Ordunun təbliği vətənpərvərlik hissinin artırılmasında əvəzsiz
vasitədir
Dünyanın ən güclü orduları sırasında özünə yer alan Azərbaycan Silahlı Qüvvələrinin paradı qürur mənbəyi olmaqla yanaşı, hər bir vətəndaş üçün sevinc doğuracaq hadisədir. Etiraf edilməlidir ki, bu kimi tədbirlərin həyata keçirilməsi gənclər arasında vətənpərvərlik hissinin yüksəlməsində əhəmiyyətli rol oynayır. Bu gün qloballaşan dünyada hər bir ölkənin milli-mənəvi dəyərlərinin qorunaraq gələcək nəsillərə çatdırılması, nəticə etibarilə gənclərin vətənpərvərlik hissinin artırılması olduqca əhəmiyyət kəsb edir. Faktdır ki, ölkədə gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik hisslərinin artırılması məqsədilə ölkədə məqsədyönlü tədbirlər görülür, müəyyən addımlar atılır. Bu baxımdan gənclər arasında vətənpərvərliyin təbliği zərurəti yaranır ki, bu məsələdə vətəndaş cəmiyyətlərinin üzərinə böyük məsuliyyət düşür. Sirr deyil ki, ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının böyük əksəriyyəti gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində məqsədyönlü işlər görürlər. Gənclər və qeyri-hökumət təşkilatlatının həyata keçirdiyi layihələrin mütləq əksəriyəti məhz gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə yönəlir. Onu da qeyd etmək yerinə düşər ki, gənclər təşkilatlarının və QHT-lərin bu istiqamətdə səmərəli fəaliyyət göstərməsi üçün onlara stimul da verilir. Həm Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər və İdman Nazirliyi, həm də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu müntəzəm olaraq gənclər təşkilatlarının bu tipli layihələrini maliyyələşdirir, onlara qeyd edilən istiqamətlərdə tədbirlər həyata keçirmək üçün müəyyən miqdarda maliyə vəsaiti ayırır. Gənclər təşkilatları və QHT-lərin də keçirdiyi tədbirlər, reallaşdırdığı layihələr öz növbəsində gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına öz müsbət təsirini göstərir.Artıq birmənalı şəkildə qeyd etmək olar ki,Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının əksəriyyəti gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi önəm verir. Ayrı-ayrı təşkilatların bu istiqamətdə həyata keçirdiyi layihələr, tədbirlər isə gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında müsbət təsir göstərir. O da etiraf edilməlidir ki, bu məsuliyyətli və şərəfli vəzifəni üzərinə götürən vətəndaş cəmiyyətlərinin sayı kifayət qədərdir. Lakin ölkədə QHT-lərin potensialını nəzərə alsaq, səmimi çəkildə qeyd etmək olar ki,vətəndaş cəmiyyətləri bu istiqamətdə daha çox iş görə bilərlər. Məlumat üçün qeyd edək ki, hazırda gənclərin vətənpərvər ruhda tərbiyyəsi ilə yalnız bu sahədə ixtisaslaşmış QHT-lər məşğul olurlar. Lakin mümkündür ki, digər vətəndaş cəmiyyətləri də mütəxəssislərin potensualından yararlanmaqla bu sahədə fəaliyyət qursunlar. Çox təəssüf ki, vətəndaş cəmiyyətləri və kütləvi informasiya vasitələrinin bolluğu fonunda sözügedən məsələ arxa plana keçirilib.
Media və Mülki Cəmiyyət İctmai Birliyinin sədri Xanoğlan Əhmədov bildirib ki, hərbi vətənpərvərlik mövzusu ilə bağlı işlər görmək qeyri-hökumət təşkilatlarının birbaşa vəzifəsidir: "Düzdür, bu işdə ixtisaslaşmış vətəndaş cəmiyyətlərinin fəaliyyəti daha yaxşı effekt verə bilər. Ancaq bu heç də digər QHT-ləri arxayın sala bilməz. Ən azından QHT-lər Azərbaycanın Milli Qəhrəmanlarını, döyüşdə şəhid olanları təbliğ etməklə gənclərdə Vətənə məhəbbət hissi oyada bilər: "Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və mənfur düşmənlə informasiya müharibəsi aparılır. O da faktdır ki, müharibədə tək silahla deyil, həm də ideya və qələmlə döyüşmək lazımdır. Bu gün dünyada hərbi əməliyyatlarla birgə informasiya müharibəsi də aparılır. Bu baxımdan da informasiya müharibəsinin aparılmasına məsuliyyət KİV-lərlə yanaşı, vətəndaş cəmiyyətlərinin də üzərinə düşür". Onun sözlərinə görə, aprel döyüşləri göstərdi ki, ordunun döyüş ruhunun artırılmasında ideoloji təbliğat vacib şərtlərdəndir. Odur ki, gənc əsgərləri, ümumilikdə silahlı qüvvələri daim döyüş ruhunda tərbiyyə etmək vətəndaş cəmiyyətlərinin bir saylı vəzifəsi olmalıdır. Əldə edilən qələbənin əsaslandırılması, dünya ictimaiyyətinə Azərbaycanın haqq səsinin çatdırılması kimi vacib məsələlər var ki, bu vəzifələrin icrası birbaşa QHT-lərin üzərinə düşür: "Son zamanlar dünyanın güc mərkəzləri ayrı-ayrı regionlarda təsir dairələrini genişləndirməyə cəhd edirlər. Belə bir şəraitdə Azərbaycanın ümumilli problemi olan Dağlıq Qarabağ məsələsi ətrafında da gəzişmələr müşahidə olunmaqdadır. Belə ki, sözügedən münqaişənin sülh yolu ilə həlli məqsədilə yaradılan ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər Qaradağ problemindən öz məqsədləri üçün istifadədə israrlı görünürlər. Belə vəziyyət isə münaqişənin yalnız hərbi yolla həllini vacib edir. Bunu üçün ölkə vətəndaşları arasında hərbi vətənpərvərliyin artırılması əsas elementlərdəndir. Şübhəsiz ki, bu ideologiyanın təbliğində qeyri-hökumət təşkilatları əsas rol oynayır". İctimai Birlik sədri əlavə edib ki, bəzi hallarda mətbuatda hərbçilər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş şəxslər barədə mənfi məqamlar önə çəkilir. Lakin faktdır ki, bu gün NATO kimi nüfuzlu beynəlxalq hərbi təşkilatlar tərəfindən mükafatlandırılan xeyli sayda hərbiçilərimiz var: "Hesab edirəm ki, QHT-lər Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlarla paralel həmin hərbçilər barədə də məlumatlar dərc etdirməlidir. Bununla hərbçilərimiz gənclərimiz üçün örnəyə çevrilər. Məlumdur ki, Azərbaycan ordusunda kifayət qədər intelektual, istüdadlı gənclərimiz xidmət edir. Bu gün Azərbaycan Ordusunda özünü düşmənin gülləsinin qarşısına atan, komandirini öz həyatı bahasına xilas edən döyüşçülərimiz var. Onların hər biri gənclərə nümunə ola biləcək səviyyədədir. Təəssüf ki, mətbuatda belə hərbçilərin təbliğinə bir o qədər də yer verilmir. Mətbuat ancaq döyüşdə qəhrəmanlıq göstərən hərbçilərin təbliğinə üstünlük verir. Odur ki, vətəndaş cəmiyyətləri hərb tariximizdən, eləcə də bir qəhrəman əsgər barədə müsabiqə yazıları təşkil etməlidir. Ən azı bir əsgərin portreti verilməlidir ki, cəmiyyət onun necə qulluq etdiyini görsün".
Alim
Olaylar.- 2019.-30-31 iyul.- S.6.