Akademik Yaqub Mahmudov

Azərbaycan tarixinin tədrisi

 

"Müəllim hər şeydən əvvəl bir Tanrı sənətidir"

 

Böyük yunan filosofu Platon

 

Bu məqaləmdə müəllimlər müəllimi, tarixçilər ordusunun sərkərdəsi, Ulu Öndərimizin təbirincə desək - Azərbaycanın böyük alimi, böyük tarixçisi akademik Yaqub Mahmudovun Azərbaycan tarix elminin tədrisi üçün əvəzsiz fəaliyyətindən bəhs etməyə çalışacam. Həyatını Vətən tarixinin tədqiq və təbliğinə həsr etmiş, bu qəhrəmanlıq yolunda maneələri aşmış, xəyanətləri, zərbələri dəf etmiş elm fədaisi Yaqub Mahmudovdan yazmaq bilsəniz nə qədər böyük bir şərəf və eyni zamanda məsuliyyətdir. Çünki Onun həyat və fəaliyyəti də bir tarixdir. Bu tarixdən bəhs etmək üçün araşdırma aparmaq, dəqiq faktları ortaya qoymaq lazımdır.

Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk demişdir ki, tarixini bilməyən millətlər yox olmağa məhkumdur. Azərbaycan təhsili XX əsrdə bir neçə mərhələdən keçmişdir. Əsrin əvvəllərində təhsilimizi müasirləşdirmək və eyni zamanda dilimizin, milli ədəbiyyatımızın, tariximizin tədrisini əsas meyar kimi qorumaq ziyalıların ən ümdə vəzifəsi, amalı olmuşdur. Sovet təhsil sistemində isə bu meyarları qorumaq mümkün olmadı. SSRİ-nin ideologiyası birinci növbədə təhsildə öz təzahürünü tapdı.  70 illik sovet dövründə  Azərbaycan tarixinin tədrisi böyük maneələrlə üz-üzə qalmış, tariximizin saxtalaşdırılması təhsildən də yan keçməmişdir. Azərbaycan tarixi fənni fakültətiv məşğələ səviyyəsində yalnız 7-8-ci siniflərdə 20 saat olmaqla tədris olunurdu. Kommunizm ideologiyasına uyğun  tərtib edilmiş "SSRİ tarixi" dərslərində isə yeri gələrsə, Azərbaycan tarixi haqqında bəsit, saxtalaşdırılmış, təhrif olunmuş məlumatlarla kifayətlənilirdi.

Milli dəyərlər arxa plana keçir, milli tarixin tədrisi Rusiya tarixi ilə əvəz olunur və mümkün qədər saxtalaşdırılırdı, həqiqətlərdən çox uzaq dərsliklər çap olunurdu. Milli ideologiyanın, milli mənliyin məhvinə hesablanmış təhsil heç də öz nəticəsini vermədi. XX əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycan Respublikası yeni təhsil sistemi qurmaq vəzifəsi qarşısında qaldı. Elə bir təhsil sistemi qurulmalı idi ki, dünyanın sınaqlardan çıxmış, səmərəli təcrübələri Azərbaycan Respublikasında tətbiq edilməsi ilə yanaşı, hələ məhv olmamış milli düşüncəni inkişaf etdirmək də mümkün olsun.  Milli şüuru formalaşdıran, milli dəyərləri özündə əks etdirən elmlər içərisində öncəlik, heç şübhəsiz ki, tarix elminindir. Məhz yenicə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında tarix elminin tədrisi mühüm məsələ idi. Bu zaman dövrün ziyalıları, müəllimləri bir boşluq içərisində idi. Sovet dərslikləri milli ideologiyaya uyğun olmadığından "nə etməliyik?", "tarix dərslərində hansı mövzuları keçməliyik?", "hansı proqram əsasında dərsləri qurmalıyıq?" sualları ilə boşluğa düşmüş tarix müəllimləri narahat idi.

Azərbaycan Respublikasının geniş müəllim auditoriyası və xüsusən tarix müəllimləri XX əsrin 90-cı illərində üz qabığında üçrəngli bayrağımızın əks olunduğu "Azərbaycan tarixi proqramı" xatırlayırlar. Bu proqram biz tarix müəllimlərinin əlində bir mayak oldu. Bu proqramın müəllifi Yaqub Mahmudov türkçülük, azərbaycançılıq, bütov Azərbaycan ideyalarını əsas götürərək Azərbaycan tarixinin ən qədim dövrlərindən müasir dövrə qədər tarixini siniflər üzrə konkret mövzularla proqramlaşdırmışdı.

Proqram əsasında müəllimlər öz təşəbbüsü ilə mövzuları işləyib şagirdlərə Azərbaycan tarixi dərsini keçməyə başladılar. Dərslərin bu formada qurulması qeyri-müəyyənlik yaradır, fənnin tədrisi xaos şəklində davam edirdi. Dərsliksiz, vəsaitsiz dərs keçmək Azərbaycan tarixi fənnini səmərəsiz fənnə çevirirdi. Belə bir vaxtda məktəblərə 5-ci siniflər üçün "Ata yurdu" dərsliyi hazırlandı. Müstəqil respublikamızın ilk Azərbaycan tarixi dərsliyi artıq təhsil dövriyyəsinə buraxıldı. Mənbə, illüstrasiya və şəkillərlə zəngin dərslik dövrün əvəzolunmaz dərs resursuna çevrildi. Belə ki, ən qədim dövrlərdən Azərbaycan Respublikasının ən son hadisələrinə qədər Vətən tarixinə ekskurs etmək mümkün idi. Bu dərsliyin müəllifi böyük tarixçi Yaqub Mahmudov idi. Bakı Dövlət Universitetində çalışan Yaqub müəllim tariximizin tədrisinin təməl daşını qoydu. O, orta məktəblərin tarix müəllimlərinə bir yol cızdı və müəllimləri qeyri-müəyyənlikdən xilas etdi. Bu dərsliyin ardınca tədrisin növbəti mərhələləri üçün "Azərbaycan tarixi" dərslikləri hazırlandı.

Hələ 1966-1975-ci illərdə Yaqub Mahmudov Azərbaycan Ensiklopediyasında məsul vəzifələrdə çalışarkən Azərbaycanın tarixi xəritələrinin hazırlanmasında iştirak etmiş və buna görə mərkəz Moskvanın "qara siyahısına" düşənlərin sırasında olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin məsələyə müdaxiləsi ilə ensiklopediyanın fədailəri təqibdən və həbs olunmaqdan xilas olublar.

Sonralar müstəqillik illərində "Azərbaycan tarixi atlası" çap olundu. Bildiyimiz kimi, sovet illərindən başlayaraq erməni və ermənipərəst tarixçilər tərəfindən tariximiz xəritələrdə də təhrif olunur, saxtalaşdırılırdı. Bu ideoloji vandalizmə son qoyan sözü gedən atlaslar elm camiəsi ilə  yanaşı, orta məktəblərdə də Azərbaycan tarixi dərslərində əsas əyani vəsaitə çevrildi. Beləliklə, XX əsrin 90-cı illərindən başlayaraq orta ümumtəhsil səviyyəsində Azərbaycan tarixi fənninin tədrisində olan problemlər öz həllini tapdı. Qeyd edim ki, Yaqub Mahmudov 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası sədrinin müavini və "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyinin baş direktoru vəzifələrində çalışmışdır.

Yaqub Mahmudov 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik etmiş, onun təqdimatı ilə Milli Məclisdə qəbul olunan qanun əsasında ölkədə müasir təhsil sisteminə keçilmişdir.

Ali məktəblərə qəbul siyasəti respublikamızın gələcəyə hədəflənmiş məqsədlərinin ana xəttini təşkil edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki Dövlət İmtahan Mərkəzi) işinin səmərəli təşkili və fənlər üzrə proqramların hazırlanması, ali məktəblərdə bakalavr sisteminin, yeni ixtisasların tətbiqi müstəqillik illərində əldə edilən təhsil uğurlarındandır. TQDK-da görkəmli alim Yaqub Mahmudovun rəhbərliyi altında Tarix fənni üzrə elmi-metodiki seminar fəaliyyətə başladığı ilk gündən Azərbaycan tarixi və ümumdünya tarixinin öyrənilməsinin vacibliyini ön plana çəkdi. Qruplar üzrə tarix fənninin proqramları yazıldı. Azərbaycan tarixinə yeni yanaşma, sovet ideologiyasından təmizlənmiş mövzular proqramda öz əksini tapdı. Bütöv Azərbaycanın tarixi - Qarabağ, İrəvan, Borçalı, Dərbənd, Cənubi Azərbaycan tarixi, türk xalqlarının tarixi, türk-islam mədəniyyəti, eləcə də dünya ölkələrinin tarixi qəbul imtahanlarının proqramında və orta məktəb dərsliklərində əhatə olundu.

Tarix elminin ali təhsil səviyyəsində tədrisinin də bir çox problemləri vardı. Müstəqilliyini yenicə qazanmış respublikanın ali məktəblərini marksizm-leninizm ideologiyasından təmizləmək, tədris proqramını yenidən işləmək, cəmiyyətin tələbatına uyğun ixtisaslar təsis etmək dövrün tələbinə çevrildi. Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarix-şərqşünaslıq, tarix-arxeologiya, beynəlxalq münasibətlər, tarix-etnoqrafiya ixtisasları təsis edildi. Tezliklə, yeni ixtisaslar üzrə kadr hazırlığı təkmilləşdirildi və Tarix fakültəsinin fəaliyyətində yeni mərhələnin əsası qoyuldu.

Keçən əsrin sonlarından başlayaraq Azərbaycan Respublikasının təhsil sisteminin inkişafı üçün müxtəlif ölkələrin təcrübəsi ilə tanış olmaq bir ənənə halını almışdır. Bu missiya ilə Azərbaycan nümayəndələri ABŞ-ın müxtəlif ştatlarının, Avropa və Uzaq Şərq ölkələrinin orta təhsil müəssisələrində olmuşdur. Amerika təhsil sisteminin dərin köklərə dayandığını və bu sistemin təməl prinsiplərini Azərbaycan milli təhsilində inteqrasiya etmək üçün hazırlıq başladı. Yaqub Mahmudov da bir çox ölkələrdə, eləcə də ABŞ-ın müxtəlif ştatlarında olmuş, təhsil sisteminin bütün pillələri ilə yaxından tanış olmuşdur.

2006-cı ildə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)" hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Orta ümumtəhsil məktəblərində kurikuluma əsaslanan dərsliklərin hazırlanması prosesi 2012-ci ildən "Azərbaycan tarixi" və "Ümumi tarix" dərsliklərinin yazılması və təhsil dövriyyəsinə buraxılması ilə davam etmişdir. Belə ki, orta məktəb müəllimlərinin iştirakı ilə hazırlanan dərsliklərdə Kurikulum standartlarının tətbiqi ilə yanaşı azərbaycançılıq ideologiyasının təbliği, bütöv Azərbaycanın tarixi konsepsiyasının tədrisi əsas götürülmüşdür. Şimallı-cənublu bütöv Azərbaycanın, işğal olunmuş ərazilərimizin tarixini, xüsusilə Qarabağın tarixini dərsliklərdə geniş şəkildə verərək gənclərimizin vətənpərvərlik tərbiyəsi Azərbaycan tarixi dərsliklərinin əsas meyarı hesab edilir. Qeyd etmək yerinə düşər ki, 5-9-cu siniflərin "Azərbaycan tarixi" dərsliklərində 41 mövzu Qarabağın tarixinə həsr edilmişdir. Dərsliklərdə Azıx mağarası, Şuşa qalası, Qarabağ xanlığı, Azərbaycanın parçalanması, ermənilərin köçürülməsi, çar Rusiyasının ayrı-seçkilik siyasəti, ermənilərin türk-müsəlman əhalisinə qarşı soyqırımları, Qarabağ general-qubernatorluğunun yaradılması, Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkili, Ermənistanın Dağlıq Qarabağa iddiası, Qarabağ müharibəsi, Xocalı soyqırımı və digər mövzular mənbələrlə, fotoşəkillərlə, sənədlərlə geniş şəkildə işlənib və şagirdlərin yaradıcı fəaliyyəti üçün təqdim olunub.  Ümumi tarix dərsliklərində isə  böyük türk dünyasının tarixinə geniş yer verilib, dünya tarixi fonunda türk fatehləri, türk dövlət ənənələri, türk mədəniyyəti geniş təbliğ olunub. Təsadüfi deyil ki, Türkiyə Cümhuriyyətində türkdilli dövlətlərin dərslikləri içərisində Yaqub Mahmudovun rəhbərliyi ilə hazırlanmış "Ümumi tarix" dərslikləri yüksək qiymətləndirilmişdir.

Məlumdur ki, dərsliklər daim ictimaiyyət içərisində müzakirə olunur   bunun üçün müxtəlif monitorinqlər təşkil edilir. TQDK (DİM) müntəzəm olaraq monitorinqlər keçirir, müəlliflərlə, ölkənin paytaxt, region müəllimləri ilə həm birbaşa, həm də virtual görüşlərini təşkil edir. Bu görüşlərdə işinin çox olmasına baxmayaraq akademik Yaqub Mahmudov iştirak edir və müəllimlərlə fikir mübadiləsinə xüsusi önəm verir. Ən yaddaqalan görüşlər Şirvan (2015), Naxçıvan (2016), Bakı (2013, 2014) şəhərlərində keçirilmişdir. Regionların tarix müəllimləri görüş zamanı Yaqub müəllimi böyük sevinclə qarşılayır, dərsliklər haqqında maraqlı qeydlər edir və səmimi fikirlər bildirirlər.

2009-cu il iyunun 19-da  qəbul edilmiş yeni Təhsil Qanununun hazırlanmasında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov da öz müasir mütərəqqi fikirləri ilə yaxından iştirak etdi.  "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu hazırlandı və bu qanunda müasir təhsilin prinsipləri,  təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri, sistemin quruluşu, keyfiyyət səviyyəsi və digər məsələlər öz əksini tapdığı kimi təhsilverənin hüquq və vəzifələri müəyyən olunmuşdur ki, onun 33.3.4. maddəsində deyilir: "Təhsilverən şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamalıdır". Məhz bu maddədə ifadə olunan prinsipial fikirlər müasir müəllimlərdə, gələcək nəsillərdə dəyər verilən təməl amillərdir. Hazırda Azərbaycan Respublikası təhsil sistemi dünyanın ən mütərəqqi ölkələrinin təhsil prinsiplərindən istifadə etməklə təkmilləşir, məzmun və struktur yenilənir. Ən başlıcası, dünyanın əşrəfi sayılan insanın həyati bacarıqlara malik bir şəxsiyyət kimi formalaşması istiqamətində səmərəli işlər görülür.

Bildiyimiz kimi, AMEA-nın Tarix İnstitutu ölkə başçısı cənab İlham Əliyevin sözləri ilə desək,  ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzidir. Bu institutun tədqiqatları tərcümə olunaraq dünyanın müxtəlif ölkələrində çap olunur. Ən mühüm tarix problemlərini əhatə edən kitablar dünya elmi cəmiyyətlərinə göndərilir. Təkcə onu qeyd etmək kifayətdir ki, "İrəvan tarixi" əsəri rus, ingilis, italyan, ərəb və başqa dillərdə çap olunub yayılmışdır. Beynəlxalq konfranslarda Azərbaycan həqiqətləri dünya elmi ictimaiyyətinə çatdırılır, ziddiyyətli məsələlərə elmi müstəvidə aydınlıq gətirilir. Bu cür ağır və ciddi işlərin başında duran institutun direktoru, görkəmli alim Yaqub Mahmudov uşaqları, yeniyetmələri də unutmur. Onun rəhbərliyi ilə "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsi çərçivəsində Bakı məktəblərində şagird-elmi kofransları keçirilir. Artıq dörd ildir ki, məktəblilər elmi, yaradıcı, bədii işləri ilə Azərbaycanın tarixi şəxsiyyətləri haqqında biliklərini nümayiş etdirirlər. Bu konfranslar məktəbliləri Azərbaycan tarixinə, tarixi şəxsiyyətlərə hörmətlə yanaşmağa, Vətəni sevməyə sövq edir. Milli-mənəvi dəyərləri itirmədən daim müasirləşmək, tariximizi öyrənib təbliğ etməklə yanaşı digər xalqlara hörmətlə yanaşmaq məfkurəsi Vətən aşiqi,  Böyük Alim Yaqub Mahmudovun gənclərə ideoloji mirasıdır.

 

Leyla Hüseynova,

Tarix üzrə fəlsəfə doktoru, dosent

 

Olaylar.- 2019.- 7 fevral.- S.11; 13.