“TARİX YAZANLAR” VƏ YA TARİX YAZAN ALİMLƏR”

 

 

Tarixə nəzər salsaq görərik ki, dövlət idarəçiliyində elm, alim həmişə güclü qüvvə kimi qəbul edilmişdir. Əmir Teymurun hakimiyyəti illərində sənətkarların, dinelm xadimlərinin, yazarların öncül yerdə olması, eyni zamanda yürüşlər zamanı fateh ordusunun zəbt etdiyi yerlərdən alimlərə, ziyalılara toxunmadan onların saraya alınması məhz çevrənin mükəmməlləşdirilməsi, millətin kamilləşməsi siyasətini güdürmüş.

Hər dəfə KİV-də Şəmkirin tanınmış ziyalıları haqqında məqalələr dərc olunanda iki şəxsin adına rast gəlmirdim. Bu məni çox təəccübləndirir, eyni zamanda düşündürürdü. Sonuncu dəfə də belə bir məqalədə eyni ssenari yaşandığı üçün bu məqaləni yazmaq qərarına gəldim. Bir Azərbaycanlı, xüsusən də bir Şəmkirli olaraq buna biganə qala bilməzdim. Həmin o iki şəxs, hansı ki, onları nəinki Şəmkirdə və Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda dünyanın əksər ölkələrində tanıyır və qiymət verirlər. Doğrudur onlardan biri artıq xeyli zamandır ki, dünyasını dəyişib, lakin bu onun adını çəkməmək və oxucuların diqqətindən kənar saxlamağa haqq qazandırmır. İstərdim həmin ziyalıları sizlərə xatırladım.

Müdrikcəsinə deyilmiş bir ifadə var: "Ömrünü xalqının mənəvi inkişafına və maarifləndirilməsinə, fundamental elmi axtarışlara həsr etmiş vətənpərvər ziyalılar dünyanın bəzəyidir". Bu ziyalılardan biri görkəmli riyaziyyatçı, mexanik, texnika elmləri doktoru, professor Məmməd (Məhəmməd Yusif) Yusif Hacı Ələsgər oğlu Axundzadə, digəri isə Azərbaycanlı lüğətşünas alim, ingilis dili mütəxəssisi, filologiya elmləri doktoru, professor Oruc İbrahimoğlu Türksevərdir (Musayev).

Düzdür, hər iki ziyalının həyat yoluna və Azərbaycan elminə verdiyi töhfələri qeyd etsək bunu bir kitaba belə sığdırmaq olmaz. Mən qısaca olaraq onların ən əsas göstəricilərini siz oxucuların diqqətinə çatdırmağı özümə bir borc hesab etdim.

 

 

Məhəmməd Yusif Axundzadə - 1909-cu ildə Gəncəbasarda - Şəmkir bölgəsində, Dəllər - Cırdaxan kəndində, Mollalılar ocağında ruhani ailəsində dünyaya göz açmışdır. İbtidai təhsilini atası, Axund Hacı Ələsgərdən, böyük qardaşı Axund Məhəmməd Sadıqdan almış, sonra Şəmkirdə yeddiillik məktəbdə oxumuşdur. 1926-cı ildə Gəncə Pedaqoji Texnikumunu, 1933-cü ildə isə Azərbaycan Sənaye İnstitutunun maşınqayırma fakültəsini bitirmişdir.

M.Axundzadə əmək fəaliyyətinə elə həmin təhsil ocağında başlamışdı. O, 1933-1938-ci illərdə institutun "Materiallar müqaviməti və tikinti texnikası" kafedrasında müəllim işləmişdir. Qısa müddətdə işgüzarlığı, dərin zəkası, istedadı, mükəmməl elmi-pedaqoji fəaliyyəti ilə hamının diqqətini çəkmişdi. Şirin və səlis nitqi, güclü məntiqi, yüksək mədəniyyəti onu, gənc alimi həmkarlarının sevimlisi etmişdi.

M.Axundzadə Azərbaycan Sənaye İnstitutunda mühəndis qrafiki, materiallar müqaviməti, nəzəri mexanikariyaziyyatdan mühazirələr oxumuş, seminarlar aparmışdır. Onun əsas elmi araşdırmaları isə örtüklər nəzəriyyəsi, zəlzələlərin səbəbləri, Şərq memarlıq üslubunda tikilmiş tarixi abidələrin örtüklərinin riyazi tənliklərinin verilməsi ilə bağlı olmuşdur.

1937-ci illərin ab-havası onun doğulduğu Mollalılar ocağından da yan keçməmişdi. Məhəmməd Yusif müəllimin atası Axund Hacı Ələsgər, qardaşı Axund Məhəmməd Sadıq həbs edilərək "vətən xaini" damğası ilə güllələnmişdir. Az sonra saxta ittihamlarla M.Axundzadə də həbsə alınmış və o, Uzaq Şimalda bir neçə il ağır sürgünlük həyatı yaşamışdı.

1947-ci ildə məhbəsdən vaxtından əvvəl azad olunduqdan sonra, M.Axundzadə orada yazıb başa çatdırdığı dissertasiya işini ixtisaslaşmış şurada müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdı. O, 1947-ci ildən müəllimlik fəaliyyətini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Ali riyaziyyatmateriallar müqaviməti" kafedrasında davam etdirməyə başlamışdı. Nəhayət, Stalinin ölümündən əvvəl bəraət almışdı.

M.Y.Axundzadə 1956-cı ildə Sankt-Peterburqda (Leninqrad) "Az qabarıqlı silindirik örtüklərin hesabatının yeni metodikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1957-ci ildə professor adını almışdır. Örtüklər nəzəriyyəsi sahəsində dünyada tanınmış alimlər V.Z.Vlasov, N.Y.Musxeleşvili, Y.N.Bekua, X.M.Muştari, Z.Y.Xəlilov və başqaları əsərə yüksək qiymət vermişlər.

Professorun elmi tədqiqat əsərləri bütün dövrlərdə öz aktuallığını saxlayan örtüklər nəzəriyyəsinə, Şərq üslubunda tikilmiş tarixi abidələrin örtüklərinin riyazi tənliklərinin müəyyən edilməsinə, hansı hallarda zəlzələlərin başvermə səbəblərinin araşdırılmasına, fəzada uçan aparatların və tikinti qurğularının layihələrinin verilməsinə və tədqiqinə həsr olunmuşdur. O, yüksək mühəndislik, riyazi qabiliyyəti sayəsində örtüklərin tənliklərini müəyyən edərək onların həllini dördtərtibli xüsusi törəməli diferensial tənliklərin həllinə gətirmiş və təqribi həlləri üçün üsullar vermişdir.

M.Axundzadə məğrur, əqidəsindən dönməyən, elmdə xoşbəxt taleli böyük alim idi. Elmin son nailiyyətlərindən, hesablama texnikasının imkanlarından faydalanan professor çox ciddi məsələlərin həllinə nail olmuşdünya şöhrəti qazanmışdır.

M.Axundzadə mahir elm təşkilatçısı olmuşdur. Çox qısa müddətdə "Ali riyaziyyatmateriallar müqaviməti" kafedrasını təşkil etmiş, istedadlı gəncləri ətrafına toplamış, riyaziyyat, mühəndislik qrafiki, örtüklər nəzəriyyəsi sahəsində böyük müvəfəqiyyətlər qazanaraq güclü məktəb yaratmışdı. Bu, keçmiş SSRİ-də yeddi məktəbdən biri sayılırdı.

M.Axundzadə elm fədaisi olmaqla yanaşı, həm də gözəl pedaqoq idi. Uzun illər Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda riyaziyyat, materiallar müqaviməti, mühəndislik qrafiki, nəzəri mexanika fənlərindən mühazirələr oxumuşdur.

Azərbaycan gənclərinin mühəndislik peşəsinə, dəqiq elmlərə marağının artmasında görkəmli alimin böyük xidməti olmuşdur.

Qeyd olunanlarla yanaşı professor M.Axundzadə SSRİ Elmlər Akademiyasının keçirdiyi beynəlxalq konfranslardaqurultaylarda daim iştirak etmişelmi məruzəçi olmuşdur.

Müstəsna qabiliyyəti, möhkəm iradəsi, fitri istedadı, ziyalılığı ilə tanınan bu insan "Xanbulançay" kompleksinin, Tiflis metropoliteninin layihəsini hazırlayanlardan biri, çoxlu sayda körpülərin, tikinti qurğularının müəllifi olmuş, Şərq üslubunda inşa edilmiş tarixi abidələrin örtüklərinin riyazi tənliklərini vermiş, zəlzələlərin başvermə səbəblərini araşdırmış, kosmik gəmilərin konstruksiyasında misilsiz xidmətləri ilə seçilmişdir.

Ensiklopedik biliyə malik professor M.Axundzadə ədəbiyyata, sənətə, musiqiyə, idmana yüksək qiymət verir, öz fikirlərini yığcam, konkret şəkildə şərh edir, ərəb, fars, türk, rus dillərini mükəmməl bilirdi.

Professor M.Axundzadə şərəfli bir ömür yaşamışdır. Bütün həyatını dünyada texnikiriyaziyyat elmlərinin inkişafına həsr etmişdir. O, elm aləmində qibtə ediləcək dərəcədə müvəffəqiyyətlər qazanan görkəmli alim idi.

 

 

Oruc İbrahimoğlu Türksevər (Musayev) - 1929-cu ildə indiki Şəmkir rayonunun Dəlləkli kəndində kəndli ailəsində anadan olub. 1948-ci ildə orta təhsilini başa vurub, 1949-cu ildə isə Azərbaycan Dövlət Xarici Dillər Pedaqoji İnstitutunun İngilis dili fakültəsinə daxil olub, 1953-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. İnstitutu bitirdiyi il həmin institutda aspiranturaya  daxil olub və 1961-ci ildə dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub və 1964-cü ildə oranı bitirərək ikinci ali təhsil alıb.

Əmək fəaliyyətinə 1956-cı ildə başlayıb və 50 ildən artıq İngilis dilinin qrammatikası kafedrasında əvvəlcə sıravi müəllim, sonra baş müəllim, daha sonra dosent, 1985-ci ildən isə həmin kafedrada professor vəzifəsində çalışaraq gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olub. 20 ildən artıq adıçəkilən kafedraya başçılıq edib, 7 il isə çalışdığı ali məktəbdə elmi işlər üzrə prorektor vəzifəsində çalışıb. 1998-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Hind-Avropa dilləri şöbəsinin müdiri vəzifəsində öz əmək və elmi fəaliyyətini davam etdirir.

Elmi fəaliyyətə hələ 2-ci kurs tələbəsi olarkən maraq göstərib. Tələbə Elmi Cəmiyyətinin üzvü olaraq o zaman "Mehdi Hüseynin "Abşeron" romanının ingilis dilinə tərcüməsi haqqında" elmi yazıb və respublika üzrə ali məktəb tələbələrinin elmi işləri üzrə keçirilmiş müsabiqədə 1-ci dərəcəli mükafat alıb. Bundan sonra elmi-tədqiqat işinə böyük həvəs və ciddiyyətlə yanaşıb, bir sıra məqalələr, monoqrafiyalar, həmçinin ölkəmizin orta ümumtəhsil və ali məktəbləri üçün çoxsaylı dərsliklər və dərs vəsaitləri yazıb. Məhz onun sayəsində ilk dəfə Azərbaycan leksikoqrafiyasına çox dəyərli töhfə olan 2 böyük həcmli - Azərbaycanca-İngiliscə (1996) və İngiliscə-Azərbaycanca (2003) lüğətlər işıq üzü görüb.

Müəllif hər iki dil üzrə ali təhsilli mütəxəssis olduğundan tərtib etdiyi lüğətlər yüksək keyfiyyəti ilə seçilir.

Oruc Musayevin yazdığı kitablar arasında qələmə aldığı bir əsər də var: "Ömrümün anları və yaxud bir ömrün dastanı" adlanır. Bu əsər elmi tədqiqatlardan çox fərqlənir. Kitabda iki əsrin qovşağında cərəyan edən hadisələr qərar tutur. Əsas qəhrəman müəllifin özüdür. Başına gələnləri, görüb-bildiklərini oxucularına nağıl edir. Kitab əsasən müəllifin 90 illik şəxsi həyatı ilə bağlı yaddaşına zaman-zaman həkk olunmuş acılı-şirinli, xoş-naxoş, sevindirici-kədərləndirici xatirələri əsasında yazılmışdır.

Kitabda müəllifin həyatının müxtəlif dövrlərində - uşaqlıq, gənclik, tələbəlik, müəllimlik illərindəki xatirələri, görkəmli şəxsiyyətlər: müəllimləri, dostları haqqındakı xatirələri, eləcə də əməkdaşlarının onun haqqında dilə gətirdikləri mülahizələri əks olunmuşdur.

Bunlarla yanaşı, həmin kitabda müəllifin həyat hadisələrinə şəxsi münasibəti, oxuculara verdiyi məsləhət və vəsiyyətləri də öz əksini tapmışdır.

Kitab müəllifin "Yadigar qalsın" şeiri ilə başlayır. Şeir böyük olsa da onun 4 bəndini siz oxucularla paylaşmaq istədim:

 

O böyük Allahdan ömür diləyib,

 

Başladım yazmağa bu hekayəti.

 

Sənə arxalanıb, ey Qadir Allah,

 

Götürdüm boynuma mən bu zəhməti.

 

O ulu Tanrının qarşısında mən,

 

Müqəddəs Qurana and içim inan.

 

Düzü düz yazmışam, əyrini əyri,

 

Mənim bu andıma şahid - Yaradan.

 

Bilərək heç kimə pislik etmədən,

 

Çalışıb hər kəsə dayaq durmuşam.

 

Halalı harama qatmadan əsla,

 

Mən öz qismətimə qail olmuşam.

 

Bu cahan mülkündə demişəm hər an,

 

"Ədalət, həqiqət qoy zəfər çalsın".

 

Bu hekayəti yazmışam ki mən,

 

Gələn nəsillərə yadigar qalsın.

 

Hesab edirəm ki, Məmməd Yusif Axundzadənin 110 illik, Oruc Musayevin isə 90 illik yubileyləri ilə əlqədar Şəmkir rayonunda silsilə tədbirlər keçiriləcək onların adlarının əbədiləşdirilməsi istiqamətində müvafiq işlər görüləcəkdir.

Bir məsələni qeyd etmək istərdim ki, Azərbaycan Dövlət Aqrar Universitetində professor M.Y.Axundzadənin adı əbədiləşdirilsə , ADU-da Oruc Musayevin adı ilə bağlı heç bir tədbir görülməmiş, eyni zamanda professorun Azərbaycan elminə verdiyi misilsiz töhfələrinə baxmayaraq, bugünədək "əməkdar elm xadimi" adını almamışdır.

Ümid edirəm ki, öz humanistliyi, innovativliyi yüksən insani ziyalı keyfiyyətləri ilə seçilən bugünkü ADU rəhbərliyi bu məsələni diqqət mərkəzində saxlayacaq tezliklə bu istiqamətdə müvafiq tədbirlər görəcəkdir.

Sonda məqaləmi ölməz şairimiz Cabir Novruzun bir misrası ilə bitirmək istərdim: "Sağlığında qiymət verin insanlara"!

 

Olaylar.-2019.- 4-5 iyul.- S.10.