Türkiyə ilə viza rejiminin ləğvi Azərbaycanda turizmin inkişafına təkan verəcək
Azərbaycanla Türkiyə dost-qardaş, bir millət, iki dövlət olduğunu bir daha təsdiq etdi. Belə ki, bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkəmizə gələn Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etdi. Dövlət başçısı tərəfindən atılan bu mühüm addım və verilən qərar qardaş ölkədə yüksək səviyyədə qarşılandı. Hətta rəsmi dairələr də bu qərarı öz sosial şəbəkələrində sevinc hissi ilə qarşıladılar. Elə qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Twitterdən paylaşdığı xoş sözlər də belə deməyə əsas verir. Onun paylaşımından belə məlum olub ki, 2019-cu ilin sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları üçün Azərbaycana viza rejimi ləğv ediləcək. Türkiyə xarici siyasət idarəsinin rəhbəri Azərbaycan Prezidentinin bu qərarını şərh edərkən deyib ki, bu "Bir millət, iki dövlət"ə yaraşan oldu.
Elə Azərbaycanda da dövlət başçısının bu qərarı yüksək qiymətləndirilib. Birmənalı olaraq bu qərar iki dost-qardaş ölkə arasında münasibətlərin daha da inkişafına yönəlmiş addım kimi xarakterizə edilib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin təmsilçisi, iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, uzun müddət tərəddüdlərdən sonra Türiyə ilə birtərəfli viza rejimi ləğv edildi. Qərar sentyabr ayının 1-dən etibarən qüvvəyə minəcəkdir. Qərarın müsbət tərəflərinə diqqət çəkən ekspert hesab edir ki, əksər hallarda, hətta qardaş ölkə tərəfindən qınağa çevrilən və dostluq münasibətlərinə uyğun olmayan bir problem nəhayət ki, tarix oldu: "Bu addım Azərbaycanın turizm sektoruna yeni nəfəs gətirəcək, iqtisadi və ticari münasibətlər daha da dərinləşəcəkdir. Dövlət Statistika Komitəsinin məlumatına görə 2018-ci ildə Türkiyədən Azərbaycana turist kimi gələnlərin sayı 268 min nəfər olub, bu da ötən il ölkəyə gələn turistlərin 10.3 faizi deməkdir. Başqa sözlə ölkəyə gələn hər 10 turistdən biri məhz Türkiyə vətəndaşı olub. Bu xarici ölkələrə gedən turistlərin cəmi 3.2 faizidir. Qeyd edək ki, 2018-ci ildə 8.4 milyon Türk vətəndaşı xarici ölkələrə üz tutub. Rəsmi rəqəmlərə görə bir türk turist orta hesabla 578 dollar, yaxud 983 manat olmaqla, ümumilkdə 2018-ci ildə Azərbaycanda 263 milyon manat pul xərcləyiblər. Bu o deməkdir ki, Azərbaycanın xürici turistlərdən əldə etdiyi ümumi gəlirin 9.4 faizi Türk vətəndaşlarının xərcləmələri hesabına mümkün olub. Xatırladım ki, ötən il türk turistlər xarici ölkələrdə cəmi 4.9 milyard ABŞ dolları pul xərcləyiblər ki, bunun da 3.2 faizi Azərbaycanın payına düşür. Hətta mövcud statistika real mənzərəni tam olaraq əks etdirə bilməsə də, o qənaətə gəlmək olar ki, yuxarıda sadaladığımız göstəricilər mövcud potensialın çox altındadır. Dil, din, adət-ənənə uyğunluğu, əcdad eyniliyi Türkiyə-Azərbaycan arasında turizm potensialının çox daha böyük olmasını deməyə əsas verir. Sadəcə bu ölkədən gələnlərə Azərbaycan tərəfinin viza tələb etməsi bu potensialdan yaralanmaq imkanını azaldırdı".
Rəşad Həsənov deyib ki, maneənin aradan qalxması Türkiyədən Azərbaycana gələn turistlərin sayında ciddi artım olacağını proqnozlaşdırmağa əsas verir: "Mən bu münasibətlə həm bütün turizmçiləri təbrik edirəm və həm də onlara layiqli və sayğılı xidmətlər təklif etmək üçün yarışmağı, gələn turisti necə aldadım ki, çox qazanım kimi düşüncələrdən uzaq durmağı arzu edirəm. Ümid edirəm ki, bütün bu təbəqədən olanlar potensial turist sayı artımına layiqincə hazırlaşacaq və turizm xidmətlərinin idxalından daxil olan valyuta nə vaxtsa neft sektorunun gətirdiyi valyutadan daha çox olacaqdır".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da deyib ki, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan hər dəfə Bakıya gəldikdə viza məsələsini qaldırırdı. Onun sözlırinə görə, Ərdoğan bu məsələnin uzanmasından narahat idi: "Ayrıca türk jurnalistlərin Axərbaycan prezidenti İlham Əliyevə verdikləri hər iki sualdan biri rəsmi Bakının Türkiyə vətəndaşlarına tətbiq etdiyi vizanı nə zaman ortadan qaldıracağı ilə bağlı idi. Azərbaycan rəsmiləri bunu hansısa texniki məsələnin həlli ilə əlaqələndirirdilər. Əsl həqiqətdə isə rəsmilərimizi ikili söhbətlərdə bunu təhlükəsizlik məsələləri ilə əlaqələndirirdilər. Yəni viza ortadan qaldırılsa Türkiyədən hansısa qruplar Azərbaycana gələ və bizə problemlər yarada bilərlər. Bu arqumenti əvvəldən qəbul etmirdim. Ona qalsa Türkiyə başqa dövlətlərin vətəndaşlarına viza tətbiq etmir və gərək indiyənə qədər problemlər içərisində boğulardı. Tam əksinə Türkiyə və ya digər qonşumuz Gürcüstan viza prosedurlarından imtina etdikdən sonra turizmdə sıçrayış yaşayırlar. Türkiyə Azərbaycanın strateji müttəfidir və vizanın ortadan qaldırılmaması müttəfiqliyə kölgə salan yeganə amil idi. Gec də olsa doğru qərar verildi".
Politoloq hesab edir ki, rəsmi Bakı İran vətəndaşlarına tətbiq etdiyi viza sistemini də ortadan qaldırmalıdır: "Onsuz da rəsmi Bakının yeni qərarından sonra Tehran Ankara kimi eyni xahişlə Bakıya müraciət edəcək. Çünki Türkiyə kimi İran da Azərbaycan vətəndaşlarına viza tətbiq etmir. İranla bağlı da müəyyən təhlükəsizlik məsələləri ön plana çıxa bilər. Ancaq önəmli olan İranda yaşayan milyonlarla soydaşımızın Azərbaycana rahat gəlişini təmin etməkdir. Bunun Azərbaycan üçün geosiyasi əhəmiyyəti də var. Doğrudur, deyilə bilər ki, ABŞ-la Iran arasında müharibə başlasa qonşu ölkədən qaçqın axını ilə üzləşə bilərik. Ancaq belə bir ehtimal olsa biz onsuz da müharibədən qaçmaq istəyən soydaşlarımıza sərhəddin qapısını bağlı saxlaya bilməyəcəyik. Bu halda vizanın olmasının əhəmiyyəti yoxdur".
Süleyman
Olaylar.-
2019.-27-29 iyul.- S.4.