Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası
nominasiyaların təqdimatı ilə davam
edir
Bakıda
UNESKO-nun Ümumdünya
İrs Komitəsinin 43-cü sessiyası iyulun 5-də öz işini nominasiyaların təqdimatı ilə
davam etdirir.
Olaylar.az bildirir
ki, tədbiri açan
sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın
Mədəniyyət naziri Əbülfəs
Qarayev müzakirə olunacaq
və qəbul ediləcək nominasiyalarla
bağlı məlumat verib. Bildirib ki, büronun
qərarı ilə Avstraliya ilə Bəhreynin
nominasiyalarının müzakirəsi iyulun
6-na keçirilib.
Sonra Avstraliya, İspaniya, Norveç, Tunis, Finlandiya, Danimarka, İsveç, Andorra,
İsveçrə və digər ölkələrin nümayəndələri
çıxış edərək 43-cü sessiyanın işini yüksək səviyyədə təşkil
etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını
bildiriblər.
Dünya irsinin hamıya məxsus olduğunu
söyləyən natiqlər qeyd ediblər
ki, bu gün
Bakı sessiyasında UNESKO-nun Dünya İrsi
Siyahısına daxil edilmək üçün üzv
dövlətlər tərəfindən təqdim olunmuş 35 namizəd fayl
nəzərdən keçiriləcək. Namizədliyi irəli
sürülmüş faylların 27-si mədəni,
6-sı təbiət, 2-si qarışıq (təbiət və
mədəni) abidələr sırasına daxildir.
Bu nominasiyalardan 15-i Avropaya, 1-i isə Afrika qitəsinə
aiddir.
Çıxışlarda
vurğulanıb ki, obyektiv
və elmi cəhətdən əsaslandırılmış
qərarlar qəbul edilməlidir.
Çıxışlarda
mövcud münaqişələrin milli irsə dağıdıcı təsirinin
nəzərə alınması, dünya
mədəni irsinin
tarazlığının qorunması istiqamətində ciddi işlər görülməsinin vacibliyi və digər fikirlər səsləndirilib.
Təqdim
olunan nominasiyaların bir
çoxunda səhvlər
tapıldığı üçün onlar müzakirədən
çıxarılıb.
Müzakirələrdən
sonra təqdim olunan
nominasiyaların UNESKO-nun Dünya
İrsi Siyahısına qəbul
olunması prosesinə başlanılacaq. İlk
olaraq təbiət, sonra
qarışıq, ən sonda isə mədəni
nominasiyalar siyahıya salınacaq.
İlk olaraq Çinin təqdim etdiyi nominasiya - Sarı dənizin sahilində Bohai boğazında, miqrasiya
edən köçəri quşların təbii sahəsinin Dünya İrsi
Siyahısına salınması məsələsinə
baxılıb. Bu nominasiyanı 18 ölkə
dəstəkləyib. Beləliklə, Çin
və Koreya yarımadası arasında
yerləşən bu dəniz sahilində miqrasiya edən köçəri
quşların təbii sahəsi Dünya İrs Siyahısına salınıb. Bu, UNESKO-nun Ümumdünya İrs
Komitəsinin 43-cü Bakı sessiyasında Dünya
İrs Siyahısına salınan ilk nominasiyadır.
Hazırda
İran İslam
Respublikasının təqdim etdiyi Hirkan meşələri ilə bağlı nominasiya müzakirə olunur.
Sessiya işini davam etdirir.
Olaylar.-2019.-6-8 iyul.- S.6.