Yunus Oğuzun “Səfəvi Şeyxi” romanı haqqında düşüncələr

 

Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrı dedikdə ilk xatırlanan müəllif məhz Yunus Oğuzdur. Klassik tarixi romanın mükəmməl nümunələrini yaradan Yunus Oğuzun "Səfəvi Şeyxi" romanı yazıçının yaradıcılığında fərqli bir etapın başlanğıcı kimi diqqəti cəlb edir. Belə ki, Yunus Oğuzun indiyədək qələmə aldığı romanların baş qəhrəmanı ya sərkərdə, ya da hökmdar kimi oxucu qarşısına çıxırdı. "Şeyx Səfəvi" romanında isə biz ideoloq obrazı ilə qarşılaşırıq. Fikrimizcə bu təsadüfi deyil. Ən böyük tarixi qələbələrin, möhtəşəm imperiyaların əsasında həmişə parlaq bir ideya dayanib. Bu romanın timsalında biz ideyanın, sözün qüdrəti ilə böyük bir səltənətin bünövrəsinin qoyulmasının şahidi oluruq. Məqsəd isə parçalanmış vətəni birləşdirməkdir: "Mərkəzləşmiş hakimiyyət olmasa, tayfalar arasında toqquşmalar bizi məhv edəcək".

 

Romanda mifik mistik elementlərdən, numerologiyadan, peyğəmbər yuxusu- öncəgörməsindən- presmologiyadan istifadə romanın bədii effektini artırmaqla yanaşı yazıçı məramının reallaşmasında mühüm rol oynayır. Yunus Oğuzun baş qəhrəmanı olan Şeyx Cüneyd tarixin yetirdiyi "seçilmiş"dir: "Əmi bu dəfə daha da təəccübləndi. Bilirdi ki, batin sirlər nəsildən miras olaraq yalnız bir nəfərə verilir. Öz-özünə dedi: "Deməli, bu Cüneyd imiş. Deməli, batin sirlər ona verilibmiş. Çünki bu yaşda belə mükəmməl danışmaq mümkün deyil."

 

Şeyx Cüneyd obrazı yazıçı tərəfindən mükəmməl şəkildə işlənmişdir. Bir ideoloq kimi oxucunu heyran edən Şeyx Cüneydin sırf insani duyğuları da cox incəliklə verilmişdir. Şeyxin Xədicə xatunla görüşündə bu incəlik diqqəti xüsusilə cəlb edir. Yunus Oğuzun qəhrəmanı quru, statik, yalniz ideyasi ilə gündəmə gələn obraz  təsiri bağışlamır,  romandakı incə ştrixlər qəhrəmanı oxucuya yaxınlaşdırır, sevdirir.

 

Romanda diqqət cəlb edən obrazlardan biri Baş Dədə obrazıdır. Düzdür bu romanda Baş Dədə oxucu ilə birbaşa görüşmür. Ondan bir müqəddəs şəxs, mediator kimi bəhs edilir.

 

"Cüneyd tam ciddiliklə cavab verdi:

 

-         Hörmətli Şeyx, bütün bunları mən ulu babam, Səfəvilərin birincisi Şeyx Səfiəddindən və Savalandakı Qırxlar mağarasının qoruyucusu Baş Dədədən vəhy kimi alıram. Onlar mənə hətta gələcəkdə nə olacağını da danışıblar, mənim razılığımı alıblar, xeyir-dualarını veriblər."

 

"Atabəy Eldəniz" və "Təhmasib şah" romanlarından tanıdığımız Baş Dədə obrazının bu əsərdə meydana cıxması Yunus Oğuzun romanlarında hipermətnin təzahüründən danışmağa əsas verir. Bu obraz Yunus Oğuzun romanlarında mühüm tarixi məqamlar öncəsi meydana cıxaraq həmin tarixin qəhrəmanı olacaq şəxsləri  yönləndirir. Fikrimizcə, hipertekstuallıq yazıçının tarix konseptində önəmli yer tutur ve böyük ehtimalla biz növbəti əsərlərdə də  Baş Dədə obrazı ilə qarşılaşacayıq.

 

Qaragözova Elnarə

AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Ədəbi cərəyanlar sektoru,

Filologiya üzrə fəlsəfə doktoru

 

Olaylar.-2019.-9-10 iyul.-S.9.