məsələdi.
Şeir duyğu və dil hadisəsidi. Əkbər Qoşalının duyğuları saf,
şeir dili təmiz və yüyrəkdi.
Kitab, şairin mənim də çox sevdiyim “Altaylardan
qopan atlar”ıyla başlayır. Türk ulusu mənzil
kəsməyə at belində çıxdığı kimi,
onun şairi də sözdə mənzil başına
varmağa ilham atının belində çıxsa yaxşıdı.
Şeiri oxuduqca özgəsinin yox, məhz
“Altaylardan qopub, dolunay işığında ağ
köpüklü dənizlərə doğru
çapan”atların hənirtisini duyur, ayaq səslərini
eşidirsən. İstənilən
şeirin mükəmməliyi də elə bundadı –
duyğularını oxucuya duyduracaq bir şəkildə dilə
gətirib, kağıza köçürməlisən. “Qız Qalası” şeiri də “ölüncə
qız qalası” deyimi ilə bu möhtəşəm tarixi
abidəmizə yeni baxışın, fərqli hiss və həyəcanın
ifadəsidi.
Əkbər Qoşalının şeirlərində mənim
ən çox xoşuma gələn cəhətlərdən
biri də onun qafiyə və ölçü naminə
duyğularını cilovlamamasıdı. Sərraf oxucu bunu həmən
duyur, ilham köhləninin cilovu ya boş olmalıdı, ya da
heç olmamalıdı... Bu anlamda, Əkbərin istər sərbəstdəki,
istərsə də hecadakı qafiyə sistemi nədənsə,
mənə qədim və ortaq türk poeziyası örnəklərin qafiyə
sistemini xatırlatdı. Mənə elə gəlir,
bu sistem, onun poeziyasına alt şüurla yansıyıb.
Yazıya
ürək, ürəyə dərd qoyarıq...
Beləcə,
dərd dolanar dünyada:
Torpaq-torpaq,
daş-daş, yazı-yazı, ürək-ürək...
Deyirəm,
gedim torpaq dərdimi yazım
Ürəklər
daş olmamış...
Yazımın əvvəlində də qeyd etdiyim kimi, məmləkətin
ağrısı, millətin yarası hər bir şairin qələmindən
mütləq şəkildə boy verməli, görsənməlidi. Bu duyğudan məhrum olan
şairin onun dilində danışdığı millətin ədəbiyyatında
nə yeri olar ki..? Ancaq burda da incə bir mətləb var. – Təkcə bu
ağrını yaşamaq şərt deyil, gərək
ağrını ağrının özü qədər diri
bir halda, peşəkarcasına kağza ötürəsən.
Oxucuya da bu ağrını yaşada biləsən,
oxucu sənin səmimiyyətinə inana. “Qarabağ”
şeirində deyildiyi kimi:
Qarabağ!
Sən mənim
alın yazım,
Mən
bir qara qələmlə ağ
kağıza nə yazım?
...Sabah
Tanrı deməzmi:
Ya
İnsan!
Mən səni
belə ha yaratmamışdım...
Və ya başqa bir şeirində
olduğutək:
Gəmiləri
sudan çəkib quru ilə sürərəm
İstanbulun eşqinə.
Şair
içinin ağrısını, qəlbinin sevgisini daha necə
dilə gətirməlidi ki..?
Kitabın ilk bölümü olan “Sərbəstin
meydanı”nda sözün meydanına çıxarlacaq yetərincə
bu cür qəlb göynədən, ürəyi riqqətə
gətirən, oxucuya gah kədər, gah qürur duyduran
örnəklər var. Qısacası – ŞEİRlər var.
İkinci bölümdə Əkbər Qoşalı
“Aldı görək nə dedi?” deyir.
Şair heca şeirlərinə qədim ustad deyimiylə
başlayır və nə yaxşı ki, ustadların
qoyduğu gələnəyə uyğun olaraq burasını
yeganə “Divani”si ilə açır. Mən bu
divanini Əkbərin öz dilindən də, onu saza qaldıran
aşıqlarımızın dilindən də zaman-zaman
duymuşam və çox da bəyənmişəm. Daha çox sərbəstdə meydan sulayan şairin
bu addımını “mən bunu da bacararam” fikrinə yozmaqdan
tamamilə uzağam. Heca şeirlərində
də çox vaxt gələnəksəlliyi qıran
şairin bu cür mükəmməl bir divani yazması onun
qan yaddaşından süzülüb gələn ozan ruhunun
bir təcəllasıdı, - deyə düşünürəm.
Kitabın bu bölümündə şairin
qoşmaları, gəraylıları, çarpaz qafiyəli
şeirləri yer alıb. “Səslərin gözəli
qara sazdadı, Kərəmi çağırar, Dilqəmi səslər”
yanğısı da, “Bir göz var istədim baxıb
yaşayam, Qoydular üz-üzə baxtınan məni” göynərtisi
də, “Ürəyimə nələr damıb, ilahi? – Bəs
nə idi ürəyimdən daman nə?..”
müəmması da... onun klassik qoşmanın ta dibindən
gəldiyindən xəbər verir.
Bunla belə, Əkbər Qoşalı heca şeirlərində
də yenə öz nəfəsini, özəl ifadə tərzini
qoruyub saxlayıb. Ona, hansısa şeirində qətiyyən
“kimdənsə təsirlənib” demək olmaz. İndilərdə, çağdaşlarımız
içərisində özündən öncəkilərdən
təsirlənmədən, onların cazibəsindən qurtulub
qələm çalan şairlərimiz elə də çox
deyil. Bu anlamda, Əkbər məhz həmin
azların sırasındadı.
“Səsləşmələr” bölməsi imzalarına
sayğı duyduğum şairlərdən Əlirza Həsrət
və Elman Tovuzla Əkbər Qoşalının söz
atışması, duyğu bölüşməsi, şeir
çələngidi. Üç şairin bir işinə qarışmaq
düzgün iş olmadığına görə özləri
və oxucuları bilərlər deyə, - münasibət
bildirməkdən yan keçdim. Üç
şeirdən ibarət “Əsgərə, Turala, Ayxana”
bölümü cocuqlarımızı da, öyrətmənlərimizi
də ilgiləndirə biləcək özəl şeir
örnəkləridir. Düşünürəm ki, oxusalar
qazanarlar...
Şair
özü demişkən, kitabını “Uzun sözün
qısası” və nəhayət, “İlk qələm örnəkləri”
ilə tamamlayır və nə yaxşı ki, şeirə, ədəbiyyata
hardan gəldiyini oxucularına göstərməkdən çəkinmir. Dünyanın
heç bir şairi ilk qələm təcrübələrindən
ün qazanmayıb. Hamı dünyanı və
özünü öyrənə-öyrənə,
tanıya-tanıya böyüyüb. İlk
qələm təcrübələrinə sədaqət də
sadiqliyin bir göstəricisidi. Əkbər
Qoşalı yeniyetməliyində qələmə
aldığı duyğularının xətrini əziz tutub,
kitabına daxil edib. Və nə yaxşı, belə də
edib!
Ən başlıcası isə SÖZə sədaqətdi
ki, bu kitab da bütövlükdə türklüyümüzə
və türkcəmizə sədaqətin, sevginin duyğusal və
poetik bir aynasıdı. Bu aynaya diqqətlə bax, oxucu dost! Səbəbini
özün biləcəksən...
Olaylar.- 2019.- 5
fevral.- S.13.