Uşaq və gənclərin fiziki və mənəvi inkişafı Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir

 

 

Hər bir ölkədə uşaq və gənclərin fiziki və mənəvi inkişaf səviyyəsi həmin ölkənin cəmiyyətinin, xalqının inkişaf göstəricisi kimi dəyərləndirilir. Çünki uşaq hansı mühitdə böyüyürsə, gələcəkdə məhz o mühitdə formalaşmış mənəvi-əxlaqı dəyərlərin daşıyıcısına çevrilir. Məhz bu amil məzərə alınaraq Azərbaycanda müstəqillik əldə edildikdən sonra uşaq və gənclərin fiziki və mənəvi inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Təsadüfi deyil ki, Azərbaycanda uşaq və gənclər siyasətinin əsas istiqamətlərini müəyyən edən  Ümummilli Lider Heydər Əliyev hər zaman "Gənclər bizim gələcəyimizdir" deyirdi. Ümummilli Lider tərəfindən bu istiqamətdə həyata keçirilən uğurlu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir. Ölkə başçısı respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində sərəncamlar imzalayır, bu kontekstdə mühüm tədbirlər görülür. Görülən işlər deməyə əsas verir ki, bu sahə ölkəmizin əsas prioritetlərindən biridir. Fəxrlə deyə bilərik ki, hazırda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb. Ölkəmizdə uşaq və gənclərin həyatını dəyişən, onlara hərtərəfli stimul verən qayğı siyasəti mövcuddur.

 

Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva uşaq məsələlərinə hər zaman xüsusi diqqət göstərirlər. Son illər uşaq hüquqlarının müdafiəsi sahəsində güclü qanunvericilik bazası formalaşıb, davamlı olaraq bir çox dövlət proqramları, tədbirlər planları qəbul olunub. Uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması, sağlam ailə mühitində yaşaması üçün geniş imkanlar yaradılıb. Xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısı göstərilir və bu sahədə bir sıra mühüm addımlar atılıb. Bu gün ölkədə hər bir uşaq üçün bərabər şərait və bərabər imkanlar yaradılıb. Hər bir uşaq  üçün təhsil, tibb, istirahət və digər xidmətlər  əlçatandır. Məhz görülən işlərin nəticəsidir ki, respublikamızda uşaq və gənclərin mənəvi- əxlaqi inkişafının, tərbiyəsinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə müxtəlif tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi ənənə halını alıb. Uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşması dövlətimizin sosial məsuliyyətini daha yaxşı dərk etməsinin təzahürü kimi müşahidə olunur. Məhz  yürüdülən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi demokratikləşmə prosesində iştirak edir, idman, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə naliyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.

 

Uşaqların mənəvi və fiziki təriyyəsində məktəbəqədər təhsilin rolu

 

Məlum olduğu kimi uşaqların fiziki tərbiyəsi onların sağlamlıq vəziyyətinin və fiziki inkişafının yaxşılaşdırılmasına, inkişaf edən orqanizmin funksional imkanlarının artırılmasına, eləcə də hərəkət vərdişlərinin və hərəkət keyfiyyətinin formalaşdırılmasına yönəldilməlidir. Sirr deyil ki, uşaqların fiziki tərbiyyəsinin təşkili uşaq baxçaları və orta məktəblərdən başlanmalıdır. Çünki, məktəbəqədər yaş dövrü uşağın həm fiziki, həm psixofizioloji, həm də şəxsiyyət sahəsində inkişafının keyfiyyətcə dönüş dövrüdür. Elə bu səbədən də uşaq bağçalarının böyük əksəriyyətində uşaqların həm mənəvi, həm fiziki cəhətdən mükəmməl inkişaf etməsi üçün böyük şərait yaradılıb. Əksər uşaq bağçaları təlim-tərbiyə vəsaitləri, qurğularla, hətta kompüterlə, stolüstü elektron oyun vəsaiti ilə təmin edilib. Bu da uşaqların ağıllı, tərbiyəli, vətənpərvər yetişməsinə təkan verir. Lakin bütün görülən işlərə, həyata keçirilən tədbirlərə baxmayaraq hələ də uşaq və gənclərin fiziki və mənəvi inkişafına mənfi təsir göstərə biləcək amillər qalmaqdadır. Çox təəssüf ki, hələ də uşaqların bir çoxu uşaq baxçaları, məktəbəqədər təhsil müəssisələrinin imkanlarından yararlana bilmirlər. Nəticədə həmin uşaqlar erkən yaşlarında zərəli vərdişlərin aludəçisinə çevrilirlər. Belə ki, hazırda uşaqların internet və gecə klublarına maraqlarının artması, erkən yaşda nikaha daxil olmaq, uşaq və gənclərin müxtəlif zərərli dini cərəyanlara cəlb edilməsi təhlükəsi ciddi problemə çevrilib. Bu baxımdan, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün alternativ xidmətlərin yaradılması, erkən nikah və qızların təhsildən yayınmasının qarşısının alınması, baxımsız uşaqların və küçə həyatına məruz qalmış uşaqların reabilitasiyası, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası kimi məsələlərə xüsusi diqqət yetirilməlidir.

 

Sağlam nəslin formalaşmasında valideyin məsuliyyəti

 

Heç şübhəsiz ki, ölkədə uşaq və gənclərin fiziki və mənəvi inkişafını təmin etmək Azərbaycan dövlətinin diqqəti mərkəzindədir. Ancaq o da  faktdır ki, uşaq və gənclərin fiziki və mənəvi inkişafının təmin edilməsində valideyinlərin də rolu xüsusi əhəmiyyət kəsb edir. Elə bu səbədən də valideyinlərin üzərinə böyük məsuliyyət düşür. Lakin bir çox hallarda valideyinlər özəri uşaqların mənəvi inkişafına əks təsir edən addımlar atmaqda bulunurlar. Belə halların qarşısının alınması məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılmaqdadır. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanuna əlavə edilən yeni maddə də bu məqsədə xidmət edir. Dəyişikliyə görə, Azərbaycanda yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin öz vəzifələrini yerinə yetirməməsi məsuliyyətə səbəb olur.

 

Vətənpərvər ruhda yetişən Azərbaycan gəncliyi

 

Azərbaycanda həyata keçirilən gənclər siyasəti də sağlamintelektual nəslin formalaşmasına səbəb olub. "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" - deyən Ümummilli lider tərəfindən həyata keçirilən tədbirlər gənclərin intellektual, kreativ və mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərin həllinə, faydalı məşğulluğun təmin edilməsinə imkan yaratdı. Görülən tədbirlərin nəticəsində sağlam və vətənpərvər ruhda yetişən Azərbaycan gəncləri milli-mənəvi dəyərlərin qorunmasında, elmi, intellektual potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynamağa, dövlət institutlarında təmsil olunmağa başladı, dövlət müstəqilliyinin keşiyində duran vahid qüvvə kimi formalaşdılar. Etiraf edilməlidir ki, bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri də gənclərə dövlət dəstəyinin gücləndirilməsi, onlara hərtərəfli diqqət göstərilməsidir. Xüsusən, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gənclərlə birbaşa bağlı olan "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq olunub ki, onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilib, ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılıb və bu sahədə irəliləyişlərə nail olunub, dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib. 2007-ci ilin "Gənclər ili" elan edilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, respublikanın 20-dən artıq şəhər və rayonunda gənclər mərkəzlərinin inşası, 2013-cü ildə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi ölkə başçısının gənclərə diqqət və qayğısının əməli nəticəsidir.

 

Gənclər siyasətinə yeni baxış

 

Hazırda ölkəmizdə çevik gənclər siyasəti həyata keçirilir. Gənclər və idman sahəsində həyata keçirilən islahatlar gənclərin mənəvi və fiziki inkişafında mühüm rol oynayır. Bu gün elə bir regionumuz yoxdur ki, orada Olimpiya Kompleksi olmasın. Etiraf edilməlidir ki, belə idman mərkəzlərinin yaradılması gənclərin pis vərdişlərdən uzaqlaşaraq sağlam, Vətənə layiqli övlad kimi formalaşmasında əhəmiyyətli rol oynayır. O da faktdır ki, hazırda dünya miqyasında yeni qlobal çağırışlar meydana çıxıb, gənclərin düşüncəsi dəyişib. Bütün bunlar nəzərə alınaraq gənclərlə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsinə ehtiyac duyulur. Daha dəqiq, gənc alim və tədqiqatçıların, tələbələrin inkişafı, təhlükəsiz internetin yaradılması, aztəminatlı gənc ailələrin, çətin həyat şəraitində və risk qrupunda olan gənclərin problemləri, hərbi xidmətini başa vuran, həmçinin cəzaçəkmə müəssisələrindən azad olunan gənclərin məşğulluğunun təmin edilməsi, gənclər arasında multikultural vərdişlərin yaradılması kimi məsələlər diqqət mərkəzində saxlanmalıdır. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Sirr deyil ki, müstəqil dövlətimizin verdiyi imkanların nəticəsi olaraq, Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil layihələri ilə dünya arenasında təmsil olunmağa qadirdir. Məhz bu amil nəzərə alınaraq ölkə gənclərinin hərtərəfli inkişafını təmin etmək məqsədilə prezident İlham Əliyev tərəfindən "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" təsdiq olunub. Gənclərin gündəlik qayğılarından tutmuş, ictimai-siyasi proseslərdə fəal iştirakı, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, məşğulluğun artırılması, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırması Strategiyanın əsas vəzifələri sırasındadır.

 

Alim Hüseynli

 

Olaylar.-2019.-6-8 iyul.-S.11.