Azərbaycan ədəbiyyatı tarixində Yunus Oğuz missiyası

 İsa Həbibbəyli: "Onun tarixi romanlarında Azərbaycanın dövlətçilik tarixi, milli təfəkkür, azərbaycançılıq ideyaları ön planda dayanır"

 

 Nizami Cəfərov: "Yunus Oğuz Azərbaycan tarixinin epopeyasını yaradıb"

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda  yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Səfəvi Şeyxi" romanının elmi müzakirəsi keçirilib. Öncə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Yunus Oğuzun çağdaş Azərbaycan ədəbiyyatındakı mövqeyindən danışıb. Yazıçının son illərdə çap olunan tarixi romanlarının ədəbi ictimaiyyətdə doğurduğu əks-səda haqqında fikirlərini bölüşüb. Yeni çap olunan "Səfəvi Şeyxi" tarixi romanının da ədəbiyyatsevərlər tərəfindən maraqla qarşılanacağına ümid etdiyini bildirib: "Biz adətən Ədəbiyyat İnstitutunda elmi əsərlərin təqdimatını keçiririk. Bədii əsərlər daha çox AYB-nin "Natavan" klubunda təqdim olunur. Yunus Oğuzun istisnalığı ondadır ki, o, tarixi roman yazır. Tarixi roman elmlə bədii yaradıcılığın ortasındadır. Burada elmin də payı var, bədiiliyin də. Ona görə də biz Yunus Oğuzla bağlı bu ənənəni davam etdiririk. Artıq müəllifin 3-cü əsərini Ədəbiyyat İnstitutunda müzakirəyə çıxarırıq. Onun tarixi romanlarında Azərbaycanın dövlətçilik tarixi, milli təfəkkür, azərbaycançılıq ideyaları ön planda dayanır". İ. Həbibbəyli qeyd edib ki, Yunus Oğuz müasir dövrdə Azərbaycan tarixi romanının ən əsas yaradıcılarından biridir: "Müəllifin 10-dan çox tarixi romanı var. Yunus Oğuzun tarixi romanlarında Azərbaycan dövlətçilik tarixi, Azərbaycan milli dövlətçilik təfəkkürü, azərbaycançılıq idealları ön mövqedə dayanır və əsas aparıcı xətti müəyyən edir. Müəllifin tarixi romanlarında tarix və bədii düşüncənin balansı doğru tapılmışdır. O tarixi reallığı, obyektivliyi qoruyub saxlamaq şərtilə ən azı 70 faiz bədii təfəkkür, bədii yanaşma, yazıçı mövqeyi ifadə edərək romanlarında tarixiliklə bədiiliyin yerini, rolunu münasib balansda aparıb və son nəticədə onu bədii əsər kimi meydana qoymağı bacarır. Yunus Oğuzun obrazları tarixdəki missiyasına tamamilə uyğundur. Bununla yanaşı onların insan kimi həyəcanları, sevgisi, nifrətini bu əsərlərdə görmək mümkündür. Yunus Oğuzun romanları özünün dinamikasına və əsərlərin daşıdığı xüsusiyyətlərə görə, hesab edirəm ki, film çəkmək üçün daha yararlıdır. Düşünürəm ki, Yunus Oğuz gələn mərhələdə əsərlərinin ekran həyatı haqqında düşünə bilər. Onun bir çox əsərindən çox maraqlı və Azərbaycan cəmiyyətinin indiki dövrünün bütün tərəflərinə cavab verən filmlər çəkilə bilər. Hətta Yunus Oğuzun romanlarını mövzularına, şəxsiyyətlərinə görə qruplaşdırmaq olar".

Təqdimat mərasimində AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu "Yunus Oğuzun romançılığı: tarixdən belletristikaya" mövzusunda məruzə ilə çıxış edib. O vurğulayıb ki, yazıçı-publisist Yunus Oğuzun tarixi romanları müasir təfsir dilində verilib. Onun romanları hekayələr üzərində qurulub, bu romanları tarixi hekayətlər də adlandırmaq olar: "Yunus Oğuzun bir müəllif kimi Ədəbiyyat İnstitutunda şan-şöhrəti başqadır. İki öl öncə "Atabəy Eldəniz" romanının təqdimatı zamanı akademik İsa Həbibbəyli məxsusi xatırlatdı ki, burada başlıca olaraq elmi kitabların məruzəsi keçirilir, sadəcə Yunus Oğuz istisnadır. Ötən il bu zalda "Ovçu" romanının da müzakirəsi keçirildi. Roman elə bir mövzuya həsr olunmuşdu ki, onu müzakirə etməyə bilməzdik. 2016-cı ilin aprel döyüşləri nəinki cəmiyyətimizdə, eləcə də ədəbiyyatımızda bir dönüş nöqtəsi, yeni zamanların baxış tərzinin dəyişməsinin başlanğıcı hesab olunmalıdır. Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı aktual mövzudadır. Akademik Nizami Cəfərovun sözlərini xatırladım ki, xüsusilə son zamanlar mövcud tarixi məlumatların akademik Ramiz Mehdiyev tərəfindən təqdim olunmuş fəlsəfi ümumiləşdirilmələri Səfəvilər dövrünün tarix fəlsəfəsi fonunda romanı daha da aktual edir. Belə bir aktual məqamdan Ədəbiyyat İnstitutu da yan keçmək fikrində deyildi. Məxsusən o halda ki, 3 ildir bu institutda oğuzşünaslar dəstəsi əmələ gəlmişdir. İldə bir roman tempi ilə özümüzü yazıçıya çatdırmağa çalışırıq. İldə bir roman Avropa standartları ilə yazıçı belletrist üçün normal ölçüdür. Nəzərə alaq ki, Yunus Oğuzun ədəbi silsiləsində, həm də tarixçi alim sözü yer alıb və o əsasən tarixi janrda qələm işlədir, romanlarında milli türk tarixinin ən müxtəlif əyyamlarına baş vurmaqla oxucunun və təkrarən tarixin bumeranqını hədəf seçir. "Atilla", "Nadir şah", "Təhmasib şah", "Əmir Teymur zirvəyə doğru", "Əmir Teymur dünyanın hakimi", "Alp Arslan", "Atabəy Eldəniz" və.s romanları buna misal göstərə bilərik.

Milli tarix bu gün tarixşünasların, ədəbiyyat tarixçilərinin, tarixi romançıların o sıradan belletristlərin müştərək meydanıdır. Hər sahə həqiqətini sadəcə müzakirələr gedişində təsdiq edir. Yunus Oğuzun əvvəlki romanlarında tarixi materiallar, xronika daha çoxdur. "Səfəvi Şeyxi" daha belletrisdir. Müəllif oxucunu tarixlə yükləmək istəmir. Çevik qələmi ilə tarixin rəqəmləri üzərində gəzişib daha çox müasir təsvirə diqqət edir. Onu çağdaşımıza yaxın tanış yerlərdən tanıtmaq istəyir. Yunus Oğuzun romanlarını tarix haqqında hekayətlər qismində də qavramaq olar. "Səfəvi Şeyxi" romanında tarixi roman kontekstinin müsbət təsirini danmaq olmaz. Bu minvalla deyə bilərik ki, İsa Hüseynovun "Məşhər" romanında hürufizm mövzusunda olan xətt və "Səfəvi Şeyxi"ndə süfuzim haqqında söhbətlər var. Saray Xatunun obrazı "Xudafərin körpüsü" romanında və "Səfəvi Şeyx"ində yer alıb. Romandakı sevgi sujeti Şeyx Cüneyd-Xədicə xətti, "Dədə Qorqud" dastanında Beyrək - Banıçiçək xəttini xatırladır. Romanda tarixi koloriti yaradan ilk növbədə kitab yaddaşının oyanması sanki adi romanlardan bəri tarixi bir daha vərəqləməyimizdir".

Məncə Nizami Cəfərov haqlıdır ki, Yunus Oğuz romanı "Səfəvi Şeyxləri" deyil, "Səfəvi Şeyxi" adlandırmaqda səhv etməyib. Tarix göstərir ki, Azərbaycanda istənilən ideologiyalar tarixi məhz qılınclar toqquşub iş görən zaman kamala çatır. Romanda da bunu görürürk.

Romanın qəhrəmanı həyatı, hekayəti və qazamatı ilə Şeyx Cüneyddir. Amma həmən aralığa diqqət etsək, burada tarixin başqa qəhrəmanları da var. Çox vaxt ədəbiyyat tarixindən xatırladığımız Qaraqoyunlu Cahanşah Həqiqi, daha çox tarixi romanlardan bildiyimiz Ağqoyunlu Uzun Həsən və onun anası Saray Xatun, Qaramanlı İbrahim bəy və s. Romanı oxuduqca belə bir düşüncə yaranır ki, bu qəhrəmanların hər birinin bir qürur hekayəti üzərində dayansan aqibətdə yenə Azərbaycan tarixi hasil olacaq. Üstəlik türkün tarixinə zəfər tağını taxmış Sultan Mehmet, Teymurilərin son renessansı Şahrux xan, hətta  Şeyx Cüneydin ölümünə imza atmış Şahrux xan tarixinin qəhrəmanı olaraq mətndən parlaq şəkildə keçir. Müasir belletrist qələmin uğurudur ki, qəhrəmanların heç birinə xələl yetirmədən türklük, islam və müasirlik naminə gəzişə bilir. Yunus Oğuzun romanları geniş gənc auditoriyalar üçün gərəklidir. Yunus Oğuzun romanlarının texnologiyası rahat qurulub. Daha bir məqamı qeyd edim. Yunus Oğuzun romanları adətən akademiklər İsa Həbibbəyli, yaxud da Nizami Cəfərovun ön sözləri ilə açılır. Bu romanları oxumağı daha da asanlaşdırır. Bu dəfə Nizami Cəfərovun  "Müzəffər məğlubiyyət və ya Səfəvi Şeyxinin roman"ı yazısına kitabın sonunda rast gəlirik. Lakin oxuduqdan sonra yenə də razı qalırıq".

Mətbuat Şurasının sədri Əflatun Amaşov Akademiyada Yunus Oğuzun artıq üçüncü romanının müzakirə olunmasına diqqəti yönəldib: "Romanda bədii məziyyətlərin və elmi tərəfin paralel aparılması çox müsbət haldır. Ümumiyyətlə, son vaxtlar Azərbaycan cəmiyyətində sözə, kitaba münasibət dəyişməkdədir. Çoxsaylı kitablar işıq üzü görür. Əvvəllər kitabların nüsxəsi yüzlərlə idisə, hazırda minlərlə tirajla çap olunur. Yunus Oğuz yazıçı olmaqla yanaşı, həm də bizim həmkarımızdır. Artıq öz sözünü demiş jurnalistdir. 1990-cı illərdən bu yana bir çox mətbu orqanlara rəhbərlik edib. Hazırda isə "Olaylar" İnformasiya Agentliyinin baş redaktorudur. Yunus Oğuz  həm də alimdir. Türk dünyası, türk xalqlarının tarixi ilə bağlı onlarla kitabın müəllifidir. Onun romanları bizim gənc nəsil üçün çox əhəmiyyətlidir".Romanın ictimai əhəmiyyətindən danışan millət vəkili vurğulayıb ki, roman bizim üçün olduqca yaxındır: "Hər bir xalq öz tarixini qiymətləndirərək bu gününü müəyyənləşdirir, gələcək uğurlarını planlaşdırır. Xalq özünə güvənir ki, mənin tariximdə belə qəhrəmanlar olub. Bu baxımdan Yunus Oğuzun romanları gənc nəsil üçün əhəmiyyətllidir: "Çağdaş Azərbaycan ədəbiyyatında tarixi romanların yeni bir mərhələyə yüksəlməsində Yunus Oğuz yaradıcılığının əhəmiyyəti kifayət qədər böyükdür. Onun türk dünyasında böyük uğurlar əldə etmiş sərkərdələrlə bağlı yazdığı romanlar ictimai əhəmiyyət daşıyır. Azərbaycanda çoxsaylı tarixi romanlar var. Ancaq Yunus Oğuzun romanlarında qəhrəmanlar sanki bu gün fəaliyyət göstərirlər. Romanın dilindən tutmuş qəhrəmanların mükalimələrinə qədər təqdim edilən incəliklər elə təsəvvür yaradır ki, onlar sanki dövrümüzün qəhrəmanlarıdır, ancaq onlar keçmişdən, tarixdən gəlir. Qəhrəmanların istəkləri, arzuları yenidir, onlar sanki bu gün geniş türk dünyası çərçivəsində Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparırlar. Təbii ki, Yunus Oğuzun əsərlərindəki qəhrəmanlar türk qəhrəmanlarıdır. Ancaq müəllif onları bizə bir köynək də yaxınlaşdırır".

Milli Məclisin deputatı, professor Elman Nəsirov romanını məziyyətlərindən danışıb:"Akademik dildə yazılan tarixi əsərlər çox oxunmur, çünki yorucu olur. Tarixi faktlar insanları bezdirir, usandırır. Amma Y.Oğuz öz əsərlərində çox axıcı dildən istifadə edir. Onun tarixi romanları sadə və anlaşılan tərzdə qələmə alınıb.Yunus Oğuz Azərbaycan tarixinin öyrədilməsi işində çox vacib və səmərəli yol seçib. Onun tarixi romanları tariximizin öyrənilməsinə çox böyük töhvədir. Nadir şahı, Təhmasib şahı, Atabəy Eldənizi, Əmir Teymuru öyrənmək üçün Yunus Oğuzun eyni adlı əsərlərini oxumaq lazımdır. Bunlar böyük məqsəd, amala xidmət edir. Onun kitablarının xarici dillərə tərcümə olunması bizim milli maraqlarımıza xidmət edən məsələdir".

Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov bildirib ki, yazıçının ustalığı, ilk növbədə, özünü tarixi həqiqəti olduğu kimi təqdim etməsində göstərir: "Tamamilə mümkündür ki, yazıçı təxəyyülü hardasa tarixşünaslıqla müəyyən polemika aparır. Lakin bizə elə gəlir ki, Səfəvilər hakimiyyətinin təşəkkülü tarixinin ümumi mənzərəsini doğru-düzgün dərk etmək baxımından elə bir mübahisə doğurmur. Roman Şeyx Cüneydin Ərdəbil yaxınlığında - Qarasu çayının sahilində müridlərdən təşkil etdiyi ordunun düşərgəsində əmisi Şeyx Cəfərlə mükaliməsilə başlayır. Ümumiyyətlə, Yunus Oğuzun əvvəlki tarixi romanlarına xas olan mühüm bir üslubi cəhət özünü "Səfəvi Şeyxi"ndə də göstərir. Yazıçı, demək olar ki, bütün təhkiyə boyu məkan və zaman hüdudlarını gözləməklə hər bir detal və ya təfərrüat barədə bilavasitə sənədlilik təsəvvürü yaratmağa çalışır. Bu, bir tərəfdən janrın təbiətindən, digər tərəfdən isə, heç şübhəsiz, yazıçının ideya-estetik məramından irəli gəlir. Ən əsası da odur ki, haqqında söhbət gedən hüdudlanmalar hər hansı şəkildə fraqmentallıq əmələ gətirib "Səfəvi Şeyx"nin bədii strukturunun bütövlüyünü zədələmir. Əksinə, onu roman təhkiyəsi üçün həmişə təhlükə təşkil edən yoruculuqdan xilas etmiş olur. Romanı "Səfəvi Şeyxləri" də adlandırmaq olardı, ancaq müəlliflə - Yunus Oğuzla razılaşmaq üçün hər cür əsas var ki, "Səfəvi Şeyxi" özünü daha çox doğruldur. Çünki Azərbaycan xalqının siyasi birliyi uğrunda Səfəvi Ocağının apardığı çoxillik mübarizənin mistik varisliyi bu adda kifayət qədər mükəmməl ifadə olunur".

Yunus Oğuzun 22 ölkədə 47 kitabının təkrar çapdan çıxdığını diqqətə çatdıran Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid əlavə edib ki, xüsusən Orta Asiya ölkələrində yazıçının əsərlərinin çoxsaylı təqdimatı keçirilib: "Yunus Oğuzun əsərləri çox maraqla oxunur, çünki axıcı dili var. Bu əsərlər həm də tariximizə fərqli və yeni yanaşmadır.Yunus bəy üzərinə düşən bu vəzifəni süni şəkildə həyata keçirmir. Onun xarakteri, təbiəti belədir. Adi məsələlərdə də, tarixə yanaşmada da Yunus bəyin öz baxışı var. Məhz həmin baxışlar onun bədii əsərlərinə sirayət edir. Məlum olduğu kimi Yunus Oğuzun "Yaddaş" verilişi efirə gedir. Həmin verilişdə hansı mövzudan danışılmasına baxmayaraq, Yunus Oğuz tarixə öz baxışını ətrafdakılara təlqin edir, qonaqlardan da onu gözləyir".

"Səfəvi Şeyxi" romanında daha çox ideologiya məsələsinə üstünlük verildiyini qeyd edən filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənova bildirib ki, Sovet dövründə tarixi roman janrında Şah İsmayıl Xətai haqqında ilk roman yazılmışdı. Lakin məlumatların olmaması, mənbələrin işlənməməsi üzündən ondan əvvəlki dövrə müraciət olunmurdu. Şeyx Cüneydin qəhrəman olduğu bu əsərdə isə ilk dəfə olaraq 15-ci əsrə müraciət olunur və  iki paralel sujet xətti inkişaf etdirilir. Birində hadisələr 13-cü əsrdə ilk Səfəvi şeyxi Şeyx Səfidən bəhs edirsə, ikincidə artıq 15-ci əsrdə daha geniş təsvir olunur. İlk baxışda adama elə gələ bilər ki, bu iki sujet xətti bir-biri ilə toqquşmur, yəni ayrı-ayrılıqda inkişaf edir.Əslində isə bunun 15-ci əsrdə olan təsvir baxımından çox böyük bir məna yükü var. Çünki burada Şeyx Cüneydin hansı bir irsin nümayəndəsi, varisi olduğunu görürük: "Mən Şeyx Cüneydi folklor baxımından  mədəni qəhrəman və qəhrəman ideoloq kimi xarakterizə edə bilərəm. Çünki, əsərdə əsas olan onun ideyalarıdır. Hətta əsərdə onun ölümü də o qədər faciə ilə yaşanmır. O, qəhrəman kimi ölür, lakin əsas budur ki, onun ideyalarının sonradan yayılması və geniş şəkildə öz tərəfdarlarını tapması təsvir olunur. Əsərdə Şeyx Cüneydlə bərabər onun müridləri və dövrün ictimai-siyasi mühiti çox geniş təsvir olunub. Əgər dövr çaxnaşmalar içərisindədirsə, ölkə böhrandadırsa, hakimiyyət uğrunda mübarizə gedirsə, bunlardan fərqli olaraq Şeyx Cüneyd hakimiyyətə, gücə, dövlətə can atmır. Onun ideologiyası mənəvi birlik və ilahi həqiqətdir, buna görə də onun ətrafında hamı birləşir, kənarda isə nifaq, dağılma gedir. Mədəni dəyərlərə, irsə sadiq çıxmağa çalışan sərkərdənin fərqi də məhz bundadır".

L.Həsənova qeyd edib ki, dövrün ictimai-siyasi hadisələrinin geniş təsvir olunduğu əsərdə təəssüf ki, sanki şah təkdir. Onun ətrafındakı müridlər, əziyyət çəkən camaat ideologiyada nicat yolu gördükləri üçün  bu təriqətə can atırlar: "Təəssüf ki, onların obrazları əsərdə yer almayıb. Milli xarakter, milli ideyanın təsvir olunduğu əsərdə folklor əlamətləri, rəvayətlər, əfsanələr geniş yer alır, Qurana istinad olunur. Əsərdə həmçinin qadınların təsvirinə yer verilib. Dastanlarda  olduğu kimi etnoqrafik məlumatlar geniş yer alıb. Sara Xatun, Xədicə Xatun obrazları xüsusilə yadda qalır. Əsərdə sevgi ilə bağlı dastanlarda olduğu kimi ilahi bir eşq təsvir olunub. Əsas məsələ odur ki, müəllif bu ilahi eşqi oxucuya çatdıra bilib. Belə ki, əsərdəki sevgi təsviri əvvəlcədən düşünülmüş bir izdivac olsa da, iki insan arasında yaranan münasibət bunları aşaraq  ilahi bir eşqin təsvirinə nail olur. Əsərdə həmçinin Şeyxin xarakterinin açılmasında dialoq və yuxulara geniş yer verilib. Sadalanan keyfiyyətlər baxımından bu cür romanlar Azərbaycan ədəbiyyatında xüsusi mövqeyə malikdir".

AMEA-nın Ədəbiyyat İnstitutunun Ədəbi cərəyanlar şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova qeyd edib ki, tarixi romanlar müəllifi kimi tanıdığımız Yunus Oğuzun Azərbaycan ədəbiyyat tarixində çox önəmli bir missiyası var. O, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrının ən gözəl nümunələrini yaradıb ki, həmin nümunələr oxucular tərəfindən sevilir. Məlum olduğu kimi müasir dövrdə klassik formatda olan əsərlərə maraq bir o qədər də  çox deyil, fərqli formatda olan əsərlər oxucu üçün daha maraqlıdır: "Maraqlıdır ki, Yunus Oğuz klassik tarix janrında yazır, lakin həmin əsərlər besteller olur. Bunun sirri ondadır ki, Yunus Oğuz yazdığı əsərlərdə vurğunu tarixə vurmaqla bərabər, həm də elə elementlərdən istifadə edir ki, həm gənc nəsil, həm də orta yaşlı oxucu həmin əsərləri maraqla oxuyur. Onun əsərlərində tarixi faktlar bədiiliyi üstələmir. Bədii effektlərdə isə tarixə heç bir zərər gətirilmir. Bu baxımdan Yunus Oğuzun  "Səfəvi Şeyxi" romanı digər əsərlərindən bir qədər fərqlənir. Bundan əvvəlki romanlar ya qəhrəman, ya da hökmdar obrazı idi. Bu əsərdəki obraz isə ideoloq obrazıdır. Yunus Oğuz Səfəvilərin ideologiyasına üstünlük verib. Oxucuya ideologiya əsasında belə böyük bir dövlətin necə qurulduğunu çatdırıb".

Onun bildirdiyinə görə, romanın strukturunda diqqəti cəlb edən digər bir cəhət Yunus Oğuzun tarixi faktları qeyd etməklə bərabər onları çox ustalıqla seçməsidir: "Belə ki, əsərdə faktlar ardıcıl olaraq sadalanmır. Düzdür, xronologiya, effektlər var, amma müəllif nəzərə alıb ki, oxucu yorulmasın. Əksinə, əsəri oxuyanda tarixi sevməklə bərabər əsərin məhz bədii əsər olduğunu da unutmasın. Yunus Oğuz "Atabəy Eldəniz" romanında olan bir obrazı bu əsərə gətirib. Yunus Oğuz Baş Dədə obrazı ilə artıq öz tarixi romanlarında hiper mətnlik keyfiyyətini əxs edir. Artıq bu obraz bir romandan digərinə adlayır. Mənə elə gəlir ki, yazıçı gələcəkdə bu obrazı bir daha qarşımıza çıxaracaq və bununla da romanlar silsiləsini birləşdirəcək. "Atabəy Eldəniz" romanında Baş Dədənin öldüyü, yaxud qeybə çəkildiyini bilirik, yeni tarixi dövrdə isə onun bir mağarada sufizmin əsasının toxumlarını cücərtdiyini görürük. Deməli Baş Dədə əslində tariximiz boyu davam edən Azərbaycançılıq ideologiyasının bədii obrazıdır".

Natiq qeyd edib ki, əsərdə diqqəti cəlb edən digər cəhət Şeyx Cüneydin insani tərəflərinin təsviridir. Müəllif onun insani və ruhi cəhətlərini o qədər gözəl əks etdirib ki, artıq  heç bir əlavə effektə ehtiyac qalmayıb. O, Xədicə xanımla qarşılaşarkən fikirləşir ki, bəlkə elə ilahi eşq budur. Bundan sonra artıq heç bir sözə, effektə gərək yoxdur. Bununla da müəllif Şeyx Cüneydin ideoloq yaradıcısı ilə yanaşi, həm də insani obrazını yaradıb. Əsərdə təsvir olunan yuxular da sadə deyil, peyğəmbər yuxusudur. Şeyx Səfinin yuxusu illər sonra gerçəkləşir. Bu sahədə təsvir olunan obrazlar həmin missiyanı gələcəyə ötürürlər, missiya ötürüldükcə böyüyür və nəhayət Səfəvilər kimi böyük bir dövlətin yaranmasına səbəb olur: "Əsərdə erməni məsələsi də maraqlıdır. Albanlar vaxtilə xristianlığı qəbul etdikləri üçün tariximizin müəyyən hissəsi itib. Bu əsərdə isə xristian albanlar məsələsinə toxunularaq bir daha gənc nəslin yadına salınır ki, albanlar bizim tariximizin bir hissəsidir. Bu gün tanımadığımız o qədər abidələr var ki, onlar başqa xalqların adına yazılıb, əslində isə onlar bizim abidələrimizdir. Əsərdəki Xədicə xanım və Saray Xatun qadın obrazları da çox maraqlıdır. Biz Saray Xatunu tarixdən müdrik diplomat qadın kimi tanıyırıq. Bu əsərdə isə Saray Xatun hər dəfə çıxış etdikdə qarşısındakı şəxsi təəccübləndirməyi bacarır. Əsərdə Yunus Oğuz sufiliyi elə gözəl izah edib ki, hətta orta məktəb şagirdləri bunun mahiyyətini asanlıqla mənimsəyə bilərlər. Yunus Oğuz əsərləri ilə bizi bir daha vadar edir ki, tariximizdə, ədəbiyyatımızda olan heç bir şeyə diqqətsiz yanaşmayaq. Bizim xırda gördüyümüz bir rəvayət, fikir vermədiyimiz kiçik bir bayatı, kiçik bir əfsanə bəlkə də böyük bir tarixin açarıdır".

"Səfəvi Şeyxi" romanının iki baxışdan xüsusi əhəmiyyət daşıdığını qeyd edən  AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Mövsüm Nağısoylu qeyd edib ki, onlardan biri bundan ibarətdir ki, əsərdə ilk milli təriqət yaratmış Şeyx Səfiəddin Ərdəbilidən danışılır. İkincisi isə ilk milli dövlətimiz olan, vahid dövlət yaradan Səfəvilər dövlətinə işarə edilir: "Şeyx Səfiəddin Ərdəbili Səfəvilər təriqətinin ulu babası olub. Bu əsərdə də ondan danışılır. Sanki varislik məsələsi qoyulur. Burada bir məsələ də maraqlıdır ki, Şeyx Səfiəddin demək olar ki, siyasətə qarışmırdı. Baxmayaraq ki, hökmdarlar, sultanlar onun ayağına gəlirdilər, amma bu kitabda dövlət məsələsinə önəm verilir. Təkcə mürid yetişdirmək, yaxud sufizmi yaymaq yox, həm də vahid mərkəzləşdirilmiş milli dövlət məsələsi əsərdə öz əksini tapıb. Nəzərə almaq lazımdır ki, məhz Səfəvilər dövründə Azərbaycan türkcəsi saraya yol tapdı və geniş şəkildə inkiaf etməyə başladı. Bu baxımdan belə kitabların ərsəyə gəlməsi olduqca faydalıdır. Əsər bir dilçi kimi də mənim diqqətimi çəkdi. Elə ilk cümlədən bir bədiilik var, ana dilinin gözəlliyi, rəvanlığı, axıcılığı var".

"Səfəvi Şeyxi" romanının bədii redaktoru Elçin Hüseynbəyli qeyd edib ki, müstəqilliyimizin bizə verdiyi ən böyük nemətlərdən biri tariximizə təzədən baxmaq, tariximizi olduğu kimi yazmaqdan ibarətdir: "Tarix əsasən bədii ədəbiyyat oxuyanda yadda qalır. Ona görə də tarixi romanlarda əllaməçiliyin tərəfində deyiləm. Postmodernizmin özgə bir yozumunun əleyhinəyəm. Biz hələ Fransa deyilik ki, tariximiz barədə fundamental əsərlər yazılsın, onların əsasında təzədən postmodern gəzişmələr olunsun. Ona görə ilkin mərhələdə ən azı çalışmalıyıq ki, müxtəlif yozumlar olsa da tariximizi reallığa daha yaxın əks etdirək. İnsanlar tarixi daha mükəmməl öyrəndikdən sonra onun üzərində müxtəlif yozumlar da etmək olar. Yunus Oğuzun da tarixi romanları bizə tarixi anlatmaq, müxtəlif dövrlərdə ictimai-siyasi prosesləri anlatmaq baxımından çox əhəmiyyətlidir".

Sonda tədbir iştirakçılarına minnətdarlığını bildirən "Səfəvi Şeyxi" romanının müəllifi Yunus Oğuz əsər barədə səslənən tənqidi fikirləri də normal qəbul etdiyini deyib: "Amma heç kim Axçalı Xəlifə haqqında bir söz demədi. Əsərdəki bu obraz çox vacibdir. Çünki o obraz mən özüməm. O biri romanlarda həddən artıq çox obrazlar olduğu üçün bəzən tənqid gəlirdi ki, "qırx bulağın suyunu bir yerə yığıb roman ərsəyə gətirib". Bu əsərdə isə obrazları bir az dənlədim. Fikirləşdim ki, bu yeni üsul necə alınacaq? Düşünürəm, pis alınmayıb". Y.Oğuz onu da bildirib ki, ərsəyə gətirdiyi əsərlərin sonradan ssenarisini də yazır: "Artıq "Təhmasib şah" haqqında danışıqlar gedir. Əgər maliyyə mənbəyi tapılsa nüfuzlu televiziyalardan biri onun serialını çəkəcək. Hesab edirəm ki, belə seriallar da çox gərəklidir. Çünki, Azərbaycanın tarixi şəxsiyyətlərinin tanıdılmasına ehtiyac var. Məsələn, Ərtoğrul haqqında çox az adam bilirdi. Onun haqqında tarixçilər, yaxud ədəbiyyat cameələri məlumatlı idi. Ancaq "Diriliş" filminə baxdıqdan sonra Ərtoğrul sevildi, hətta Qazi Osman yaddan çıxdı. Düşünürəm ki, Azərbaycan tarixini xalqımıza sevdirmək üçün təkcə romanlar yazmaq kifayət deyil. Tariximizi tanıtdırmağın üsullarından  biri də filmlər çəkmək və audio səsləndirmədir. Əsas odur ki, biz tariximizə yiyələnməli, sahib çıxmalıyıq. Çünki, bunlar hamısı bizim tariximizdir. Biz tariximizdən yan keçdikcə kosmopolit də olacağıq, hər nə desən olacağıq, milli kimliyimiz olan Azərbaycan türkündən başqa".

Alim

Nigar

Olaylar.-2019.-6-8 iyul.- S.8/9