Ölkəmizin mədəni
irs nümunələrinin UNESKO
siyahısında sayı bundan sonra da artacaqdır
İyulun
7-də UNESKO-nun Ümumdünya
İrs Komitəsinin Bakıda keçirilən
43-cü sessiyasında Azərbaycanın qədim irsi, zəngin mədəniyyəti, həmçinin
beynəlxalq miqyasda nüfuzu
üçün müstəsna önəm
kəsb edən qərar qəbul olunmuş,
Şəki şəhərinin tarixi mərkəzi
Şəki Xan sarayı ilə
birlikdə Ümumdünya İrs
Siyahısına salınmışdır. Olaylar.az xəbər verir ki, 2000-ci ildə
Qız qalası və Şirvanşahlar
sarayı ilə birlikdə İçərişəhərin,
2007-ci ildə Qobustan qayaüstü
rəsmlərinin UNESKO siyahısına daxil
edilməsindən sonra bu,
Azərbaycanın dünya xəzinəsində
yer alan üçüncü mədəni irs məkanıdır.
Şəki
şəhərinin tarixi mərkəzinin
və Şəki Xan sarayının Ümumdünya İrs
Siyahısına salınması Azərbaycanın UNESKO-da ardıcıl fəaliyyətinin, eləcə
də ölkə rəhbərliyinin bu məsələyə
xüsusi diqqətinin nəticəsidir.
Bu uğur Azərbaycanın
illərdən bəri - həm ölkəmizin daxilində, həm
də onun hüdudlarından kənarda - dünya irsi obyektlərinin
qorunması ilə bağlı həyata keçirdiyi
dövlət siyasətinin təbii davamıdır.
Xüsusi məmnunluq doğurur ki, Şəki
ilə bağlı tarixi qərar Ümumdünya İrs
Komitəsinin ölkəmizdə keçirilən
sessiyasında qəbul olunmuşdur. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının
Bakıda keçirilməsi faktının özü
Azərbaycanın dünya irsi
obyektlərinin qorunması məsələsində xidmətlərinin
beynəlxalq miqyasda etirafı və
yüksək qiymətləndirilməsinin sübutudur.
Bu hadisə Azərbaycanın dünya mədəni-turistik xəritəsində
beynəlxalq mövqelərini daha da möhkəmləndirir.
UNESKO
siyahısına daxil edilmək dünya mədəni və təbiət irsinin saxlanılması üçün
beynəlxalq təsisatlardan, ilk növbədə
Ümumdünya İrsi
Fondundan maliyyə vəsaitlərinin cəlb
edilməsində prioritetliyi təmin edir.
Bu əlamətdar hadisə həmçinin
Azərbaycan xalqının dünya mədəniyyətinə
verdiyi xüsusi
töhfənin beynəlxalq müstəvidə növbəti təsdiqidir.
Ölkəmizdə
beynəlxalq miqyasda tanınmasını
gözləyən hələ çox mədəni
irs obyektləri (Atəşgah,
Naxçıvandakı türbələr, Xəzər sahilindəki
tarixi istehkamlar və s.) vardır. Azərbaycan dövləti tərəfindən
həyata keçirilən ardıcıl iş
sayəsində ölkəmizin mədəni irs
nümunələrinin UNESKO siyahısında sayı bundan sonra da
artacaqdır.
Olaylar.-2019.-9-10 iyul.-S.2.