Regional proqramlar

gələcək inkişafı təmin edəcək

 

Regionların sosial iqtisadi inkişafı ilə bağlı üçüncü dövlət proqramı başa çatıb. Artıq prezdident İlham Əliyev tərəfindən 2019-2023-cü iləri əhatə edəcək yeni dövlət proqramı təsdiq edilir. Marqlıdır, sözügedən dövlət proqramlarının icrası ölkəyə nə verib və gözləntilər nədən ibarətdir?

Xatırladaq ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda dövlət başçısı əminliklə bildirib ki, növbəti dövlət proqramı da uğurla icra ediləcək: "Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının tərkibi, əsasən, yerlərdən gələn xahişlər nəticəsində formalaşıb. Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşır. Ona görə daim bu təmas olmalıdır və var ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər həll olunsun. Bizim buna imkanımız da, iradəmiz də var".  İqtisadçı ekspert Vüqar Bayramov deyib ki, "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi regionların inkişafı baxımından yeni inkişaf mərhələsinin başlanması kimi xarakterizə olunmalıdır. O, bildirib ki, əvvəlki dövlət proqramlarında Azərbaycan regionlarının inkişaf etdirilməsi, regionlarla paytaxt arasındakı fərqin mərhələli şəkildə aradan qaldırılması istiqamətində fəaliyyətlərin həyata keçirdiyini nəzərə alsaq, regionların inkişafının Azərbaycan üçün prioritet olduğunu deyə bilərik. Onun sözlərinə görə, xüsusilə də son illər regionların inkişafı ilə bağlı aparılan siyasət regionların makroiqtisadi göstəricilərinin, bu isə xüsusilə də qeyri-neft ixracatında payının artmasına gətirib çıxarıb. Regionların Azərbaycana neftdən kənar valyutanın daxil olması baxımından çox vacib olduğunu deyən ekspert söyləyib ki, bu gün Azərbaycana daxil olan qeyri-neft sektorunda valyutanın əhəmiyyətli hissəsi regionların payına düşür: "Regionlar qeyri-neft ixracatının 60 faizinə qədərini formalaşdırır ki, bu da birbaşa regionların ixracatda payının yüksək olması anlamına gəlir. Eyni zamanda regionların inkişafı məşğulluq baxımından çox vacibdir. Məşğulluğun inkişaf etməsi, xüsusilə də yeni iş yerlərinin yaradılması, məşğulluğun təmin edilməsi birbaşa regionların inkişafı ilə bağlıdır. Belə ki, məşğul əhalinin 37.8 faizi regionlarda çalışır ki, bu da regionların məşğulluqda payını göstərən əsas göstəricilərdən biridir". V. Bayramov vurğulayıb ki, yeni proqram regionlarda əvvəlki illərdə formalaşan infrastrukturun dəyərə çevrilməsinə imkan verəcək: " Bu, regionlara çoxlu sayda investisiyanın cəlb edilməsi mümkünlüyünü yaradacaq. Yeni proqram çərçivəsində regionlara 17 milyon manata yaxın investisiyanın qoyulması nəzərdə tutulur. Bu rəqəmin daha böyük olacağı da güman olunur. Onun əhəmiyyətli hissəsinin dövlət büdcəsi hesabına maliyyələşdiriləcəyini, xarici sərmayənin cəlb edilməsi imkanlarını nəzərə alsaq deyə bilərik ki, bütövlükdə növbəti illərdə regionlara 20 milyon manatdan artıq investisiyanın cəlb edilməsi mümkün ola biləcək. Cəlb ediləcək investisiyanın təxminən 4 milyon manatı özəl sektorun payına düşəcək. Güman olunur ki, o məbləğdə xarici investisiyanın növbəti 4 il ərzində cəlb edilməsi imkanları var. Bu isə o deməkdir ki, regionların inkişafı keyfiyyət baxımından yeni mərhələ qədəm qoyur". Ekspert əlavə edib ki, burada söhbət təkcə aqrar sektor deyil, eyni zamanda sənaye inkişafından gedir: "Sənayeləşmə, regionlarda innovativ məhsul istehsalına zəmin yaradır. Bu gün sənaye parklarının əhəmiyyətli hissəsini regionlarda formalaşıb ki, bu da sənayedə regionların payını növbəti 4 ildə artıracaq əsas faktorlardan biridir. Bu baxımdan növbəti 4 il regionların həm iqtisadi, həm istehsal baxımdan xəritəsinin keyfiyyət olaraq dəyişməsi ilə yadda qala bilər. Bu, regionlarda ənənəvi kənd təsərrüfatı ilə yanaşı sənaye məhsullarının genişlənməsi və nəticə etibarı ilə regionların həm ümumi daxili məhsul həm də dövlət büdcəsindən gəlirlərinin formalaşmasında payının artmasına gətirib çıxara bilər".

Bəs, konkret olaraq, yaxın gələcəkdə daha çox nələrin görülməsi, hansı addınların atılmasına ehtiyac var? Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, regionların sosial iqtisadi inkişafı ilə bağlı keçirilən konfransda  səsləndirildiyi kimi, özümüzü  elektrik enerjisi ilə tam təmin, hətta, bunu böyük həcmdə ixrac etsək də, iqtisadi müstəqilliyimiz və təhlükəsizliyimiz, gələcəkdə yenidən problemlər yaşamamaq üçün ölkədə yeni elektrik stansiyalarının tikilməsinə ehtiyac var. Çünki bizim sənaye potensialımızın, əhalimizin artımı, kənd təsərrüfatının inkişafı, böyük sənaye klasterlərinin yaradılması tələb edir ki, elektrik enerjisinin istehsalı artsın. Çox yaxşı haldır ki, bu il Bakıda böyük elektrik stansiyasının açılışını planlaşdırılır, 400 meqavat gücündə olan "Şimal 2" stansiyasının açılışı gözlənilir. Eyni zamanda, verilən məlumatlara görə, Bakı şəhərində yeni, 300, 350, bəlkə də 400 meqavat gücündə stansiyanın tikintisi ilə bağlı işlər aparılır.  Hazırda isə dəqiqləşmələr gedir və stansiyanın tikintisi ölkənin enerji potensialını daha da möhkəmləndirəcək.  Konfransda da vurğulandığı kimi, bununla paralel olaraq, mövcud stansiyalarda bərpa və təmir işləri aparılaraq onların potensialını böyük dərəcədə artıra, yəni, təqribən 500 meqavat əlavə güc əldə edə bilərik. Bildiyiniz kimi, keçən il 118 min yeni iş yeri yaradılmışdır. Ancaq bununla belə,  yerlərinin yaradılması daimi proses olmalıdır və bu sahədə özəl sektor əsas rol oynamalıdır. Məşğulluğun artırılması çox ciddi məsələdir. Bəzi ölkələrdə əhali artmır, bəzi ölkələrdə əhali azalır, Azərbaycanda isə əhali artır.  Yuxarıda da qeyd edildiyi kimi, son 15 il ərzində əhalimizin sayı 1,6 milyon nəfər artmışdır ki, bu,  çox ciddi iş tələb edir, yəni, iş yerlərinin yaradılması prioritet məsələlərdən biri kimi daim diqqətdə saxlanılmalıdır.  Həmçinin, iş yerlərində ixtisarlar minimuma endilirilməlidir. Bu məsələdə həm dövlət qurumları, həm də özəl sektor, sahibkarlar son dərəcədə həssas davranmalı, narazılıqlara yol verməməl, ölkədə aparılan böyük işlərin üzərinə kölgə salınmasına imkan yaratmamalıdırlar. Qeyd edim ki, bu məsələ dövlət başçısının çıxışında da ana xətlərdən birini təşkil etdi. Dövlət başçısı çox haqlı olaraq "Əlbəttə ki, son illərdə bir çox müəssisələr yaradılıb və orada iş yerləri açılıb. Sahibkarlara tövsiyəm ondan ibarətdir ki, iş yerlərini ixtisar etməsinlər. Çünki bu gün dünyada ümumi meyil ondan ibarətdir ki, daha çox texnologiyalara üstünlük verilir, elmi-texniki tərəqqi yeni texnologiyalar ortaya çıxarır, robotlar insanları əvəzləyir, bütün bunlar reallıqdır. Biz bu reallıqla hesablaşmalıyıq" - dedi və eyni zamanda açıq şəkildə bəyan etdi ki, iş yerlərini  mütləq şəkildə qorumalıyıq - həm dövlət qurumlarında, həm özəl sektorda. Həmçinin, kənd təsərrüfatında islahatları dərinləşdirilməsinə ehtiyac var. Yəni, kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır.  Bu məsələ də dövlət başçısının çıxışında əsas tezislərdən biri oldu. Belə ki, o, çıxışında "Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq"-deyərək,  son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracının təxminən 6 dəfə artıdığını, ancaq potensialın daha böyük olduğunu, xüsusilə, yeni bazarlara çıxmağın vacibliyini dilə gətirdi.

Yeri gəlmişkən xatırladaq ki, prezident İlham Əliyev sözügedən konfransda qeyd edib ki, ölkədə yeni iş yerlərinin yaradılması davam etdiriləcək: "Keçən il 118 min yeni iş yeri yaradılmışdır. Bu, yaxşı rəqəmdir. İş yerlərinin yaradılması daimi proses olmalıdır və bu sahədə əlbəttə ki, özəl sektor əsas rol oynamalıdır. Dövlətin dəstəyi ilə verilən hər bir kreditin tərkibində mütləq məruzə olunanda nə qədər iş yeri yaradılacaq məsələsi də vardır. Məşğulluğun artırılması çox ciddi məsələdir. Bəzi ölkələrdə əhali artmır, bəzi ölkələrdə əhali azalır, Azərbaycanda isə əhali artır. Mən qeyd etdim ki, son 15 il ərzində əhalimizin sayı 1,6 milyon nəfər artmışdır. Bu, əlbəttə ki, bizdən çox ciddi iş tələb edir. Bir daha demək istəyirəm ki, iş yerlərinin yaradılması prioritet məsələlərdən biridir. O bölgələrdə ki, işsizlik var, biz o bölgələrdə işsizliklə mübarizə aparmaq üçün ictimai işlər açmışıq. Bir neçə ildir ki, bu təşəbbüs reallaşır və ictimai işlərdə minlərlə insan işləyir və əməkhaqqı alır". Deputat Ziyad Səmədzadı bildirib ki, burada ən önəmli, ən diqqət yetirilməli, gələcək inkişafımızla bağlı ən vacib məqamlardan biri də heç şübhəsiz ki, məmur-vətəndaş münasibətlərinin ən yüksək səviyyəyə qaldırılması, təmin edilməsidir.  Xüsusilə də, yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər.  Heç bir halda yaddan çıxarmamalı, unutmamalıdırlar  ki, onlar vətəndaşlar üçün çalışır, vətəndaşlara xidmət edirlər. Yerli icra orqanları diqqətli olmalı, problemləri həll etməlidirlər. Dövlət başçısının söylədiyi kimi, hansı problemləri özləri həll edə bilmirlərsə, mərkəzi icra orqanlarına, Prezident Administrasiyasına məlumat verməlidirlər ki, biz problemləri operativ qaydada həll edək. Məmurlarla vətəndaşlara arasında daimi ünsiyyət, təmas olmalıdır: "Heç təsadüfi deyil ki, bölgələrdə bir çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşıb. Ona görə daim bu təmas olmalıdır ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər həll olunsun. Həmçinin, regionların son illərdəki inkişafı ilə bağlı müqayisəli təhlil, araşdırma aparılmalı, yeni iş yerləri yaradılmalıdır. Azərbaycanda, regionlarda həm əmək ehtiyatları çoxdur, artır, həm əhali sayında artım yaşanır və bunlara da paralel olaraq, yeni əməkutumlu iş yerləri yaradılmalı, insanlar işlə təmin edilməlidir".

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.-  8 fevral.- S.15.