Gənclərin vətənpərvər ruhda
böyüməsində QHT-lərin rolu mühüm əhəmiyyət kəsb edir
Gənclərin milli ruhda böyüməsi, bu ruhda tərbiyə olunması, ən əsası vətənpərvər olması hər zaman dövlət, onun müvafq strukturları qarşısında duran ən başlıca məsələlərdən olub. Bu məqsədlə dövlət və onun bəlli qurumları qeyd edilən istiqamətə kifayət qədər diqqət göstərir, müvafiq tədbirlər həyata keçirir, addımlar atırlar. Onu da qeyd etmək lazımdır ki, bu iş təkcə dövlətdən, onun rəsmi strukturları və qurumlarından asılı deyil. Qeyri-hökumət təşkilatları, ictimai birliklər də gənc nəslin milli ruhda böyüməsi, vətənpərvər olması istiqamətində aktiv olmalı, bu istiqamətdə ciddi fəaliyyət göstərməlidirlər. Azərbaycan cəmiyyətində apardığımız müşahidələr, təhlillər onu deməyə əsas verir ki, qeyri-hökumət təşkilatları qeyd etdiyimiz məsələdə kifayət qədər aktivdirlər və onlar zaman-zaman gənclərlə bağlı müxtəlif layihələr, tədbirlər həyata keçirirlər ki, həmin layihə və tədbirlər də bilavasitə gənc nəslin milli ruhda böyüməsi, vətənpərvər ruhda tərbiyə olunmasına xidmət edir. Xüsusi qeyd edilməli məqam isə ondan ibarətdir ki, gənclər və qeyri-hökumət təşkilatları, ictimai birliklərin bu kimi fəaliyyətlərinə dövlət və onun müvafiq strukturları da maliyyə yardımı ayırmaqdan çəkinmir, həmin təşkilatları bu yolla daha da stimullaşdırırlar. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, eləcə də Azərbaycan Gənclər Fondunun müntəzəm olaraq gənclər və qeyri-hökumət təşkilatları, ictimai birliklərin layihələrini maliyyələşdirməsi və həmin layihələrin mütləq əksəriyyətinin məhz gənclərin milli ruhda tərbiyə olunması və vətənpərvər ruhda böyüməsinə xidmət etməsi deyilənlərin əyani sübutudur. Elə ictimai fəal Səbinə Novruzzadə də belə düşünür. O, qeyd edir ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması hər zaman ölkə üçün prioritet hesab edildiyindən Azərbaycanda fəaliyyət göstərən əksər gənclər və qeyri-hökumət təşkilatları da bir qayda olaraq qeyd edilən istiqamətə üstünlük verirlər. Səbinə Novruzzadə hesab edir ki, dövlətlə yanaşı, qeyri-dövlət təşkilatları, ictimai birliklərin də bu mövzuya diqqət etməsi, layihələr həyata keçirməsi gənclərimizin daha da vətənpərvər olmasına öz müsbət təsirini göstərir: "Azərbaycan gənci öz həmyaşıdları ilə müqayisədə daha vətənpərvərdir. Bunun obyektiv səbəbi var. Məlum olduğu kimi, bu gün Azərbaycan torpaqlarının təxminən 20 faizi işğal altındadır. Xalqımız uzun illərdir ki, Ermənistanın təcavüzünə məruz qalıb. İstəmədən cəlb edildiyimiz bu müharibə bizə böyük itkilər hesabına başa gəlib. Azərbaycanın minlərlə qəhrəman övladı bu müharibədə həyatını itirib, 1 milyona yaxın soydaşımız doğma yurd-yuvasından, isti ocağından didərgin düşüb. Sözsüz ki, bu amil gənclərimizin yaşam tərzinə, həyat fəlsəfəsinə öz təsirini göstərir. Amerikada, ya da Avropada hansısa gəncin ümumbəşəri ideyaların arxasınca getməsi normal qarşılana bilər. Amma Azərbaycan gəncini düşündürən başlıca vəzifə işğal altında olan torpaqların tezliklə azad edilməsi olmalıdır. Təqdirəlayiq haldır ki, ölkəmizdə mövcud olan gənclər təşkilatlarının fəaliyyətinin əsas hissəsini milli mənlik şüurunun inkişaf etdirilməsi təşkil edir.
Səbinə Novruzzadə də qeyd edib ki, Azərbaycanda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların milli-mənlik şüurunun inkişaf etdirilməsi istiqamətində bir neçə dövlət qurumu fəaliyyət göstərir: "Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin əsasını gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə yayılması və fərdi təşəbbüslərin dəstəklənməsi təşkil edir. Hər il yüzlərlə QHT gənclərimizin milli ruhda tərbiyə olunması və vətənpərvər ruhda yetişməsi üçün müxtəlif layihələr həyata keçirirlər. Çox yaxşı haldır ki, təkcə QHT-lərdə birləşən gənclərin deyil, həm də müstəqil fəaliyyət göstərən yeniyetmə və gənclərimizin fərdi təşəbbüslərinin dəstəklənməsi üçün vəsait ayrılır, onlara maddi və mənəvi dəstək verilir. Bu istiqamətə ayrılan vəsaitin daha da artırılması ümumi işin xeyrinə olardı. Onu da nəzərə almaq lazımdır ki, anoloji layihələrin reallaşması yeniyetmə və gənclərimizin pul xərcləmək vərdişlərinin formalaşmasına və inkişafına təkan verir. Gənclərimizin gələcəkdə uğur qazanmasında bu amil böyük rol oynayacaq".
Süleyman İsmayılbəyli
Olaylar.- 2019.-30-31 iyul.-
S.4.