Azərbaycan mətbuatı azad və müstəqildir

 

Əbəs yerə demirlər ki, media cəmiyyətin, dövlətin güzgüsüdür. Hər hansı cəmiyyətdə, dövlətdə baş verən proseslər, həmin cımiyyətlərin, dövlətlərin necə yaşaması, hansı yolla getməsi, irəliləməməsini müəyyən etmək, belə demək mümkünsə tanımaq üçün onun mediası, kütləvi informasiya vasitələrinə nəzər yetirmək, diqqət etmək kifayətdir. Çünki kimin nə deməsindən asılı olmayaraq media, kütləvi informasiya vasitələri bir qayda olaraq həqiqəti söyləyir, onu yazır. Əslində başqa cür olması da mümkün deyil. Nədən ki, bu qeyd etdiyimiz amil demokratik cəmiyyətlərə xasdır və belə cəmiyyətlərdə fəaliyyət göstərən media, kütləvi informasiya vasitələri birmənalı olaraq həqiqəti, reallığı yazmalı, cəmiyyətə çatdırmalıdır. Ancaq burada diqqət çəkiləsi bir məqam var ki, mətbuatın, kütləvi informasiya vasitələrinin mövcud reallığı, həqiqəti yazması üçün mütləq həmin cəmiyyətdə, dövlətdə fikir, söz və məlumat azadlığı təmin edilməli, plüralizm ənənələrinə əməl olunmalıdır.

Bəs görəsən bu gün Azərbaycanda bu sahədə vəziyyət hansı səviyyədədir? Ölkəmizdə fikir, söz, məlumat azadlığı, plüralizm ənənələri nə dərəcədə qorunur? Bu prinsiplərin inkişaf etməsi üçün ölkədə hansı şərait mövcuddurya hansı imkanlar yaradılır? Ən əsası, dövlət və onun müvafiq strukturları Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin inkişaf etmısində nə dərəcədə maraqlıdırlar?

Başlayaq birincidən, daha doğrusu Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin hansı səviyyədə olmasından. Birmənalı olaraq deyə bilərik ki, bu gün Azərbaycanda fikir, söz, məlumat azadlığı tam mənada, yüksək səviyyədə qorunur, təmin edilir. Bunu bir neçə örnəklə əsaslandırmaq mümkündür. Birincisi, ölkədə yüzlərlə kütləvi informasiya vasitəsi fəaliyyət göstərir. Bunların içərisində həm hakimiyyətmeyilli, həm müxalifət meyilli, həm də müstəqil media qurumları var.  Bu sırada təkcə yazılı media deyil, eləcə də elektron KİV-lər də mövcuddur. Ölkədə həm hakimiyyət, həm müxalifət meyilli, həm də müstəqil medianın mövcud olması Azərbaycanda fikir, söz, məlumat azadlığının olduğunu təsdiq etməklə yanaşı, həm də plüralizmin mövcudluğunun göstəricisidir. Yəni, Azərbaycanda istənilən siyasi partiyaya təşkilata bağlı media qurumları fəaliyyət göstərir.  onlara qarşı heç bir təzyiq yoxdur.

Bundan başqa hər bir media qurumunda, kütləvi informasiya vasitəsində istər ölkənin əldə etdiyi uğurlar, inkişaf və tərəqqi, istərsə də müxtəlif sahələrdə mövcud olan problemlər barədə sistemli, davamlı, gündəlik olaraq materiallar dərc edilir. Burada bir məqamı da qeyd etmək yerinə düşər ki, kütləvi informasiya vasitələrində cəmiyyət həyatında mövcud olan problemlərin işıqlandırılmasındanda dövlət, hakimiyyət də maraqlıdır. Hətta dövlət başçısı Cənab İlham Əliyev də kütləvi informasiya vasitələrində cəmiyyət həyatında baş verən neqativ halların işıqlandırılmasında maraqlıdır və media qurumlarının bu sahədəki fəaliyyətini təqdir edir, dəstəkləyir. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də 2017-ci il, iyul ayının 20-də jurnalistlər üçün inşa edilmiş ikinci yaşayış binasının açılışında çıxışı zamanı bunu açıq-aşkar söyləmişdi. Hətta dövlət başçısı kütləvi informasiya vasitələrinin nümayəndələrini bu sahədə bir növ özünün köməkçisi kimi də xarakterizə etmişdi: "Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz".

Əslində Prezident İlham Əliyevin yuxarıda qeyd etdiyimiz fikirləri ikinci suala, yəni Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin nə dərəcədə qorunduğuna cavabdır. Yəni, dövlət başçısının kütləvi informasiya vasitələrində cəmiyyətdə mövcud olan problemlərin, neqativ halların işıqlandırılmasına olan münasibəti, bu yanaşmaya görə jurnalistləri təqdir etməsi, onları dəstəkləməsi, hətta media təmsilçilərini özünün köməkçisi adlandırması  onu deməyə əsas verir ki, Azərbaycanda fikir, söz, məlumat azadlığının qorunması yüksək səviyyədədir. Hətta dövlət başçısı belə bunda maraqlıdır. Ona görə də birmənalı olaraq qeyd edə bilərik ki, Azərbaycanda fikir, söz, məlumat azadlığı ən yüksək səviyyədə qorunurbunda hakimiyyət də tam mənada maraqlıdır. Daha doğrusu hakimiyyətin siyasəti buna xidmət edir.

O ki, qaldı ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində hansı tədbirlərin görülməsinə və bunun üçün hansı şəraitin yaradılmasına, hesab edirəm ki, Azərbaycan mediasının hazırkı durumu, müxtəlif cəbhələri əks etdirən kütləvi informasiya vasitələrinin mövcudluğu ölkəmizdə fikir, söz və məlumat azadlığının hansı səviyyədə olduğunu əyani şəkildə göstərir.

Yaxın tarixə nəzər salsaq görərik ki, Azərbaycanda media, kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məlumat üçün qeyd edək ki, ümummilli lider Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra bu sahəyə diqqət və qayğını daha da artırdı. Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", həmçinin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman ölkəmizdə söz, mətbuat və fikir azadlıqlarının təminatına əlverişli şərait yaradıb. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoyub. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununun, sonrakı dövrlərdə isə "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "Məlumat azadlığı haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında" Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə kütləvi informasiya vasitələri cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilib. Dahi şəxsiyyətin 2000-ci il 6 mart tarixli Sərəncamı ilə təsdiq edilən "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün Tədbirlər Proqramı" isə bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynayıb. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə prezidenti İlham Əliyev isə bu barədə deyib: "Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiyasiyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının rolu xüsusi qeyd olunmalıdır". Bütün bunların göstəricisidir ki, bu gün Azərbaycanda 5000-dən artıq KİV qeydiyyatdan keçmiş, 100-ə yaxın jurnal, 50-dən çox televiziyaradio kanalı, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. İnternetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına səbəb olmuş, ölkə əhalisi arasında internet yayımı 75 faizə çatmış, sosial şəbəkə istifadəçilərinin sayı 2 milyona yaxınlaşmışdır. "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq milli mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət və mətbuat arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2019.- 16-17 iyul.- S.7.