Vüqar Rəhimzadə: “Xan Sarayı ilə
birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun
Ümumdünya İrs Siyahısına daxil edilməsi
qürurverici hadisədir”
"Azərbaycan
daha bir mötəbər, beynəlxalq əhəmiyyətli tədbirə
ev sahibliyi etməklə beynəlxalq münasibətlər
sistemində yerini və rolunu, ən əsası zəngin
dövlətçilik ənənələrinə malik
ölkə olduğunu təsdiqlədi. UNESKO-unun
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası milli-mənəvi
dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunması
və təbliğinin, eyni zamanda, beynəlxalq səviyyədə
dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək
olmağın dövlət siyasətimizin əsas tərkib
hissələrindən biri olmasına işıq saldı. Təbii
ki, hər bir xalqın varlığı, milli kimliyi ilk
növbədə milli-mənəvi dəyərlərində
ehtiva olunur. Ümummilli lider Heydər Əliyev hakimiyyətinin
hər iki dövründə mədəniyyətimizin, milli-mənəvi
sərvətimizin qorunması istiqamətində mühüm
addımlar atmış və bu siyasət son 15 ildən
artıq dövr ərzində möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən uğurla davam
etdirilir". Bu fikirləri Olaylar.az-a
açıqlamasında YAP Siyasi Şurasının
üzvü, "İki sahil" qəzetinin baş redaktoru
Vüqar Rəhimzadə ölkəmizin UNESKO-nun
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev
sahibliyi etməsini, eyni zamanda, Xan Sarayı ilə birgə
Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya
İrs Siyahısına daxil edilməsini şərh edərkən
deyib.
V.Rəhimzadə
qeyd edib ki, Azərbaycan dünya irsinin müdafiəsi və
mühafizəsinə davamlı töhfələri ilə diqqət
çəkir: "UNESKO-nun Bakı sessiyası məhz
iştirakçı ölkələrin bu istiqamətdə
gördüyü işlərə, malik olduqları təcrübəyə
işıq salmaqla yanaşı, ümumbəşəri dəyərlərə
malik tarixi və mədəni abidələrin Ümumdünya
İrs Siyahısına salınması üçün
müzakirələrin aparılması və konkret nəticələrin
əldə olunması baxımından da xüsusi əhəmiyyət
kəsb edir. Sessiyasının iclasında Azərbaycanın
"Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi"
adlı nominasiyasının UNESKO-nun Ümumdünya İrs
Siyahısına daxil edilməsi təqdirəlayiq və
qürurverici hadisədir. Dünyanın müxtəlif ölkələrindən
2500-dən çox nümayəndənin
qatıldığı belə mötəbər tədbirdə
Azərbaycanın bu uğuru bir daha dövlətimizin həyata
keçirdiyi
siyasətə
dəstəyin, Azərbaycan reallıqlarına yüksək dəyər
verməyin göstəricisidir. Dövlətimizin
başçısı İlham Əliyevin bu münasibətlə
Azərbaycan xalqına təbrikində də qeyd olunduğu
kimi, son illər Azərbaycanın mədəni irsinin dünya
səviyyəsində tanıdılması və qorunması
istiqamətində çoxsaylı layihələr həyata
keçirilir. Bu fəaliyyət beynəlxalq təşkilatlarla,
xüsusən dünya mədəniyyəti, təhsili və
elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq
şəraitində gerçəkləşdirilir.
"İçərişəhər, Qız qalası və
Şirvanşahlar Saray Kompleksi", "Qobustan Qaya Sənəti
Mədəni Landşaftı" UNESKO-nun Ümumdünya
İrs Siyahısında, həmçinin xalqımızın
qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun
Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu
mühüm hadisələr Azərbaycan xalqının
ümumbəşər mədəniyyətinə verdiyi
töhfənin beynəlxalq miqyasda bir daha yüksək dəyərləndirildiyinin
təsdiqidir. Artıq bundan sonra Şəki Xan Sarayı,
karvansaraylar, məscid və minarələr, qədim
körpülər, sənətkarlıq emalatxanaları və
yaşayış evləri təkcə xalqımızın
deyil, bəşəriyyətin mədəni irsi hesab
olunur".
Azərbaycan-UNESKO
əlaqələrinin yüksələn xətlə
inkişaf etdiyini əlavə edən V.Rəhimzadə bu əlaqələrin
inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın xidmətlərini
xüsusi vurğulayıb. Bildirib ki, 1995-ci ildə Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə təsis
olunan Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi
ilə milli mədəniyyətimizin qorunması və təbliği
istiqamətində mühüm layihələr həyata
keçirilib: "Bu layihələr UNESKO ilə əməkdaşlığın
inkişafına öz töhfəsini verib. Bu əməkdaşlıq
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın 2004-cü ildə qurumun xoşməramlı səfiri
seçilməsindən sonra daha sürətlə inkişaf
etməyə başlayıb. Muğam sənətinin,
aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin,
tar ifaçılığı sənətinin UNESKO-nun nadir,
şah əsərləri sırasına daxil edilməsində
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata
keçirilən layihələrin öz yeri var. Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva UNESKO-nun
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının
açılış mərasimində Azərbaycan-UNESKO əməkdaşlığından
geniş bəhs edərək, bu mühüm
məqamları
da diqqətə çatdırıb ki, son 5 ildə ölkəmizdə
40 tarixi abidə bərpa edilib və yenidən qurulub.
İçərişəhər, Şirvanşahlar sarayı,
Qız qalası, Qobustan qaya rəsmiləri UNESKO-nun
Ümumdünya İrs Siyahısına daxil edilib. Musiqi xəzinəmizin
inciləri olan muğam və aşıq sənəti də bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olunub. Bir
sözlə, bu əməkdaşlıq Azərbaycanın sərvətlərinin
beynəlxalq məkanda dəyərləndirilməsində əhəmiyyətli
rol oynayır".
V.Rəhimzadə
Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin ölkəmizə
qazandırdığı uğurlardan, Azərbaycanın
multikultural dəyərlərin inkişafına töhfələrinin,
bu sahədə malik olduğu təcrübənin təqdimatında
rolundan da bəhs edib: "Müxtəlif mədəniyyətlərin,
dinlərin qovşağında yerləşən Azərbaycan
bu tədbirlərlə bu günə qədər dövlətlər,
xalqlar arasında oynadığı körpü rolunu daha da
möhkəmləndirir, yeni-yeni əlavələr gətirməklə
inkişaf modelinin alternativsizliyini bir daha təsdiqləyir.
Ən əsası Azərbaycan bu gün beynəlxalq əhəmiyyətli
tədbirlərə yüksək səviyyədə ev
sahibliyi etmək təcrübəsinə, təşkilatçılığına
malik olduğunu dünyaya nümayiş etdirir".
Ay An
Olaylar.-2019.-9-10 iyul.-S.15.