Mənim tanıdığım Yaqub müəllim...
Cığırlardan
danışmaq istəyirəm. Yoxa çıxan
cığırlardan yox.
Yola
çıxan cığırlardan danışmaq istəyirəm...
Cığırlar
hekayələrdir. Yol Tarix...
Bu yazı
cığırlar və Yol, hekayələr və Tarix barədədir...
Mənim hekayəmin tarixi 90-ci illərin sonuna gedib
çıxır. Əslən azərbaycanlı, Strasburqda
yaşayan məşhur türkoloq İren xanım Məlikofun
Bakıya gəldiyi günlərə. İren
xanım tarix fakültəsində mühazirələr deyəcəkdi.
Jurnalistika fakültəsinin 2-ci kursunda oxuyurdum,
"Bilik" Maarifçilik Cəmiyyətinin
"Dalğa" qəzeti təzəcə
açılmışdı və mən İren xanımdan
yazı yazmağı qərara almışdım. O zaman
Yaqub müəllim tarix fakültəsinin dekanı idi. İren
xanımın mühazirələrinə qatılmaq
üçün onun yanına getdim...
... Bir-iki
həftə sonra dərc olunan "İren xanım gündəliyi"
adlı bir səhifəlik yazım bu sözlərlə
bitirdi: "İren xanım gündəliyi"nə nöqtə
qoymuram. Vaxt gələcək mən Fransada
İren xanımla görüşəcəyəm". Vaxt gəldi. İren xanımla 11 il sonra Azərbaycan Avropa Şurasına qəbul
olunanda Strasburqda Avropa sarayında görüşdük...
İndi 2019-cu ilin bu günəşli və soyuq fevral
günündə 90-cı ilin bundan da soyuq qışına
aradan keçən 29 ilin laylarından baxanda tarix fakültəsinin
dekanının otağını çox aydın
görürəm. Yaqub müəllimin səsini üstündən zaman
ötməyibmiş kimi aydın eşidirəm: "Mənim
qızımın da adı Aynurdur". Yaqub
müəllim məni ayaq üstə qarşıladı, ayaq
üstə qulaq asdı və yola saldı. Onun otağının qapısı açıq
qaldı. Və bu qapı heç zaman örtülmədi...
Bu yerdə qapılardan danışmaq istəyirəm. Vaqif Səmədoğlunun
qapı barədə bir şeiri var. "Açıl,
Qapım, açıl" - dediyi, min bir sözlə əzizlədiyi,
açılmağını gözlədiyi qapıya
yazdığı şeir. Mənim həyatımda
açıq qapıların sayı bağlılardan həmişə
çox olub. Bəlkə, elə bu görə
də Vaqif Səmədoğlunun
açılacağını gözlədiyi qapı və
Yaqub müəllimin otağının açıq qalan
qapısı haqqında bu gün 30 ildən sonra
düşünürəm. Gənc olanda
adama elə gəlir ki, qapı onun üzünə elə
açıq olmalıdır. O açıq
qapının sahibi də elə sənə yol
açmalıdır. Və sən bunu o qədər təbii
qəbul edirsən ki, inamı məsuliyyəti, cəsarəti
soyuq məntiqi qat-qat üstələyən cümlələr
yazırsan - "Vaxt gələcək mən Fransada İren
xanımla görüşəcəyəm" kimi...
İllər
keçir, çox-çox açıq qapıların sahiblərinin
ürəyi kimi necə bağlandığını görəndə
onda Vaqif Səmədoğlunun şeirini anlayırsan,
qapısını və ürəyini açıq saxlaya bilən
insanlar haqqında düşünürsən... Və acı
həqiqəti qəbul edirsən: onlar çox deyil...
Bax, bu yerdə ikinci hekayəmə keçirəm. 1990-cı ildən
1998-ci ilə kimi Yaqub müəllimlə yollarımız kəsişmədi.
Bir də 1998-ci ilin oktyabrında Azərbaycan
müəlimlərinin qurultayında tərtibçisi
olduğum "Prezident. Xronika. 1993-1997" kitabının təqdimatı zamanı
görüşdük. Əslində, buna
görüş demək olmazdı.
Beş min nüsxəsindən iki mini müəllimlər
qurultayında paylanan bu kitab Ulu Öndər Heydər
Əliyevin xeyir-duası ilə çıxsa da, onun yolunu əngəlləyənlər
də vardı. Sonuncu cəhd, buna təxribat da demək olar, təqdimatdan
əvvəl baş verdi. Təsəvvür
edin ki, kitabın təqdimatına bir neçə dəqiqə
qalır, onun zəhmətini çəkən bütöv bir
komanda isə iqnor olunur. Biz öz
bayramımıza uzaqdan baxmaq zorundaydıq. O mürəkkəb
anda köməyimə iki İnsan çatdı. Biri yol açdı, haqq etdiyim yeri qaytardı, o biri
arxamda durdu. Arxamda duran Yaqub müəllim
idi. Professor Yaqub Mahmudov "Prezident. Xronika.1993-1997"
kitabının tarixi əhəmiyyətindən
danışdı. Amma məni də unutmadı...
Biz səkkiz ildən sonra yenə ayaq üstə idik. Bura dekan
otağı deyildi. Bura Respublika sarayı
idi. Bu, İren xanım gündəliyi
deyildi. Bu, Azərbaycan Prezidenti Heydər Əliyevin fəaliyyət
xronikası idi... O, mənə qarşı yönələn
son cəhdin şahidi idi. O, öz Sözünü dedi...
Mən gündəlikdən xronikaya qədər yol gəlmişdim. Jurnalistikanın
sərhədlərini keçmişdim. Sərhədin
o tayı Tarix idi. Amma o zaman, düzü,
belə fikirləşmirdim. Təqdimatdan
sonra mənən elə yorulmuşdum ki, Yaqub müəllimə
sağ ol belə demədim. O getdi. Yollarımız
yenə ayrıldı. Amma arada Yaqub müəllimin
xronikaya verdiyi qiymət qaldı, daha doğrusu, iki qiymət.
Yaqub müəllimin verdiyi iki qiymət
arasında fərqi sonralar anlayacaqdım. Bunlardan
birincisi, xronikanın siyasi əhəmiyyəti, ikincisi
tarixşünaslıq üçün önəmi idi.
Bunu anlamaq üçünsə biz ayaq üstə yox,
oturub söhbət etməli olduq. Bu yerdə
üçüncü hekayə başlayır.
1995-ci ildən
dissertant olsam da, iş elə gətirmişdi ki, dissertanturaya
qəbuldan iki ay sonra "Günay" qəzetinin Prezident
Aparatı üzrə müxbiri təyin olundum və 2002-ci
ilin yanvarında ABŞ-a elmi ezamiyyətə
gedənə kimi Prezident Heydər Əliyevin jurnalist pulunda
oldum. Tale mənə canlı tarixi
yaşamağı və yazmağı qismət etmişdi,
dissertasiya barədə ciddi düşünmürdüm.
Universitetdə müəllimlik, hətta
tutduğum vəzifələr belə müstəqil jurnalist
kimi prezidenti müşayiət etməyin zövqünü
vermirdi. Qazanılmış təcrübəni
qiymətləndirmək üçün yeni bir platformaya
ehtiyac vardı. 2001-ci ildə Bakı
Dövlət Universitetində açılan
Amerikaşünaslıq Mərkəzi belə bir platforma oldu.
Bu mərkəz tarix fakültəsinin bətnindən
çıxmışdı. Jurnalistika
fakültəsindən fərqli olaraq, tarix daha proqressiv və
yeniliklərə açıq fakültə idi. Həmin illərdə yenidən tarix fakültəsinin
başında duran Yaqub müəllimin təşəbbüsü
ilə bir çox ilklərə imza atılmışdı.
Yalnız bir fakt - Yaqub müəllimin dəstəyi
ilə bu fakültədə yaradılan ingilis dilli qruplarda tələbələr
diplom işlərini ingiliscə müdafiə edirdilər.
Elə buna görə də
Amerikaşünaslıq Mərkəzindən İndiana
Universitetinə araşdırma üçün təqdiqatçılar
seçiləndə onların əksəriyyəti
tarıxçilər idi. Amma bu digər ixtisasların da
proqrama baş vurmalarına mane ola bilməzdi.
Amerikaşünaslıq jurnalistika, tarix və
siyasətin kəsişdiyi ideal bir qovşaq kimi mənim
üçün çox cəlbedici idi. Tədqiqat
üçün mövzu seçməli idim. Yaqub müəllimin açıq Qapısı və
Sözü bu dəfə də həlledici oldu - "Azərbaycan-ABŞ
münasibətləri Amerika mətbuatında" mövzusu
belə seçildi. Və bu yerdə mən
birinci dəfə Yaqub müəllimə "Sağ olun",
- deyib, Amerikaya yola düşdüm. Yaqub müəllim
birinci dəfə məni yola saldı və axtarmadı...
Bu yerdə dördüncü hekayə başlayır. Buna rusca
"svobodnoye plavaniye" deyirlər, Azərbaycanca "azad
üçüş" desək, daha dəqiq olar. Mövzunu müəyyənləşdirdiyimiz
gündən dissertasiyanı Yaqub müəllimin stolunun
üstünə qoyduğum günə kimi 3 ildən çox
vaxt keçdi. Bu 3 ildə iki dəfə
İndiana Universitetində oldum. O illəri xatırlayanda
gözümün önünə bu yaxınlarda videosunu
gördüyüm bir səhnə düşür - qarlı
dağın başında ağ ayı
balası ilə ilə gəzişir. Birdən
ana ayı balasını itələyir. Bala
büdrəyir, yamac aşağı sürüşür.
Ana ayı onun sürüşməsinə
sakit-sakit baxır, nə vaxt dayanacağını gözləyir.
Bala sürüşüb-sürüşüb,
nəhayət, özünə gəlir. Yamac
yuxarı dırmaşır. Anasının
yanına çatır. Bu dəfə də
ayı onu itələyir. Bala yenə
sürüşür. Bu məşq bala ayaqları
üstə inamla durana kimi davam edir...
Yaqub müəllim elmi rəhbər kimi alimi bu cür
yetişdirir.
Sıxmır, düşüncə
azadlığı verir və yamac boyu
yıxılıb-durmağı, ayağa qalxmağı
öyrənənə kimi məşq etməyə meydan verir.
Amma gözdən qoymur... Hərdən adama elə
gəlir ki, hətta səni unudur, yadından
çıxarır belə. Amma sən
unuda bilərsən. O unutmur. Sən
axtarmaya bilərsən. O axtarır. Gözləmədiyin
bir anda...
Bu isə beşinci hekayədir. 2016-cı ilin martı
idi. Mətbəxdə iş görürdüm. Mobil telefon zəng
çaldı, dəstəyin o başından Yaqub müəllimin
səsi eşidildi: "Əziz dost, haradasan?" Mən onda Slavyan Universitetində kafedra müdiri əvəzi
idim. Universitetdə ixtisarlar gedirdi, iki
kafedra birləşdirilmişdi. May
ayında seçki idi, bir sözlə, həyat düzənindən
çıxmışdı. Yaqub müəllim
gözləmədiyim halda məni axtarırdı və Tarix
İnstitutuna, Amerikaşünaslıq bölməsinə rəhbərlik
etməyə dəvət edirdi. "Gəl, işini
davam etdir",- deyirdi. Gələcəyimə
söz verdim, amma dedim ki, əvvəlcə universitetdəki
işləri qaydaya salmalıyam. Mayda seçkilər
oldu, 5 illiyə jurnalistika kafedrasına yenidən müdir
seçildim. Amma bu, mənim Yaqub müəllimə
verdiyim sözün qarşısını kəsə bilmədi.
O, mənə gözləmədiyim anda, ən çətin
vaxtda zəng vurmuşdu. O, məni axtarmışdı. O
unutmamışdı... O, böyüklük etmişdi...
Bu yerdə mənim növbəti hekayəm
başlayır. Günü bu gün də davam edən
hekayə. Ağlıma gəlməzdi ki,
hacansa, akademiyada, özü də Tarix İnstitutunda ayaq
saxlayacağam. Jurnalistlik taleyim fasiləsiz bir yola bənzəyirsə,
akademiya, doğrudan da, dayanacaqdır,- nəfəs
dərdiyin, olanları yenidən qiymətləndirdiyin,
ömrün yetkin cağlarında dünyaya və insanlara fərqli
nəzərlərlə baxdığın, köhnə
tanışları yenidən tanıdığın bir məkan...
Və bu məkanda Yaqub müəllimin portretinin
yeni cizgiləri göründü. Bu yazını o cizgiləri
sadalamadan bitirə bilməyəcəyəm...
O nə
özü darıxır, nə də başqalarını
darıxmağa qoyur.
O, orkestr
insandır. Hamını işlədə,
özü isə hamıdan çox işləyə bilir.
Amma hər şeyə vaxt tapır...
Onun qapısı hər zaman açıqdır. O, həmişə dinləməyə
hazırdır. Heç zaman sözü kəsmir.
Diqqətlə qulaq asır.
O istənilən
problemə çözüm tapır. Heç
vaxt çözümü pröblemə çevirmir.
O,
insanları yola verə bilir, tükü-tükdən
seçir. Kimin kim olduğunu bilir, amma
heç zaman üzə vurmur.
O, müəllimi
olduğu bütün tələbələrinin xasiyyətinə
bələddir, bəzən onların inadkarlığına,
uşaq kimi incimələrinə, hətta küsmələrinə
və nadinclik etmələrinə belə səbrlə
tamaşa edir və bilir ki, tələbələrin müəllimdən
başqa, üstünə gedəsi kimsələri yoxdur...
O, tələbələrini
və yetişdirmələrini çox sevir. Bilir
ki, bu dünyada insandan qiymətli heç nə yoxdur. Bilir ki,
dünyanın hər yerindən zərrə-zərrə
toplanıb gətirilən arxiv sənədləri nə qədər
qiymətli olsa da, onları Kimin və necə oxuyacağı
daha önəmlidir. O, bilir ki, ənənələri
yaşadan insanlardır. İnsan və milləti
yaşadan isə dəyərlərdir.
O, sahiblik
etməyi bacarır və sevir. Çünki o
bölüşməyi bacarır. Heç
kimin haqqına girmir.
O, səxavətlidir.
Onun səxavətinin ən böyük göstəricisi
vaxtını və enerjisini xeyirxah işlər
üçün bölüşməyidir. O, xoş
sözə qıyımlıdır. Tərifə
zərrə qədər də xəsislik etmir.
O, təmannasızdır.
Nəfsi toxdur. Heç vaxt
heç nə ummur. Umduğu bircə şey - elmi iş, tədqiqat və dissertasiyadır.
Onun yadından heç nə çıxmır. Gözündən
heç nə qaçmır. Xırdalıqları
seçir, amma xırdaçı deyil. İnsaflıdır,
incitməyi sevmir.
Acılara gülməyi bacarır. İncə yumor hissi var...
Onu
insanın haradan gəldiyi yox, onunla tanış
olandan sonra seçəcəyi yol maraqlandırır.
O,
kökünə bağlıdır, ona yol açan
insanları daim xatırlayır...
O,
tarixçi olsa da, hər şeyi dünənə yox, sabaha
ünvanlayır...
Onu gördüklərindən çox, görəcəyi
işlər maraqlandırır.
O, gəncləri
sevir. Onları ruhuna yaşıd bilir...
Bu, Yaqub
müəllimdir - cığırların yola
çıxdığı, özü YOLa çevrilən
insan...
Aynur Bəşirli
dosent
Olaylar.- 2019.- 9-11
fevral.- S.14.