Təbii sərvətlərdən əldə edilən gəlirlər və suveren fondların bu ehtiyatların idarə edilməsində rolu

 

Əsarət altında sərvət

 

Azərbaycan torpağı dünyada ən zəngin təbii sərvətlərə malik ölkələrdən biridir. Təsadüfi deyil ki, dünyada ilk neft quyusu 1848-ci ildə rus mühəndisi Semyonov tərəfindən məhz Azərbaycanda qazılmışdır. Təsəvvür edin ki, ABŞ kimi nəhəng dövlət bu inqilabi yeniliyə 11 il sonra nail ola bildi.

 

Lakin XIX əsrin ortalarında biz şanslı olduğumuz qədər də bədbəxt sayılırdıq.Bədbəxtliyimizin səbəbi əsarət və nadanlıq içində boğulmağımız idi.Əsarət altında qalmağa məhkum edilmişdik,amma nadanlığa biz özümüz özümüzü məhkum etmişdik.

 

Neft iyinə daraşmış talançılar

 

1872-ci ildə Bakı 1,5 miyon pud neft verdiyi halda,1900-cü ildə bu rəqəm 661 milyon idi. Bu  isə ölkədə çıxarılan neftin 95 faizi, bütün dünyada hasil olunan neftin yarısından çox idi. Güclü fontandan vuran neft çay kimi axıb, yaxınlıqdakı evlərə,qəsəbələrə dolurdu. Buruqlar isə neft selinin altında qalırdı. Bununla da, milyardlarla kubmetr qaz havaya uçub, zay olurdu. Hətta, rus kimyagəri D.Mendeleyev Bakıda olarkən havaya sovrulan qazı gələcəyin yanacağı adlandırmışdı. Lakin, bu cür vəhşicəsinə istismardan geoloqlar çox narahat olurdular, çünki neft təbəqəsi hədər yerə gücünü, sərvətini itirib zay olur, çıxan neftin çoxu torpağa hoparaq "ölürdü".

 

Neftin bütün üstünlüklərini və gələcəkdəki əhəmiyyətini yaxşı bilən imperialist dövlətlərin başçıları bu misilsiz yanacağa yiyələnmək üçün planetin bütün guşələrində olan neft yataqlarını ələ keçirməyə can atırdılar. Amerikalı Con Rokfellerin "Standard oil", İngiltərədən Henri Deterdinqin "Royal Dutch Shell", yəhudi Rotşildin "Xəzər-Qara dəniz" və "Mazut", isveçli "Nobel qardaşları"nın sindikatları Bakıya iy bilib, can atırdılar. Bu yadelli kapitalistlər neft sərvətinin gələcəyini geoloji əsaslar üzrə öyrənərək, neftçıxarma qaydalarını pis bilən millətimizdən torpaqları ucuz alaraq, Abşeron yarımadasının tükənməz sərvətinə həyasızcasına yiyələnirdilər.

 

İmprerialist dövlətlərin bu talançılıq mövqei İkinci Dünya müharibəsində və ondan sonraki illərdə özünü daha çox hiss etdirirdi. Bütün SSRİ-də hasil edilən neftin təxminən dörddə üçü Azərbaycan paytaxtının payına düşürdü. Bakı nefti olmadan gözlənilməz, qəflətən başlanan müharibədə Sovet ordusunun faşist Almaniyası kimi son dərəcə hazırlıqlı rəqiblə üz-üzə gələcəyinin nə dərəcədə çətin olacağı aydın idi. Məlumdur ki, üçüncü Reyxin rəhbərləri Azərbaycanın neft yataqlarını ələ keçirməyə və bununla Sovet qoşunlarının yanacaqla təmin olunmasının qarşısını almağa can atırdılar.  Neft döyüş texnikasını həm quruda, həm havada, həm də dənizdə hərəkətə gətirən əsas hərəkətverici qüvvəsi olaraq qalırdı. SSRİ-nin cənubunda Qərbi neft rayonlarının və kömür hövzəsinin faşistlər tərəfindən işğalı ilə əlaqədar Bakı neftinin əhəmiyyəti qat-qat artırdı. Bunu dərk edərək, cəbhəni yüksək keyfiyyətli yanacaqla fasiləsiz təmin etmək məqsədilə Bakı neftçiləri özlərinin bütün yaradıcı enerjisini sərf edirdilər.

 

 

Bütün çətinliklərə baxmayaraq, 1941-ci ildə Bakı şəhəri artıq ölkənin neft sənayesi tarixində rekord həcmdə - 23 milyon 541 min ton neft istehsal etmişdi. 1943-cü ildə Bakı neftçiləri cəbhəyə 5 milyon tondan çox müxtəlif neft məhsulları, o cümlədən, 795 min ton benzinin müxtəlif növlərini, 640 min ton solyar, gəmi mazutu və 420 min ton aviayanacaq yolladılar.

Böyük Vətən müharibəsi illərində Bakı neftayırma sənayesinin kollektivi olmazın çətinliklərə sinə gərərək, çox böyük ixtiralara imza ataraq bütün resursları səfərbər etdilər.

 

Cəbhəni, xalq təsərrüfatı sahələrini neft məhsulları ilə fasiləsiz təchiz etmək üçün qəhrəmancasına mübarizə apardılar.Lakin təəssüflə qeyd etmək lazımdır ki, yaşanmış bu qədər səylərə, çətinliklərə, fədakarlığa, sovet ordusunun faşizimə qarşı qələbəsinə və o zəfərin neftimiz sayəsində əldə olunmasına baxmayaraq, Bakımızı bir "Qəhrəman şəhər" statusu adına belə layiq görmədilər. Çünki bizim fədakarlığımız onların marağında belə deyildi. Əslində heç bizim də marağımızda da deyildi. Bu da zənnimcə, sosialist respublikaların birliyi adı altında, beyinlərimizə, hətta aldığımız nəfəslərimizə kimi yerildilmiş yanlış bir təfəkkür idi ki, bu da öz növbəsində gizli talançılıq siyasətinin bir tərkib hissəsinə çevrilmişdi.

 

Əsarətdən qurtuluş və tərəqqi...

 

1994-cü ildə "Əsrin müqaviləsi" imzalanarkən bəziləri bu uğurun gerçəkləşməsinə inanmırdı və hesab edirdilər ki, müqavilə elə kağız üzərində qalacaq. Əslində bir çox dövlətlərə bu nəhəng layihənin reallaşması sərf etmirdi, çünki onlar çox gözəl anlayırdılar ki, talançılar tərəfindən iqtisadi cəhətdən çökdürülmüş, sərvəti həyasızcasına dağıdılmış bir ölkənin  yenidən dirçəlməsi, sabah onlara meydan oxumaq demək idi.Digər tərəfdən isə layihənin həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda da, siyasicoğrafi-siyasi məsələlər öz həllini tapmalı idi. Təsəvvür edin ki, Qarabağ müharibəsindən yenicə çıxmış və hələ də müharibə şəraitində yaşayan bir ölkə üçün bu inqilabi addımı həyata keçirmək necə çətin idi...

 

Bu imkanı reallığa çevirən isə ulu öndər Heydər Əliyevin ideya məhsulu olan yeni neft strategiyamız və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyasıdır. (Azərbaycan neftinin şöhrətinin özünə qayıtması məhz ulu öndərin adı ilə bağlıdır. O özgələrinin caynağında olan Milli Sərvətimizi Azərbaycana qaytardı və "Azərbaycan torpaqlarında yatan sərvət Azərbaycanındı" dedi).

 

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişin imzalanması həm də neft sənayesi infrastrukturunun xeyli yaxşılaşdırılmasına imkan yaratdı. Digər tərəfdən, "Əsrin müqaviləsi" sonralar dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanmasına yol açaraq, ilk növbədə, Azərbaycan dövlətinin inkişafında və xalqımızın rifahının yüksəlməsində mühüm rol oynadı. "Əsrin müqaviləsi" Azərbaycanın bir dövlət kimi siyasiiqtisadi təhlükəsizliyinin təmin olunmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə əlverişli şərait yaratdı.Biz dünyaya sübut etdik ki,talançılar nə etsə belə biz millət olaraq lazım gələrsə,küldən də bir daha dirçələrik.

 

Ümummilli lider Heydər Əliyevin dediyi kimi: "Əsrin müqaviləsi" məhz Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasından irəli gəlmiş tarixi hadisədir. Biz sübut etdik ki, Azərbaycan etibarlı tərəfdaşdır. Biz sübut etdik ki, Azərbaycana xarici sərmayənin gəlməsi və istifadə olunması üçün burada bütün imkanlar yaradılıbdır. Biz sübut etdik ki, Azərbaycana gələn hər bir adamı, şirkət, vətəndaş burada azad, sərbəst, rahat işləyə və yaşaya bilər. Biz bu müqaviləni imzaladıq və sübut etdik ki, Azərbaycan xalqının milli mənafeləri üçün çalışırıq və ona görə də bu cür nailiyyətləri əldə etməyə qadirik".

 

"Əsrin müqaviləsi" ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regionalqlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranmışdır.

 

Suveren fondların ölkə iqtisadiyyatında rolu

 

Neft ölkəsi dedikdə,ölkə iqtisadiyyatının əsasını təşkil edən neft gəlirləri dedikdə, təbii ki, suveren fondların da ölkə iqtisadiyyatında rolunu və funksiyasını qeyd etməmək olmaz.

 

Bu gün dünyada 100-ə yaxın suveren fond mövcuddur ki, onların aktivlərinin 60%-dən çoxu resurs fondların payına düşür. Otuzdan artıq neft hasil edən ölkələrdə belə fondlar mövcuddur. Suveren fondu bir çox hallarda haqlı olaraq milli rifah fondu kimi də təqdim edirlər. Bu fondlar dövlətin investisiya fondu olmaqla onların aktivləri səhmlərdən, istiqraz vərəqələrindən, əmlakdan, qiymətli metallardan və digər maliyyə alətlərindən ibarət olur.

 

Təyinatına görə suveren fondlar stabilləşdirmə, yığım, investisiyastrateji inkişaf fondlarına bölünürlər. Suveren fondlar bir qayda olaraq investisiya kompaniyaları, dövlət pensiya fondları və neft fondları kimi qeydiyyata alınırlar.

 

Dünyada mövcud olan qeyri-resurs Suveren Fondların 1/4 -ə qədəri Çində fəaliyyət göstərir. Son məlumatlara görə dünyada mövcud olan Suveren Fondların cəmi aktivləri 8 trilyon ABŞ dollarından çox təşkil edir. Apardığımız araşdırmalar onu da göstərir ki, neft ölkələri arasında neft gəlirləri hesabına formalaşan suveren fondlar içərisində ən yaxşı idarəçilik təcrübəsi Norveçin Neft fonduna aiddir.

 

Neft hasil edən ölkələrdə suveren fondlar bir qayda olaraq neftin satışından əldə olunan gəlirlər hesabına formalaşır. Azərbaycanda bu rolu Dövlət Neft Fondu oynayır. Artan neft gəlirləri hesabına ilk növbədə sosial siyasət sayəsində, o cümlədən aztəminatlı təbəqələrin, qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də saysız tədbirlər həyata keçirilir və Dövlət Neft Fondundan ilk vəsait məhz bu tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir.

 

Rəsmi olaraq Suveren Fondlar Dövlət Pensiya Fondu adlandırılsa da, əslində neft gəlirlərindən formalaşan bir fonddur. Bu fondun vəsaitlərindən istifadənin ən böyük üstünlüyü neft pullarının bilavasitə büdcə kəsirinin bağlanmasına istifadə edilməməsidir. Büdcəyə yalnız bu pulların idarə edilməsindən əldə olunan gəlirlərin 3-4%-i yönəldilir.

 

Ölkənin artan maliyyə imkanları hesabına eyni zamanda beynəlxalq əhəmiyyətli strateji infrastruktur layihələri uğurla həyata keçirilir ki, bu layihələr təkcə Azərbaycanın deyil, bötüvlükdə regionun nəqliyyat infrastrukturunun modernləşdirilməsinə şərait yaradır. Bu layihələrdən biri olan və Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələr sırasında mühüm yer tutan Bakı-Tbilisi-Qars yeni dəmir yolunun inşası layihəsi Azərbaycanın regionda siyasi nüfuzunun güclənməsinə təkan verməklə bərabər, respublikamızın Qərbə doğru inteqrasiyasına və Azərbaycan, Gürcüstan və Türkiyə respublikaları arasında mövcud olan siyasiiqtisadi münasibətlərin inkişafına şərait yaradır.

 

Neft Fondunun vəsaitlərinin ən doğru təyinatı ölkə daxilində daha çox qeyri-neft sektorunun inkişafına təkan verə biləcək layihələrin reallaşdırılmasına istifadə edilməsi ola bilər. Bu pulların büdcənin istehlak xarakterli xəclərinin bağlanmasına yönəldilməsi heç də məqsədəuyğun deyil.

 

Bu gün Azərbaycanda Neft Fondunun vəsaitləri dövlət büdcəsinin gəlirlərinin yarısından çoxunun formalaşmasında istifadə edilir. Neft pullarının bu şəkildə istifadə edilməsi praktikası aradan qaldırılmalı və büdcə məqsədləri üçün bu fondun vəsaitlərindən istifadəyə indi mövcud olandan daha sərt məhdudiyyətlər qoyulmalıdı. Ölkə iqtisadiyyatında neftdən asılılığın optimallaşdırılması və makroiqtisadi sabitliyin tam və uzunmüddətli təminatı üçün Neft Fondunun pullarının böyük bir hissəsi yerlərdə kiçikorta müəssisələrin qurulmasına, yeni yerlərinin açılmasına birbaşa istifadə oluna bilər.

 

Neft pullarının ölkə daxilində istehsalla bağlı biznes layihələrin maliyyələşməsinə istifadə olunması bu pulların xaricdə passiv biznesə - yəni daşınmaz əmlaka yatırılmasından dəfələrlə çox fayda gətirə bilər.

 

Xaricdə alınan daşınmaz əmlakın riskləri kifayət qədər böyükdürbu əmlaka qoyulan yatırımların özünü alması müddəti isə 10 illərlə ölçülür. Yerlərdə qurulan istehsal müəssisələri isə bir neçə ilə öz dəyərini ala bilər və belə müəssisələr həm daimi yeri və həm də büdcə üçün sabit gəlir mənbəyi demək olar.

 

Suveren Fondların Fəaliyyətinin şəffaflığına gəlicə isə, bu fondların idarə olunmasında hesabatlılıq və şəffaflıq olduqca vacib şərtdir. Azərbaycan Dövlət Neft Fondunun fəaliyyəti şəffafdır və bu öz əksini dərc edilən hesabatlarda tapır. Fondun bu sahədəki fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən də xüsusi qeyd olunur. Fondun fəaliyyətindəki şəffaflıqla yanaşı onun vəsaitlərinin ən azından 30%-ə qədərinin ölkə ərazisində qeyri-neft sektoruna aid müəssisələrin yaradılmasına bilavasitə istifadə edilməsi baş verərsə o zaman aktivləri Ümumi Daxili Məhsulumuzun həcmindən çox olan bu fondun ölkə iqtisadiyyatına töhvəsi əvəzsiz olardı.

 

"Əsrin müqaviləsi" ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regionalqlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranıb.

 

Aysel Oğuz

 

"ARDNF-in yaradılmasının 20-ci ildönümü münasibətilə "Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur"

Olaylar. -2019.-6-8 iyul.-S.12.