Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işə başlayıb

 

Sessiyanın ilk günü Bakı Bəyannaməsi qəbul edilib

 

İyulun 1-də Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas işə başlayıb. Plenar iclasda sessiyanın gündəliyi açıqlanıb və iştirakçı ölkələrin nümayəndələrinin hesabatları dinlənilib. Sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamlayıb, gündəliklə bağlı məlumat verib. Bildirib ki, dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatıldığı tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, Azərbaycanın tarixininmüasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır: "Bütün iştirakçılar Azərbaycanın mədəni irsi ilə artıq tanışdırlar. Möhtəşəm açılış mərasimi onlarda ölkəmiz haqqında geniş təsəvvür yaradıb. Biz çalışmalıyıq ki, bütün qonaqlar bu sessiyada öz fikirlərini sərbəst şəkildə çatdıra bilsinlər". UNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler tədbirin əhəmiyyətini vurğulayıb. Tədbir çərçivəsində keçirilən Abidə Menecerlərinin Forumu və Gənc Peşəkarlar Forumunun işini yüksək dəyərləndirən direktor təşkil edilən sessiyalarda maraqlı müzakirələrin şahidi olduğunu diqqətə çatdırıb. Bildirib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Bakıya bu sahənin çoxsaylı mütəxəssisləri toplaşıb. Burada olduğumuz bir neçə gün ərzində biz təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyinin şahidiyik. Eyni zamanda, onu da qeyd etmək istərdim ki, Azərbaycan mədəni sərvətlərinə, irs nümunələrinə diqqət və qayğı ilə yanaşır. Sessiyada müzakirə ediləcək bütün məsələlərin komitənin veb-saytında canlı olaraq yayımlandığını söyləyən xanım Rossler diqqətə çatdırıb ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının gündəliyinə büro üzvlərinin istəyi ilə dəyişiklik edilə bilər. Bildirilib ki, Bakı sessiyasında UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Sessiyalarda ilk olaraq siyahı üzrə təbiət, daha sonra mədəni obyektlər üzrə nominasiyalar müzakirə ediləcək. Vurğulanıb ki, sessiya çərçivəsində 50-yə yaxın paralel tədbir və sərgi də təşkil olunacaq. Eyni zamanda, Bakıda UNESKO-nun siyahısında olan və təhlükə ilə üzləşən 166 abidənin hazırkı vəziyyəti müzakirə ediləcək.Sonra UNESKO-nun Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasının məruzəçisi Anna Zeçner çıxış edib. O, ötən sessiya haqqında geniş məlumat veribbildirib ki, sessiyada 225 qərar qəbul edilib və 19 mədəniyyət nümunəsi UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb. Bununla da UNESKO-nun siyahısına daxil olan mədəniyyət nümunələrinin sayı 1092-yə çatıb. Bildirib ki, Bəhreyndə 2975 nümayəndənin qatıldığı 42-ci sessiyada 157 konservasiya olunmuş abidənin durumu barədə məlumat verilib və 54 irs nümunəsi təhlükədə olan mədəniyyət abidələrinin siyahısına daxil edilib. Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyinin əməkdaşı Rəşad Baratlı hesabatla çıxış edib. O, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Sonra Norveç, Zimbabve, Tunis, Tanzaniya, Braziliya, BosniyaHerseqovina, Koreya Respublikası, Fransa və digər ölkələri təmsil edən nümayəndələr çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını ifadə ediblər.Dünyada mədəni irsin qorunmasının vacibliyindən danışan natiqlər bu istiqamətdə UNESKO-nun Ümumdünya İrs Mərkəzinin gördüyü işləri yüksək qiymətləndiriblər. Bildirilib ki, Ümumdünya İrs Mərkəzi ilə qurulan və genişləndirilən əlaqələr dünyada həm sülhə, həm də mədəni inkişafa xidmət edir. Vurğulanıb ki, Bakı sessiyasının keçiriləcəyi günlərdə dünya üçün əhəmiyyətli olan məsələlər müzakirə ediləcək, təhlükədə olan tarixi abidələrlə bağlı geniş fikir mübadiləsi aparılacaq və bir çox mədəni nümunələr UNESKO-nun siyahısına salınacaq.  Günün birinci yarısındakı müzakirələrə yekun vuran təşkilat komitəsinin sədri Əbülfəs Qarayev Bakı Bəyannaməsinin qəbul olunmasını təklif edib. Bildirib ki, bu bəyannamə dünyada mədəni irsin qorunmasına xidmət edirdünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək məqsədi daşıyır.Sonra iştirakçı ölkələr tərəfindən Bakı Bəyannaməsi qəbul edilib.Tədbirdə 43-cü sessiya çərçivəsində təşkil edilən "Dünya irsi. Gənc Peşəkarlar Forumu" barədə də məlumat verilib. Bildirilib ki, iyunun 24-də işə başlayan forumda dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi iştirak edib. Son illər Ümumdünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq təşkil edilən Gənc Peşəkarlar Forumunun builki mövzusu "Ümumdünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar"a həsr olunub. Forumun ümumi məqsədi XXI əsrdə dünyada irsin idarə edilməsində mövcud problemlərin və imkanların üzə çıxarılmasıdır. "Dünya irsi. Gənc Peşəkarlar Forumu"na həsr edilmiş videomaterialın təqdim edildiyi tədbirdə bir daha gənc peşəkarlar məqsəd və məramlarını və gələcəyə ünvanlanmış mesajlarını diqqətə çatdırıblar.

UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü plenar sessiyası çərçivəsində keçirilən Dünya İrsi Gənc Peşəkarlar Forumunun təqdimatı da baş tutub.Təqdimat zamanı Dünya İrsi Gənc Peşəkarlar Forumunun sessiya iştirakçılarına mesajı dinlənilib. Bildirilib ki, iyunun 24-də işə başlayan forumda dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi iştirak edir. Son illər Dünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq təşkil olunan Gənc Peşəkarlar Forumunun builki mövzusu "Ümumdünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar"a həsr olunub. Forumun ümumi məqsədi XXI əsrdə dünyada irsin idarə edilməsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır. Daha sonra Dünya İrsi Gənc Peşəkarlar Forumuna həsr edilmiş videomaterial təqdim edilib. Videomaterialda gənc peşəkarlar məqsəd və məramlarını və gələcəyə ünvanlanmış mesajlarını bir daha diqqətə çatdırıblar. Qeyd edək ki, Dünya İrsi Gənc Peşəkarlar Forumu 24 iyun-2 iyul tarixlərini əhatə edir və 43-cü sessiya çərçivəsində təşkil edlən tədbirlərdən biridir.

Sonra UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində görüləcək işlər və qəbul ediləcək qərarlar barədə mətbuat konfransı keçirilib. Sessiyanın təşkilat komitəsinin sədri,  Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycan Hirkan meşəsinin Dünya Mədəniyyət İrsi siyahısına daxil edilməsi ilə bağlı təklifə qoşula bilər: "İran tərəfindən Hirkan meşəsinin Dünya Mədəniyyət İrsi siyahısına daxil edilməsi maraqlı təşəbbüsdür. İlkin nəticələrə görə, Hirkan meşəsi siyahıya daxil olmaq üçün şanslıdır". Ə. Qarayev deyib ki, Azərbaycan da gələcəkdə öz ərazisindəki Hirkan meşəsi ilə bağlı bu nominasiyaya qoşula bilər: "Hər iki ölkə Hirkan meşələrinin birgə layihə çərçivəsində qorunmasını həyata keçirə bilər. Eyni zamanda Azərbaycan da ərazisindəki Hirkan meşəsi ilə bağlı belə təklif irəli sürə bilər ". Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler isə Hirkan meşələri ilə bağlı İran tərəfindən çox maraqlı və gözəl təklif daxil olduğunu bildiirb. O qeyd edib ki, ilkin nəticələrə görə, Hirkan meşələri nominasiyaya daxil olmağa şanslıdır: "Nominasiyada tövsiyə olunur ki, vahid coğrafi məkan, vahid ekosistem olduğu üçün Azərbaycan da buna qoşula bilər". Nazir əlavə edib ki, Bakıda keçirilən sessiyada UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi üçün təklif olunacaq nominasiyalar sırasında Şəki Xan Sarayı və Şəkinin qədim hissəsi də var. O, qeyd edib ki, bununla bağlı müxtəlif fikirlər var: "Müəyyən şərtər irəli sürülüb. O şərtlərin yerinə yetirilməsi müzakirə olunur. Ümidvarıq ki, bu məsələ müzakirə olunacaq. Ya qərar veriləcək ki, siyahıya daxil olunsun, ya da tövsiyələr veriləcək. Əvvəldə danışmaq kifayət qədər məsuliyətsizlik olar". Ə.Qarayev bildirib ki, Azərbaycan UNESCO-nun ekspert komissiyasının işğal altındakı mədəniyyət abidələrinə nəzarət etməsini təklif edib: "Azərbaycanın işğal olunmuş ərazilərində mədəni irsin dağıdılmasına yol verilir ki, bu da yolverilməzdir: "Mehriban xanım Əliyeva da dünən sessiyada çıxışında dedi ki, bu, həssas məsələdir və bu məsələdə UNESCO-nun dəstəyinə nail olmaq istəyirik. Uzun müddətdir ki, faktaraşdırıcı missiyanın regiona gəlməsinə Ermənistan mane olur. Hazırda bizim o ərazilərdə mədəniyyət abidələrinə nəzarət etmək imkanımız yoxdur.  Bu, UNESCO-nun ekspert komissiyası tərəfindən, yaxud başqa formada həyata keçirilməlidir. Azərbaycanın UNESCO ilə bu sahədə əməkdaşlığı davam edir". UNESKO-nun baş direktorunun müavini Ernesto Tone qeyd edib ki, UNESKO bu cür vəziyyətin yaşandığı Orta Şərqə dair bir sıra qərarların konsensus yolu ilə həllinə nail olub: "Siyasi gərginlik, yaxud silahlı münaqişədən irəli gələrək bir sıra tədbirlər görülməlidir. Məsələn, Qüdsdə - Yerusəlimdə Dünya İrs Mərkəzi tərəfindən təhlükə ilə üzləşən bir neçə məkanın siyahıdan çıxarılması o deməkdir ki, biz mədəniyət diplomatiyasının mümkün olduğu yerlərə gedirik. Yəni bu, UNESKO-nun məramının bir hissəsini təşkil edir. Hazırkı nümunədə ekspert və digər missiyanın həyata keçirilməsi üçün təhlükəsizlik təminatı verilməldir. İki tərəfin razılaşması olmasa UNESKO buna müdaxilə edə bilməz. Biz konvensiyada iştirak edən ölkələrə bildiririk ki, UNESKO bu və digər dövlətlərin ərazisinə ekspert missiyası həyata keçirə bilər. Burada həm təbii, həm də mədəni missiyanın həyata keçirlməsindən söhbət gedir".

Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler isə bildirib ki, UNESCO iki abidəni təhlükəyə məruz qalan məkanlar siyahısından çıxaracaq: "Yaxın on gün ərzində UNESCO-nun Dünya İrs Komitəsi mühüm qərarlar qəbul edəcək. Təhlükə altında olan iki məkanın UNESCO-nun təhlükəyə məruz qalan məkanlar siyahısından çıxarılması nəzərdə tutulur". O, qeyd edib ki, bu məkanlar Betlehem kilsəsi və Çilidə yerləşən məzar daşlarıdır: "Çili hökuməti vəsatət qaldırıb ki, bu ölkədə yerləşən məzar daşları siyahıdan çıxarılsın. Komitənin bununla bağlı qərar çıxarması gözlənilir".

 

Alim

Olaylar.-2019.- 2-3 iyul.- S.9.