“Azərbaycançılıq məfkurəsi
–
Qarabağın nicatı”
Hüquqi dövlət quruculuğu prosesində cəmiyyətin hər bir üzvü dövlətin inkişafında öz gücü və bacarığı, bilik səviyyəsi və dünyagörüşü ilə iştirak etməlidir. Təbii ki, bu, müxtəlif formalarda özünü göstərə bilər: seçkilərdə, idarəetmə prosesində, vergilərin ödənilməsində, vətəndaş cəmiyyəti institutlarının qurulmasında və inkişaf etdirilməsində, ümumilikdə, vətəndaşlıq mövqeyində və ictimai dəyərlərin qorunmasında. Cəmiyyətdə tarix boyu yaranan, insanların şüurunda formalaşan ictimai və milli dəyərlər dövlətin inkişafına, güclənməsinə böyük təsir göstərir. Azərbaycanda bu dəyərlərin məcmusu azərbaycançılıq məfkurəsi, azərbaycançılıq ideyasıdır. Bunların isə insanların şüurunda, düşüncələrində, təfəkküründə, qəlbində olması çox vacibdir.
16 fevral 2019-cu il tarixdə Milli Hüquq Evində Dünya Azərbaycanlıları Assambleyasının Azərbaycan koordinatorluğu və Dünya Azərbaycanlılarının Qarabağa Azadlıq Hərəkatının (DAQAH) birgə təşkil etdikləri "Azərbaycançılıq məfkurəsi- Qarabağın nicatı" mövzusunda Dəyirmi Masada məhz bu vacib mövzu ətrafında dörd saat davam edən diskussiya aparıldı, maraqlı fikirlər irəli sürüldü.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Tədbiri Milli Hüquq Evinin rəhbəri, Dünya Azərbaycanlıları Assambleyasının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri və koordinatoru, hüquqşünas Nicat Gözəlov açaraq rəhbərlik etdiyi qurumun yarandığı gündən bəri vətən sevdalı insanların, ziyalıların, xüsusilə gənclərin doğma məkanlarına çevrildiyini bildirdi. Gənc nəslin ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını, gənclərin dövlət idarəçiliyinin bütün strukturlarında daha çox təmsil olunmalarını arzuladığını vurğulayan Nicat Gözəlov, azərbaycançılıq məfkurəsindən və onun millətdaşlarımızın üzərinə qoyduğu məsuliyyətdən, dövlətçiliyimizin gələcəyinin etibarlı təminatının sağlam və savadlı gənclik yetişdirməkdən asılı olduğundan, ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərdə gənclərin mühüm rolundan danışdı. Hüquqşünas olaraq, beynəlxalq hüququn işləmədiyi bir zamanda, Qarabağda baş verənlərə müharibə nöqteyi-nəzərindən deyil, müstəqil Azərbaycan dövlətinin sərhədləri daxilində yaradılmış cinayətkar birliyə və silahlanmış terrorçu dəstələrinə qarşı antiterror əməliyyatlarının aparılmasının vacibliyindən danşaraq, bu halda hegemon dövlətlərin baxış bucağının dəyişəcəyini qeyd edib.
DAQAH-ın Təşkilat Komitəsinin üzvü, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı təmsil etdiyi qurumun yaranma zərurətindən və tarixindən, həmçinin qarşısına qoyduğu vəzifələrdən söz açdı. Hərəkatın loqosu olan bayrağı və şərfi nümayiş etdirdi. Tədbirdə iştirak edən alovlu vətənpərvər məktəbli Mehdi Həsənova, tələbələrə və ziyalılara bağışladı.
DAQAH üzvlərindən - erməni vandalizmini araşdıran tədqiqatçı alim Xaqani İsmayıl görülən işlərin, aşkarlanmış faktların dünya çapında yayımlanması, buna mane olan halların aradan qaldırılmasının nə qədər önəmli olmasını bildirdi.
Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov ətraflı izah verərək, illərdir ki, ön planda olmalı olan azərbaycançılıq ideologiyasının az təblig edilməsinin bu günkü nəticələrə gətirib çıxardığını, daha ciddi tədbirlərin həyata keçirilməsini vurğuladı.
Ehtiyatda olan zabit, ekspert Nizami Cəfərov məsələyə analitik mövqedən yanaşaraq, hərbi əməliyyatların olmadığı bir durumda və uzun zamanlar keçməsi ilə əlaqədar Qarabağın unutdurulacağından və problemin həllinin arxa plana keçəcəyindən, Milli Barışıq olmadıqca Qarabağın Azərbaycandan uzaqlaşacağından narahatlığını ifadə etdi.
Qarabağ qazilərindən polis mayoru Aydın İsayev, iş adamı Babək Qocayev, "Novoe vremya" qəzetinin redaktoru Məzahir Məmmədov, həkim İlqar İsmayıloğlu, fotoqraf Rahim Qədimov mövzu barədə fikirlərini bölüşdülər, yeni yaradılmış hərəkatın məramı və məqsədlərindən, vətən təəssüblü insanların toplumuna çevrilməsindən söz açdılar.
Tədbirdə həmçinin Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri, hüquqşünas Mehriban Abdullayeva, "Türk Dünyası" qəzetinin təsisçisi və baş redaktoru, şairə Aybəniz Qafarlı, Azərbaycan radiosunun əməkdaşı Mətanət Əzimova, müstəqil jurnalistlərdən Züleyxa Nadir, Kəmalə Mikayılzadə, əməkdar jurnalist, müharibə veteranı Əntiqə Qonaq, dövlət qulluğunun baş müşaviri Vidadi Rzayev, araşdırmaçı-yazıçı Elli Atayurd, el ağsaqqalı, professor Ziyadxan Nəbibbəyli, "Tarix və mədəniyyət" jurnalının redaktoru Sədaqət Daşdəmirli, Tərcümə Mərkəzinin əməkdaşı Fuad Səmədov, tarzən Ağakərim, tələbələr - Bakı Mühəndislər Universitetinin 3-cü kurs tələbəsi Rəsul Mahir, İqtisad Universitetinin 2-ci kurs tələbəsi Yusif Cəfərbəyli, 11-ci sinif şagirdi İsmayıl Qoca, məktəbli Nahid Hacızadə və başqalarının çıxışları maraqla qarşılandı.
Əsgər geyimli, kiçik qəlbində Azərbaycan boyda sevgi daşıyan, 7 yaşında ikən "Qarabağdan rədd olun" plakatı hazırlayaraq küçələrə çıxdığı üçün Rusiyanın Həştərxan vilayətində ailəsi ilə birlikdə təqib olunmuş və təcridxanada saxlanılmış Mehdi Həsənovun "Ana Vətən" mahnısı ürəkləri riqqətə gətirdi və gələcəyimiz olan uşaqlarımızın mübariz ruhda, əsl vətənpərvər kimi böyüdüklərini göstərdi.
Tədbirin sonunda qərara alındı ki, bundan sonra da Qarabağın nicatı və bu problemin həlli yollarının araşdırılması istiqamətində müxtəlif qurumlar, təşkilatlar, siyasi partiyalar, vətəndaş cəmiyyətləri, təhsil müəssisələri, o cümlədən məktəblərdə azərbaycançılıq məfkurəsi və ideyasının təməl prinsiplərinin mahiyyəti barədə müntəzəm görüşlər, diskussiyalar keçirilsin, xalqın müxtəlif təbəqələrinin bu sahədə maarifləndirilməsi istiqamətində məqsədyönlü işlər görülsün. Azərbaycançılıq məfkurəsinin təməl prinsiplərindən olan milli ideologiyamızın və mənəvi dəyərlərimizin qorunması və yaşadılması üçün ölkəmizin vətəndaşları vahid bayraq, vahid milli mənafelər, vahid hədəflər, vahid məqsədlər uğrunda sıx birləşməlidirlər.
Tədbiri yekunlaşdıran Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlov azərbaycançılıq məfkurəsinin (ideologiyasının) dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilməsinin vacibliyi barədə fikirlərini qeyd edib, bu məfkurənin Milli Şüurun, Milli Təfəkkürün inkişafına xidmət edəcəyi, ancaq bu məfkurə sahiblərinin Qarabağın xilasını təmin edəcəklərini, gənc nəslin Milli Mənlik, Milli Kimlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində cəmiyyətin hər bir üzvünün, əsasən də, dövlətin və ziyalıların üzərinə çox mühüm vəzifələr düşdüyünü vurğuladı.
Qərara alındı ki, bu mövzularla bağlı Dəyirmi Masalar tez-tez keçirilməli, bura daha çox azad düşüncəli ziyalılarımız və mütərəqqi fikirli gənclər cəlb edilməlidir.
Əntiqə
QONAQ,
əməkdar jurnalist
Olaylar.- 2019.- 20 fevral.- S.13.