Kür qırağının əcəb
seyrəngahı var...
yaxud Vaqif Səmədoğlu
ilə üç gün
"...Kitabını oxudum
("Balıq adam" romanını nəzərdə tuturdu-
E.H), yaxşı yazırsan, yazmağa haqqın var..." Bu
sözləri Vaqif Səmədoğlu mənəAzərbaycan
Yazıçılar Birliyində, Anar müəllimin kabinetində
özünxas diksiyayla, sözləri bir qədər uzada-uzada
dedi. O zamandan bizim isti münasibətlərimiz başladı.
Mən Vaqif Səmədoğlunu gözəl bir şair kimi
tanıyırdım, indi isə o məni
tanımışdı. Həm də hər ikimiz AYB
Katibliyinin üzvüydük. O, Ağsaqqallar
Şurasının sədri, mənsə Gənclər
Şurasının...
2008-ci ildə biz Qərb bölgəsində Mahmud Kaşğari Fondunun xəttilə bir layihə həyata keçirirdik. Ona görə də təxminən bir həftə oralarda olduq.
Qazaxda günorta nahar edərkən Vaqif müəllimin Bakıda bizə verdiyi qonaqlığı xatırladıq və şair-deputatımıza zəng edib, "Vaqif müəllim, deputat qonaqlığından ötrü nostalji hisslər keçiririk"-dedim. İş burasındadır ki, bir müddət öncə, Azərbaycan Yazıçılar Birliyindən çıxarkən Vaqif müəllim "Elçin, hara gedirsiniz?"-deyə xəbər aldı. Mən də zarafatyana cavab verdim ki, "Elxanla cavanlıq eləməyə gedirik". "Bəlkə mən də sizə qoşulum?"-Vaqif Səmədoğlu dedi. Ünlü şairimizin bu fikri ikimizində ürəyimizdən oldu və Elxan Zalın təbirincə desək, "qağamızın" maşınına oturduq və şəhərin mərkəzindəki restoranlardan birinə gəldik. "Vaqif müəllim, bəlkə başqa yerə gedək. Buralar bizlik deyil"-dedim. "Elçin, mən sizə şair yox eee, deputat qonaqlığı verəcəm". Və indi üstündən bir müddət keçəndən sonra mən həmin qonaqlığa işarə edirdim. Söhbət süfrəylə yox, Vaqif Səmədoğlu ilə təmasa ehtiyacdan gedirdi. O da başa düşdü. "Hardasınız?"-telefonun o başından Vaqif müəllimin təbəssümlü səsini eşitdim. Qazaxda olduğumuzu biləndə: "Sabah axşam ordayam"-dedi və dediyi vaxtda da gəldi.
Adını unutduğum yaxşı bir restoranda, yaşıllığın arasında yeyib-içəndən sonra o, Elxana müraciətlə: "Sabahdan Kür qırağına gedək, qoy Elçin bizim yerlərin ruhunu duysun, havasını udsun", -Vaqif müəllim təklif elədi. Həmin gündən, belə demək mümkünsə, vaqifli günlərimiz başladı. Özü də nə başladı. Təbiət qoynunda, Kür qırağında söhbətlər, qonaqlıqlar...Atası Səməd Vurğun, uşaqlıq və məktəb dostu Anar, böyük qardaşı və sirdaşı Yusif Səmədoğlu, "əmi" deyə müraciət etdiyi Rəsul Rza, Ənvər Məmmədxanlı ilə bağlı xatirələr çözələndi.
Biz "Poylu" körpüsündən keçib, Qarayazı səmtə gəldik və dayandıq. Qarayazı səfərində bizi Vaqif müəllimin bu yerlərin gözəl oğlu hesab etdiyi Qasım müəllim müşaiyət edirdi. Kür qırağında özünü 58 yaşlı kimi qələmə verən, əslində isə yeddi onilliyi qara kürəyinin arxasında qoyan Fərhad kişi və yaxınları ocaq çatıb, qazan asmışdılar, Vaqif müəllimin görüşünü səbirsizliklə gözləyirdilər. Belə mənzərəni yalnız kinolarda görmək olar. "Siz gələn yollara qurban olum" - Fərhad kişi dedi və hamının boynunu qucaqladı. Sonradan bildik ki, Fərhad kişi Elxan Zalın yaxın qohumuymuş. Necə deyərlər, "oğlumu axtarırdım, dostumu tapdım".
Mən Kürün qırağına çıxdım. Vaqif müəllim: "Elçin, uzağa getmə ha, burada canavarlar var"-dedi. Bilmirəm, ustad sənətkarımız bunu zarafatla, yoxsa ciddi söylədi. Mən dedim ki, "Kür qırağında yatmaq istəyirəm". Palaz, döşəkçə gətirdilər. Kür qırağında uzanıb, suyun həzin nəğməsindən, sudan qopan küləyin nəmli dadından xoşallandım, bir zaman Araz qırağında quzu otararkən, bax beləcə uzanıb, suyun səsinə qulaq asdığımı xatırlayıb yuxuladım. Uzaqdan isə Səmədoğlunun Elxana zarafatyana dediyi və ümumi gülüşlə qarşılanan sözlərini eşitdim: "Ə, Elxan, onu qoyma e, yatsın. Birdən Elçini bada verərik? Canavar yeyər, sonra deyərlər ki, qazaxlılar qarabağlılardan Vaqifin hayfını aldılar..."
Oyananda hamı süfrə başında oturub, Vaqif müəllimin xatirələrini dinləyirdi. Süfrədə nə ox idi ki... Necə deyərlər, quş südünə kimi...Ən çox xatırlanan mərhum Yusif Səmədoğluydu. Qasım müəllim Yusifdən danışanda gözləri dolurdu. Vaqif müəllim dostunun ovqatını başqa səmtə yönəltmək üçün söhbəti dəyişdi və uzaq Leninqrada (indiki Sankt Peterburq -E.H) apardı:
"Leninqrad da Səməd Vurğunun poeziya günləri keçirilirdi. Rəsul əmi məni də aparmışdı. O zaman İosif Brodskinin vətəndən qovulan vaxtlarıydı. Banket zamanı Leninqrad Yazıçılar Birliyinin rəhbəri Orlov mənə də söz verdi. Mən də təklif elədim ki, Piter şairlərinin, eləcə də Brodskinin sağlığına içək. Hamı çaşdı, bir-birinin üzünə baxdı. Mən də əlavə elədim ki, "ayaqüstə içək". Məcbur olub ayağa durdular. Tədbirdən sonra Rəsul əmiyə dedim ki, deyəsən, düz eləmədim axı. O da hirsli-hirsli cavab verdi ki, "düz eləmədin, ancaq əcəb elədin!"
Elxan Zal Kür qırağının gözəlliyindən, Səmədoğlunun xatirələrindən vəcdə gəlib: "Qağa, söz verirəm ki, bu görüşümüzdən bir poema yazacam, adını isə "Qarağacın altında bir gün" qoyacam"-dedi. Əslində isə altında oturduğumuz ağac vəhşi qovağıydı. Amma fərqi nəydi ki, kölgəsi qarağacınkı kimiydi.
Saloğluda vaxtımız başa çatırdı. Səhəri gün Vaqif müəllimin məktəblərdə görüşü vardı. Daha doğrusu, sentyabrın 15-də o, bir neçə məktəbin açılışında olmalıydı. Ona görə də Qazağın "Olimpiya" kompleksinə tələsdik. Ölkəmiz kimi Qazax da yenidən qurulurdu. Vaqif müəllimin və bizim qaldığımız bu kompleks zövqlə tikilmişdi, xidmətinə də söz ola bilməzdi...
Həmin gün məktəblərin açılışından sonra ustad şairimiz,lətifələri dillər əzbəri olan Hüseyn Arifin "Ev muzeyi"nə gəldik. Yazıçılar Birliyinin Qazax filialının sədri Barat Vüsalın da iştirak etdiyi məclisdə saz çalındı, söz deyildi, Hüseyn Ariflə bağlı xatirələr dinlənildi. Vaqif Səmədoğlu bir əhvalat danışdı: "Bu evi rəhmətlik Hüseyn qağa özü tikdirib. Bir dəfə burada möhkəm yeyib-içəndən sonra Hüseyn qağa yatdı, mənsə gündəliyimə qeydlər eləməyə başladım. Bir də gördüm ki, qağa yorğanın altından mənə baxır, axırda yorğanı üzündən götürdü və dedi: "a başı batmış, yenə də yazersanmı? Yaz, yaz, tarixdi".
Bizim Vaqif Səmədoğlu ilə günlərimiz də tarix idi.
Bakıya qayıdanda mən səmədoğluların səxavətini, qazaxlılara xas mərdliyini, şirinliyini daha çox hiss elədim. Tovuzun çıxacağında nahar elədik, Vaqif Səmədoğlu ofisiantı öz əliaçıqlığı ilə sevindirdi. Səhərisi günü Yevlax körpüsündən keçəndə Səmədoğlu maşını mühafizəçi polislərin yanında saxladı və "naruşeniya eləmədik ki?"-deyə soruşdu. "Xeyr, ağsaqqal"- mühafizəçi cavab verdi. Səmədoğlu cibindən pul çıxarıb, "günorta nahar eliyərsiniz" dedi və onların tərəddüdlərinə baxmayaraq, istəyini yerinə yetirdi. Oradan uzaqlaşandan sonra: "Ay Elçin, körpümüzü qoruyurlar dana"-dedi. Mənsə: "Səxavətiniz artıq olsun"-cavabını verdim...
Hacıqabula çatanda Miryusif adlı bir dostu ilə görüşdü və süfrə zamanı üzünü ona tutub dedi: "Miri, indi qoyun-quzunun dağdan düşən vaxtıdır. Yaxşı bir erkək tap." Tapdı da. Vaqif qağa onu kəsdirib pay elədi və dirəndi ki, bunun çox hissəsi sənindi." Mən nə illah elədimsə də xeyri olmadı. Qayıtdı ki: "Sizin o xalq şairiniz var ha, Səməd Vurğun, bilirsən nə deyirdi? Deyirdi ki, kişi evdən çıxdı, geriyə dönəndə əilndə ət, cibində pul qayıtmalıdır..."
Mən heç nə demədim. ÇünkiQazaxda olanda qağam cibimizə pul da qoymuşdu.
Sonra xeyli tədbirdə və qonaqlıqlarda olduq. Onun 70 illiyini Yazıçılar Birliyində qeyd elədik və banket zamanı nədənsə üzünü mənə tutub dedi: "Elçin, bunlar məni elə tərifləyirlər ki, birdən inanaram e!" Hamımız gülüşdük...
Vaqif müəllimin xəstə yatan vaxtlarıydı. Tez-tez İzrailə müalicəyə gedirdi. Telefonuna zəng çalanda da, telefonu əsasən həyat yoldaşı Nüşabə xanım götürürdü. Elə onun vasitəsylə hal-əhval tuturdum.
Bir dəfə "Ulduz"da öz otağımda oturub yazırdım. Qapım da, həmişəki kimi açıq idi. Hiss elədim ki, qapıya gölgə düşdü, yəni kimsə gəldi. Başımı qaldırmadım ki, cümləni qurtarıb nöqtəni qoyum. Gələn adam da səsini çıxartmırdı. Birdən Qulu Ağsəs gəldi və dedi ki, "başını bir qaldır gör, kim gəlib da!" Başımı qaldırdım, gördüm ki, Vaqif qağa qapıda dayanıb. Tez ayağa durdum, öpüşüb-görüşdük.
Vaqif müəllim: "Bilirsən bura niyə gəlmişəm, gəlmişəm ki, iki baş redaktora - İntiqamla sənə qonaqlıq verim. Çünki mən xəstə yatanda yanıma çox gəlib getdiniz." Qağanın yumorunu başa düşdüm və dedim ki, "ay qağa, gəlməsək də həmişə hal-əhval tutmuşuq. Nüşabə xanım da deyib ki, yaxşısan, istirahət eliyirsən". "Zarafat eliyirəm, -dedi, gəlmişəm Anarın yanına, deyirəm ki, ay Anar, gəl uşaqları da götürək, gedək nahar eliyək. Nəcavab versə yaxşıdı: deyir ki, Vaqif, otu, saat 4-ə kimi söhbət edək, sonra gedərik (Anar müəllim adətən həmin vaxt işdən çıxır. - E.H). Deyirəm ki, ay Anar, biz səninlə 70 ildir ki, söhbət edirik, indi nədən danışacağıq?".
Nəysə, deyə-gülə restorana
gəldik. Yeyib-içəndən sonra məlum
oldu ki, hesabı xəlvətcə
İntiqam müəllim
verib. Vaqif qağa bunu
biləndə etiraz elədi. İntiqam müəllim də dedi ki, "Ay qağa, hesabı həmişə sən verirsən, bir dəfə mən verəndə nə olar ki?"
Onda Vaqif müəllim təklif elədi ki, yaxınlıqdakı "Hilton" otelinə gedək, orada adama bir
əlli-əlli konyak vuraq, qəhvə içək."
Belə də oldu. Vaqif qağa hesabı verəndən sonra (hesab həddən artıq yüksək idi - E.H) özünxas yumor hissi ilə
dedi: "Uuuşaqlar,
sizə məsləhət
görürəm ki, birdə belə yerlərə gəlməyəsiniz..."
Vaqif Səmədoğlu
söhbətlərimizdə Hüseyn Ariflə bağlı xeyli maraqlı xatirə danışıb. Yaş fərinə baxmayaraq yaxın dost olmuşdular. Amma sözü uzatmaq istəmirəm. Çünki mən Vaqif qağa ilə bağlı xatirələrimin
bir qismindən danışıram, onun xatirələrindən yox.
Çünki özü həmin
xatirələri qara cildli kitabına yazıb, yəqin ki, nə zamansa
işıq üzü
görəcək. Əgər
əlimdə olsaydı,
mən onu məmnuniyyətlə çapa
hazırlayardım...
Tanrı
böyük şairimisə,
böyük qağamıza
rəhmət eləsin!
Qəbri işıqlı-nurlu
olsun!!!
fevral 2019
Elçin Hüseynbəyli
Olaylar.- 2019.- 26 fevral.- S.14.