Azərbaycanın Bütövlüyü Uğrunda İctimai Birliyi Ordunun təbliğinin vətənpərvərlik hisslərinin artırılmasına müsbət təsirini müzakirə etdi

 

Azərbaycanın Bütövlüyü Uğrunda İctimai Birliyi "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği" layihəsi çərçivəsində növbəti tədbirini keçirib. "Ordunun təbliğinin vətənpərvərlik hisslərinin artırıllmasına müsbət təsiri" mövzusuna həsr olunmuş tədbiri giriş sözü ilə açan Xalidə Qafarova Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsəd və vəzifələri barədə məlumat verib. Tədbirdə çıxış edən ekspert Alim Hüseynli deyib ki,  ordunun təbliği vətənpərvərlik hissinin artırılmasında əvəzsiz vasitədir. Çıxışı zamanı Azərbaycanda həyata keçirilən ordu quruculuğu və Azərbaycan Ordusunun bu günkü durumuna diqqət çəkən Alim Hüseynli deyib ki, dünyanın ən güclü orduları sırasında özünə yer alan Azərbaycan ordusu qürur mənbəyimizdir: "Etiraf edilməlidir ki, dövlətlərin güclü orduya malik olması gənclər arasında vətənpərvərlik hissinin yüksəlməsində əhəmiyyətli dərəcədə rol oynayır. Bu gün qloballaşan dünyada hər bir ölkənin milli-mənəvi dəyərlərinin qorunaraq gələcək nəsillərə çatdırılması, nəticə etibarilə gənclərin vətənpərvərlik hissinin artırılması  olduqca böyük əhəmiyyət kəsb edir. Faktdır ki, ölkədə gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik hisslərinin artırılması məqsədilə ölkədə məqsədyönlü tədbirlər görülür, müəyyən addımlar atılır. Bu baxımdan gənclər arasında vətənpərvərliyin təbliği  zərurəti yaranır ki, bu məsələdə vətəndaş cəmiyyətlərinin, xüsusən medianın üzərinə böyük məsuliyyət düşür".

Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğundakı misilsiz xidmətlərindən danışan Alim Hüseynli qeyd edib ki, Heydər Əliyev  tərəfindən ordu quruculuğu sahəsində milli maraqlarımızın qorunaraq, inkişaf etdirilməsi istiqamətində atılan tarixi addımlar sonradan müstəqil Azərbaycanda mərkəzləşdirilmiş nizami ordunun yaranmasına təkan oldu. Onun sözlərinə görə, Ulu Öndərin vahid komandanlığın təmin edilməsi sahəsində gördüyü məqsədyönlü tədbirlər nizami ordunun formalaşmasına səbəb olmaqla yanaşı, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə də gətirib çıxartdı: "Nəticədə mərkəzləşmiş maddi-texniki təminat işində uğurlu addımlar atıldı, müxtəlif qoşun növlərinin, ayrı-ayrı hərbi hissələrin təminatı həyata keçirilməklə formalaşması başa çatdırıldı, fərarilik hallarının qarşısı alındı, orduya çağırış işi təkmilləşdirildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət və ordu quruculuğu istiqamətində taleyüklü addımlar atıldı və Azərbaycan Ordusu elmi-nəzəri əsaslar üzərində qurulmağa başladı. Dahi rəhbər Heydər Əliyev güclü və intizamlı ordunun yaradılmasının, həm də yüksək ixtisaslı milli zabit kadrların mövcudluğundan asılı olduğunu nəzərə alaraq Hərbi Akademiyanı yaratdı, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik Məktəblərini formalaşdırdı". Alim Hüseynli qeyd edib ki, Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatlar həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Prezidentimizin ən böyük xidmətlərindən biriondan ibarətdir ki, bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumu yüksək səviyyədədir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordusu ilə fəxr edir. Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərləri ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən amillər sırasındadır. Ön xətdə xidmət edən şəxsi heyətə mübarizə əzmi aşılamaqla Ali Baş Komandan bir daha orduya diqqət və qayğısını əsirgəmədiyini nümayiş etdirir. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alaraq bizim qarşımızda duran əsas vəzifə hərbi kadrların peşəkarlıq səviyyəsini artırmaq, müdafiə potensialını möhkəmləndirmək, ordumuzun gücünü və hərbi qüdrətini daima yüksəltməkdir. Bu isə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi üçün başlıca şərtdir".

Ekspert deyib ki, müasir ordu quruculuğunu xarakterizə edən, milli ordumuzun möhkəmlənməsinə geniş imkanlar yaradan əsas amil dinamik iqtisadi inkişaf və ölkəmizin iqtisadi qüdrətinin artmasıdır: "İqtisadi inkişaf ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına və Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsinə geniş imkanlar yaradır. Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır və ordumuz dünyanın aparıcı 50 ordusu sırasındadır. Təsadüfi deyil ki, Ali Baş Komandan lham Əliyev qeyd edib ki, ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Azad edilmiş o torpaqlara Azərbaycan vətəndaşları qayıtmışlar. O torpaqlara həyat qayıtmışdır və bunu Azərbaycan dövləti etdi, Azərbaycan Ordusu etdi. Güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda təhlükəsizlik tam təmin edilibdir. Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir. Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir".

Sonra çıxış edən ekspert Süleyman İsmayılbəyli layihə çərçivəsində görülən işlər, keçirilən tədbirlər və görüşlər barədə iştirakçıları məlumatlandırıb. Mövzu ətrafında çıxış edən Süleyman İsmayılbəyli Azərbaycan Ordusunun hazırkı durumu və gənclərin Silahlı Qüvvələrdə iştirakına olan marağına xüsusi diqqət çəkib. Bildirib ki, əvvəlki illərlə müqayisədə xüsusilə müstəqilliyin ilk illərindən fərqli olaraq indi gənclər ordu sıralarında qulluq etməyə üstünlük verir, fərarilik hallarına yol vermirlər: "Ancaq birinci Qarabağ savaşı zamanı biz bunun əksini müşahidə edirdik. Cəbhədə bir-birinin ardınca üzləşdiyimiz uğursuzluqlar, torpaqlarımızın işğala məruz qalması, minlərlə şəhid verməyimiz gənclərin gözündə bir qorxu hissi yaratmışdı. Hər bir valideyn imkan daxilində övladını ordu sıralarında qulluq keçməkdən yayındırmağa, onu ölkə xaricinə göndərməyə çalışırdı. Lakin zaman keçdikcə bu istiqamətdə müsbət tendensiyanın müşahidə edilməsi, nizami Azərbaycan Ordusunun formalaşması gənclərin ordu sıralarında xidmət keçməsinə olan marağını artırdı. Tədricən fərarilik halları aradan qalxdı". Süleyman İsmayılbəyli qeyd edib ki, bu gün qeyd edilən mənfi tendensiya ümumiyyətlə Azərbaycan Ordusunda yoxdur: "Ancaq Ermənistanda bu sahədə vəziyyət demək olar ki, acınacaqlıdır. Bu ölkənin kütləvi informasiya vasitələrinin yaydığı məlumatlarda qeyd edilir ki, paytaxt Yerevanda fərarilik halları 20-30 faiz, əyalətlərdə isə hətta 40-50 faiz arasındadır. Erməni valideynlər imkan düşdükcə öz övladlarını ölkədən qaçırırlar. Xüsusilə, 2016-cı ilin Aprel döyüşləri, eləcə də Cüncüt zəfərindən sonra düşmən ölkədə bu tendensiya sürətli xarakter alıb". Ekspert deyib ki, gənclər tərəfindən Azərbaycan Ordusuna olan inamın artmasını şərtləndirən bir sıra amillər var ki, bunlar sırasında ilk növbədə orduya olan diqqət və qayğıdır: "Bu gün Ali Baş Komandan tərəfindən hər bir əsgər və zabitə yüksək səviyyədə diqqət, qayğı göstərilir. Hərbiçilərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə kompleks işlər görülür. Həmçinin onlara müntəzəm olaraq hərbi rütbələr verilir. Bütün bunlar gənclərin ordu sıralarında xidmət etməsinə, orduya marağının artmasına müsbət təsir göstərən amillərdir". Ekspert deyib ki, Müdafiə Nazirliyinin müddətli hərbi xidmət keçmək üçün verdiyi elanlara edilən  müraciətlərin sayında ildən-ilə qeydə alınan artım da belə deməyə əsas verir.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr olub, suallar cavablandırılıb.

 

 Süleyman İsmayılbəyli


 

Olaylar.- 2019.-27-29 iyul.- S.6.