“Mən hər iki ölkənin vaxtı ilə
işləyirəm”
"Bura köçəndə
soyuqqanlı cəmiyyətə uyğunlaşa bilmirdim"
Son vaxtlar
bir sıra internet portalları onun okeanın o tayından
hazırlayıb göndərdiyi yazıları məmuniyyətlə
oxuculara təqdim edir. Həmin yazılarda vətəndən
çox uzaqlarda - Amerika Birləşmiş Ştatlarında
yaşayıb-yaradan, müxtəlif sahələrdə
çalışan azərbaycanlıların kimliyindən bəhs
olunur. Müsahibimiz Amerikadakı soydaşlarımızı
bizə tanıdan Elman Eldaroğludur.
- Öncə sizi
yaxından tanıyaq. Elman Eldaroğlu kimdir?
- Elman Eldaroğlu 1966-cı ildə Sumqayıt şəhərində dünyaya gəlib. Əslən Yardımlı rayonundandır. "Yardımlı Xeyriyyə Cəmiyyəti" İctimai Birliyinin sədri, "Yardımlının Səsi" müstəqil qəzetinin təsisçisi və baş redaktorudur. "Alın yazısı", "Bir yarpaq ömrü", "Bir elin övladları", "Ömrün Yardımlı döngəsi" kitablarının və 20-dən çox publisistik kitabçanın müəllifidir. Azərbaycan Jurnalistlər Birliyinin və eləcə də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
- Amerikaya
gedişiniz necə baş verdi və nə zamandır ki, orada
yaşayırsız?
- Həyat
yoldaşım burada doktoranturada təhsil alır. Bildiyiniz
kimi, doktoranturada təhsil uzunmüddətli olduğu
üçün, ailə pərakəndə düşməsin
deyə, mən də buradayam. 2015-ci ildən ABŞ-da
yaşayırıq...
- Bu illər ərzində tam olaraq
Amerika mühitinə uyğunlaşa bilmisinizmi?
- Əvvəllər
çox çətin idi. İctimaiyyətlə sıx əlaqədə
olan bir adam kimi, buradakı soyuqqanlı cəmiyyətə
uyğunlaşa bilmirdim. Ünsiyyətdə olmağa, fikirlərimi
bölüşməyə demək olar ki, bir kimsə yox idi.
Sonra dil kurslarına yazıldım. Orada özümə necə
deyərlər, yeni dostlar tapdım. Yəni mənimlə dil
kurslarına qatılan ruslar və türklərlə
dostlaşdım. Bir müddət sonra iş izni alıb
çalışmağa başladım. Yavaş-yavaş,
addım-addım mənim üçün yeni olan bu cəmiyyətə
qaynayıb-qarışmağa səy göstərdim. Amma yenə
də özümü Vətəndəki kimi rahat hiss etmirəm.
İllərlə qazandığım dostlardan, mənə əziz
olan insanlardan, doğmlarımdan ayrı düşmüşəm.
Belə götürəndə heç bir çətinliyim
yoxdur, dolanışığım çox
yaxşıdır, fəqət çatmayan bir şey var - Vətən!
- Bəzilərinə görə,
Amerika cəmiyyəti çox mühafizəkardır. Əsasən
mühafizəkarlıq nədən ibarətdir?
- Amerika nəhəng
dövlətdir, burada elə ştatlar var ki, ərazisi Azərbaycandan
dörd-beş dəfə böyükdür. 250 illik müstəqillik
tarixi olan bir ölkə əlbəttə ki, oturuşmuş,
qanunların ali olduğu bir yerdir. Burada milli idealogiya çox
güclüdür. Uşaq bağçasından tutmuş
orta məktəbin sonuncu sinfinə qədər insanların
beyninə vətənpərvərlik ruhu aşılanır.
Adam burada ev-eşiksiz, ən kasıb amerikalının da
yanında bu ölkəni pisləyə bilməz. Həmin dəqiqə
mənfi reaksiyanı hiss edəcəksən. Doğrudur, burada
milli ayrı-seçkilik yoxdur, amma bu, Amerikaya gələn
birinci nəsil insanlara çox vaxt aid olmur. Yəni ABŞ-a
ilk gələn insan həmişə əziyyət çəkir,
çox çalışır. Ondan sonrakı nəsil
üçün rahat həyat adi bir tərzə çevrilir.
Tək işləyib bir ailəni saxlamaq çox çətindir,
işləmək yaşına çatmış hər kəs
hökmən haradasa çalışmalıdır. Burada da
neqativ hallar yetərincədir. Mən onları sadalayanda
çoxları inanmaq istəmir. Heç onlar barəsində
danışmayacağam da. Amma ABŞ təhsil almaq, elm sahəsində
inkişaf etmək, bizneslə məşğul olmaq
üçün misilsiz bir məkandır. Heç kim sənə
mane olmur, əksinə, üzərində həmişə
dövlətin qayğısını hiss edirsən...
- Amerika ilə Azərbaycanı
müqayisə edərkən hansı fərqləri sadalaya bilərsiz?
- İcazə
verin, bunu bir-iki cümləylə ifadə edim. Bizdə mənəviyyat
güclü olsa da, təfəkkürdə problemlərimiz
var, burada isə mənəviyyat zəif, təfəkkür
çox güclüdür...
- Son vaxtlar Modern.az və digər
saytlarda bir-birindən maraqlı yazılarla
çıxış edirsiz. ABŞ-da yaşayan azərbaycanlıları
tapıb, onlar haqqında bilmədiyimiz informasiyaları
oxuculara çatdıra bilirsiniz. Onları tapmaq asan, yoxsa
çətindir?
-
Çox sadə. Mən azərbaycanlıyam,
amerikalıların arasında hər bir azərbaycanlı mənə
doğmadır. Əvvəlcə çox götür-qoy
etdim. Ölkə böyük, əhalisi 330 milyona yaxın. Bu
qədər insanın içindən azərbaycanlıları,
özü də sıradan bir nəfər deyil, müxtəlif
uğurlara imza atan, oxucular üçün də maraqlı
olacaq soydaşlarımızı axtarıb tapmaq mənə
çox çətin gəlirdi. Amma bir gün qərara
aldım ki, köhnə peşəmi işə salım. Nə
qədər ki, buradayam mən də xalq üçün
faydalı iş görüm. İlk olaraq yaxından
tanıdığım insanlardan yazdım. Gördüm ki, Azərbaycan
mətbuatı maraqla bu yazıları dərc edir və buna həqiqətən
də ehtiyac var. Sonra əhatəni genişləndirdim.
Amerikada
yaşayan soydaşlarımızın sosial şəbəkələrdə
olan qruplarında elan verdim ki, kim özündə ictimaiyyətə
təqdim olunası uğurları görürsə, səsimə
səs versin. Beləliklə, düşünüb işə
saldığım, bu şəxsi layihəm həyata
keçməyə başladı. Müraciətlər gəldikcə,
yazıları işləyib mətbuata ötürdüm.
Amma
işin çətin tərəfi də var: bildyiniz kimi,
ABŞ-la Azərbaycan arasında gecə-gündüz fərqi
var. Mən hər iki ölkənin vaxtı ilə işləyirəm.
Yazıları Amerika vaxtı ilə hazırlayıb, Azərbaycan
vaxtı ilə bizim mətbuata göndərirəm. Demək
olar ki, mən bu işə başlayandan rahatlığım
da pozulub, az yatıram. Ola bilsin kiməsə adi görünər,
təsəvvür edin ki, hər gün işdən
qayıdıb, sövdələşdiyimiz bir adamla
"Vatçap"da görüntülü
danışır, onu davranışı vasitəsi ilə
yaxından tanımağa çalışır, məlumatlarını
əldə edib sağollaşıram. Və həmin andaca
yazını necə deyərlər, isti-isti qələmə
alıram. Sonra qəhrəmanıma göndərib məlumatların
doğruluğunu dəqiqləşdirirəm. Daha sonra "Feysbuk"
səhifəmdə yerləşdirib, oradan da mətbuat
işçilərinə göndərirəm. Amerika vaxtı
ilə səhərə yaxın yatmağa, istirahət etməyə
gedirəm. Hər gün bir yazı işləməsəm, bu
qədər insanı əhatə edə bilmərəm.
Qısa müddətdə 50-yə yaxın
soydaşımızı artıq Azərbaycan ictimaiyyətinə
təqdim etmişəm. Əslində, bu insanları nəinki
Azərbaycan ictimaiyyətinə, həm də ABŞ-dakı
azərbaycanlılara da tanıtdırıram. Ucsuz-bucaqsız
ölkə, bu başında yaşayan, o biri başında
yaşayandan xəbərsizdir. İndi özünüz təsəvvür
edin ki, bu işin mahiyyəti nə qədərdir...
- Amerikada yaşayan azərbaycanlılar
ənənələrimizə, dəyərlərimizə nə
dərəcədə sadiq qala biliblər?
- Bəziləri Amerika cəmiyyətinə
qaynayıb-qarışsa da, sevindirici haldır ki,
soydaşlarımızın böyük əksəriyyəti
milli kimliyini itirməyib. Azərbaycanda olduğu kimi, burada da
milli bayramlarımızı qeyd edir, bir araya gəlirlər.
Bunun üstünə dövlət bayramlarımızı da gələndə
heç bir narazılığım yoxdur. Əslində, bu
bütün millətlərə aiddir. Amerikada hindlidən
tutmuş çinliyədək hər bir xalq öz milli və
rəsmi bayramlarını toplum şəkilində qeyd edir.
Amma ikinci, üçüncü nəsil azərbaycanlıların
çoxu ana dilimizi bilmir. Qorxuram ki, bir neçə nəsil dəyişdikdən
sonra, şəcərə etibarı ilə azərbaycanlı
olanların çoxunda milli mənsubiyyətindən əsər-əlamət
qalmasın...
- Amerikada yaşayan həmvətənlərimizə
yerli xalqların münasibəti necədir?
-
Bütün ölkələrdə olduğu kimi burada da millətçilər
var. Amma bu, o qədər də hiss olunmur. Çünki
hamı qanunun aliliyindən qorxur. Bir də ki, ABŞ
mühacirlər ölkəsidir. Burada yerli adamlar
qırmızı dərililərdir. Onlar da ki, bu nəhəng
dövlətin içində necə deyərlər, əriyib
itiblər. Bir şeyi də qeyd edim ki, qırmızı dərililər
bütün dövlət vergilərindən azaddırlar...
- Yazılarınızdan da hiss
olunur ki, poetik ruhlu insansız. Belə deyək də,
yazı-pozu adamısınız. Elə publisistik
yazılarınız varmı ki, obraz olaraq
özünüzsüz?
-
Publisistik yazılarım çoxdur. Hərəsində az da
olsa varam, amma tamamilə özümü əks etdirən
yazım yoxdur...
- Uzaq Amerika sizin üçün qərib
diyardır. Maraqlıdır, qəribliyinizi nə ilə
ovundurursunuz?
- Qəribi ağlamaq tutanda
ovundurmaq olmur ki... Necə deyərlər, ağlayıb ürəyi
boşalandan sonra özü sakitləşir. Əlbəttə
ki, bu bir zarafatdır. Hər gün qələmə
aldığım yazılar məni darıxmağa qoymur...
- Azərbaycanı mütəmadi
olaraq izləyə bilirsinizmi? Maraqlıdır, Azərbaycan
kənardan necə ölkə təsiri
bağışlayır?
- Bəli, internetdən izləyirəm. Heç kim ayranına turş söyləməz. Yadıma bir əfsanə düşdü, ibrətamiz olduğu üçün söyləyəcəm: Bir gün şah Məcnunu yanına çağırıb deyir ki, sən axı bu Leylinin nəyinə vurulmusan, elə də gözəl olmayan bir qara, adi qızdır. Məcnun cavabında nə desə yaxşıdır: Sən onu mənim gözlərimlə görməmisən. İndi onun sözü olmasın, mən Azərbaycana aşiq gözüylə baxıram... modern.az
Olaylar.- 2019.- 14 fevral.- S.12.