Azərbaycandan bəşəriyyətə daha bir töhfə

 

"Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" bəşəriyyətin mədəni irsi elan olundu

 

Şəki- tarixin dərinliklərindən süzülüb gələn çox dəyərli abidələr məskənidir.Qədim Alban məbədi və digər qədim abidələrlə yanaşı, Azərbaycan tarixinin xanlıqlar dövrünün ən möhtəşəm memarlıq nümunəsi də Şəkidədir. Təsadüfi deyil ki, məşhur Türk şairi Nazim Hikmət deyib ki: "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan Sarayını dünyaya göstərmək bəs edərdi". Nəhayət UNESKO-nun bu qərarı ilə "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" Azərbaycan xalqı ilə yanaşı, həm də bəşəriyyətin mədəni irsi elan olundu.UNESKO-nun Ümumdünya İrs Komitəsinin bu qərarı qədim Şəkinin adına layiq olmaqla, həm də Azərbaycanımız üçünböyük hadisədir.

 

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva bildirib ki, Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması xalqımızın mədəni irs tarixində mühüm hadisədir. Bu hadisə bir Azərbaycan vətəndaşı kimi, hamımızı qürurlandırır, sevindirir. Deputat qeyd edib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi həm də ölkəmizin nüfuzunun və çəkisinin növbəti göstəricisi, etirafıdır: "Qeyd edim ki,  ümumiyyətlə, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Eyni zamanda, məlum olduğu kimi, Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə etmişdi.Yəni, Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir və göstərməkdədir. Bu əməkdaşlıqda və tərəfdaşlıqda da ölkənin birinici xanımı, birinci vitse-prezident, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməyi, zəhməti, xidmətləri və fəaliyyətləri çox böyükdür, misilsizdir. Məhz onun uğurlu, səmərəli və effektli əməkdaşlığı, işbirliyi sayəsində Azərbaycan-UNSEKO münasibətləri bu gün özünün pik həddini yaşamaqdadır. Məhz bu məhsuldar əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda iki sahə - İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Həmçinin,  zəngin və qədim mədəniyyətimizin digər mühüm elementləri sırasında musiqi xəzinəmizin inciləri - muğam və aşıq sənəti, həmçinin bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir. Bununla belə, Mehriban xanım Əliyevanın 43-cü Bakı sessiyasının açılış mərasimində çıxışı zamanı qeyd etdiyi kimi, müharibələr və hərbi münaqişələr bəşəriyyətin mədəni irsinə hər zaman ciddi təhdid olub. Hərbi təcavüz nəticəsində, eləcə də beynəlxalq hüququBMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini, o cümlədən Dağlıq Qarabağı və yeddi ətraf regionu bu günişğal altında saxlamaqda davam edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. Birinci vitse-prezident çıxışında "Bu sahədə görüləcək işlər hələ də çoxdur və UNESKO bu baxımdan mühüm rol oynamalıdır"-deyərək, Azərbaycan-UNESKO əməkdaşlığı və tərədaşlığının bundan sonra daha yüksələn xətt üzrə inkişaf edəcəyinə işarə vurmuş oldu. Şəxsən mən də belə hesab edirəm ki, əməkdaşlığın, tərəfdaşlığın indiki inkişaf templəri qorunub, saxlanılmalı və daha da inkişaf etdirilməlidir. Çünki Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında UNESKO əvəzsiz bir tribunadır".

 

Son hadisəni də Azərbaycan-UNESKO əməkdaşlığının növbəti əyani nümunəsi və təzahürü kimi qiymətləndirən millət vəkili istər ölkə prezidenti İlham Əliyevin, istərsə də birinci vitse-prezident Mehiban Əliyevanın Azərbaycan xalqına təbrikində yer alan fikirlərlə həmrəy olduğunu, onları birmənalı şəkildə bölüşdüyünü vurğulayıb: "Hər iki təbrikdə səsləndirilən fikirlərlə həmrəy olduğumu bildirərək, bu tarixi hadisə münasibəti ilə hər bir kəsi, xalqımızı təbrik edirəm. Hər birimizin, bütün məmləkətimizin gözü aydın olsun. İnanıram və əminəm ki, bunun davamı da olacaq, davamı da gələcək. Digər maddi-mənəvi, həmçinin, qeyri-maddi irsimiz UNESKO-nun Ümumdünya İsr Siyahısında yerini alacaq".

 

Millət vəkili Eldəniz Səlimov da hesab  edir ki, bu tarixi nailiyyətin arxasında illərin gərgin əməyi, zəhməti, ölkə prezidenti ilə birinci vitse-prezidentin səmimi əməkdaşlıq niyyətləri, addımları, Azərbaycan-UNESKO münasibətlərinin yüksələn xətt üzrə inkişafı dayanır. Millət vəkilinin sözlərinə görə, çünki hər bir xidmətin, hər bir zəhmətin, çəkilən hər bir əziyyətin mütləq qarşılığı, müsbət nəticəsi olmalıdır və olur: "Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının UNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasını da məhz bu cür qiymətləndirirəm. Azərbaycan-UNESKO əməkdaşlığı indiyə qədər səmələrəli və effektli nəticələrini verdiyi kimi, bu günbir daha öz müsbət nəticələrini, töhfələrini ortaya qoydu. Bunda da həm UNESKO-nun, həm ölkə prezidentinin, həm birinci vitse-prezidentin fəaliyyəti, əməyi, zəhməti, xidməti böyükdür, tarixidir. Hesab edirəm ki, bu hadisə digər müsbət nəticələri ilə yanaşı, Azərbaycanda son illər vüsət alan turizmin daha da inkişafına və çiçəklənməsinə öz  töhfəsini verəcək. Ölkəmizə gələn, ölkəmizə maraq göstərən turistlərin sayı daha da artacaq. Şəki tarixən turizm məkanı olub, bu hadisədən sonra turizm Şəkinin bütövlükdə həyatının daha da zənginləşdirmiş və gözəlləşdirmiş olacaq. Bundan qazanan Şəkimiz, bütövlükdə xalqımız, dövlətimiz, Azərbaycanımız, insanlarımız olacaq".

 

Alim

 

Olaylar.-2019.-9-10 iyul.-S.5.