Sonuncu sərnişinin qatar düşüncələri

 

Yol zamanın bir funksiyası deyil. Sürət yolun zamana bölünmüş halıdır. Təcil və sürtünmə qüvvəsinin bizimlə elə bir əlaqəsi yoxdur. Yolda olmaq istəyirsənsə bir sürətə sahib olmalısan. Əks təqdirdə dayanmalı olacaqsan. Dayanmaq isə cansıxıcıdır...

Yolun bitdiyi yerdə isə dayana bilmərsən. Bəzən yolun kənarından rəngsiz duru sular axır. Bu sularda balıqlar da var. Yolun yardığı təpələrin biri yaşıl torpaq, digəri bej də ola bilər. Düşünə bilərsən ki, su axdığı yerin rəngini alır. Lakin bu doğru deyil. Əmin ol ki,  yol heç vaxt bitməz və o labirintin bir divarıdır.

Qatardakı sonuncu sərnişin pəncərədən sürətlə geridə qalan yola baxarkən düşüncələrində çox sevdiyi filmin bu sözləri təkrarən canlanırdı. Lakin o indi başqa bir yol haqqında düşünürdü. Əlində mütəfəkkir Azərbaycan şairi İmadəddin Nəsiminin doğma dilimizdə əsasən lirik tonda qələmə alınmış qəzəlləri daõil ådilmiş kitabı tutan gənc adam Nəsiminin zəngin irsində itib- batmışdı. Sənətkarın gələcək nəsillərə ötürdüyü humanist ideyalar, insan ləyaqətinə, onun qüdrətinə olan yüksək inamını tərənnüm ådərək şåirlərində insanı həyatın yaradıcısı, həyati gözəlliklərin əsl mənbəyi kimi vəsf åtməsi gənc adamı başqa səmtə yönəltmişdi. Düşünürdü ki,  çox mürəkkəb və ziddiyyətli inkişaf yolu keçmiş mütəfəkkirə verilən dəyər, hörmət və ehtiram, eyni zamanda yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür. Düşüncələrdən yorulub yuxuya gedən gənc neçə saat yatdığını xatırlamadı.

Əlində kitabla kupedən çıxanda musiqi səsi eşitdi, sadəcə yaxınlaşıb bir az dinləmək istədi, lakin üz-üzə gəldiyi bəstəkar onun üçün gözlənilməz oldu. Adam gəncin əlindəki kitaba və simasına diqqətlə baxıb onu içəri dəvət etdi. İçəri daxil olan gənc hiss etdi ki, bu adamdan öyrəniləcək dəyərli şeylər var. Çünki bilirdi ki, Nəsimi mövzusunun parlaq təzahürü bəstəkarların yaradıcılığında da əks olunub. Bəstəkar gəncin nə haqqında danışmaq istədiyini yaxşı bilirdi. Gənc adam öyrəndi ki, şairin dramatik taleyi, onu əhatə edən dünyanın ətalət və qəddarlıq mühitini sərbəst şəkildə nəql edən bir əsər var. Bu Azərbaycan musiqisinin korifeyi Fikrət Əmirovun Nəsiminin 600 illik yubileyi ərəfəsində yaratdığı "Nəsimi haqqında dastan" vokal-xoreoqrafik poemasıdır. Bundan sonra Nəsiminin poetik şedevrlərinin oxunduğu partiyanın olduğu biraktlı balet də yaradıldı. Librettonun müəllifi yazıçı Anar isə Nəsiminin obrazının və həyatındakı hadisələrin ümumiləşdirici təcəssümü ilə yola çıxmışdı. Baletin öz personajları var idi. Nəsimi, onun sevgilisi, cəlladlar, işğalçılar və xalq. Personajlar arasında olan qarşılıqlı fəaliyyət, Nəsiminin yaradıcılığında ön planda olan insan şəxsiyyətinin məğlubedilməzliyi ideyasını tərənnüm edirdi. "Nəsimi haqqında dastan" vokal-xoreoqrafik poemasının ilk tamaşası 1973-cü ilin sentyabrında - şairin 600 illik yubileyinin bayram edildiyi günlərdə Azərbaycan Opera və Balet Teatrında olub. Tamaşanın dirijoru Nazim Rzayev, rəssamı Toğrul Nərimanbəyov, baletmeysteri Nailə Nəzirova idi. Baletdə baş rollarda tanınmış artistlər Vladimir Pletnyov və Çimnaz Babayeva iştirak edirdilər. Tamaşa ikinci dəfə Bolşoy Teatrda - UNESCO-nun iştirakı ilə Nəsiminin 600 illik yubiley tədbirləri çərçivəsində nümayiş etdirilib.

Bir müddət sonra F.Əmirov özünün bu səhnə eposunun əsasında "Nəsimi haqqında dastan" adlı sırf orkestr üçün əsərini - simfonik orkestr üçün faciəli musiqisini yaratdı. Fikrət Əmirov tək deyildi. Onunla paralel olaraq həmin dövrdə Nəsiminin obrazını təcəssüm etdirən musiqi əsərləri yaradılmışdı. Bunlar Cahangir Cahangirovun "Nəsimi" üçhissəli kantatası, Azər Rzayevin orkestr, bass-tar və şeir ifası üçün "Nəsimi" simfonik poeması, Əfrasiyab Bədəlbəylinin "Nəsimi" vokal-xoreoqrafik poeması, Əziz Əzizlinin eyniadlı simfonik poeması, Ədilə Hüseynzadənin xor kapellası üçün iki kompozisiyası və digər əsərlərdir.

 

Bəs bu gün? Hollandiyanın "Amsterdam Royal Concertgebouw" konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə görkəmli bəstəkar Firəngiz Əlizadənin "Nasimi Passion" əsərinin premyerasının olması qürurverici idi. Əsərdə Nəsiminin mütərəqqi ideyalar və fəlsəfi düşüncə tərzindən söz açılmışdı.

Gənc, bəstəkardan öyrənmişdi ki, əsərdə ümumi kontekstdə həm müasirlik, həm də Şərqin fərqli bir təfəkkür tərzi olan Orta Əsr sufi fəlsəfəsi yanaşı işlənib. Əsər qeyri-ənənəvi tərkibə malik ansambl üçün nəzərdə tutulsa da, onun ifasında əsasən sufi məclislərində istifadə olunan musiqi alətlərinə müraciət olunub. Əsas prinsipi hər ölkəyə xas tembr səslənməsinin saxlanılmasından ibarət olan layihədə bir tərəfdən ney, tütək, kanon, qoşanağara və milli "səs", digər tərəfdən isə violonçel, skripka və alt kimi klassik alətlərdən istifadə edilmişdir.

Gənc düşünürdü ki, bəstəkarların yaradıcılığında Nəsimi mövzusunun uğur qazanmasının səbəbi yüksək səmimi məhəbbətin, müəllifin bütün həyəcanı ilə  mükəmməl bir şəkildə notlara çevrilməsidir.

Tofiq Quliyevin "Nəsimi" tarixi kinofilminə bəstələdiyi musiqinin nə qədər gözəl olduğunu xatırladı. Sanki kimsə bunu onun yadına saldı. Nə qədər müddətdir yanında dayandığını bilmədiyi adam elə bil onun düşüncülərini oxuyurdu. Gənc ilk baxışdan onun rejissor olduğunu anladı. Onun geyimi və danışığı ilə yanılmadığını başa düşdü. Öz kupesinə daxil olan gənc,rejissorla Nəsimi filmi haqqında söhbətini yenidən yada saldı.

Yazıçı İsa Hüseynovun "Məhşər" romanı əsasında lentə alınan Nəsimi filmi dahi mütəffəkirin 600 iliyinə həsr olunmuşdu. Nəsimi filmini ərsəyə gətirənlər vətəndaşlıq borclarını yerinə yetirmiş oldular. Bəs 50 il sonra nə üçün belə bir film yenidən daha müasir texnoloji imkanlarla ekranlaşdırılmadı? 50 il əvvəlki uğuru qazana bilməməkdən qorxdular bəlkə də. Ya da yetərli isteda malik aktyorlar tapılmadı. Yaxud da tarixin səhifələrini gündəmə gətirəcək kinematoqrafçı yoxdu. Bəlkə də günah bizlərdədi. Tarixi filmlər yox, ucuz yumor üzərində qurulan kommersiya filmlərini izləmək istəyirik. Axı salonu dolduran belə filmlərdi.

Həsən Seyidbəylinin 1973-cü ildə çəkdiyi tarixi-bioqrafik "Nəsimi" filminin çəkilişlərinə 2 il əvvəldən başlanılmışdı. Bu rejissorun şah əsəri idi. Həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün filmin müəllifləri çəkilişlərə görkəmli nəsimişünas filoloqları, sənətşünasları dəvət etmişdilər. Yəni filmə bu qədər məsuliyyətlə yanaşılıb. Məsuliyyət və obrazların üzərində gərgin iş belə bir filmin ərsəyə gəlməsində böyük rol oynayıb. Ssenari, rejissor, aktyor işinin möhtəşəmliyi mükəmməl bir ekran əsərinin yaranmasına rəvac verdi. Rasim Balayevin ifasında Nəsiminin qəzəllərinin səslənməsi filmə bir möhtəşəmlik verib. Təsadüfü deyil ki,  "Nəsimi" filmi ekranlara çıxandan bir il sonra, 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında tarixi mövzuda ən yaxşı filmə görə mükafata layiq görülür və ən yaxşı kişi rolu ifasına görə Rasim Balayevə mükafat verildi.

Filmdə verilən mesajlar çoxdur. Ən əsası isə budur ki, bəşəri ideallar sahibi olan şairi öldürmək olar, lakin onun ideyalarını məhv etmək mümkün deyil. Çoxplanlı filmdə hürufilərin dini fanatizm və ehkamçılıqla, teymurilərlə ideoloji mübarizəsi, müxtəlif qütblərdə dayanan xarakterlərin çarpışmalarına həsr edilən bütün süjet xətləri yüksək sənətkarlıqla işlənib. Ssenari müəllifi İsa Hüseynov müasir gəncliyimizin tərbiyəsi üçün vacib olan cəhətləri qabarıq şəkildə təsvir etdirib.

Xalq rəssamı Mais Ağabəyov ekran əsərinə quruluşçu rəssam idi. Ağabayev daha əvvəl "Yeddi oğul istərəm" və "Həyat bizi sınayır" filmlərində geyim üzrə rəssam kimi çalışaraq öz istedadını sübut etmişdi. Xalq rəssamı bu gün gənc nəslə kino rəssamlığının sirlərini öyrədir.

Gənc, Nəsimi filminin rəsm hissəsi haqqında düşüncələrdən ayrıldı və qapıya çevirildi. Bir neçə saatdır baş verən  bütün qəribəlikləri nəzərə alsa indi otağa bir rəssamın daxil olmasını heç də qeyri adi qarşılamazdı. Lakin bundan daha qəribə hadisə baş vermişdi. Gənc başının üzərində yola çıxdığı vaxtdan bu yana fikir vermədiyi köhnə çərçivə gördü. Çərçivədə Nəsiminin qara qələmlə çəkilmiş portreti var idi. Yəqinki hansısa həvəskar sərnişin tərəfindən çəkilib. Lakin əlindəki kitabın örtük şəkli ilə demək olar eyni idi.

Şəkilə baxdıqca düşündü ki, Azərbaycan şeir dilini yüksək bir zirvəyə qaldıran, öz əsərlərində dövrün mütərəqqi fikirlərini tərənnüm edən, Nəsiminin əsərləri Azərbaycan dilində yaranan şerin inkişafında  öz mütərəqqi xüsusiyyətlərilə mühüm rol oynamışdır. Nəsimi əsərlərində insanın ən gözəl xüsusiyyəti özünü dərk etməsidir. O, bir sıra şeirlərində insanı özünü dərk etməyə çağırır. Nəsiminin yaradıcılığı artıq milli mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Onun şeirlərində istifadə etdiyi dərin təsəvvüfi düşüncəsi sonralar bir çox böyük mütəfəkkirə təsir göstərmişdir. Klassik ədəbiyyatın əsasında duran və qəzəllərin mövzuca, demək olar ki, ana xəttini təşkil edən eşq fəlsəfəsi Nəsimi qəzəllərində özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edir. Nəsimi həqiqət mərtəbəsində dayanan böyük bir şəxsiyyət idi. Onun adı mərdlik və yenilməzlik simvolu kimi yaşamaqdadır...

Gənc qəfil gözlərini açdı. Yuxu sərsəmliyini atmağa çalışdı, lakin nə baş verdiyini anlamadı. Bəs gördükləri? Yanında sadəcə kitabı var idi. Portreti asılı gördüyü divar boş idi. Üzünü çox yaxşı xatırladığı bəstəkar və rəssam, maraqla izlədiyi portret hər biri yuxu imiş. Düşündü ki, belə bir insanlarla eyni yola çıxmaq və biri-birini tapıb söhbət etmək yalnız filmlərdə, kitablarda, yaxud da  yuxularda mümkündür.

Qatar dayanmışdı. Burada son sərnişin olduğunu xatırladı və birdə  yolu...

"Yol zamanın bir funksiyası deyil. Sürət yolun zamana bölünmüş halıdır. Yolda olmaq istəyirsənsə bir sürətə sahib olmalısan. Əks təqdirdə dayanmalı olacaqsan. Dayanmaq isə can sıxıcıdır... Yolun bitdiyi yerdə isə dayana bilmərsən. Əmin ol ki yol heç vaxt bitməz və o labirintin bir divarıdır".

Gənc getməyə hazırlaşdı. Kupeni tərk edərkən yenidən musiqi səsi eşitdi, arxaya getməyə cəsarət etmədi lakin, gecikmişdi. Dayanan qatar yola çıxdı...

 

Nigar Orucova

Olaylar.-2019.- 2-3 iyul.- S.10.