“Gözümə gün düşür” kitabı

Azərbaycanın mövqeyini göstərir

 

Elçin Hüseynbəyli yeni kitabını təqdim etdi

 

Fevralın 6-da Azərbaycan Yazıçılar Birliyinin Natavan zalında yazıçı- dramaturq Elçin Hüseynbəylinin "Gözümə gün düşür" kitabının təqdimat mərasimi keçirildi. Olaylar. az bildirir ki, kitaba"Qarabağ hekayələri" silsiləsindən müxtəlif janrlı əsərlər daxildir.

Tədbirdə AYB sədri, xalq yazıçısı Anar, AYB sədr müavini Çingiz Abdullayev, Milli Məclisin deputatı, yazıçı Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu, tənqidçi Bəsti Əlibəyli, Cavanşir Yusifli,AYB katibi İlqar Fəhmi və mətbuat nümayəndələri iştirak edib.

Təqdimatın moderatoru Rəşad Məcid hər kəsi salamladıqdan sonra sözü ilk olaraq Elçin Hüseynbeyliyə verdi. Müəllif kitabda Qarabağ haqqında yazdığı hekayələrin və bir povestin cəmləndiyini qeyd etdi. "Kitabda Qarabağ haqqında 30 il ərzində yazdığım hekayələrin bir qismi toplanıb. Kitabda həmçinin bir povestbir pyes yer alıb. Kitabda torpağını, əzizlərini, vətənini itirmiş insan taleyi əks olunub. "Gözümə gün düşür" kitabı əslində müharibə haqqında olsa da, birbaşa müharibə haqqında deyil. Yazılarımda hər zaman çalışmışam ki, hər kəsin həqiqətini tanıyım. Amma hər həqiqət ədalət demək deyil. Ədalət biz tərəfdədir. Çünki hüquqları pozulan, torpaqları işğal olunan da bizik. Düşünülməsin ki, özümüz yazıb, özümüz eşidirik. Kitabda yer alan hekayələr tərcümə olunaraq Avropa ölkələrində nəşr olunub, "Gözümə gün düşür" hekayəsi əsasında rejissor Fehruz Şamıyev "Yol" filmini çəkdi və film İranda yüksək mükafata layiq görüldü. Bu gün heç kim "Qarabağ haqqında heç nə yazılmır" deməsin. Bu gün nəinki Qarabağ haqqında, digər kitabları da oxunmur. Heç kim imkanını bəhanə etməsin. Bu kitab oxucular üçün hədiyyədir. Qarabağ haqqında yazılan əsərlərin geniş təıbliğata ehtiyacı var."

Təqdimatda çıxış edən AYB sədrinin müavini Çingiz Abdullayev bildirdi ki, müəllifin yaradıcılığından bəhs edən geniş məqalə yzaıb. "Elçin Hüseynbəyli Azərbaycanın ən istedadlı yazıçılarından biri, bəlkə də birincisidir. Qarabağ haqqında olan bütün kitablar, ədəbiyyatlar tərcümə olunub, dünyaya çatdırılmalıdır. Bu kitabda yer alan hekayələr əsasında film çəkilməlidir. "Gözümə gün düşür" kitabı Azərbaycanın mövqeyini göstərir. Düşünürəm ki, kitab tərcümə olunub, dünyaya çatdırılmalıdır. Unutmayaq ki, Azərbaycanın 11 yazıçısının oğlu Qarabağda şəhid olub. Əsil yazıçı xalqın ədəbiyyat vəkilidir. Yazıçı həmişə öz xalqını müdafiə etməlidir. Elçin Hüseynbəyli yaradıcılığında Qarabağ mövzusu, ağrısı hər zaman aktualdır. "

Millət vəkili, yazıçı Aqil Abbas çıxışı zamanı Elçin Hüseynbəyli yaradıcılığında Qarabağ mövzusunun xüsusi yer aldığını bildirərək qeyd etdi ki, Elçin Qarabağ ağrısını içdən yaşayan az sayda yazıçılardan biridir. Millət vəkili müəllifin yazıçı dilinin mükəmməl olduğunu xüsusi olaraq qeyd etdi.

Azərbaycan Yazıçılar Birliyinin bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin sədri Səlim Babullaoğlu  kitabın oxucular üçün hədiyyə olduğunu bildirdi: "Elçin bir çox hekayələri ilə Mopassan, Kortacar, Bekketlə bir sırada durur.

Elçin Hüseynbəyli yaradıcılığında Qarabağ mövzusuna digər yazarlarla müqayisədə daha həssas yanaşır. Kitabın sonunda müəllifin oxucularının fikirlərinə yer ayırması gözəl təşəbbüsdür. Ümid edirəm ki, kitab öz oxucusuna çatacaq."

AYB katibi İlqar Fəhmi 90- cı illərin sonu 2000 -ci illərin əvvəllərində Elçin Hüseynbəylinin mətbuatda silsilə yayımlanan "Boz eşşəyin məktublar" hekayələrini xatırladı: "O zaman bu cür üslub Azərbaycan ədəbiyyatında yeni idi. Elçin Hüseynbəyli yaradıcılığında dərdinə kinayə, ironiya etmək və təqdim olunan gülüşün arxasında hər kəsi düşündürəcək bir həqiqəti hiss etdirmək, ağrını oxucuya yaşada bilir. Elçin Hüseynbəyli yaradıcılığı Azərbaycan nəsrində və xüsusilə Qarabağ mövzusunda yeni bir xətt açdı. Təəssüf ki, bu gün bu xətti davam etdirən yoxdur."

Təqdimatda çıxış edən tənqidçi Bəsti Əlibəyli dedi ki, kitabdakı dil, üslub, fəlsəfə Elçinin tutumunu, səviyyəsini sərgiləyir. Bu hekayələrdə biz yazıçının nə qədər müdrik yazıçı olduğunu görürük. Elçin Hüseynbəyli milli yazıçıdır."

Ədəbiyyatşünas, tənqidçi Vaqif Yusifli qeyd etdi ki, ədəbiyyatda istedad başlıca amildir: "Ancaq istedadlı olduğunu sübut etmək üçün bir az cəsarətli olmaq lazımdır və Elçin Hüseynbəylidə bu cəsarət yetərincədir."

Xalq şairi Sabir Rüstəmxanlı Elçin Hüseynbəylini öz doğma evinə, doğma mühitinə gəlirmişcəsinə - ərklə tərəddüdsüz, cəsarətli addımlarla ədəbiyyata daxil olan yazıçılarımızdan olduğunu qeyd etdi: "Üzündə də, yazılarında bir işıq var və məncə məhz bu işıq insanlara, həyata, yurda sevginin, xeyirxahlığın, nəcibliyin və tərbiyənin əlaməti olmaqla yanaşı, həm də istedadın əsas göstəricilərindən biridir".

Qeyd edək ki,  "Gözümə gün düşür" kitabının redaktoru Dürdanə İbrahimova-Hüseynbəyli, rəssamı Həsənağa Ədalətdir

 

Nigar Adil

 

Olaylar.- 2019.- 7 fevral.- S.10.