Çarpışma
Çatlamış
dodaqların təşnəsi
Xatın faciəsi haqqında orta məktəbdə
oxuyanda dəhşətə gəlmişdim,
tarix müəllimimin söylədiyi faktlar uşaq təfəkkürümdə vahimə
yaratmışdı. İllər sonra Belorusiyaya səfər
edərkən həmin kənddəki memorialı ziyarət etdim.
"Xatın" memorial-kompleksinin müəllifləri kəndlə birlikdə diri-diri yandırılmış və güllələnmiş 149 nəfər dinc sakinin xatirəsini əbədiləşdiriblər. 1943-cü ildə faşistlər bu kəndi - belə demək olarsa - yer üzündən siliblər. Bu gün xəritədə Xatın kəndinin adı yoxdu.Memorialı ziyarət edərkən ekskursiya rəhbərinin söylədiklərindən dəhşətə gəlmişdim, belorusların halına acımışdım. Ağlımın ucundan belə keçməmişdi ki, vaxt gələcək bənzər faciəni biz də yaşayacağıq. Amma ağılın düşündükləri ilə reallıqdakı çirkin və mənfur siyasət heç bir zaman üst-üstə düşmür, bir-biri ilə çarpaz formada kəsişir. 1992-ci ildə Azərbaycanda belə bir kəsişmə baş verdi. Xocalının dinc əhalisi keçmiş sovet ordusunun 366-cı motoatıcı diviziyası ilə çarpışdı.
Xocalı faciəsi Xatın faciəsindən onunla fərqlənir ki, Azərbaycan xalqı dinc dövrdə rus - erməni faşistlərinin insanlıqdan kənar, vəhşi hərəkətlərinin qurbanı olublar. Xocalı faciəsi bir xalqın soyqırımı deməkdi. Xocalı faciəsi bir millətin varlığına sui-qəsd deməkdi. Xocalı faciəsi bütüövlükdə insanlığa yönəlmiş vəhşilikdi.Bu gün Xocalı faciəsindən 27 il keçir. İndi orada ermənilər məskunlaşıblar, kəndi öz ağılları ilə "özəlləşdiriblər". 27 ildi orda yaşayan ermənilər özlərini o torpağın sahibi hesab edirlər. Əminəm ki, bu gün, lap elə dünən 27 ildi Xocalıda doğulan erməni uşaqlarına heç kim deməyib ki, həmin torpaq onların deyil. Kimsə başa salmayıb ki, zəbt etdikləri o torpaqda aldıqları nəfəs, içdikləri su, udduqları hava haramdı. Bir erməni onları başa salmayıb ki, gün gələcək o torpağın sahibləri dönəcək, onları it kimi qovacaqlar. Hələ eyforiyadadırar. Hələ gözləri kor, qulaqları kardı. Hələ qondarma dağlıq qarabağ respublikasının (bilərəkdən kiçik hərflərlə yazdım) vətəndaşı olduqlarından dolayı xoş hisslər keçirirlər. Amma anlamırlar ki, qondarma olan hər şey bir gün dağılmağa məhkumdu.
Xocalı faciəsi Xatın faciəsindən onunla fərqlənir ki, Xatın sakinlərindən bir nəfər də qalmamışdı, hamısı qətlə yetirilmişdi. Ona görə də kənd boş qaldı, qələbədən sonra kənddə yaşayacaq adamlar olmadı. Amma Allaha çox şükür ki, bu gün sağ qalan xocalılar evlərinə dönəcəkləri ümidini itirməyiblər. Xatında 149 sakin, Xocalıda isə 613 sakin vəhşiliyin qurbanı olub. Daha dəqiq statistika belədi: Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı faciəsi Xatın faciəsindən onunla fərqlənir ki, Xocalıda hələ də ruhlar dolaşır, yurd-yuvalarına çokmüş erməniləri dinc buraxmırlar. Qışın şaxtasında, buz kimi havasında donub ölən dinc sakinlərin ruhu narahatdı. Narahat ruhların "harayı" amansız olur! Ona görə də mənfur ermənilər gecələr rahat yata bilmir, səksəkə içində yuxuya gedirlər. Bilirlər ki, bir gün Azərbaycan xalqı Xocalını xilas edəcək, erməni izlərini tamamilə siləcək. Xatın dinc əhalinin kütləvi şəkildə məhv edilməsinin, Belorus xalqının faciəsinin rəmzinə, Böyük Vətən müharibəsi tarixinin ən ağrılı səhifələrindən birinə çevrilib. 76 ildi Xatın heykəlləşmiş daşlarda, gipslərdə "yaşayır". Yaxın tarixin ağrılı və çox kədərli səhifəsi olan Xocalını isə Azərbaycan xalqının qeyrəti, Azərbaycan dövlətinin namusu daşlaşmağa qoymayacaq. Sadəcə vaxt gələcək ki, soyqırım qurbanlarına həsr olunmuş abidə Xocalının mərkəzində ucaldılacaq. Ki... gələcək nəsillər erməni - rus faşistlərinin alçaqlığını unutmasınlar.
Xocalı faciəsi Xatın faciəsindən onunla fərqlənir ki, illərdi Azərbaycan ictimaiyyəti və xalqı bu cinayətin baş verdiyinibeynəlxalq səviyyədə subut edirlər. Amma ikili standartlarla yaşayan dünyanın kar olmuş qulaqlarını, kor olmuş gözlərini açmaq hələ ki, "daşa dirənib". Halbuki bu, təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin qanlı faciəsidir. Təqvimdə qara rənglə yazılmış 26 fevral günü Azərbaycan xalqının qan yaddaşına hopub. Şəxsən mən hərb sahəsində 366 rəqəminə rast gələndə, yaxud da eşidəndə ətim ürpəşir. Bu rəqəm yaddaşımda qarın üzərində donub ölmüş uşaqların, yaşlı qadınların, qoca kişilərin şəkli ilə assosiasiya olunub. Bu rəqəm Çingiz Mustafayevin ağlar səsi ilə beynimi döyəcləyir.Fevral ayını sevmirəm. Mənə görə özündə soyuqluq, ayrılıq, nisgil, həsrət daşıyan fevral öz yarımçıq "taleyi" ilə insan taleyində də sağalmaz iz qoyur. İlin on bir ayı 30-31 gün olduğu halda fevral bu bütövlükdən xalidi, 28 günlə "ömrünü başa vurur". Fevralda sanki, bir mistika var. Məhz bu mistika Xocalını 1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixin qan yaddaşına köçürdü. Qanlı yaddaşın oyanması amansız olur!
Bu gün bizimlə Xocalı faciəsinin arasında 27 illik bir zaman kəsimi dayanıb. Ötən il də, ondan əvvəlki il də... daha əvvəlki illərdə də biz hər gün zamanı adlayıb baş vermiş faciəyə qayıdırıq. Qayıdırıq ki, Xocalıda qoyub gəldiyimiz, üstündə alçaq erməni çəkmələrinin izi qalan yurd-yuvamıza ağı deyək, laylay oxuyaq. O günlərə boylanırıq ki, ölməyən ümidimizin işığını azaltmayaq. Qaysaq bağlamayan yaramızın qanının dayandırmayaq. Əks halda qan yaddaşımız ölə bilər! Xocalı bizim qan yaddaşımızın zülmətidi. Bu zülməti yarıb işığa çıxacağımız günü görməyə təşnəyik. Bu təşnə hər gün dodağımızı çatladır. Tarix sübut edib ki, qanlı çarpışmalarda daha çox əzilən, daha çox qanı axan, yerə yıxılan tərəfin ayağa qalxması möhtəşəm olur. 27 il əvvəl Xocalıda baş vermiş çarpışma bəlkə də Allahın Azərbaycan xalqına vediyi bir sınaqdı.
Bizi bu sınaqdan
çıxaran çatlamış dodaqlarımızın qələbə
təşnəsi olacaq...
Züleyxa
NADİR
Olaylar.- 2019.- 26 fevral.- S.13.