Felyeton

 

O pəncərənin önündə dayanıb "Xəbərlər" proqramının başlanmasını gözləyirdi. Adətən bu zamanlar "Xəbərlər" kimin vəzifədən alınması, kimin yeni vəzifəyə təyin olunması, bir sözlə prezidentin sərəncamı ilə açılırdı. Amma, gözlədiyinin əksinə olaraq aparıcı heç bir sərəncam oxumadı, həvəssiz kanalı   dəyişib kreslosuna yayxandı. Böyük məmur zümrəsinə aid olsa da, onu heç kim tanımırdı. Ən çox, bəlkə də bir neçə nazirdən də artıq pul qazanırdı. Amma, bunu yalnız bir neçə nəfər bilirdi. O gözəgörünməz məmur idi. Hansı sənədi desən yazıb Nazirlər Kabinetinə qədər ötürüb imzalatdıra bilirdi. Bir sözlə sənədləri imzaya "dürtüşdürməkdə" usta idi. Əli hər yerə çatırdı. Pulu da belə qazanırdı. Hər zaman pul qazanmaq axtarışında  olub və həmişə də istədiyinə çatıb, varlanıb, ancaq pul qazanmaq istəyi heç vaxt sönməyib, əksinə qazandıqca bu istək daha da alovlanıb. Son zamanlar aparılan islahatlar ona heç təsir etməmişdi də, çünki o Məmur idionun kimi Məmurlar həmişə lazımdır. O Lazımlılıq dərəcəsini bildiyindən belə şeyləri vecinə qoymazdı. Onun üçün yeni şərait yox, yeni pul mənbələri lazım idi. O daima axtarışda olurdu.

Televizorda yeni zibil qutularının hansısa xarici ölkədən alınıb ölkəyə gətirilməsi haqqında məlumat verilirdi. Başında tez də hesabladı: "Vay, dədə vay! Gör nə qədər qabağa düşüb" deyə düşündü. "Ay lotular! Bu rəngli zibil qutuları nəmənə şeydir ki, xaricdən alıb gətirirsiniz? Özüsintetika, qranul bizdə. Bəs niyə xaricdən alıb gətirirlər? Yox bunu yüz faiz bizdə hazırlayırlar. Elə: Ledi Şarm", nə bilim o brend kostyum, ayaqqabılar kimi" fikirləri beynindən keçdi.

Amma,  o belə şeylərə fikir verməzdi. Bu barədə heç kimə bir söz deməz, irad bildirməzdi. Hərə bir cürə pul qazanır "qaz vurub, qazan doldurur".

"Nə olsun ki, kanalizasiya lüklarının qapaqlarını xaricdən altı yüz dollar alıblar, heç suburaxan deşiyiyoxdur. Bilirəm ki, onun qiyməti ən uzağı yüz dollardır. Heç o da olmaz. Amma, nəyimə lazım? Edir, qoy etsin! Bacarana can qurban! Yaşamağı bacarır e... Hələ sən o birisinə bax e... Köhnə liftləri təzə adıyla xalqa sırıyıb. Sovet dönəminin liftlərini alıb gətirir Bakıya. Bilir ki, söz deyən olmayacaq. Hələ sən o yerin altında işləyənə bax, köhnə vaqonları müasir, vaqon kimi mətbuata təqdim edir. Zalım oğlu elə danışır ki, elə bil bu vaqonları Yaponiyadan gətirib. Guya yerin üstündəki ondan yaxşı işləyir? O da təzə vaqonlara köhnə paravoz qoşur. Mən ölüm bunlar lotudurlar. Adama təzəyi konfet kimi sırıyırlar, heç "uf" da demirlər. Sən bu konfeti bəh-bəhlə yeyirsən. Yox belə şeylər mənim üçün köhnəlib. Lotuluqdursa, elə etməliyəm ki, onlardan beş addım qabaqda gərək olam. Elə bir şey edəm ki, məni öz aralarında, bu məsələdə ən bərk gedən hesab etsinlər. Gərək kreativ olam..."

Onu fikirdən televizorda verilən növbəti xəbər ayırdı. Aparıcı deyirdi ki, bəs Bakı bazarında bir dənə alçanın qiyməti 6-8 manatdır. Kim istəyir gəlib alsın.

Əlini-əlinə vurub qəhqəhə çəkdi. Səsə əzilə-büzülə katibə içəri girdi. Şefinə baxıb bir söz demədi. Dikdabanının üstündə yüz səksən dərəcə fırlanaraq qəbul otağına qayıtdı. Bilirdi şefi belə gülürsə, deməli nəsə yeni bir şey fikirləşib.

Ancaq məmur onun gəlişinə heç fikir vermədi . İndi onun başında ölkəyə səs salacaq fikirlər vardı. Həm pul qazanacaqdı, həm o lotu məmurları kreativ ideyaları ilə vurub keçəcəkdi.  Barmaqlarını kompyuterin klaviaturasında gəzişdirməyə başladı...

Səhərisi ölkənin xəbərlər camesinə elə bil bomba düşmüşdü. Hər kəs bu xəbərdən danışırdı. Gülən kim, ağlayan ki, təəssüf edən kim. Sən demə bu ixtiraçı Məmur gözəgörünməz ustalığından istifadə edərək qərar imzaladıb... kim meşədən meyvə yığacaqsa kilosuna filan qədər, ot-ələfə isə ondan bir qədər az miqdarda pul ödəyəcək".

Görünməmiş iş idi. İxtiraçı məmur "ağlına görə"  o biri lotu məmurları üstələmişdi. O indi onları "çaya susuz aparıb, susuz gətirə" bilərdi. Hələ bunu qeyd etmək istəyir də. Axşama o biri məmurlara qonaqlıq da verəcək, orada üstünlüyündən öyüncək və qürrələnəcəkdi. Nahardan bir qədər keçmiş elə bil qurbağa  gölünə daş atdılar. Məmurun şefi onunla sərt danışdı və bildirdi ki, "meşədə giləmeyvədən haqq almaq" qərarını ölkə başçısı ləğv edib. Bir də belə şeylər etmə.

İndi ixtiraçı məmur daha orginal şeylər haqqında düşünür. Elə bir ideya düşünür ki, onu heç ölkə başçısı da ləğv edə bilməsin.

 

Yunus Oğuz

 

Olaylar.- 2019.- 9-11 fevral.- S.9.