Regional proqramlar əhalinin
içməli suya
olan tələbatının
ödənilməsində
mühüm rol oynayıb
Regionların sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramlarının uğurlu
icrası nəticəsində əldə edilən müsbət
nəticələrdən biri də əhalinin kommunal problemlərinin
həlli istiqamətində atılan məqsədyönlü
addımlardır.
Dövlət Proqramlarının icrasına başlanıldığı 2004-cü ildən bu günə qədər regionlarda əhalinin təbii qaza. Elektrik enerjisinə, eləcə də içməli suya olan tələbatının ödənilməsi məqsədilə çoxsaylı tədbirlər həyta keçirilib, işlər görülüb. Bu mənada əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən tədbirlər xüsusi qeyd edilməlidir. Ötən 15 il ərzində istər əhalinin içməli suya olan tələbatının ödənilməsi, istərsə də əyalətlərin su təchizatının yenidən qurulması çərçivəsində çoxsaylı tədbirlər həyata keçirilib ki, bu da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının müsbət nəticələrinin göstəricisidir. Qeyd edək ki, hazırda icrasına start verilən və 2019-2023-cü illəri əhatə edəcək sayca dördüncü Dövlət Proqramında da regionların içməli su təchizatının yaxşılaşdırılması məsələsi xüsusi əksini tapıb. Məlumat üçün onu da qeyd edək ki, Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransda çıxışı zamanı cənab Prezident bildirib ki, əhalinin içməli su təminatı daim diqqətdə olan məsələdir və bu istiqamətində böyük işlər görülüb, uğurlu nəticələr əldə olunub. Eyni zamanda bu istiqamətdə qarşıda yenə də vəzifələrin durduğunu istisna etməyən dövlət başçısı sayca dördüncü Dövlət Proqramında həmin vəzifələrin icra olunacağını da diqqətə çatdırıb. "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov deyib ki, regional inkişaf proqramlarının icrası bölgələrimizin tərəqqisinə, əhalinin sosial-rifahının yüksəldilməsinə, ümumilikdə ölkəmizin qüdrətlənməsinə mühüm töhfələr verib. Onun sözlərinə görə, son 15 ildə bölgələrimizin mənzərəsi nəzərəçarpacaq dərəcədə dəyişib: "Şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin böyüməsi, abadlaşması, yeni istehsal, emal və xidmət müəssisələrinin fəaliyyətə başlaması regionlarda həyat səviyyəsinin yüksəlməsindən xəbər verir. Bu istiqamətdə görülmüş işlərə "Azərsu" ASC də öz töhfələrini verib. Möhtərəm Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq mühüm layihələr icra edilib. Son illər icra edilən içməli su layihələri çərçivəsində məhsuldarlığı sutkada 1,6 milyon kubmetrdən çox olan 39 yeni içməli su mənbəyi istismara verilib. Oğuz-Qəbələ-Bakı su kəməri, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi, Mingəçevir, Quba, Xanbulan sutəmzləyici, Külüllü, Qızılqaya, Göygöl suqəbuledici qurğuları, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri və bu kimi digər layihələr Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsinə, onların sağlamlığının qorunmasına verilmiş ən böyük töhfədir. İndiyə qədər su təchizatı layihələrinin icrasına başlanılan 49 şəhər və rayon mərkəzinin 38-dəsu şəbəkələrinin tikintisi başa çatdırılıb. Şəhər mərkəzləri ilə yanaşı, əhalisinin sayı 1 milyon 400 min nəfər olan 1050 kənd və qəsəbənin içməli su problemi öz həllini tapıb". Səhmdar Cəmiyyət rəhbərinin sözlərinə görə, regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min km-dən çox magistral və paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib: "Görülmüş işlərin real nəticəsi olaraq mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı 2 dəfə, fasiləsiz su alanların xüsusi çəkisi isə 4,8 dəfə artıb. Beləliklə, hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 69 faizi, regionlarda isə 44 faizə yaxını fasiləsiz içməli su ilə təmin olunur. 2018-ci ildə içməli su təchizatı və kanalizasiya sektorunda görülmüş işlər daha da sürətlənib. Yeni iqtisadi şəraitin çağırışlarına uyğun olaraq əvvəlki illərdə başlanılmış layihələr davam etdirilməklə yanaşı, yeni layihələrə də start verilib ki, bu da ölkə rəhbərliyinin infrastrukturun inkişafına xüsusi diqqət və qayğısından xəbər verir. Ötən il möhtərəm Prezidentin işrirakı ilə Xaçmaz və Xızı şəhərlərində, həmçinin Altıağac qəsəbəsində su və kanalizasiya şəbəkələri, Mingəçevir və Astara şəhərlərində isə içməli su şəbəkələri istismara verildi. Eyni zamanda Ağcabədi və Daşkəsən şəhərlərində su və kanalizasiya, Biləsuvar şəhərində kanalizasiya şəbəkələrinin tikintisi işləri yekunlaşdı. Ötən il cənab Prezident Mingəçevir, Tovuz, Ağstafa, Şirvan, Lerik, Ağdaş və Qəbələ şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması işlərinin davam etdirilməsi ilə bağlı sərəncamlar imzaladı.Bu sərəncamlar çərçivəsində həm yeni su mənbələrinin yaradılması, həm də şəbəkə infrastrukturunun genişləndirilməsi işləri həyata keçirildi. Qeyd etmək istəyirəm ki, qlobal istiləşmə və quraqlıq nəticəsində bəzi su mənbələrinin məhsuldarlığında baş vermiş dəyişiklikləri nəzərə alaraq Şamaxı, Gədəbəy, Lerik və Tovuz şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri reallaşdırıldı. Bu olduqca vacib layihələr idi. 2018-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında da bir sıra mühüm layihələr icra olundu. Avtomobil yollarının yenidən qurulması çərçivəsində Babək prospekti, Təbriz, Xiyabani, Mir Cəlal və Məsud Davudoğlu küçələrində su və kanalizasiya xətləri yeniləndi. Təkcə Babək prospektində icra olunan layihələr çərçivəsində 20 km magistral və şəbəkə su xətləri, 3,5 km kanalizasiya xətləri çəkildi. Bu layihənin tərkib hissəsi olaraq 41 Şərq anbarı ilə 82 Şərq su anbarının əlaqələndirilməsi məqsədilə 700 mm diametrli magistral xətt inşa edildi. Yeni yaradılmış infrastruktur NZS, UPD, Keşlə qəsəbələrində, eyni zamanda yeni salınan "Ağ şəhər"də və ona yaxın ərazilərdə əhalinin dayanıqlı və fasiləsiz su təchizatına, eləcə də istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olub. Ötən il Bayıl-Bibiheybət-Lökbatan kollektorunun inşası, həmçinin Tədris Mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası ilə bağlı imzalanmış sərəncamlar çərçivəsində işlər davam etdirildi. Eyni zamanda, kəndlərdə layihələr icra edilib. Ümumilikdə il ərzində 1162 km içməli su, 335 km kanalizasiya kollektoru və xətti, 8 su anbarı tikilib, 26 ədəd subartezian quyusu qazılıb". Qorxmaz Hüseynov onu da diqqətə çatdırıb ki, Dövlət Proqramlarında içməli sudan əziyyət çəkən kəndlərdə layihələrin həyata keçirilməsi də əksini tapırdı ki, bu işlərin icrasında da ciddi irəliləyişlər var: "Kəndlərdə içməli su layihələrindən danışarkən bəzi məqamlara diqqətinizi yönəltmək istərdim. Bildiyiniz kimi, respublikamızın kənd və qəsəbələrinin böyük əksəriyyətində mərkəzləşmiş içməli su infrastrukturu mövcud olmayıb. Regional inkişaf proqramları çərçivəsində içməli sudan əziyyət çəkən kəndlərin də problemləri mərhələli şəkildə həll edilir. Bu sahədə işlər bir neçə istiqamətdə davam etdirilir. İlk növbədə, içməli su çatışmazlığının kəskin müşahidə olunduğu yaşayış məntəqələri müəyyənləşdirilir. Qeyd edim ki, bəzi kənd və qəsəbələr şəhərlərdə həyata keçirilən layihələr çərçivəsində içməli su ilə təmin olunur. Amma elə kəndlər də vardır ki, onlar şəhər mərkəzlərindən, su mənbələrindən və magistral xətlərdən uzaq məsafədə yerləşir. Bu halda həmin kəndlər üçün xüsusi layihələr icra olunur. Qaçqın və məcburi köçkünlərin, sərhəd bölgəsində yerləşən kəndlərin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxlayırıq. Bilirsiniz ki, su mənbələrimizin bir hissəsi işğal altındadır. Biz vaxtilə həmin mənbələrdən qidalanan kəndlərə indi alternativ mənbələrdən içməli suyun verilməsinə çalışırıq". O, bildirib ki, son illərdə kəndlərin içməli su ilə təmin olunması istiqamətində işlər intensivləşib: "Cənab Prezidentin17 mart 2017-ci il tarixli və 09 aprel 2018-ci il tarixli sərəncamlarına, eləcə də dövlət investisiya layihələrinə uyğun olaraq son 2 ildə içməli sudan ciddi əziyyət çəkən 211 kənddə işlər görülüb. Bu işlər çərçivəsində 900 km magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 2500 bulaq quraşdırılıb. Bununla da, 330 min insanın keyfiyyətli içməli suya çıxışı təmin edilib. Qeyd edim ki, bu kəndlərdə su təchizatı ümumi istifadə əsasında bulaqlar vasitəsilə aparılır və istifadə olunan suya görə əhalidən ödəniş tələb olunmur. Bu da cənab Prezidentin müəyyən etdiyi sosial siyasətin tərkib hissəsidir.Ötən ilin mart ayından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan modul tipli sutəmizləyici qurğular Cəmiyyətimizin xidmətinə verilib. Bunları da nəzərə alsaq, regionların inkişafı proqramının icrasına başlanandan bəri 1050 kənddə 1 milyon 400 mindən çox sakinin içməli su ilə təminatı əsaslı şəkildə yaxşılaşdırılıb.Həm kəndlərin, həm də faydalanan əhalinin sayı görülmüş işlərin miqyasını təsəvvür etməyə imkan verir. Kənd əhalisinin içməli suya çıxışını təmin etmək üçün layihələrin icrası bu il və gələcəkdə də davam etdiriləcəkdir".
Olaylar.- 2019.- 19 fevral.- S.15.