Şəki
haqqında Bakı qərarı
Şəki
ilə, daha doğrusu Şəki adı ilə
tanışlığım Sovet dövrünə -
uşaqlıq illərinə təsadüf edir.
Dayımqızı müəyyən simsarlıqlara dayanaraq,
Şəki Pedoqoji Texnikumuna daxil olmuşdu; bu vəsilə
ilə Şəki adı evdə-eşikdə, qohum-əqraba
arasında, kənddə-kəsəkdə intensiv
şəkildə işlənməyə
başlamışdı: "dayımgil Şəkiyə
getdi"; "dayımgil Şəkidən gəldi";
"Şəki Xan Sarayında şəkil
çəkdiriblər"; "Şəki halvası
gətiriblər", "Şəkidən qonaq var"
və s. və i.. Yay aylarında dayımgilin
Şəkidən çoxlu qonaqları olardı; qonaqlar biz tərəflərçün
çox qəribə təsir bağışlayan, ekzotika
deyə biləcəyimiz şirin ləhcə ilə
danışır... sanki yalnız başqa rayondan deyil, başqa
ölkədən gəlmiş kimi bir təsir
bağışlayırdılar. Amma bu başqalıq, bu
qəribəlik özlüyündə BAŞQA BİR
DOĞMALIQ, BAŞQA BİR QƏRİBƏLİKDİ -
əziziydi, xoşuydu...
Sonralar
gözəl duyğular qohumluqlara çevdildi;
Şəkidə ilk təhsil alan Qoşalı (bəlkə
də, ümumən Tovuzlu) olan dayımqızı
Səkinə taleyini Şəkili ilə ömürlük
bağlayıb, Bakıya köçdü; bundan illər sonra
bir Şəkili qızı o biri dayımın oğlu ilə
evləndi, onlar da Bakıya köçdü. Beləcə,
Tovuz-Şəki, Şəki-Tovuz marşurutları
gəlib-gəlib Bakıda yeni məzmun, yeni ünvan qazandı...
Bakı
Bakıdır. Bugünlərdə Bakıda Şəki
ünvanlı önəmli hadisə baş verdi. Yalnız
Şəkililər, Şəkililərlə qohum olanlar
üçün deyil, ümumən Azərbaycanımız
üçün, xalqımız, mədəniyyətimiz,
mədəni irsimiz üçün dərin anlam
daşıyan bu hadisə Şəkini yenidən Tovuzlu,
Lerikli, Naxşıvanlı, Qubalı, Şuşalı,
Astaralı... Bərdəli, Siyəzənli... hamının,
hamının dilinə, könlünə saldı.
Düşərli olsun!
Bəli,
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin
43-cü sessiyasın keçirilirdi. Sessiyada "Xan
Sarayı ilə birgə Şəkinin tarixi
mərkəzi" UNESKO-nun Ümumdünya İrs
Siyahısına daxil edildi! - 07 iyul 2019-cu il tarixi
mədəniyyət tariximizə qızıl
hərflərlə yazıldı!
Xan Sarayı
ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun
Ümumdünya İrs Siyahısına daxil edilməsi
münasibətilə Azərbaycan xalqını təbrik
edən Azərbaycan Pezidenti öz duyğularını bu
sözlərlə ifadə edib:
"Hörmətli
həmvətənlər!
Bu gün
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü
sessiyasında Azərbaycanın "Xan Sarayı ilə
birgə Şəkinin tarixi mərkəzi" UNESKO-nun
Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
Azərbaycanın
ən qədim şəhərlərindən olan
Şəkinin tarixi hissəsi yüzillər boyu
ölkəmizin mədəniyyət
mərkəzlərindən biri kimi tanınmışdır.
Unikal abidələrlə zəngin Şəki
şəhərinin tarixi hissəsinin mühafizəsi və
inkişafı daim dövlətin diqqətində
saxlanılmışdır.
Son illər
Azərbaycanın mədəni irsinin dünya
səviyyəsində tanıdılması və qorunması
istiqamətində çoxsaylı layihələr həyata
keçirilmişdir. Qeyd edilməlidir ki, bu
fəaliyyətlər beynəlxalq təşkilatlarla,
xüsusən dünya mədəniyyəti, təhsili və
elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq
şəraitində gerçəkləşdirilir. Təsadüfi
deyil ki, "İçərişəhər, Qız
qalası və Şirvanşahlar Saray Kompleksi",
"Qobustan Qaya Sənəti Mədəni Landşaftı"
UNESKO-nun Ümumdünya İrs Siyahısında,
həmçinin xalqımızın qeyri-maddi mədəni
irsinin 13 nümunəsi UNESKO-nun Qeyri-Maddi Mədəni İrs
Siyahısında yer alır. Bu hadisələr Azərbaycan
xalqının ümumbəşər
mədəniyyətinə verdiyi töhfənin beynəlxalq
miqyasda bir daha etirafıdır.
Əziz
həmvətənlər!
Şəkinin
tarixi mərkəzində keçmişimizi özündə
təcəssüm etdirən Şəki Xan Sarayı,
karvansaraylar, məscid və minarələr, qədim
körpülər, sənətkarlıq emalatxanaları və
yaşayış evləri bu gündən etibarən
təkcə xalqımızın deyil, bəşəriyyətin
mədəni irsi hesab olunur.
UNESKO
tərəfindən "Xan Sarayı ilə birgə
Şəkinin tarixi mərkəzi"nin Ümumdünya
İrsi elan edilməsi münasibətilə bütün
Azərbaycan xalqını təbrik edirəm."
Bu
önəmli hadisə münasibəti ilə xalqımıza
ikinci təbrik I vitse-prezident, UNESKO-nun Xoşməramlı
səfiri Mehriban xanım Əliyevadan gəldi:
"Azərbaycan
xalqı milli mədəniyyətimizin,
adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz
incilərini qoruyub saxlayaraq dünyada tanıdılması
istiqamətində böyük nailiyyətlər əldə
edib. Bu gün isə biz Xan Sarayı ilə birgə
Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya
İrs Siyahısına salınmasını qeyd edirik. Bu tarixi
hadisə münasibətilə bütün
xalqımızı səmimi qəlbdən təbrik
edirəm!"
Əziz
dostlar, bilənlər bilir, bilməyənlər
üçün xatırladaq ki,
UNESKO (UNESCO
- United Nations Educational, Scientific and Cultural Organization) -BMT-nin
Elm, Təhsil və Mədəniyyət üzrə
ixtisaslaşmış qurumu olub, (mərkəzi
qərargahı Parisdə yerləşməklə) 16 noyabr
1945-ci ildən fəaliyyət göstərir.
Qurumun
əsas məqsədi - irqindən, cinsindən, dilindən
və dinindən asılı olmayaraq, təhsil, elm və
mədəniyyət sahələri üzrə xalqların
işbirliyini genişləndirmək yolu ilə sülhün
və təhlükəsizliyin
möhkəmlənməsinə kömək etməkdir.
1972-ci
ildə UNESCO tərəfindən "Ümumdünya
Mədəni və Təbii İrsin Qorunması haqqında
Konvensiya" qəbul edilib.
UNESKO
təhsil, elm və mədəniyyət sahələrindəki
məqsədlərini, üzv dövlətlərdə qurulan
Milli Komissiyalar vasitəsilə
gerçəkləşdirməyə çalışır.
UNESKO-nun
fəaliyyətinin əsas istiqamətlərindən biri tarixi
mədəniyyət abidələrinin qorunmasıdır. UNESKO
hazırda sənətçilərin, alimlərin qurduğu
təşkilatları dəstəkləyərək, elmin
və müxtəlif mədəniyyətlərin
yayılmasına kömək göstərir.
Qurumun
tərkibinə dünyanın fərqli yerlərində
yerləşmiş 67 büro və alt bölmələr
daxildir. Hazırda dünyanın 191 ölkəsi UNESKO-nun
üzvüdür.
Azərbaycanın
UNESKO ilə əlaqələri haqqında nə deyə
bilərik? - Respublikamız 03 iyun 1992-ci ildə UNESKO-ya üzv
qəbul edilib. Öncəki illərdə
görülmüş işləri gözardı
etmədən, Azərbaycan mədəniyyətinin
təbliği, irsimizin qorunması sahəsində əməyi
keçən hər kəsə könül dolusu
təşəkkür edərkən, onu da etiraf edək ki,
UNESKO-Azərbaycan əlaqələrində ən parlaq
səhifələr Mehriban xanım Əliyevanın sayəsində
açılıb, çiçəkləyib.
Mehirban
xanımın təşəbbüsü ilə Azərbaycanda
təhsilin, mədəniyyətin və cəmiyyətin
müxtəlif sahələri üzrə xoşməramlı
missiya həyata keçirilir.
Artıq
mötəbər şəxslərin, UNESKO
başçılarının da etiraf etdiyi kimi, Azərbaycan
mədəniyyətlərarası dialoq və
yaxınlaşmada unikal yerə malikdir.
Bəs bu
yeni qərar bizə nə verəcək? Bu,
- ilk
növbədə, Azərbaycan mədəniyyətinin
təntənəsidir;
-mədəni
irsi davamlı olaraq, şəbəkələşmiş
düşmən təbliğat maşını ilə
üz-üzə qalan bir ölkə olma etibarı ilə, bu,
respublikamızın növbəti diplomatik uğurudur;
-UNESKO-Azərbaycan
əməkdaşlığının dərin məzmununu,
yüksək səviyyəsini və perspektivini ifadə
edir;
-Respublikamıza,
özəlliklə, Şəkiyə turist axınına
təkan verəcək;
-Şəkidə
milli sənətkarlığı inkişaf etdirəcək;
-Xalqımızın
öz dəyərlərinə, milli irsə
qayğısını artıracaq;
-Azərbaycan
mədəni irsi barədə yeni araşdırmalar,
elmi-tədqiat işi stimullaşacaq;
-Gənclərdə
milli mədəniyyətə maraq artacaq;
-Azərbaycan
diplomatlarının təbliğat imkanları
genişlənəcək və s.
Bilirsiz,
Şəkidən öncə UNESKO-da Azərbaycanla
bağlı qəbul edilmiş qərarları yada salsaq,
Şəki haqqında Bakı qərarının sonuncu
olmayacağını deyə bilərik.
Bayrağın
uca olsun, əziz dövlətim!
Şuşanın,
karvansarayları, Cıdır Düzü, Xan bağı
və s. ilə birgə dünya mədəni irs
siyahısına salınacağı günə inam və
ehtiramla...
Əkbər Qoşalı
Olaylar.-2019.-9-10
iyul.-S.6.