Regional proqramlar bölgələrin

sosial iqtisadi inkişafını təmin edib

 

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası nəticəsində Azərbaycan sürətlə inkişaf  edib. Dövlət proqramı çərçivəsində qarşıya qoyulan bütün vəzifələr icra olunub, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edib. Sözgedən dövlət proqramı çərçivəsində respublikanın bütün rayonlarında mühüm işlər görülüb.

Dövlət proqramının icrası ilə bağlı Ağdam rayonu üçün ən əlamətdar hadisə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rayona səfərləri olub. Səfər zamanı Prezident və birinci xanım əsaslı şəkildə yenidən qurulan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun, Ağdam Muğam Mərkəzinin, "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının və Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Səfərdən sonra dövlətimizin başçısı "Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında", "Ağdam rayonunun Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi haqqında" və "Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" sərəncamlar imzalayıb. Regionların sosial iqtisadi inkişaf proqramı çərçivəsində rayonun Quzanlı qəsəbəsində və rayonun kəndlərində abadlıq-quruculuq işləri davam etdirilib. Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yolunun və İmamqulubəyli kəndində yeni tibb məntəqəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilib, Quzanlı qəsəbəsində ruhi əsəb dispanseri əsaslı təmir edilib. Mirzələr qış yatağı və Ergi adlanan ərazilərdə məcburi köçkünlərin məskunlaşdığı iki qəsəbəyə təbii qaz verilərək, rayonun qazlaşdırılması tam başa çatdırılıb. Quzanlı qəsəbəsi ərazisində  85 nömrəli tam orta məktəb üçün 96 şagird yerlik modul tipli bina quraşdırılıb. Boks və taekvando məktəbləri, polis şöbəsi, prokurorluq və elektrik şəbəkəsi üçün binaların tikintisi məqsədilə torpaq sahələri ayrılıb. Kolqışlaq-Mirəşəlli-Çıraqlı avtomobil yolunun tikintisinə başlanılıb. Hazırda Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Birinci Yüzbaşılı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi, təmas xəttinə yaxın olan yaşayış məntəqələrində erməni silahlı birləşmələrinin iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə məruz qoyması nəticəsində zərər dəymiş 121 evin bərpası davam etdirilir, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün yeni subartezian quyuları qazılır. Rayonda "Ağdam Nəqliyyat" MMC-nin yaradılması və bütün yaşayış məntəqələrinə marşrut xətlərinin açılması sakinlərin razılığına səbəb olub. Nəticədə əhalinin kənd və qəsəbələrdən rayonun inzibati mərkəzi olan Quzanlı qəsəbəsinə, eləcə də ayrı-ayrı yaşayış məntəqələrinə gediş-gəlişi asanlaşıb, eyni zamanda, 48 nəfər işlə təmin olunub. Dövlət proqramı çərçivəsində rayonun kənd təsərrüfatı sektorunda da əhəmiyyətli işlər görülüb. Belə ki, ötən ildə 14 min 55 hektar taxıl sahəsindən 44 min 655 ton buğda, 7505 ton arpa tədarük olunub. 98 min 469 ton tərəvəz, 5923 ton kartof, 20 min 204,5 ton şəkər çuğunduru, 5822,2 ton pambıq, 17,1 ton barama istehsal edilib. Rayonda heyvandarlığın, xüsusilə cins mal-qaranın inkişaf etdirilməsi məqsədilə 2851 baş heyvan süni yolla mayalandırılıb, 1581 baş sağlam bala alınıb. Əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr də diqqət mərkəzində olub. Belə ki, Üçoğlan kəndi-Səfərli qəsəbə, Ağcabədi rayonu Muğanlı kəndi-Ergi qəsəbə avtomobil yollarının yenidən qurulması, əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi üçün yeni subartezian quyularının qazılması və sənaye məhəlləsinin tikintisinə başlanılması qarşıda duran əsas vəzifələrdir.

Regionların sosial iqtisadi inkişaf proqramları çərçivəsində Goranboy rayonun suvarma suyuna olan tələbatının ödənilməsi üçün ciddi işlər görülür. Ötən il Azərbaycan Dəliməmmədli şəhəri ərazisində kanal altında yerləşən 8 kəndin su təminatı əsasən ödənilib. Bu il isə kanalın Nadirkənd kəndinədək 7 km-lik hissəsi istifadəyə veriləcək ki, bu da suvarılan əkin sahələrini daha da genişləndirəcək. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bu il 16 yaşayış məntəqəsində 19 ədəd subartezian quyusu qazılıb. Bu da suvarma suyuna olan tələbatının ödənilməsinə xeyli təkan verəcək. Dövlət başçısının tapşırığı ilə respublikada elektrik təsərrüfatı yenidən qurulur ki, əhali də bunu yüksək qiymətləndirir. Çünki elektrik təsərrüfatının yenidən qurulması davamlı və etibarlı enerji ilə təminat deməkdir. Artıq 22 yaşayış məntəqəsində elektrik təsərrüfatı yenidən qurulub. Bu işlərin digər yaşayış məntəqələrində də icra olunması üçün "Azərişıq" ASC-yə müraciət edilib. Yaşayış məntəqələrinin qazlaşması işi də davam etdirilir. Belə ki, Yəhərçi Qazaxlar və Goranlı kəndlərində son tamamlama işləri aparılır, ilin sonunadək bu kəndlərə təbii qaz veriləcəkdir. Həmənli kəndinə təbii qazın çəkilişi aparılır. Hazırda rayon üzrə qazlaşma 95 faiz təşkil edir.

Regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramı Masallı rayonunda da uğurla icra edilib. Belə ki, Prezident İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallıda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. 2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 18 layihə üzrə 374 min manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına, fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 65 yeni iş yerinin açılmasına səbəb olmuşdur. Keçən il Masallıda kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb. 2018-ci ildə kənd təsərrüfatı məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə rekord həddə - 16.1 faiz artaraq 161.8 milyon manata çatıb. 225 min sakini olan Masallıda əhalinin 90 faizə qədəri kəndlərdə yaşayır və əkinçiliklə məşğul olur. Dəfələrlə qeyd etdiyimiz kimi Masallı rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsi və gəlirli sahəyə çevrilməsi qarşımızda duran ən prioritet məsələdir. Masallı rayonunda 2018-ci ildə aqrar sahənin inkişaf etdirilməsi istiqamətində bir çox işlər görülmüşdür. Hal-hazırda rayonumuzda ixtisaslaşmanın aparılması, region üçün ənənəvi olan əkin sahələrin genişləndirilməsi və aqrar sahədə kooperasiyaların yaradılması istiqamətində tədbirlər davam etdirilməkdədir. 2018-ci ildə 2019-cu ilin məhsulu üçün nəzərdə tutulmuş əkinlərə görə artıq 17478 hektar sahədə şum vurulub. Hal-hazırda payızlıq əkinlərdən buğda 7495,5 hektar, arpa 2786 hektar, vələmir 2661 hektar, sarımsaq 118,6, paxla 45 hektar, kələm 7,6 hektar, çiyələk 49,95 hektar, digər əkinlər isə 187,4 hektar təşkil edir. Hazırda rayonun ayrı-ayrı əraziləri üzrə 21 hektar üzüm, 17 hektar feyxoa və 29 hektar sahədə müxtəlif növ meyvə bağları mövcuddur. Sığdaş kəndi ərazisində 0,5 hektar sahədə yeni sitrus (naringi) bağları, Köhnə Alvadı ərazisində 1,0 hektar mandarin bağı və Güllütəpə ərazisində isə 3,2 hektar yeni fındıq bağları salınmışdır. Kolatan inzibati ərazisinə aid Sığaçola massivində "Azərsun-Holdinq" tərəfindən yeni salınan çay sahələri 100 hektara çatdırılmış, eyni zamanda Kolatan kəndi ərazisində 1,0 hektar yeni cay plantasiyası salınmış və əvvəlcədən saxlanılan 2 hektar çay sahələri nəzərə alınmaqla rayon ərazisində çay plantasiyalarının ümumi sahəsi 103 hektara çatdırılıb. 2018-ci ilin dekabr ayında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiya verilmişdir. Rayon üzrə 420 nəfər arıçı saxladıqları 7424 ədəd arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına 74240 manat vəsait arıçıların cari bank hesablarına və aqrokart hesablarına köçürülməsi təmin olunub. Elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi ilə əlaqədar Masallı rayonu ərazisində dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi işləri yekunlaşdırılıb. Masallı rayonunda aqrar sahənin inkişaf etdirilməsi məqsədilə 2018-2023-cü illər üçün Aqrar sahənin inkişafına dair proqram hazırlanıb. Proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində əkinə yararlı torpaq sahələrinin 23700 hektarı əkin dövriyyəsinə cəlb oluna bilər ki, bu da 40000 - dən artıq yeni iş yerinin yaranmasına səbəb olacaq. Sadalanan faktlar deməyə əsas verir ki, regionların sosial iqtisadi inkişaf proqramları bölgələrin inkişagında əhəmiyyətli rol oynayır.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 26 fevral.- S.15.