Səssiz yeriyən ADAM

 

Akademik Nizami Cəfərovun 60 illiyinə

 

O səssiz yeriyir. Çoxları onu başa düşmür. Bəzilərinə sadə, bəzilərinə qəliz, bəzilərinə isə "özününkü" kimi görünür bu ADAM. Deyər, gülər, fikir bildirər, ancaq səssizliyin içindən boylanar bu ADAM.

Minillərin yükünü, biliyini, dərdini çəkir bu ADAM. Ona görə səssiz yeriyir. Qorxur ki, çəkdiyi bu yük dağılıb tökülər, məhv olar, töküləni kimsə qaldırmaz, heyf olar. Ona görə ehtiyatla yeriyir, səssiz yeriyir. Anlayır ki, bu millət, bu xalq, bu tayfa, bu qəbilə ona bir ƏMANƏT qoyub; QAN YADDAŞI ƏMANƏTİ. Bu yaddaşı hər kəsə ƏMANƏT qoymurlar. Bu YADDAŞI SEÇİLMİŞlərə ƏMANƏT verirlər.

Onun səssizliyinin içində MÜDRÜKLÜK var, MƏSULİYYƏT var. Bu üzdən SƏSSİZ yeriyir, SƏSSİZ danışır.

Onun SƏSSİZ addımlarının səsini eşidirəm. Səssizlik SƏS yaradır, MÜHÜT yaradır, MƏKTƏB yaradır.

İlahi! Bu səssizliyin içində nələr yoxdur? Min illərin tarixi, dili, şifahi yazılı ədəbiyyatı. Səssiz danışır. İçindən tarixi dostları axışıb gəlir. Bu günün dostları yox eee... Bu bilikləri ona ötürən dostlar axışıb gəlir. Deyirlər, öyrədirlər, ötürürlər. Tarixi pıçıldayırlar, dilimizin mükəmməlliyini gözəlliyini ötürürlər ona. Ətrafdakı dostlardan da ehtiyatlı olmağı məsləhət görürlər. Yükünü heç kimə verməsini istəmirlər. Başını müdrükcəsinə yelləyərək səssiz yeriməyində davam edir.

Ağır olan ətrafı onu başa düşmür. İstədikləri dövrün yaşam istədikləridir. Birinin ailə vəziyyəti ağırdır, biri elmdə, digəri bədii ədəbiyyatda qısırdır. Ətrafının hay-küyü onu səssiz yeriməyə vadar edir. O, bu dünyanın dərdini, sərini həll etməyə gəlməyib. Onun missiyası başqadır. Ancaq kimə deyirsən, kimi başa salasan? Bu üzdən, o içində səssiz yeriyir. Qarşısına qoyulan Ali məqsədə doğru yeriyir... səssiz yeriyir. Onu başa düşənlər barmaq sayı qədərdir. Arada dayanıb nəfəs alır, ətrafına baxır. Onlar harda, o harda? Arada təəssüf edir. Seçilmişlərin bəziləri sosial, ailə qayğıları içində itib batır, sonra HAMIYA qarışırlar. Əlini atıb onları oradan çıxartmaq istəyir. Amma ağır ƏLLƏR onu özlərinə doğru çəkməyə başlayanda, o geri çəkilir. Sonra yenə SƏSSİZ yeriməyinə davam edir.

O hissəcikləri, dağılıb itməkdə olanları kütlə halına gətirməyi bacarır. Sonra bu kütləni strukdurlaşdırır, suxurlaşdırır, ona forma məzmun verir.

Səssiz yeriyə-yeriyə RUHUNU keçmişdən gələcəyə daşıyır. Daşıdıqca hər dayanacaqda vaxtı zamanı bitmiş hissəcikləri, kəsləri elə o ayanacaqda düşürür, özünü silkələyib yeni səssiz yoluna davam edir.

Yeridikcə kəhkəşanları görür, onların içində millətin tutacağı, dilinin söykəndiyi mənbəni görür, qürur duyur, fəxr edir, qürurlanır.

Dostlar arasında güləndə, gülüşü titrəməyə, zəlzələyə çevrilir. Çoxları görmür bu titrəmənin, zəlzələnin içindən nələr tökülüb səssiz yeridiyi yollarda  qalır. Yad ünsürləri, nifrəti, xəyanəti, satqınlığı, əcaib-qəraib şeyləri özü ilə  apara bilməz bu yolçuluqda. Gülüşü, zəlzələsi onları töküb sökür bu yollarda. Bu səssizlikdə saflıq lazımdır, sevgi lazımdır. Bu eşqin yoludur. Səssizlik həm Tanrı YURDUDUR. Tanrı yoluna bundan savayı yol yoxdur.

Səssizlikdə yaşayan onun qəlbidir, beynidir, düşüncələridir, fikirləridir. Özünün xəbəri olmadan beynində "fikir qəbirstanlığı" yaradıb. Səssizcə ölən fikirlərini, düşüncələrini beynindəki "fikir qəbirstanlığı"nda basdırır. Sonra  buna səssizcə peşman olur, fəryad edir, təəssüflənir, amma yenə səssizcə yoluna davam edir.

Yeriyən adam yolçudur. Yolçuluğun məramı, məqsədi olar. Səssiz yeriməyinsə öz aləmi,  öz xatirələri var, hər mənzilin öz dayanacağı var. Bu dayanacaqda səssizcə lazım olamayanlar tökülür... tökülür... gərək olmayanlar bu dayanacaqlarda tökülüb qalır. O isə səssiz yoluna davam edir. 

Onun üçün VƏTƏN MİLLƏT deyil, MİLLƏT VƏTƏNdir. O yoldan nələr görünür... nələr? İlahi EŞQdən başlayan MİLLƏT, VƏTƏN, DÖVLƏT.

Səni sevəcəklər , tənqid edəcəklər .

VƏTƏN- səni sevməyəcək hər yoldan ötən!

Yol gedirsən səssiz yeriyirsən bu yolda. Sən bu yoldasan.

MİLLƏT yolu ruhunda!

VƏTƏN yolu canında!

DÖVLƏT yolu qanında!

İLAHİ EŞQ yolu  VƏHDƏTİ VÜCUDUNdur.

VƏHDƏTİ VÜCUDUN mübarək olsun! Bu üçü olmasa VƏHDƏTİ VÜCUDUN olmaz"

Səssizliyin mübarək!

 

Yunus Oğuz

 

Olaylar. – 2019.- 12 fevral.- S.9.