İsmayıl Osmanlı - Azərbaycan

səhnəsinin Fəzli, Kələntəri...

 

"Mən necə ki, görürsünüz, Hamletə, İsgəndərə oxşamıram. Mənim qəhrəmanlarım adi adamlardır. Rol üzərində işləməyə başlayarkən çalışıram ki, göstərim o adam necə yeriyir, necə danışır, adamlara münasibəti necədir?! Ümumiyyətlə çalışıram ki, tamaşaçıya onu hərtərəfli tanıtdırım. Hər şeydən əvvəl sünilikdən çox qorxuram. Axı, adamlar xasiyyətcə bir-birinə oxşamır..."

Milli teatrkino sənətimizdə həm şəxsiyyətləri, həm də canlandırdıqları müxtəlif obrazları ilə yaddaşlarda iz qoyan sənətkarlar çoxdur. Bu sənətkarlardan biri də "O olmasın, bu olsun" (Rza bəy), "Mən ki gözəl deyildim" (Şərif), "İyirmialtılar" (Şahbazov), "Ulduzlar sonmür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və s. filmlərdə yaddaqalan obrazlar yaradan İsmayıl Osmanlıdır.

İsmayıl Osmanlı 1902-ci il aprel ayının 24-də Şəkidə yoxsul bir ailədə dünyaya göz açıb. 11 yaşında olarkən atası Osman vəfat edib. Atasının ölümündən sonra mükəmməl təhsil ala bilməyən İsmayıl Şəki İpək Fabrikində, dabbaqxanada əziyyətli işlərdə çalışmağa başlayır. 1920-ci ildə o, Şəkidəki fəhlə-kəndli klubunda fəaliyyət göstərən, həvəskar aktyorları bir məram ətrafına toplayan dram dərnəyinə üzv yazılır. İki ildən sonra Gəncəyə köçürlər və o, altı il buradakı həvəskarlar teatrında çalışır. Təbii ki, o, burada aktyorluq sənətinin incəliklərinə müəyyən qədər bələd olur və tanınmağa başlayır. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alması da məhz tanınması ilə əlaqədar olmuşdur. Həvəskar aktyorun Tiflis həyatı çox çəkməyib. Bakıda fəaliyyət göstərən Milli Dram Teatrının truppasına qəbul olan İsmayıl Osmanlı ömrünün və fəaliyyətinin sonuna kimi bu qocamanakademik sənət ocağında yorulmadan çalışıb.

İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub. Keçəl Aslan, Fon Hols, Şaliko ("Xanlar", "İnsan" və "Vaqif", Səməd Vurğun), Əmrah ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Şeyx Hadi, Vali, Şakro ("Şeyx Sənan", "Səyavuş" və "Knyaz", Hüseyn Cavid), Munis, Kərim Rəhimli ("Nizami" və "Alov", Mehdi Hüseyn), Əliş ("Qatır Məmməd", Zeynal Xəlil) və başqa rolları bu qəbildəndir.

Tamaşaçıda həmişə xoş hisslər yaratmaq üçün oynadığın rolun böyük olmasına ehtiyac yoxdur, əsl aktyor epizodik rollarda belə səhnəyə çıxdığı zaman öz müsbət enerjisini tamaşaçıya ötürməyi, obrazında həyatilik və təbiilik yaratmağı  bacarmalıdır. İsmayıl Osmanlı da belə sənətkarlardan biri idi.

O həm faciə, həm dramatik, həm də yumorlu obrazlar yaradıb ki, hər birində tamaşaçının sevgisini, nifrətini və təbəssümünü qazana bilib.

"Mən özüm "Tarixi-nadir" kitabını yarıya qədər oxumuşam, amma sənin dediyini anlamıram. Bu bisavdlar hardan başa düşsün?!"

1956-cı ildə çəkilmiş Hüseyn Seyidzadənin "O olmasın, bu olsun" filmində Məşədi İbad tərəfindən səslənən və bu gün də dillər əzbəri olan, az qala el məsəli kimi işlənən bu sitat məhz qəzetçi Rza bəyə (İsmayıl Osmanlı )söylənmişdi.

Filmin qonaqlıq səhnəsində Rüstəm bəyin Məşədi İbada qız verməsini "Kişiyə yox, kişinin puluna" amili ilə əlaqəndirərkən Rza bəyin maraqlı xarakterini İsmayıl Osmanlı olduğu kimi tamaşaçıya çatdırır.

Aktyor, mətbuat səhifələrində yalaniftiralar yazıb pul qazanan satqın jurnalist Rza bəy vasitəsilə dövrün çıxarlı ziyalılarını bütün ustalığı ilə ifşa edir.

1968-ci ildə yazıçı Bayram Bayramovun eyniadlı povesti əsasında ekranlaşdırılmış "Mən ki gözəl deyildim" filmində aktyorun epizodik Şərif obrazını xatırlayaq. İsmayıl Osmanlı poçtalyonu elə incə cizgilərlə tamaşaçıya təqdim edir ki, öz sənətkarlığına və canlandırdığı obraza heyranlıq qazandırır. Sənətkar bütün filmlərində zahirən sadə insan obrazı yaratsa da həll edici məqamlarda iştirak edir. Kələntər obrazı bunun bariz nümanəsidir...

"Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı...!"

Rejissor Tofiq Tağızadənin, 20-ci illərin komsomolçuları haqqında romantik hekayət adandırdığımız "Yeddi oğul istərəm" filmində (1970) çətin və olduqca mürəkkəb obraz olan Kələntər rolunu İsmayıl Osmanlı o qədər ustalıqla canlandırıb ki, bu obraz tamaşaçıların həqiqi nifrətini qazanıb. Filmin əvvəlində onun xeyirxah insan olduğu düşünülsə də, sonda gülləni Cəlala tuşlayanda əsl siması ortaya çıxır.

Cəlal obrazını canlandıran əməkdar artist Ənvər Həsənov müsahibələrinin birində deyib ki, "İsmayıl müəllim çox gözəl insanaktyor idi. Ölümündən bir-iki il qabaq onunla qrim otağında görüşdük. Ayağa qalxıb məni qucaqladı və kövrəldi ki, ay Ənvər, sən məni öldürdün. Gərək bu yaşımda mən o rolu üzərimə götürüb, xalqın nifrətini qazanmayaydım. Mən onu sakitləşdirdim. Dedim, ay İsmayıl dayı, görün siz bu obrazı necə məharətlə oynamısınız ki, xalq sizə inanıb. Toxtaqlıq verdim ki, bunu ürəyinə salmasın. Amma bu rola görə içində bir sınıqlıq qalmışdı."

Əlbəttə ki, "Kələntər" nə qədər sevilmirdisə "Şahbazov" o qədər çox sevilirdi.

Sənəktar, Əjdər İbrahimovun rejissoru olduğu "İyirmialtılar" filmində Şahbazov personajının cizgilərini ustalıqla canlandırıb.

Aktyor, Şahbazov obrazında  rus fəhləsinə "Sizin bolşeviklərinizi bircə-bircə pif-paf etmək olar, amma türklərlə zarafat etmək olmaz" deyərkən onun nə qədər ciddi bir şəxs olduğunu üzə çıxarır. Digər tərəfdən biz Şahbazovun komik elementlərinə də İsmayıl Osmanlının ustalığı sayəsində şahid oluruq. Filmdə onun ciddi xarakterilə yanaşı məzəli atmacaları, zarafatyana müraciətlərini də izləyirik.

Sənətkar filmdə Şahbazovun həm mənəvi, həm də, siyasi qələbəsini tamaşaçıya məharətlə çatdırır.

İsmayıl Osmanlının zəngin obrazlar qalereyası unun ustalığından xəbər verir. Qəzetçi Rza bəy, qayğıkeş poçt müdiri Şərif, şit-şit irişən Kələntər dayı, tamaşaçıların sevimli Şahbazovukinoda yaratdığı ən müdrik obraz Fəzlullah Nəimi obrazları bu ustalığın sadəcə kiçik bir göstəricisidir.

İsmayıl Osmanlı 1973-cü ildə rejissor Həsən Seyidbəylinin Azərbaycan xalqının görkəmli şairfilosofu, hürufi təriqətinin nəğməkarı, orta əsrlərin zülməti içərisində günəş kimi parlayan İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuş "Nəsimi filmi"ndə, Fəzlullah Nəimiyə həyat verib.

Filmi izlərkən anlayırsan ki, təsəvvüfi cərəyan olan hürufiliyin banisi və İranın ən nəhəng sufilərindən biri olan Fəzli, İsmayıl Osmanlıdan daha yaxşı heç kim canlandıra bilməzdi. Bu müdrik obraz sanki onun üzərinə yazılmışdı.

"Nəsimi" filmində Fəzlullah Nəimi obrazını İsmayıl Osmanlının Azərbaycan kinosunda həyat verdiyi ən müdrik obraz adlandırmaq olar. Bu obrazı canlandırmağın məsuliyyətini üstələyən aktyor rolunun ifasından məharətlə gəlmişdir. Fəzli tanımayan tamaşaçı belə onun canlandırması ilə Nəimi obrazında dövrünün böyük şairi, mübariz, öz əqidəsinə sadiq insanı görəcəkdilər. İsmayıl Osmanlı öz simasında tamaşaçıya Nəiminin bütün istəklərini, əzablarını, iztirablarını göstərir...

Bənzərsiz kinoteatr aktyorunun Fəzlullah Nəimi və onun kimi bütün obrazları Azərbaycan xalqının yaddaşında daimi, silinməz iz qoyub.

O teatrkino sahəmizdə göstərdiyi xidmətə görə dövlət tərəfindən yüksək qiymətləndirilən sənətkarlardan biridir. 1940-cı ildə respublikanın əməkdar, 1949-cu ildə xalq artisti adına ayiq görülüb. 1974-cü ildən isə keçmiş SSRİ-nin xalq artisti fəxri adını daşıyan İsmayıl Osmanlı 22 iyun 1978-ci il tarixdə vəfat edib, məzarı Fəxri xiyabandadır.

 

Nigar Orucova

 

Olaylar.-2019.- 12 fevral.- S. 12.