Həyatımızın bütün
sahələrində yer alan
İKT
XX əsrin sonlarından başlayaraq qloballaşan, müasirləşən dünyada informasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi hər bir ölkədə prioritet istiqamətlərdən birinə çevrildi desək yanılmarıq. XXI əsr isə bu baxımdan keyfiyyətcə yeni bir eranın başlanğıcı hesab edilirdi. Qısa zamanda bu istiqamətdə baş verən inqilabi dəyişikliklər dünyamızın tezliklə İKT baxımından inkişaf etməsinə gətirib çıxardı və bu gün hər hansı bir ölkəni informasiya kommunikasiya texnologiyaları, internet, yüksək texnologiyalar olmadan təsəvvür etmək mümkün deyil. Müasirləşən, inkişaf edən dünyamızın bir hissəsi sayılan Azərbaycanda da bu gün informasiya kommunikasiya texnologiyalarından geniş istifadə edilir, həyatımızın bütün sahələrində onun imkanlarından yararlanılır.
Günümüzdə hər bir sahə kimi, informasiya kommunikasiya texnologiyaları sahəsində əldə edilən nailiyyətlər, uğurlar da özünü müstəqillik illərindən sonra daha qabarıq şəkildə göstərməyə başladı deyə bilərik. Düzdür, müstəqilliyimizin ilk illərində İKT, onun inkişaf etdirilməsində müəyyən problemlər mövcud idi. Ümumiyyətlə, bu sahənin inkişafından danışmaq yersiz idi. Lakin 1993-cü ilin iyun ayında, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra qeyd etdiyimiz sahənin inkişaf etdirilməsində də müsbət dinamika nəzərə çarpdı.
İKT erasına yüksək səviyyədə
hazırlıq
Çünki, Heydər Əliyev hələ respublikaya birinci dəfə rəhbərlik etdiyi illərdə bu inkişafın, tərəqqinin bünövrəsini qoymuşdu. Buna görədir ki, İKT-nin ayrılmaz tərkib hissəsi sayılan rabitənin, elektron avadanlıqlar və informasiya texnologiyaları sektorunun ölkəmizdə inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektorunun inkişafının təməlini hələ ötən əsrin 70-ci illərində qoyan Heydər Əliyev öz uzaqgörənliyi ilə dəqiq bilirdi ki, yeni əsr, yeni era İKT əsri, erası olacaq. Ona görə də bu sahəyə ciddi diqqət yetirmək lazım idi. 1970-80-ci illərdə Elmlər Akademiyasında, universitetlərdə və sahə institutlarında elektronika, avtomatika və hesablama texnikası üzrə istedadlı alimlər və təcrübəli mütəxəssislərin yetişdirilməsi, elektron avadanlıq istehsal edən zavodlar tikilməsi, Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi, İnformasiya-Kommunikasiya Elmi Mərkəzi, "Neftqazavtomatika" və digər elmi-tədqiqat müəssisələrinin yaradılması məhz Heydər Əliyev tərəfindən gələcəyə hesablanmış addımlar idi. "AZON", "NORD" elm-istehsalat birlikləri, Radiozavod, elektron hesablama maşınları zavodu, "Peyk", "Ulduz" kimi nəhəng istehsalat komplekslərinin tikilib istifadəyə verilməsi də ümummili liderin hələ sovetərin zamanında İKT-nin inkişafına verdiyi dəyərli töhfələrdən idi. Burada diqqət çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, Heydər Əliyev İKT-nin inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, gördüyü işləri yalnız paytaxtla kifayətləndirmir, bölgələrdə də anoloji addımlar atılırdı. Belə ki, Naxçıvan, Tərtər, Mingəçevir, Şirvan, Gəncə və Sumqayıtda 30-dan artıq elektron və cihazqayırma zavodları işə salındı, Elmi-tədqiqat institutlarının nəzdində "Kristal", "Registr", "Tellur", "Kibernetika", "Biotex", "Mikroelektronika", "Kaskad" xüsusi konstruktor büroları fəaliyyət göstərməyə başladı. Bakı Dövlət Universiteti, Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti kimi ali təhsil müəssisələrində İKT ixtisasları üzrə mütəxəssislər hazırlanması üçün maddi-texniki baza yaradıldı.
Cənubi Qafqazda ilkə imza atan ölkə
Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda İKT-nin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər sürətləndirildi. Bu illərdə Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin, "Baksell" və "Azərsell" birgə müəssisələrinin yaradılması ilə ölkədə mobil rabitənin inkişafının əsası qoyuldu.
Azərbaycanda rabitə sektoruna ilk investisiyaların cəlb edilməsi də ümummilli liderin səyləri nəticəsində mümkün oldu. Ölkəmizin radio-televiziya yayımının müasir tələblərə uyğun təşkili, milli televiziya proqramının süni peyk vasitəsilə yayımlanmağa başlanılması, Avropa və Yaxın Şərq dövlətləri ilə yanaşı blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının əhalisinin milli televiziya proqramlarını seyr etmək imkanı qazanması məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
2003-cü il, fevral ayının 17-də Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" ölkəmizdə bu sahənin sürətli inkişafına güclü təkan verməklə yanaşı, eyni zamanda Azərbaycanın İKT sahəsinə xüsusi diqqət yetirdiyini cəmiyyətimizə və bütün dünyaya bəyan etdi. Onu da qeyd etmək yerinə düşər ki, belə bir strategiya Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda qəbul edilirdi.
İKT yeni inkişaf
mərhələsində
Günümüzdə Azərbaycanda İKT sektoru öz inkişaf mərhələsini yaşayır. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin də bu sahəyə göstərdiyi diqqət və qayğı, bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan İKT-nin inkişafı baxımından dünyanın qabaqcıl ölkələri ilə eyni sırada qərarlaşıb. Təsadüfi deyil ki, İlham Əliyevin prezidentlik dövrünün ilk 5 ilində İKT ölkənin ən dinamik və stabil inkişaf edən sektoru kimi yadda qaldı və bu sektor 4,5 dəfə genişləndi. Nəticədə bu sektor üzrə orta aylıq əməkhaqqı 3 dəfə artaraq 432 manat oldu, 5500-dən çox yeni iş yerləri açıldı. Bu illərdə İKT sahəsində görülən ən ciddi işlərdən biri də regionlarda və ucqar yaşayış məntəqələrində rabitə xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi oldu. Ən ucqar yaşayış məntəqələrinin peyk texnologiyası vasitəsilə telefonlaşdırılması istiqamətində görülmüş məqsədyönlü işlər nəticəsində dünyanın əksər ölkələrində hələ də həllini tapmamış bir məsələ - ölkə ərazisinin tam telefonlaşdırılması başa çatdı. Bu gün ölkəmizin istənilən yaşayış məntəqəsində, hətta 2-3 evi olan kəndlərdə də vətəndaşların stasionar telefon xidmətinə çıxış imkanı vardır.
Cənab İlham Əliyevin respublikaya rəhbərlik etdiyi bu illər ərzində ölkədə internet istifadəçilərinin sayında da əsaslı dərəcədə artım qeydə alınıb. Hazırda Azərbaycanda əhalinin 80 faizindən çoxu internetdən istifadə edir. Ölkəmiz region dövlətlərinə internet ixrac etməyə başlayıb ki, bu da nəticə etibarilə internetdən istifadə qiymətlərinin ucuzlaşmasına imkan yaradıb. Nəticə etibarilə, 2008-ci ildə qiymətlərdə 2 dəfə, 2009-cu ilin başlanğıcında isə 2,5 dəfə endirim oldu. Hazırda da ölkədə internetdən istifadə qiymətlərinin aşağı salınması gündəmdədir.
Azərbaycan kosmik ölkələr
sırasında
Müstəqillik illərində, xüsusilə Cənab İlham Əliyevin ötən 16 il ərzində respublikaya rəhbərlik etdiyi illərdə ölkəmizin İKT sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biri də Azərbaycanda kosmik sənayenin yaradılmasdır.
Məlumat üçün qeyd edək ki, dövlət başçısının "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 4 noyabr 2008-ci il tarixli sərəncamı ilə əlaqədar olaraq tanınmış alim və mütəxəssislərin iştirakı ilə müvafiq dövlət proqramı hazırlandı. Dövlət proqramında kosmik sənayenin yaradılması və inkişafı, telekommunikasiya peyklərinin orbitə çıxarılması, kosmik informasiyanın qəbulu və emal edilməsi üçün yerüstü mərkəzin yaradılması, orbital mövqelərin əldə olunması üçün BTİ ilə işlərin davam etdirilməsi, eləcə də digər mühüm vəzifələrin icrası öz əksini tapırdı. Beləliklə, BMT Baş Assambleyasının 64-cü sessiyasında Trans Avrasiya Super İnformasiya Magistralı layihəsinə dair qətnamə qəbul edildi ki, bununla da Azərbaycanda kosmik sənayenin yaradılmasına start verildi. Bir il sonra, 2010-cu ildə isə "Azərkosmos" ASC yaradıldı. 2013-cü il, fevral ayının 7-də Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peykinin Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılması Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş "İnformasiya-kommunikasiya texnologiyaları ili"nə ən böyük töhfə idi.
Azərbaycan Respublikasının sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki. "Azerspace-2" isə 25 sentyabr, 2018-ci il tarixində Fransız Qvineyasının (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxıldı.
Azərbaycanda elektron kütləvi informasiya vasitələrinin sürətli inkişafı və onun genişmiqyaslı tətbiqi ölkəmizdə yeni informasiya sistemlərinin yaradılmasına və radio-televiziya yayım texnologiyalarının yeniləşdirilməsinə zəmin yaratdı. Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan televiziyası ilə yanaşı, İctimai televiziya, eləcə də özəl televiziya və radio yayımlarının əhatə dairəsi genişləndirilərək 100 faiz səviyyəsinə çatdırılır. Radio və televiziya yayımı üzrə dünyada gedən proseslər çərçivəsində 2013-cü ilə Beynəlxalq Telekommunikasiya İttifaqının tələblərinə uyğun olaraq bütün ölkə ərazisini əhatə edəcək rəqəmli televiziya sisteminin qurulması təmin olunub.
Göründüyü kimi Azərbaycan hər bir sahədə olduğu kimi İKT sahəsində özünün inkişaf, tərəqqi dövrünü yaşayır. Məhz ölkəmizin bu sahədə qazandığı nailiyyətlərin nəticəsidir ki, bu gün Azərbaycan yerləşdiyi regionda transmilli nəhəng informasiya şəbəkəsinin yaradılması prosesində aktiv rol oynayır. Bundan başqa Qazaxıstan və ya Türkmənistan ilə Xəzəraltı optik kabel əlaqəsinin yaradılması ideyası ölkəmizin tranzit məkana çevrilməsinə xidmət edir. Ölkəmizin İKT-nin inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, həyata keçirdiyi islahatlar zaman-zaman müvafiq beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilib, yüksək balla qiymətləndirilib. Təsadüfi deyil ki, 2008-ci ildə Davosda keçirilən Ümumdünya İqtisadi Forumu öz texnoloji hesabatında Azərbaycanı İKT-nin inkişaf səviyyəsinə görə MDB ölkələri arasında birinci yerə çıxarıb. Həmçinin, beynəlxalq qurumların apardıqları təhlillərə görə, Azərbaycan 2008-ci ildə E-hökumət üzrə hazırlıq səviyyəsinə görə 182 ölkə arasında 89-cu yeri, İKT sənayesinin rəqabətlilik indeksinə görə inkişaf etmiş 66 ölkə arasında 63-cü yeri və ölkənin elektron hazırlıq səviyyəsinə görə isə dünyanın inkişaf etmiş 70 ölkəsi arasında yer tutub. Bu da ölkəmizin qeyd edilən sahədə əldə etdiyi nailiyyətlərin bariz nümunəsidir.
Süleyman İsmayılbəyli
Olaylar.- 2019.- 9-10 iyul.-
S.12.