Ovuc içindəki şəbəkə
Təxminən il yarım əvvəl olardı. Avtobusda məndən qabaqda
oturan iki xanımdan biri düşməyə hazırlaşarkən
o birindən soruşdu
ki, facebook səhifəsi
varmı? "Yoxdu" cavabını alan qadın "çüşkasan
ki..." dedi.
Ardınca da "bəyəm evdə internet yoxdu?" deyə soruşsa da gülməkdən
özünü saxlaya
bilmədi. Bu biri qadın da
güldü. Təbii ki,
rəfiqəsinin zarafat etdiyini
anlamışdı. Sərnişinlər də güldülər,
hətta əsəbiləşən də tapıldı. Sonra da başladılar mövzunun müzakirəsinə. Bilən bir söz, bilməyən iki söz dedi.
İnterneti icad edəni
söydülər, instagramda
şəkil paylaşan insanları başa düşmədiklərini dilə gətirdilər,
whatsApp-da yazışan gəncləri
yıxıb-sürüdülər, youtube
baxmağın əxlaqsızlıq olduğunu
vurğuladılar, sosial şəbəkələrdən
istifadə edən yaşlı-başlı adamları top atəşinə tutdular.
Bir sözlə, virtual
dünyanı ağ yuyub,
qara sərdilər. Və bu qədər dedi - qodunun içində mənə bir şey aydın oldu ki, insanların çoxu hələ də kompüter
texnologoyalarının üstünlüklərini, internet dünyasının faydalı tərəflərini
görmürlər, ya da
görmək istəmirlər.
Doğrudu qadın özünün rəfiqəsi haqqında kobud, təhqiramiz söz işlətdi, amma sözündə bir həqiqət də var idi. Bu gün virtual dünya ilə real həyat arasında elə bir körpü var ki, çoxluq burdan keçir. Kimi rahat keçir, kimi də yıxılır, büdrəyir. Hər kəs öz xarakterinə uyğun, fərdi dünyası, fərqli baxış bucağı ilə o körpüdən istifadə edir. Baxır kim o körpüdən keçəndən sonra özünü qarşıdakı yolun toz-torpağına batırır, kim də yolun təmiz hissəsində, rahat, abad yerində irəliləyir. Bu gün virtual dünya həyatımızın bir parçasıdır, internetsiz həyatımızı təsəvvür etmək mümkün deyil. İnternet insanların yaşayışını rahat edib. Bütün yazışmalar, hesablaşmalar internet üzərindən aparılır. Bunun nəyi pisdi ki?!
Sosial şəbəkələr hər ailəyə daxil olub. Sadəcə internetin insanları düşünməyə vadar edən bir sual var ki, sosial şəbəkələr ailə üzvlərini, yaxın qohumları, dost-tanışları bir-birindən ayrı salır, yoxsa daha da yaxınlaşdırır? Sosial şəbəkələrdən istifadə edən insanlar bunun faydalı tərəflərindən yararlanır, yoxsa zərərli yönlərinə istiqamətlənirlər? Facebook, twitter, instagram, whatsApp və youtobe kimi şəbəkələr bu gün insanların ovcunun içindədi. Əlindəki telefona toxunmaqla dünyanın bir günlük, bir saatlıq, bir anlıq vəziyyətini öyrənə bilirlər.
Azərbaycanda sosial şəbəkələrin facebook hesabından daha çox istifadə olunur. Bu şəbəkə 2004-cü ildə yaradılıb, on beş yaşı var. Deməli o, on beş ildi insanların beynində, ürəyində olanları, eləcə də hiss və duyğularını idarə edir, yönləndirir. Bu şəbəkə cəmiyyətdə baş verən proseslərə xeyli təsir edir - bu danılmazdı. İctimai-siyasi proseslərdən tutmuş, ədəbi cərəyanların yaratdığı ab-hava facebook hesabından öyrənilir, müəyyən məlumatlar əldə edilir. Ona görə də balaca uşaqdan tutmuş böyük adamlara qədər burada hər kəs vəzifəsindən və tutduğu ictimai-siyasi mövqeyindən asılı olmayaraq bir-biri ilə dostlaşmağa çalışır. Facebookdakı dostluq real dostluqdan virtuallığı ilə fərqlənir. Burada illərlə bir-birini görməyən insanlar bir araya gələ bilirlər. Onlar hansısa bir mövzunun ətrafında birləşərək eyni fikir yürüdürlər. Facebook insanların iç üzünü göstərə bilir. Burada kimin kim olduğu yazılardan, status və şərhlərdən bəlli olur. Çünki hər kəs ortaya öz xarakterinə uyğun, həyatda tutduğu mövqeyi ilə üst-üstə düşən fkir qoyur. Facebook azərbaycanlıların dostu, hətta deyərdim ki, doğmaları, əzizləri qədər yaxınına çevrilib. Ölkə prezidentindən tutmuş sıravi pensionerlərə qədər hər kəsin facebook hesabı var. Nə gözəl!
Sosial şəbəkələr insanların əyləncə yeri yox, məlumat mənbəyi olmalıdı. Qardaş türklər sosial şəbəkələrə "sosial mediya" deyirlər. Məncə, bu, daha doğrudu. Bu baxımdan facebook şəxsən mənim üçün informasiya mənbəyi rolunu oynayır. Bəzən tanınmış insanlar, elm, sənət adamları, yaxud da müğənnilər instagram, ya da facebook səhifələrində bir məlumat yazırlar. Bunu görən çoxlu sayda sayt həmin məlumatı xəbərə çevirib tirajlayır.
2011-ci ildən facebook
hesabım var. Bu virtual dünyada
dostlarımla hər gün ünsiyyət qururam. Onların arasında
müxtəlif peşə
sahibləri, sənətkarlar,
elm, mədəniyyət və
din xadimləri, alimlər,
tələbələr, yazıçılar,
jurnalistlər, həkimlər,
psixoloqlar, hüquqşünaslar,
müəllimlər var. Həmin
insanlar müntəzəm
olaraq öz fikirlərini burada bölüşürlər. Bu insanlar ümumi dünyabaxşından əlavə
peşəsi ilə bağlı yeniliklərdən
yazırlar. Dostlar
həkimlərdən məsləhət
alır, hüquqşünaslar
qanunları izah edir, alimlər ixtiralardan söz açır, inscəsənətlə
məşğul olanlar
müxtəlif sənət
nümunələrini nümayiş
etdirir, müəllimlər
təhsilin problemlərini
qabardır, çətinliklərin
aradan qaldırılma
yollarını izah edir, həkimlər tibb aləmində baş verən yeniliklərdən yazırlar,
SÖZ adamları yaradıcılıqlarını
bölüşürlər. Bir qrup adam var ki, facebookdan daha çox fayda götürür, gördüyü işləri,
maraqlı məlumatları
paylaşır. Bu paylaşımlar bir növ reklam xarakteri daşıyır.
Ovucda olan sosial şəbəkə
insanları sosiallaşdırır.
Burada müəyyən
məsələlər müzakirə
olunur, problemlər ortaya qoyulur. Mətbuatda olduğu
kimi facebookda da hansısa bir məmurun özbaşınalığı tənqid olunur. Heç kimə sirr deyil ki, bir
çox hallarda bəzi dövlət qurumlarının qapısını
açmaq olmur, bürokratilk əngəllər
insanların məmurlarla
canlı görüşünə
mane olur. Bu baxımdan facebookda yazılan statusa, çağırışa, müraciətə
bir çox hallarda əlaqədar qurumlar tez reaksiya
verirlər. Bəzən elə
olur ki, kimsə probleminin həlli ilə əlaqədar hansısa bir məmura müraciət ünvanlayır,
ərizə yazır,
amma o qurumda onun məktubu sahibinə çatmır,
yaxud da çatdırılmır. Amma həmin şəxs yazdıqlarını facebook
vasitəsi ilə ictimailəşdirəndə qarşı
tərəfin canına
isti keçir və ona gərək
olan cavab verilir.
Bəzən iri vəzifə sahibləri, ölkənin
idarəçiliyində oturan
şəxslər sosial
şəbəkələr haqqında əks fikirlər səsləndirirlər. Guya ki, facebookdan istifadə edənlər işsiz, avara adamlardı. Əslində onlar qorxularından
bu cür söz deyirlər. Çünki məmurların özbaşınalığı,
süründürməçiliyi, yaratdıqları bürokratik
əngəllər burada
ictimailəşir, gizlində
qalmır. Onlar bilirlər
ki, ölkə prezidentinin də rəsmi facebook və twitter səhifəsi
var. Cənab İlham Əliyev demək olar ki, müntəzəm
şəkildə sosial
şəbəkələrdə yazılanları izləyir,
kimin nə yazdığından xəbərdar
olur. Ona görə də
ifşa olunacaqlarından
çəkinirlər. Məsələn, bu günlərdə
Nazirlər Kabinetinin
"Meşə təsərrüfatına
dəymiş ziyana görə maddi məsuliyyətə cəlb
edilmə qaydaları"
haqqında qərara edilən dəyişikliyə
facebookda təpki verildi. Burada hər üç
statusdan biri qərarla bağlı əks fikirlər və hökumətin tənqidi idi. Nə yaxşı ki, prezident qərarın
ləğv olunması
haqqında göstəriş
verdi. Əminəm ki, ölkə prezidenti İlham Əliyev facebookda yazılan tənqidi fikirləri oxuyub. Ona da əminəm ki, prezident bu
göstərişi verərkən
təkcə yerlərdən
gələn müraciətləri
nəzərə almayıb,
o, həm də facebookda yazılan tənqidi fikirlərə münasibət bildirmiş
olub.
İnsanların çox gözəl
yardımçısı olan
bu şəbəkə
bəzən iş və ailə həyatına mənfi təsirini də göstərir. Həddən çox facebooka
bağlananda, günün
çox hissəsini burada keçirəndə
problem yaranır. Dost-tanış, yaxın qohumlarla, hətta ailə üzvləri ilə belə canlı ünsiyyət pozulur, get-gəl azalır. Bəzən yaxın insanlar
aylarla bir-birinin üzünü canlı deyil, whatsAppda danışarkən görməli
olurlar. Bu, əlbəttə yaxşı
hal deyil. Sosial şəbəkələrdən lazımsız yerə istifadə etmək, orada çoxlu vaxt itirmək, əylənmək psixoloji
gərginlik yaradır,
ailədə bəzi problemlər yaradır.
Ən qorxulusu isə zaman itgisidir. Bu problemlər əsasən
sosial şəbəkələr
yeni yarananda olurdu.
Vaxt keçdikcə
insanlar onun faydalı tərəflərindən
istifadə etməyə
üstünlük verdilər. İndi
ziyalı insanlar, millətin öndə gedən təbəqəsi,
eləcə də iş adamları sosial şəbəkələrdən
məqsədli surətdə
istifadə edirlər.
Onlar işlərini yönləndirmək,
çalışdıqları sahə üzrə əlavə məlumat almaq üçün facebooku, instagramı ən yaxşı mənbə hesab edirlər. Müğənnilər bütün mahnılarını
instagramda paylaşır,
youtube yükləyirlər.
Sosial mediya dünyanı ovucdakı şəbəkədən öyrənir
və idarə edir. Bunu görməyənlər və bacarmayanlar zamanla ayaqlaşmaqdan qorxanlardı. Zaman isə ovucda tutulan sərçə kimi çırpınır,
uçmağa can atır...
Züleyxa NADİR
Olaylar.- 2019.- 13 fevral.- S.13.