Gavurun gülləsi adama dəyməz...

 

Böyük Qafqaz dağlarının cənub ətəklərinə sərələnən kəndlərin ətrafı göz işlədikcə uzanan alçaq-hündür dağ silsilələri, örtülü və tala-tala meşəliklərdən, sıldırım qaya çıxıntılarından... yaranan təbii görüntülərinə maraqla baxılısa da (Siyakü yaylasında  "bardaş quran" Quşencə kəndindən müqəddəs Baba dağının (3628 m) ətəklərində yerləşən Aşağı Cülyan,Talıstan, Diyallı, Təzəkənd, Tircan, Zərgəran... kəndləri "qol-boyun" sıra ilə,  hətta başıqarlı Tufandağ (4100 m) və Bazardüzü (4466 m)  aydın görünür), həm də bu ərazilərə qonşu   yerlərdə də  baş verən son bir əsrlik tarixi olayların gedişi barədə sakinlərin məlumatları çox azdır.

Eləcə də o qanlı-qadalı illərdə yaşanan faciələri özündə "yaşadan" təbii-ictimai nişanələrə rast gəlmək də mümkün deyil. Amma bu kəndlərdə 1918-1920-ci illərdə erməni-rus birləşmiş silahlı nizami dəstələri xüsusi amansızlıqla yerli müsəlman-türk əhalisinə, xüsusilə dinc, yaşlı, uşaq və qadınlara qarşı qətliam-soyqırım törətmiş, minlərlə insanı ağır işkəncələrlə qətlə yetirmişlər. Həmin illərdə Şamaxı və Göyçay qəzalarının tərkibində olan indiki İsmayıllı rayonunun Basqal, Sulut, Keyvəndi, Bizlan, Tağlabiyan, Tircan, Maçaxı, Diyallı,Talıstan, Mican, İsmayıllı, Quşencə, Kürdmaşı, Mollaisaqlı, Şəbiyan, Hacıhətəmli, Qubaxəlilli... kəndlərinə hücumlar S.Şaumyanın tapşırığı ilə A.Srvantsyanın başçılıq etdiyi quldur dəstələri yerli hayların və rusların köməkliyi ilə (o vaxtı bu nahiyənin əsasən qədim ticarət yolları üzərində yerləşən 14 kəndində ( Ruşan, Zərgəran, Bəhriyan, Bilistan, Qoşakənd, Gənzə, Tubukənd, Girk, Soltankənd, Qələyə...kəndlərində xain haylar yaşamışdır) kütləvi qırğınlar törətmişlər. Hücumlar iki istiqamətdən olmuşdur - Müsüslü dəmiryolu stansiyasından İvanovka kəndinədək uzanan yol boyunca və Şamaxı qəzasının Mədrəsə-Qurdtəpə  kəndləri (burada da haylar və ruslar yaşamışlar) xətti üzrə. Erməni-rus hərbi birləşmələrinin hərəkət istiqaməti əsasən iri ticarət yolları boyunca olmuşdur. Onlardan biri də  Kürdəmir-Ağsu-Girdiman çayı-Lahıc yolu (bu yol Qarabağa, Zəngəzura və naxçıvana qədər uzanıb XVII-XİX əsrlərdə) üzərində yerləşən Maçaxı kəndinin (iri ticarət mərkəzinin) yer üzündən silinməsi ilə nəticələnmişdir. Bu kənd həm də  "Bəylər kəndi" kimi bölgədə məşhur olmuşdur.

Sonuncu cəbhə xətti ona görə ağır və faciəvi olub ki, relyef baxımından əlverişli yüksəklikdə və mövqedə toplarını quran düşmən heyətinin hücumlarının qarşısını almaq çətinlik yaratmışdır. Belə ki, Qurqtəpə kəndində qurulmuş toplarla Dilman, Xatman, Hacman, Kalva, Suraxanı kəndləri birbaşa atəşə tutulmuşdur. yaxud, Qoşakənd, Tubukənd, Gənzə kəndlərində yerləşən düşmən qüvvələri   müsəlman-türk kəndlərinin mövqelərini aydın gördüklərindən (və bildiklərindən, çünki yerli haylar həm də kəşfiyyat mənbəyi rolunu oynamışdır) həmin kəndlərə (Diyallı, Talıstan, Tircan, Təzəkənd... edilən basqınların qarşısı 5-ci Qafqaz İslam Ordusunun heyəti gələnə kimi çox çətinliklə alınmışdır, yerli, könüllü müqavimət üsvlərinin igidliyi və imkanlı şəxslərin, din xadimlərinin təşkilatçılığı sayəsində.

Bakı şəhərində və ətraf kəndlərində, eləcə də  Şamaxı qəzasında 1918-ci ilin mart-aprel aylarında başlanılan soyqırımdan sonra S.Lalayanın və T.Amiryanın birləşmiş quldur dəstələri artıq aprel ayının ortalarında qəzanın İsmayıllı nahiyəsinin günçıxanında  olan kəndlərə  asanlıqla girə bilmişlər. Bu kəndlərə qədər düşmənin qanlı yürüşlərinin üstündə yerləşən kəndlərdə də eyni faciəvi aqibət yaşanmışdır.

İndiki Mirikənd inzibati-ərazi dairəsində (Mirikənd, Qaravəlli, Məlcək kəndləri daxildir) yerləşən Qaravəlli kəndində həmin illərdə 50-60 ev, Məlcək kəndində 20  "tüstü" olub. Bu kəndlərin əhatəsi isə bütünlüklə XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan köçürülmüş hay mənşəlli ailələr yığışan Mədrəsə, Kərgənc, Kələxana, Zarxı, Saqiyan, Meysəri kəndləri ilə əhatə edilmişdir ki, quldurların əsas qərargahı və cəbbəxanası da 1 km-lik məsafədə, Mədrəsə kəndində cəmləşmişdir. Düşmən cəbbəxanası (hərbi silah-sursattaktiki əməlliyatlar mərkəzi kimi) keçən əsrin 90-cı illərinədək yüksək səviyyədə fəaliyyət göstərmişdir.Nahiyənin bu hissəsində Şərədil, Muğanlı kəndləri də düşmən təcavüzünə məruz qalmışdır.

1918-ci ilin may ayında Mədrəsə kəndinin hayları nahiyənin dağ kəndləri olan Zarat Xeybəri, Səfalı, Dəmirçi, Ərçiman kəndlərindən 35-40 nəfər biçinçi gətirirlər ki, təsərrüfat işləri gördürsün, ot biçsinlər. İşlərini görüb qurtardıqdan sonra onların hamısını bir gündə Qaravəlli kəndindən 4 km aralıda, pöhrəlikli dərədə amansızlıqla qətlə yetirmişlər. Həmin yer sonralar el arasında "Qanlı dərə" kimi qanlı hadisələri yaddaşlara həkk etmişdir. Qaravəlli kəndindən ( "Qaravəlli" toponimi 170-180 il əvvəl Quba qəzasından köç etmiş Qara Vəli bəyin adı ilə bağlıdır. Qara Vəli bəy tərəkəmə olub, Küdrü qışlaqlarında heyvan saxlarıb. Onunla birlikdə bu yerdə yurd-ocaq quran İsmayıl tayfası, Mayıl dəngəsi... (cəmi 4 tayfa) Qara Vəli bəyin adı ilə bu yeri əvvəlcə "Qara Vəli obası" adlandırıb, sonralar isə leksik-terminolji assosasiya "Qaravəlli" toponiminin yaranamsı ilə nəticələnib. Bu toponimə Zərdab və Ağcabədi rayonlarında da rast gəlinir.) quzey yöndə 3 km aralıda  Abbas bəyin "Albalı bağı" (əsasən gər, ceviz, üzüm ağaclarından ibarət) yerindən Mirikənd kəndinin quldur hayları gizlənərək sığınmaq üçün  qəzanın dağ kəndlərinə üz tutan dinc sakinləri gülləbaran etmiş, geri qayıdanları isə işkəncə ilə öldürmüşlər.

Hay-daşnak quldurlarına qarşı mübarizə aparan yerli müdafiə dəstələrinin üzvlərindən olan  Qaravəlli kəndindən, Muğanlı bəylərinin nəslindən olan  qaçaq Əliağa  Kərim oğlu (1898-1928) qəzanın dağlıq hissələrində, Suraxanı, Sulut, Basqal meşələrində də düşmənlərə qarşı mübarizə aparmışdır. Sonralar, onu öldürmək üçün xüsusi əməliyyatla kəndə gətirilmiş səyyar kino tamasında həbs edilən  Əliağa  Kərim oğlu güllələnmişdir.

5-ci Qafqaz İslam Ordusunun bu hissədə döyüşən əsgərlərinin səngər yerlərindən biri Şərədil kəndi yaxınlığındakı yüksəklik idi, toplarını orda yerləşdirməklə düşmən cəbbəxanasını və qərargahını atəşə tuta bilmişlər. Türk zabitlərinin dediyi sözü tez-tez xatırlayıblar

-Qarxmayın, gavurun gülləsi adama dəyməz...

Xilaskar türk ordusunun yürüşündən sonra bu yerlərdən köçüb getmiş hay ailələri 1920-ci ildən sonra yenidən bu kəndlərə qaytarılmışdır.

Birləşmiş düşmən qüvvələrinin qanlı yollarının üstündəki Ağsu çayını keçərək hərəsində 20-40 ev olan Dilman, Xatman, Hacıman, Kalva, Suraxanı  kəndlərini də yandıraraq oda qalayan hay daşnakları rastlarına çıxanlara aman verməmiş, hətta müqəddəs ocaqları və qəbirsanlıqları dağıtmış, məscidləri yerlə bir etmişlər. Kalva kəndindəki  "Sərəki baba" ocağı onların gəldiyi istiqamətdə olduğundan kənd məscidi ilə birlikdə yandırılmış, dins sakinlər isə "Qaranlıq  dərə" adlanan meşəlik sahədə sığınmışlar, azuqələrini özləri ilə apara bilmişlər. Hücumdan   əvvəl toplanmış kəşfiyyat məlumatları əsasən yerli kəndlərdə  (Qurdtəpə, Saqiyan, Meysəri, Mədrəsə, Alpout  kəndlərində) yaşayan  ticarətlə-sənətkarlıqla məşğul olan hay-rus mənşəlilərin yönlətmələri qırğınlar-qarətlər üçün əsas olmuşdur ("xalq diplomatiyasının əsil erməni variantı").

Dilman kəndinin tanınmış ağsaqqalı və ruhanisi Hacı Məhəmməd Ağa  Abdulla oğlunun evini-mülkünü qarət edən-yandıran ermənilər sonradan ondan üzr istəyiblər, səhvən etdiklərini  (əməllərini) etiraf ediblər. Kənd sakini, kimya müəllimi Camo Həsən oğlu Caniyev (1913-2003) söyləmişdir ki, kəndin "Gürcü bulağı" deyilən yerində 3 bacı, 1 qardaş erməni hücumu xəbərini eşidcək üzü meşələrə sarı qaçırdıq (mən Münəvvər bacımın kürəyində idim). Çıxaçıxda "Cingə dərəsi"ndə silahlı quldurlar üstümüzü kəsdirdilər. Onlardan biri digərinə məni işarə verərək vurmağı israr edir :

Çək gülləni bunun başına.

Quldur üç dəfə tətiyi sıxır, güllə açılmir, bundan hirslənən erməni bağırır: -Bunlarda nəsə var. Yanındakı bizdən soruşur6 - Kimin uşaqlarısız? Biləndə ki, Molla Həsənin nəvələriyik, bizləri buraxdılar.

Erməni kəşfiyyatı mənbələrindən  istifadə  vasitəsi kimi sığınmaq üçün meşələrə qaçan kənd sakinlərinin adları ilə quldurlar tərəfindən onların çağırılması olub. Nəticədə 50-60 dinc sakini bu yolla ağır işkəncələr verməklə qətlə yetirib hay-rus bolşevik silahlıları.

1905-1920-ci illərdə Azərbaycan sərhədləri hüdudunda (114 min kv.km sahədə) hay nizami-silahlı ordu və birləşmiş digər qüvvələri tərəfindən həyata keçirilən soyqırım-qətliam faciələrini yaşayan bütün bölgələrimizdə, eləcə də   Şamaxı qəzasının yaşayış məntəqələrində xüsusi amansızlıqla, hay vəhşiliyi ilə qətlə yetirilmi 1 milyon nəfərə yaxın  günahsız, dinc  müsəlman-türk sakinlərinin soyqırım faciələrini unutmağa haqqımız yoxdur.

(Yazının hazırlanmasında Şamaxı rayonu, Qaravəlli  kənd sakinləri Mikayıl  Rəfi oğlunun (1894-1974), Əzizxan Əlif oğlu İsmayılovun (1948), Şərafəddin  Mirabbas oğlu Babaşovun (1946)  məlumatlarından istifadə olunmuşdur.)

 

Qismət Yunusoğlu,                                      

Bakı Dövlət Universitetinin müəllimi

 

Olaylar.- 2019.- 22 fevral.- S.12.