AMEA: "Şəki Xan Sarayının
UNESKO-nun Dünya İrs Siyahısına salınması Azərbaycanı
dünyada daha da tanıdacaq"
"UNESKO-nun
Dünya İrs Siyahısı beynəlxalq irsin
siyahısıdır. Şəkinin qədim hissəsinin,
Yuxarı Baş Qoruğun və Şəki Xan
Sarayının UNESKO-nun Dünya İrs Siyahısına
salınması Azərbaycanı dünyada daha da
tanıdacaq".
Olaylar.az
bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Memarlıq və İncəsənət İnstitutunun
Memarlıq abidələrinin qorunması və bərpası
problemləri şöbəsinin müdiri Rahibə Əliyeva
deyib.
Onun sözlərinə
görə, siyahıya daxil olan abidələr təkcə aid
olduqları ölkənin deyil, həm də
bütövlükdə dünyanın irsi sayılır:
"Ona görə də bura daxil olan abidələr dünya
tərəfindən qorunmalıdır. Azərbaycan
üçün bunun müsbət tərəfi odur ki, ölkəmizdəki
abidə dünya tərəfindən qorunacaq. Hazırda Şəki
Xan sarayı və Şəkinin tarixi mərkəzi ilə
yanaşı, "İçərişəhər, Qız
Qalası və Şirvanşahlar Saray Kompleksi" və
"Qobustan Qaya Sənəti Mədəni Landşaftı"
da Dünya İrs Siyahısında yer alır. Əvvəllər
Azıx mağarası da bu siyahıya
salınmışdı, amma sonradan mağara bu siyahıdan
çıxarılıb. Çünki ermənilər də
bu Azıx mağarasına sahiblik iddiasıənı irəli
sürürlər. Ona görə də bu abidənin taleyi
sual altında qalıb. Şəkinin qədim hissəsinin,
Yuxarı Baş Qoruğunun və Şəki Xan
Sarayının siyahıya alınması UNESKO-nun nəzarəti
altında qorunacaq. Bununla yanaşı ölkəmiz, abidələrimiz
və millətimiz dünyada tanınacaq. Bununla da bizim tariximiz
bütün dünyada yayılacaq".
R.Əliyeva
qeyd edib ki, Şəki Xan Sarayında fundamental restavrasiya
işlərinin aparılmasına ehtiyac yoxdur. Amma buna
baxmayaraq, abidələrdə bir neçə ildən bir təmir-bərpa
işləri həyata keçirilməlidir və biz bu işləri
həyata keçiririk.
O bildirib ki,
tarixi abidələrdə xarici amillərin təsiri nəticəsində
təmir işlərinə ehtiyac yaranır: "Abidələr
üzərində xarici amillərin təsirləri
qaçılmazdır. Ona görə də abidələr
daim nəzarət altında olmalıdır. Yəni abidəyə
zərər dəyməsini gözləməməliyik".
Şöbə
müdiri vurğulayıb ki, müraciət olunduğu təqdirdə
AMEA tərəfindən Şəki Xan Sarayına baxış
keçirəcək: "Sarayda UNESKO-nun təşəbbüsü
ilə bərpa işlər aparıla bilər. Mütəxəssislər
Şəki xan Sarayına baxış keçirdikdən sonra
orada təmir-bərpa işlərinin hansı səviyyədə
ehtiyac olacağını müəyyənləşdirəcəklər.
Əgər ehtiyac olarsa, bu işlər mütləq həyata
keçiriləcək. Əgər Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Memarlıq və İncəsənət
İnstitutuna müraciət olunarsa, bizim əməkdaşlarımız
Şəki Xan Sarayına baxış keçirəcəklər".
Olaylar.-2019.-9-10 iyul.-S.4.