İnsan
varlığının tərənnümü –
Şair mütəfəkkir
kredosu
İmadəddin Nəsimi
– 650
"Bəşər
mədəniyyətin həmişəyaşar
mövzularından olan eşq-məhəbbət anlamı ən
qədim çağlardan başlayaraq fikir və sənət
adamlarının diqqət mərkəzində olmuşdur.
İslami fikir tarixində Mühiyyəddin Ərəbi,
İbn Sina və bir çoxlarının bu mövzuda
mülahizələri diqqəti çəkir. "Ali
qanunlarla idarə olunan hər bir cismin, əşyanın
mövcudluğu onun mahiyyətində olan eşqlə
yaşanır"
Eşq-məhəbbət konsepsiyasının kosmoloji mənada təqdimini bütün orta əsrlərin mistik təfəkküründə görmək olar. Eşq insan qəlbinə nazil olan bilgi nurudur, insanın öz Tanrısı ilə ünsiyyət və bağlılığı eşqlə ölçülür. Məhz bu eşqdir ki, daima insan ruhunu öz ilkin məskəninə çağırır, məhz eşqin gücü ilə insan əbədiyyətə, "cüz"şəklində "küllə" qovuşur... Bütün orta əsrlərin mistik təfəkküründə insan amili ən öndə vurgulanır, tərənnüm edilir, alqışlanır. İnsanın həyatda dünyaya gəldiyi zamandan yeqənə məqsədi öz mənəvi-ruhi "mən"liyini inkişaf etdirib Allaha qovuşsun. Təsəvvüf fəlsəfəsinin aparıcı mövzularından olan "Kamil İnsan"postulatı mühüm yer tutur. Orta əsrlərin bütün irfançı mütəfəkkirləri insanı kamilliyə sövq etmişlər, fikirlərinə görə insan potensial olaraq kamildir, lakin öz imkanlarını inkişaf etdirib, lazımı həddə çatdırmaq bacarığına qabil deyildir."
Bu fikirləri Olaylar.az -a açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Îrta əsrlər" şöbəsinin müdiri F.e.d. Fəridə Əzizova bildirib.
Fəridə Əzizova orta əsr poeziyamızın tarixini humanizm problemlərindən kənarda tədqiq etmək qeyri-mümkün olduğunu qeyd edir: "İnsanın tərənnümü klassik Azərbaycan ədəbiyyatının başlıca məzmun xüsusiyyətlərindən biridir. Bütün klassik Azərbaycan şeirindən qızıl bir xətlə keçən bu problem XIV əsr ədəbiyyatımızın görkəmli nümayəndəsi Nəsimi sənətinin əsas tərənnüm obyekti olmuşdur. Şairin həyatı, sənəti və əqidəsi ilə bağlı orta əsrlər klassik ədəbiyyatımızın aparıcı tədqiqatçıları Salman Mümtaz, Həmid Araslı, Mirzağa Quluzadə, Fuad Qasımzadə, Cahangir Qəhrəmanov və bu kimi alim-mediyevistlərimiz Nəsimi dünyagörüşünə, fəlsəfə və poeziyasına xüsusi diqqət yetiriblər. Azərbaycanın hüdudlarından kənar - Türkiyədə nəsimişünaslığın görkəmli nümayəndələri F.Köprülü, A.Gölpinarlı, V.Kocatürk, İ.Olğun, Qərbdə isə H.Purqştall, E.Gibb, A.Bombaçı hürufizmin mahiyyəti və Nəsimi sənətindəki ilahi məhəbbət problemindən geniş söz açmışlar. Rus alimi V.Smirnov "ilahi hüsnün təcəllisi kimi Nəsimidə gözəlin üzünün Qurana bənzədildiyini" söyləyirdi. Professor M.Quluzadə yazırdı: "...Nəsimi heç yerdə və heç bir zaman insanı Allaha qarşı qoymur, onları birləşdirir, vəhdətdə götürür. Nəsimidə insan Allaha birləşir, onunla vahid olur və Allahın qüvvəsini, müqəddəsliyini, mənəvi hökmranlığını alır. Lakin bu zaman Nəsimidə Allah heç zaman yox olmur... insanın daxilində yaşayır, ondan ayrılmır (M.Quluzadə).
İslam Şərqində eşq və məhəbbət öz təriqətləri üçün əsas yönüm seçən görkəmli mütəsəvviflər vardır ki, onların ən önəmlərindən biri və bəlkə qlobal miqyasda ən önəmlisi İmadəddin Nəsimi olmuşdur. Nəsimi əsərlərində insana, insan ləyaqətinə, insan qüdrətinə yüksək inam tərənnüm edilir.
"Çün
əhsəni-təqvim idi,əqlim mana insan dedi
Ol
canların məhbubu gör, bil kim nə insan olmuşam"
İnsanın
yaradılışı ilə əlaqədar Qurani-Kərimin
95 "Tin" surəsinin 4-cü ayəsində buyurulur:
"laqad xaləqnə-l-insənə fi əhsəni təqvim"(biz
insanı ən gözəl biçimdə yaratdıq). Nəsimi
beytində "əhsəni-təqvim" (gözəl
biçim) ifadəsini Qurani Kərimdə olduğu kimi
saxlayıb. Hürufilər yaradıcılıq qüdrətinə
böyük əhəmiyyət verirdilər. Hürufilərə
görə "Allah öz varlığını insanda təcəssüm
etdirmişdir". İnsan - yüksək əxlaq, mənəvi
gözəllik, ədalət, müqəddəslik, kamal və
gözəllik rəmzidir. Sufilikdə, eləcə də
hürufilikdə eşq ən ülvi, ən yüksək
anlayışdır. "Nəsimidə isə hürufilik təriqətinə
qurşanan şəxs geniş hövsələyə, mətin
iradəyə malik olmalı, hər bir məşəqqətə,
əzab-əziyyətə dözməli, sirr saxlamaqda möhkəm
səbr nümayiş etdirməli, ideyası uğrunda
ardıcıl mübariz, davamlı və sadiq olmalıdır.
Əqidəsi yolunda fədakarlıq müqəddəsdir və
hər adama nəsib olmaz, ona layiq olmaq lazımdır". (C.Qəhrəmanov)"
Nəsimi
fikri və bədii fəaliyyətinə ilk öncə təsəvvüfi
ideyalarla başlamış, hürufi
dünyagörüşünü qəbul etdikdən sonra da
hürufizm onda təsəvvüfi çulğanışda
öz təzahürünü tapdığını bildirən
Fəridə Əzizova bildirir ki, təsəvvüf nəzəriyyəsinin
əsasını təşkil edən "vəhdəti-vücud"
fəlsəfəsinə görə yeganə bir varlıq
varsa, o da görünməz və görünən məqamları
özündə birləşdirən Tanrı - Allahdır:
"Onun mahiyyəti görünməz, sifətləri isə
nisbi varlıq kimi görünəndir. Kamil insan nəzərini
hara yönəldirsə, güzgüdə olduğu tək
Tanrı gözəlliyi ilə qarşılaşacaq,
"Onu" görəcəkdir. İnsan xüsusilə təsəvvüfdə
mərkəzi yer tutur, kamil insan və Tanrı vəhdətdə
alınır. Ancaq insanın da qarşısında ülvi bir
məqsəd - ilahi gözəlliyə çatmaq və
qovuşmaq məqsədi durur. Kamil insan İlahi sifətlərin
aynası, haqqın kamal surətidir. İlahi təcəlli ilk
növbədə kamil insanda öz təzahürünü
tapır. Kamil insan "mən"ini yox etmiş, içində
yalnız Allahın sözləri ilə danışan bir
Tanrıdır. Kamil insanın kəlamı Allah kəlamıdır.
Mənəvi təkamül yolu ilə saflaşan insanı tərənnüm
Nəsimi şeirindən qızıl bir xətlə
keçir. Onun yaradıcılığının əsl
çıxış nöqtəsi olan bu problem XIV əsrdə
şairin qəzəllərində hürufi ideyalarına
bürünərək təqdim olunur, həqiqətə
yetişən insan Allaha çatır, Allahla birləşir,
öz "mən"ini Allahda əridir. Tanrı ilə insan
arasında "mən" və "o" məfhumları
öz mahiyyətini itirir, "mən" "O"ya,
"O" isə "mən"ə çevrilir və bu
zaman insana "Ənəl həq"- "Mən Allaham"
deyə maddi dünyasında da Tanrı dünyasının
ilahi gözəlliyi və əsrarəngizliyini görmək nəsib
olur, bütün yaranmışlarda Allahın həqqin-həqiqətin
təzahürü ilə qarşılaşır. İnsan -
Allahdır, Allah-mənəm, Allah-sənsən, hər yerdə
ki, kamil İnsan vardır, Allah da içindədir. Allahı
kamil İnsan mənəviyyatında axtarıb tapmaq
lazımdır.
"Həq
taala adəm oğlu özüdür,
Otuz iki həq
kəlamı sözüdür,
Cümlə
aləm bil ki,
Allah
özüdür,
Adəm
ol candır ki, günəş yüzüdür.
Eşqü
məşuqü aşiq oldu yar,
"Leysə
fiddara ğeyrana dəyyar".
"Leysə
fiddara ğeyrana dəyyar" cümləsinin ərəb
dilindən tərcümədə mənası: "evdə
bizdən başqa heç kəs yoxdur". Bu sözlərlə
Nəsimi demək istəyir ki, insan öz vəzifələrini
və varlığın sirlərini biləndən sonra guya
Allah ilə birləşir, aradan ikilik gedir, "əğyar"
yəni ilahi ruha yad olan hər şey məhv olur, arada tək
bir varlıq qalır:
"Ənəl
həq çağırır cəngü dəfü ney
Yalançı
la ila İllayə düşmüş"
Nəsimi
bu beytdə öz vəhdəti-vücud
görüşünü ifadə edərək deyir ki, cəng,
dəf, ney, yəni hər şey "mənəm Allah"
çağırır, Allah hər yerdədir, "La ila
İlla" yəni "Allahdan başqa heç bir şey
yoxdur" fikrini "Allah hər yerdədir" fikri ilə əvəz
edir. Əlbəttə Nəsimi burada heç də Allahı
inkar etmir, onun təbiətdə, əşyada hər yerdə
təzahür etdiyini ifadə edir. Nəsimi üçün nəinki
dini ayrılıq, eləcə də xəlqi, irqi
ayrılıq da əsas deyildi. Nəsimiyə görə
"əzəmi məhəbbətin vacib şərtlərindən
biri də məhz şairin dünyagörüşündə
mühüm olan və yaradıcılığından bariz
şəkildə keçib gedən bu təfəkkür tərzi
insana dinindən, irqindən, milli xüsusiyyətlərindən
asılı olmayaraq eyni gözlə, eyni sevgi ilə
yanaşması olmuşdur.
"Ey həqiqi
hər yerdə hazırdır deyən əyrinəzər,
Bəs nə
mənidən seçirsən
Kəbədən
bütxanəni".
Klassik
irsimizin görkəmli tədqiqatçısı professor
R.Azadə yazırdı: "Yer üzərindəki
bütün mövcudat Allahın - uca Tanrının məzhəridir,
demək, gözəllik də elə həyatdadır. Əgər
insan ilahi varlığın atributlarından biri
sayılırsa, müqəddəsdir və pərəstişə
layiqdir. Məhəbbət ilahidən gəlmədir.
Tanrının Allahın təqdiri ilə yer övladına
ünvanlanan ruhani-mənəvi sevgidir". "Nəsimi
şeirində İnsan, gözəllik və məhəbbət
vəhdətdədir" məqaləsində alim yazır:
"İnsan və insanın tərənnümü sənətin
əsas mahiyyətini təşkil edir. İnsan sənətin
həmişə diqqət mərkəzində durmuşdur...
İnsan
böyük bir qüvvədir, İnsan həyatın bəzəyidir,
İnsan, onun amalı, mənəviyyatı müqəddəsdir"
Nəsimi poeziyasının nüvəsində fəlsəfi-irfani bir varlıq kimi Tanrı-Allah və özündə "ilahi nuru" gəzdirən insan amili durur. Bu İnsan şairin gözəllik və məhəbbət vəhdəti ilə səciyyələnir. Doğru deyilmişdir ki, "klassik sənətkarların ölməzliyinin sirri onların öz dövründə düşünməsi deyil, bizim dövrümüzə hansı mənəvi dəyərləri ünvanlaması ilə şərtlənir" (C.Məmmədquluzadə). Kamil gözəllik və onun səcdəsində duran lirik "mən" - Nəsimi bədii irsini səciyyələndirir. Nəsimi dühasının işığı xalqına çatdıra bildiyi mənəvi mirasla ölümsüzlük qazanmışdır.
İnsanı insandan ayıran bir amil varsa o da idrak səviyyəsidir: mənəvi nemət və insani kamilliyin nisbət ölçüsüdür. Nəsiminin tilsim sənəti - şeir dünyası, fikri-əxlaqi və düşüncələr axarı bütövlükdə Nəsimi dünyası o qədər möhtəşəm bir əzəmət kəsb edir ki, şairin nəinki həqiqətə yetişdiyini əminliklə demək mümkündür, o, yeddi əsrdən sonra maddi dünyamızında ilahi gözəlliyi və əsararəngizliyini görmək qabiliyyətini müasirlərimizə bəxş etdiyi üçün iki cahanda əbədidir və daima yaşayacaq."
Nigar Adil
Olaylar.- 2019.- 8 fevral.- S.10.