Azərbaycan jurnalistikası doğrudan da böyük yol keçmişdir

 

Vüqar Rəhimzadə: "Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamları da böyük rəğbətlə qarşılanır"

 

1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə Azərbaycan Milli Mətbuatının bünörəsi qoyuldu.  1875-1877-ci illər ərzində 56 sayı ilə bütün Qafqazda əks-səda doğuran "Əkinçi"  Çar Rusiyasının hakim dairələrini narahat edib iki il sonra fəaliyyəti dayandırıldı.

144 il inkişaf yolu keçən mətbuatımızın tarixi demokratik ənənələri çox qədimdir. "Əkinçi"nin əsas məqsədlərindən olan  maarifləndirmə, müasirləşmə, hadisələrin obyektiv işıqlandırılması ölkəmizdə milli demokratik mətbuatın gələcək inkişafı üçün təməli oldu.

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə bildirir ki, Azərbaycan mətbuatının keçdiyi zəngin şərəfli yolunu bir neçə mərhələyə bölmək olar: "Cümhuriyyət tariximizi təhlil edərkən azad mətbuatın inkişafına, yeni fikrin formalaşmasına yaradılan şəraitə xüsusi diqqət yetirməliyik. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin əsas çağırışlarından biri məhz Cümhuriyyət tariximizin öyrənilməsi, həmin dövrdə bu ya digər sahənin inkişafı üçün yaradılan möhkəm bazanın təbliği idi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın təməli qoyuldu. Ümumilikdə XX əsrin əvvəllərində nəşr edilən mətbuat orqanlar milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının təbliğində mətbuatın misilsiz xidmətləri vardır. Təəssüf ki, bu mərhələnin ömrü uzun olmadı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da onun fəaliyyəti müddətində formalaşan baza Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra inkişafının davamlılığında, ölkəmizin bu ya digər sahələrdə uğurlu addımlarında stimulverici amil rolunu oynadı.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonrakı dövrü əhatə edən mərhələnin 70 ili kommunizm ideologiyası dövrü ilə bağlıdır. Həmin illərdə fərqli düşünmək, yazmaq ümumiyyətlə, qadağan edilmişdi. 1969-1982-ci illərdə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm Azərbaycanın müstəqil gələcəyinə xidmət edən addımların atıldığı dövr kimi xarakterizə olunur. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə mətbuatın cəmiyyətə təsir imkanlarının böyüklüyü yüksək dəyərləndirilərək, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərə geniş yer verildi."

Müasir dövrümüzdə fəaliyyət göstərən dünya media qurumları öz ölkələrinin simalarını, onlarda mövcud olan demokratik vəziyyətin göstəricisidir. Azərbaycanda yayımlanan informasiya agentlikləri dünyanın qabaqcıl ölkələrində fəaliyyət göstərən agentliklərlə istər maddi, istərsə texniki imkanlar baxımından bərabər gücdədir. Təbii ki, KİV -in bu səviyyədə fəaliyyətinin təməli ulu öndər Heydər Əliyev onun siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin mətbuata, söz fikir azadlığına olan xüsusi diqqətinin nəticəsidir. Bu gün Azərbaycanda 5 mindən çox kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb, xeyli sayda jurnalist təşkilatları ictimai birliklər fəaliyyət göstərməsi bir daha sübut edir ki,  Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınıb.

Vüqar Rəhimzadə qeyd edir ki, 2009-cu ildən fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqələrin əsasında jurnalist peşəkarlığının artırılması əsas yer tutur: "Jurnalistlərin peşəkarlığı, məsuliyyəti, dəqiq informasiyanın ötürülməsi sair kimi məsələlər çox vacibdir: Bu vəhdət fonunda ərsəyə gələn hər hansı bir materialın ictimai fikrə təsir imkanları da geniş olacaqdır. Dövlətimizin başçısı İlham Əliyevin "Əgər biz keçmiş illərə nəzər salsaq görərik ki, son illərdə Azərbaycan jurnalistikası doğrudan da böyük yol keçmişdir. Bu, sadəcə xoş sözlər deyil, bu, həqiqətdir. Əgər 15 il bundan əvvəlki qəzetləri vərəqləsək görərik ki, orada daha çox böhtan, təhqir, iftira mövzuları üstünlük təşkil edirdi. Bəzi hallarda bu, bu gün vardır. Ancaq onların miqdarı xeyli azalıbdır. Ona görə məsuliyyət peşəkarlıq, dəqiq informasiya mütləq hər bir medianın imicini göstərir" fikirləri Azərbaycan mətbuatının keçdiyi inkişaf yolunda bu istiqamətdə əldə etdiklərinin ümumiləşdirilmiş ifadəsidir. Peşəkarlıq məsuliyyət hissinin birliyi fonunda ərsəyə gələn yazı həmin mətbu orqanın əqidəsinə, tutduğu yola, məqsəd məramına işıq salmaqla yanaşı, jurnalistin mətbuatın prinsiplərinə hansı səviyyədə yanaşmasını da ortaya qoyur. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2010-cu ildə Mətbuat Şurasının yeni binasının açılışında söylədiyi bu çağırışı da xatırlatmaq istərdik: "Hesab edirəm ki, peşəkarlıq artdıqca, jurnalistikada bax, qeyd etdiyiniz, bu reket məsələləri aradan qaldırılacaqdır. Ondan sonra bizim milli adət-ənənələrimizə xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır. Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mən hesab edirəm ki, bunun vaxtı çatıbdır." Günümüzün əsas tələblərindən olan informasiya təhlükəsizliyinin təmin edilməsi jurnalist məsuliyyətini peşəkarlığını aktuallaşdırır. Əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir mətbu orqan dövlətçilik maraqlarını öndə saxlamalı, vətənpərvərlik, milli şüur kimi prinsipləri əsas tutmalıdır."

Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq Azərbaycan mətbuatı sürətli inkişafa qədəm qoydu. Dünyanın aparıcı media qurumları ilə rəqabət gücünə malik olan informasiya agentlikləri müasir texniki vəsaitlərin hesabına artıq Azərbaycan həqiqətlərini rahatlıqla dünyaya çatrılmasında heç bir texniki əngəllə qarşılaşmır.

Siyasi ekspert, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirir ki, Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalist peşəkarlığını artırmaq, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlardandır: "Milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik maddi yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar da mətbuata göstərilən qayğının tərkib hissələridir. Hər beş ildən bir milli mətbuatımızın yubileyinin dövlət səviyyəsində təntənə ilə qeyd olunması artıq bir ənənəyə çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncamları da böyük rəğbətlə qarşılanır. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı ilk Sərəncam 2010-cu ildə imzalandı və Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Jurnalistlər üçün tikilən ilk bina 2013-cü ildə istifadəyə verildi və növbəti Sərəncam imzalandı. 2017-ci il iyulun 22-də Milli Mətbuat Günündə jurnalistlərin istifadəsinə verilən ikinci binanın açılışında iştirak edən dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, üçüncü binanın təməlini qoydu. Atılan hər bir addım dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısının aydın mənzərəsini yaradır. 2017-ci ildə jurnalistlərin mənzil şəraitinin yaxşılaşdılması ilə bağlı Sərəncamın imzalanması ilə yanaşı, ölkəmizdə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı da ayrıldı. Mətbu orqanlara maliyyə yardımlarının ayrılması ilə bağlı sərəncamlar artıq ənənə halını alıb. Bütün bunların nəticəsidir ki, son 15 ildən artıq dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev üç dəfə "Jurnalistlərin dostu" mükafatına layiq görülüb. Dövlətimizin başçısı, həmçinin "Kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir" fikirləri ilə Azərbaycan mətbuatının qarşısında dayanan vəzifələri diqqətə çatdırır. Keçilən yola qısa baxış fonunda Azərbaycan mətbuatının parlaq gələcəyini daha aydın görürük."

Olaylar.- 2019.-27-29 iyul.- S.7.