Azərbaycan özünün dinamik
inkişafını
sabitlik və təhlükəsizlik
şəraitində təmin edir
Müntəzəm
olaraq Qərbdəki müəyyən dairələr Azərbaycan
kimi ictimai-siyasi vəziyyətin sabit olduğu, öz müstəqil
inkişaf yoluna davam etdiyi ölkələrdə xaos, anarxiya yaradaraq sabitliyi pozmağa, bununla da həmin
ölkəni öz nəzarət dairələrinə
salmağa çalışırlar. Yaxın tariximizdə
ölkəmizlə bağlı bir neçə bənzər
proseslərlə qarşılaşsaq da, lakin son anda xalq
öz sözünü deyərək antiAzərbaycan qüvvələrə
öz yerini göstərib. Hazırda da müəyyən
xarici dairələr eyni ssenariləri təkrar etmək istəyirlər.
Millət vəkili Tahir Süleymanov deyir ki, hazırda dünyanın mənzərəsi
ilk növbədə inkişafa və sabitliyə ciddi təhdidlər
yaradan ziddiyyətli məqamlarla diqqəti cəlb edir.
Onun sözlərinə görə, qlobal miqyasda müşahidə olunan iqtisadi və siyasi kataklizmlər, milli-dini zəmində tez-tez baş qaldıran münaqişələr, Yaxın Şərqə "ixrac" edilən müharibələr son nəticədə ayrı-ayrı ölkələri gücdən salır, onların öz potensiallarını inkişafa yönəltmələrinə imkan vermir: "Biz görürük ki, sabitlik pozulanda xarici müdaxilə baş verir, dövlətlər idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Belə vəziyyətdə, təbii ki, insanlar, ələlxüsus da uşaqlar, qadınlar, yaşlılar sonsuz məşəqqətlərlə üzləşirlər. Yaxın-uzaq coğrafiyalardakı belə arzuolunmaz vəziyyətlə müqayisədə müstəqil Azərbaycanın mənzərəsi tamam fərqli rakursdan diqqəti cəlb edir. Ölkəmiz Prezident İlham Əliyevin inamla reallaşdırdığı məqsədyönlü siyasət sayəsində sabitlik və inkişaf adası kimi fərqlənir. Ölkəmizdə dövlət başçısının qətiyyəti sayəsində daxili risklər aradan qaldırılıb, eyni zamanda, Azərbaycan xarici risklərdən də özünü qoruya bilib, bu gün də qoruyur və heç bir şübhə yoxdur ki, bundan sonra da qoruyacağıq. Davamlı sabitlik Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı baxımından fundamental amil qismində çıxış edir. Hər bir ölkə məhz sabitlik və təhlükəsizlik şəraitində iqtisadi potensialından səmərəli şəkildə istifadə edə və insanların rifah halının yaxşılaşması üçün davamlı tədbirlər həyata keçirə bilər. Müstəqil Azərbaycan özünün dinamik inkişafını məhz sabitlik və təhlükəsizlik şəraitində təmin edir. Biz ölkə daxilində sabitliyin yüksək səviyyədə təmin edildiyi Azərbaycanda daim yeni inkişaf paradiqmalarının müəyyənləşdirildiyinin və qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü siyasi iradə sərgiləndiyinin, maddi dəstək tədbirlərinin görüldüyünün şahidi oluruq. Son 15 ildə respublikamızda iqtisadi məsələlərə xüsusi diqqət yetirilib, neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi potensialının artırılmasına yönələn məqsədyönlü siyasət həyata keçirilib, bütövlükdə milli iqtisadiyyatın və onun ayrı-ayrı sektorlarının inkişafını təmin etmək məqsədilə genişmiqyaslı islahatlar aparılıb, Dövlət proqramları, strateji yol xəritələri qəbul edilib. Son 15 ildə bütün dünya miqyasında iqtisadi baxımdan Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı çox az olub. Bəhs olunan dövrdə milli iqtisadiyyatımız 3 dəfədən çox artıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Hazırda respublikamız Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olan dövlətdir. Azərbaycanın qısa müddətdə öz investisiyalarını ixrac edən ölkəyə çevrilməsi son dərəcə qürurverici haldır. Ötən illər ərzində Azərbaycanda iqtisadi inkişaf dövlət siyasətinin prioriteti kimi müəyyənləşdirilərkən Prezident İlham Əliyevin belə bir fundamental tezisi əsas götürülüb ki, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Bu mənada Azərbaycanın vəziyyəti nikbinlik üçün ciddi əsaslar yaradır". Millət vəkili deyir ki, yüksək iqtisadi inkişafa malik, yerləşdiyi regionun lider dövləti olan Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilib. Bunun nəticəsidir ki, bölgənin əsas iqtisadi-siyasi aktoru sayılan Azərbaycan istər daxili sabitliyinə, istərsə də beynəlxalq nüfuzuna görə seçilir: "Ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı tədbirlər görülür. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr isə onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Eləcə də bu gün demokratik prinsiplərin inkişafına, bu prinsiplərə sədaqətinə görə ölkəmiz postsovet məkanında birinci, dünyanın ən aparıcı dövlətləri arasında isə öncül sırada dayanır. Demokratik təsisatların inkişafına xüsusi diqqət yetirən Azərbaycan hakimiyyəti ölkəmizdə gedən siyasi proseslərdə, o cümlədən insan haqlarının qorunması məsələsində hər zaman şəffaflığı, qanunun tələblərinin qorunması prinsipini əsas tutur. Cənab Prezident İlham Əliyev Özünün 15 illik prezidentliyi dövründə, ilk növbədə, Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş vətəndaş birliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmlədib, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin edib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olub. Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan dünyada ilk sıralarda dayanır. Prezident İlham Əliyevin apardığı gələcəyə yönəlik və dərin təhlillərə əsaslanan iqtisadi və xarici siyasəti nəticəsində Azərbaycan iqtisadi potensialını daha da artırır və öz iqtisadi maraqlarının Avrasiya regionunda təmin olunması yolunda əhəmiyyətli nəticələr əldə etməkdədir. Dövlət başçısı tərəfindən aparılan uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan regionda ən etibarlı, sözü və əməli üst-üstə düşən dövlət kimi öz mövqelərini daha da möhkəmləndirib. Təbii ki, bu uğurların fonunda müəyyən beynəlxalq dairələr, qurumlar, antiazərbaycançı mərkəzlər və erməni lobbisi çox narahatlıq keçirir. Ona görə də, vaxtaşırı olaraq bəzi qurumlar tərəfindən qərəzli qətnamələr qəbul olunur, erməni lobbisinin təsirində olan avropalı siyasətçilər ölkəmizin əleyhinə bəyanatlar verirlər. bütün bunlar məqsədli şəkildə həyata keçirilir ki, ölkəmizin artan beynəlxlaq nüfuzuna zərbə vurulsun, dünya dövlətləri Azərbaycana etimad etməsinlər. amma hər zaman belə planlar fiaskoya uğrayıb. Son vaxtlar yenə də həmin qüvvələr fəallaşmağa başlayıblar. Amma hər zaman olduğu kimi bu dəfə də məqsədlərinə çata bilməyəcəklər". Tahir Süleymanov hesab edir ki, Azərbaycanda radikal müxalifət düşərgəsində cəmləşənlərin daim milli maraqlara zidd mövqe sərgiləmələri, özlərinin korporativ maraqlarını hər şeydən önə çəkmələri cəmiyyətdə onlara qarşı adekvat münasibət formalaşdırıb: "Bu gün ölkəmizdə insanlar radikallara açıq şəkildə "yox" deyərək özünün məqsədyönlü siyasəti ilə Azərbaycanı dinamik inkişaf relsləri üzərinə çıxardan iqtidarla həmrəylik nümayiş etdirirlər. Dağıdıcı ünsürlərin düzənlədiyi hər bir tədbir isə cəmiyyətimizin onlara olan mənfi münasibətini növbəti dəfə açıq şəkildə ortaya qoyur. Radikal müxalifət cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmir. Uzun illərdir ki, düşüncə tərzində, məsələlərə yanaşmasında dəyişiklik edə bilməyən radikal müxalifət düşərgəsinin xarici antimilli mərkəzlərin sifarişləri əsasında "fəaliyyət proqramı" qurması hər kəsə bəllidir. Bu mənada, dağıdıcıların mövsümi olaraq "qabarma-çəkilmə" proseslərinə məruz qaldığı da göz önündədir. Belə ki, illərdir anti-azərbaycançı dairələrin direktivləri əsasında birləşən-ayrılan, küsən-barışan, aksiya keçirən radikal ünsürlərin mövqeyi, məqsədi ortada olub. Ancaq antidemokratik çağırışlarla yadda qalan, Azərbaycanın dövlət maraqlarına düşmən kəsilən, xarici qüvvələrin təsiri ilə ölkədə siyasi sabitliyi pozmağa çalışan və hər addımda yalnız korporativ maraqlarını düşünən radikal ünsürlər əsl müxalifətçilik missiyasından çox uzaqdadırlar. Məlumdur ki, demokratiyanın göstəricilərindən biri olan fərqli düşüncə - müxalifətçilik hər hansı problemin həlli ilə bağlı alternativ yol göstərmək, məsələlərə konseptual müstəvidə yanaşma nümayiş etdirmək, eləcə də fərqli məsələlərlə bağlı konsepsiya irəli sürməkdir. Azərbaycanın radikal müxalifət düşərgəsinə mənsub olanların məqsədləri isə yalnız xarici maraqların təminatına, xəyanətə və satqınlığa yönəlib. Qeyd olunmalıdır ki, bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də 1990-cı illərin qaragüruhçuluq ab-havası ilə yaşayırlar. Adını "demokrat" qoymuş dağıdıcı ünsürlər keçirdikləri aksiyalar zamanı çıxışlarında da cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaqyorucu səs tembrləri yenidən təkrarlanır. Maraqlıdır ki, min bir yalanla gəncləri çaşdırmağa niyyətlənən liderciklər və bunun kimi siyasi alverlə məşğul olanlar 1992-ci ildə xalqın, dövlətin başına hansı oyunları açdıqlarını, ölkənin müstəqilliyini təhdid altına alacaq təhlükələr yaratdıqlarını dilə gətirmirlər. 1992-ci ildə sadalanan xəyanətlərlə yadda qalan, bu gün də dağıdıcılıqdan başqa bir fəaliyyəti olmayan və fərqli xarici maraqların danışan dilinə, əlaltısına çevrilmiş radikal düşərgə təmsilçiləri hər addımda Azərbaycanın milli mənafeyinə zidd mövqe tuturlar. Milli birliyin daha da gücləndirilməsinə, siyasi və iqtisadi sabitliyin qorunub saxlanmasına, dövlətçilik və milli maraqlara xidmət edən siyasi kursun davamlılığına qarşı "cəbhə" açmağa cəhd göstərən, xalqın iradəsinə qarşı düşmən mövqe sərgiləyən radikal kəsimin əsas fəaliyyət xətti isə, qeyd etdiyimiz kimi, məhz ermənipərəst xarici mərkəzlərin sifarişləri əsasında formalaşır".
Məhəmməd
Olaylar. - 2019.- 8 fevral.- S.4.